XRONİK OBSTRUKTİV AĞCİYƏR XƏSTƏLİYİ OLAN ŞƏXSLƏRDƏ ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ KORAKSAN (IVABRADİN) PREPARATININ TƏTBİQİ
19-02-2018
Ürəyin işemik xəstəliyi (ÜİX), həm də xronik obstruktiv ağciyər xəstəliyi (XOAX) müasir dünyada ən geniş yayılmış xəstəliklər olub, ölümün və əlilliyin əsas səbəblərini təşkil edir (1,2).
Bu xəstəliklərin bir yerdə təsadüf edilməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Son vaxtlar bir sıra elmi tədqiqat işləri göstərir ki, (3,4) XOAX olan xəstələrdə ÜİX, xüsusən də miokard infarktından ölüm halları kəskin surətdə artır. Yaş artdıqca bu xəstəliklərin bir yerdə təsadüf edilmə ehtimalı çoxalır. XOAX-nin müalicəsində istifadə olunan bir sıra preparatlar (β2-aqonistlər, xolinolitiklər və s.) ürək vurğularının sayını artırır. Bu isə öz növbəsində miokardın hipoksiya və işemiyasına gətirib çıxarır (5,6).
Öz növbəsində ÜİX-də çox geniş istifadə olunan β-adrenoblokatorlar, nirtatlar və bir sıra başqa preparatlar bronxospazmın artmasına və beləliklə də bronx keçiriciliyinin pisləşməsinə səbəb olur.
Brləliklə, XOAX və ÜİX-nin bir yerdə təsadüf etməsi hər iki xəstəliyin gedişini ağırlaşdırır və ölüm hallarının kəskin artmasına səbəb olur. Bu qrup xəstələrdə erkən xronik ağciyər ürəyinin yaranması müşahidə olunur (7,8).
Son vaxtlarda ÜİX müxtəlif formalarının müalicəsində koraksan (ivabradin) preparatından istifadə olunur (9,10,11).İvabradin preparatı ürək vurğularının sayını əhəmiyyətli dərəcədə azaldır. Buna səbəb isə koraksanın sinus düyününün İ(f) kanallarına selektiv və spesifik təsir etməklə bu kanalları blokada edərək ürək vurğularını tənzim etməsidir. İvabradin impulsların qulaqcıqdaxili, qulaqcıq-mədəcik və mədəcikdaxili keçiriciliyinə təsir etmir.
Koraksan preparatının təyini zamanı ÜİX olan xəstələrdə antianginal və antiişemik təsir göstərməklə stenokardiya tutmalarının sayını azaldır, ST-seqmentinin depressiyasını azaldır, preparat qan təzyiqinə təsir etmir (9).
Preparatın qəbuluna əks göstərişlər qaraciyər və böyrək çatmamazlığıdır.Həmçinin, bradikardiyalar, AV-blokadalar, kardiogen şok, sinoatrial blokadalar,fotopsiya (işığa qarşı həssaslıq) və s. də əks göstərişdir.
Son vaxtlar aparılan elmi-tədqiqat işləri koraksanın kardiorespirator xəstələrdə müsbət müalicəvi effektini qeyd etmişdir (10,11). Müşahidəmiz altında 50 xəstə olmuşdur. Bu xəstələr 2 qrupa bölünmüşdür. 1-ci qrupa 30 xəstə daxil olmuşdur. Onların yaşı 40-65 arasında olub, 20 kişi və 10 qadından ibarət olmuşdur. Bütün xəstələrdə XOAX-la birgə yanaşı gedən ÜİX-stabil gərginlik stenokardiyası II və III FS müəyyən edilmişdir.
I qrup xəstələrdə kompleks müalicələr: sistem və inhalyasion kortikosteroid-lər, bronxolitiklər, β2-aqonistlər, antixolinergiklər (berodual), koronarolitiklər, miokardın mübadiləsini yaxşılaşdıran preparatlar, kiçik dozalarda konkor (2,5 mq) və kadiomaqnil təyin edilmişdir.
2-ci qrupda olan 20 xəstə həm yaş, cins və xəstəliklərin spektrinə görə 1-ci qrupa çox oxşar olmuşdur. 2-ci qrup xəstələrdə kompleks müalicə ilə yanaşