BƏTNDAXİLİ İNFEKSİYANIN İNKİŞAFINDA ANANIN SAĞLAMLIQ VƏZİYYƏTİNİN ROLU

20-06-2018

Bətndaxili infeksiyalar (BDİ) problemi müasir perinatologiya, pediatriyanın sonrakı yaş dövrü üçün ən aktual məsələ olaraq qalır [1,2]. Probleminin aktuallığı həm də onunla müəyyən edilir ki, BDİ olan uşaqların sağlamlığında sonralar ciddi dəyişikliklər inkişaf edə bilər ki, bu da onlarda xronik xəstəliklərin, əlilliyin formalaşmasına və deməli, ümumilikdə uşağın həyat keyfiyyətinin azalmasına və sosial dizadaptasiyasınına gətirib çıxara bilər [3,4,5].

Müasir təsəvürlərə görə bətndaxili dövrdə infeksion amillərin anadan dölə ötrülməsinin potensial təhlükəsi qadının ağır mamalıq-ginekoloji və infeksion anamnezi, somatik xəstəlikləri və ana-cift-döl funksional sistemində homeostazın pozulmasına şərait yaradan vəziyyətlərdir [3,4,6,7]. Bundan əlavə, anadan dölə infeksion agentin ötürüləsində və bətndaxili yoluxmada iştirak edən qeyri-infeksion risk amilləri də mühüm əhəmiyyət kəsb edir və onlara aiddir: ağır hestozlar, hamiləliyin pozulma təhlükəsi, uşaqlıq-cift qan dövranının patoloji vəziyyətləri, anamnezdə düşüklərin olması ilə təzahür edən hamiləliyin patoloji gedişi, anada doğuşa qədər və doğuşdan sonra müxtəlif somatik xəstəliklərin olması və s. [4,5]. Hazırda hamilə qadınlarda infeksiyon proseslərin tezliyinin artması bu problemi daha aktual məsələyə çevirmişdir.

Bununla əlaqədar olaraq, hamiləliyin və doğuşların gedişinə, dölün və yenidoğulmuşun inkişafına, onun adaptasiya imkanlarına, xəstələnmə və ölüm səviyyəsinə qadının ekstragenital patologiyasının təsirinin öyrənilməsi öz əhəmiyyətini saxlamaqda davam edir.

Tədqiqatın məqsədi: Bətndaxili infeksiyası olan anaların ekstragenital patologiyaların yayılma səviyyəsini müəyyən etmək və sağlamlıq vəziyyətlərini öyrənmək.

Tədqiqatın material və metodları. Tədqiqata bətndaxili infeksiya ilə doğulan 158 uşaq (əsas qrup) cəlb edilmişdir. Nəzarət qrup təsadüfi seçmə üsulu bətndaxili infeksiya qeyd olunmayan sağlam 76 yenidoğulmuş uşaqdan ibarət olmuşdur. Bətndaxili infeksiyanın risk amillərini müəyyənləşdirmək məqsədi ilə bu uşaqların analarında anket sorğusu yolu ilə yaşı, anamnestik məlumatları, somatik, ekstragenital xəstəlikləri haqqında məlumatlar toplanmışdır. Tədqiqatda 17 yaşdan 39 yaşa qədər olan analar iştirak etmişlər, onların orta yaşı 26,6±0,5 il təşkil etmişdir.

Əldə olunmuş məlumatların statistik işlənməsi variasion statistika metodu ilə MS Excel-2010 proqram təminatının köməyi ilə həyata keçirilmişdir. Keyfiyyət məlumatları arasında fərqi təyin etmək üçünz χ2-Pirson meyarından istifadə edilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi. Anaların sağlamlıq vəziyyətinin tədqiqi zamanı anaların xəstəlikləri öyrənilmişdir. Bu zaman daha çox rast gələn aşağıdakı patologiyalar olmuşdur: endokrin, tənəffüs, həzm sisteminin xəstəlikləri, qan və qanyaradıcı orqanların və cinsi yolla keçən yolla xəstəliklər. Müayinə qruplarında analarda sağlamlıq vəziyyətinin təhlilinin nəticələri cədvəldə təqdim olunmuşdur.

Сədvəl1.

Bətndaxili infeksiya zamanı anaların sağlamlıq vəziyyəti

Patologiya

Nəzarət qrupu

 (n=76)

Əsas qrup

(n=158)

χ2; p

Endokrin sistemin xəstəlikləri

(E00-E14)

5

3,2±1,4%

Qan, qanyaradıcı orqanların xəstəlikləri

(D50-D64)

19

25,0±5,0%

96

60,8±3,9%

χ2=26,26

p<0,001

Tənəffüs orqanlarının xəstəlikləri  

(J00 - J39)

6

7,9±3,1%

69

43,7±1,1%

χ2=30,16

p<0,001

Cinsi yolla keçən xəstəliklər (A50-A64)

18

11,4±2,5%

Həzm sistemin xəstəlikləri (K20-K31)

3

3,9 ±2,2%

13

8,2±2,2%

χ2=0,88

p>0,05

 

Qan sisteminin və qanyaradıcı orqanların patologiyaları (qidalanma ilə bağlı anemiyalar, hemolitik anemiyalar və s.) dölə mənfi təsir göstərir. Xəstəliyin formasının ağırlıq dərəcəsindən asılı olaraq risk dərəcəsi də dəyişir. Əsas qrupda olan analarda xəstəlikləri təhlil edərək və nəzarət qrupu ilə müqayisə edərək öyrənilən qruplarda qan və qanyaradıcı orqanların xəstəliklərinin yüksək tezliyə malik olmasını izləmək olar – müvafiq olaraq əsas və nəzarət qrupunda 60,8±3,9% və 25,0±5,0%. Anemiya yanaşı gedən patologiya kimi bütün tədqiq olunan qruplarda dürüst çox rast gəlir. Əldə olunan məlmatlar bir-biri ilə statistik cəhətdən fərqlənirlər (χ2=26,26, p<0,001).

Hamiləlik zamanı meydana çıxan anatomik və fizioloji dəyişiklikər müəyyən dərəcədə tənəffüs sisteminə təsir göstərir. Tənəffüs orqanlarının xəstəlikləri arasında hamiləlik dövründə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və kəskin bronxitlər xüsusi yer tutur. Analarda tənəffüs orqanlarının xəstəliklərinin rastgəlmə tezliyi əsas qrupda 43,7±1,1% hadisə təşkil edir ki, bu da nəzarət qrupundakı göstəricilərdən dürüst fərqlənir - 7,9±3,1% (χ2=30,16, p<0,001). Bu rəqəmlər orqanizmin immun rezistentliyinin zəifləməsi, hiperventilyasiya və xronik infeksiya ocaqlarının olması üzündən tənəffüs orqanlarını zədələyən hava-damcı infeksiyalarına qarşı yüksək həssaslıqdan xəbər verir.

Hestasiya dövründə cinsi yolla keçən xəstəliklər (qonokokk, xlamidiya, herpes və s. infeksiyalar, kandidoz) bir çox ağırlaşmaların - xorioamnionit, bətndaxili inkişafın ləngiməsi və dölün bətndaxili və intranatal infeksiyalaşması, özbaşına düşüklər, vaxtındanəvvəl doğuşlar, doğuşdansonrakı dövrdə irinli-septiki ağırlaşmaların səbəbi ola bilər. Hamilə qadınlarda cinsi infeksiyalar yüksək yayılma səviyyəsinə malikdirlər və bəzən latent formada keçirlər ki, bu da onların vaxtında diaqnostikasını və daha sonra müalicənin aparılmasını çətinləşdirir. Əsas qrupda olan analarda cinsi yolla keçən xəstəliklər 11,4±2,5% halda rast gəlir, halbuki nəzarət qrupunda bu patologiya müşahidə edilmir.

Həzm sistemi orqanlarının xəstəlikləri müasir cəmiyyətdə son dərəcə geniş yayılmış, xronikləşməyə meyllidir, bəzən şiddətlənən gedişə malikdir. Son onillikdə hamilə qadınlar arasında onların, xüsusilə də qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri (qastrit, duodenitlər, mədə xorası, dispepsiya və s.) inkişaf ehtimalı artmışdır. Bütün müayinə qruplarında bu nozoloji qrupun xəstəliklərinin rastgəlmə tezliyi statistik cəhətdən fərqlənməmişdir: əsas qrupda 8,2±2,2% və nəzarət qrupunda 3,9±2,2%.

Endokrin sistemin xəstəlikləri qadının reproduktiv sistemində dəyişikliklər törədə bilər, həmçinin döldə patoloji dəyişikliklərin inkişaf riskini yarada bilər. Daha çox rast gələn patologiyalar qalxanabənzər vəzinin xəstəlikləri, hipoteroz, şəkərli diabet və s. BDİ olan analarda bu xəstəliklər 3,2±1,4% rast gəlir, halbuki nəzarət qrupunda endokrin xəstəliklər nəzərə çarpmamışdır.

Beləliklə, BDİ olan anaların sağlamlıq vəziyyətinin təhlili sağlamlıq indeksinin aşağı olmasını göstərir. Dölün bətndaxili infeksiyalaşması hamilə qadınlarda çox vaxt qan və qanyaradıcı, tənəffüs orqanlarının və cinsi yolla keçən xəstəliklərin fonunda baş verir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Quliyev N.C., Məmmədbəyli A.K.,Rəhimova N.C. Bətndaxlili infeksiyası olan yenidogulan uşaqlarda mərkəzi sinir sisteminin perinatal zədələnməsi // Metodik tövsiyyə. Bakı, 2011, 40 s.
2.Quliyev N.C.,Qarayeva S.Z. Dölün bətndaxili inkişafının risk amilləri //Saglamlıq , 2010 , № 8, s.83-87
3.Həsənov S.S.,Sadıqova S.A. Yenidogulanlarda perinatal asfiksiya zamanı mərkəzi  sinir sisteminin zədələnmələrnin risk faktorları // Saglamlıq.  2017 - Nöm. 5 .s.113-117.
4.Арестова И.М.,Киселева Н.И.,Жукова Н. П.,Дейкало Н.С. Диагностика , лечение и прфилактика некотырых инфекций, спесифичных  для перинатолъного периода . Особенности подготовки к беременности //Охрана материнства и детства ,2015 ,31,с. 41-51.
5.Буданов П.В. Стрижаков А.Н. Этиология, патогенез, диагностика и лечение внутриутробной инфекции. //Вопросы гинекологии, акушерства и перинатологии. — 2010. — Т. 9, № 3. — С. 61-71.
6.Жидкова О.Б., Курзина Е.А. и др. Возможности прогнозирования развития критических состояний у новорожденных в зависимости от состояния здоровья матери. // Вестник Российской военно-медицинской академии, 2012, Т. 4, c. 213—216.
7.EP. De Jong, AC. E. Lopriore. How to use ... neonatal TORCH testing //Matern Fetal Neonatal Med.-2013. - Vol: 26. - P. 1103-1106.
8.K. Mehler, A. Oberthuer, R. Lang-Roth, A. Kribs. High rate of symptomatic cytomegalovirus infection in extremely low gestational age preterm infants of 22-24 weeks' gestation after transmission via breast milk //JTrop Pediatr. – 2014. – Vol. 60. – P. 168-70.


Müəlliflər:
S.Z. Qarayeva
A.Ə. Məmmədova

Digər jurnal və qəzetlər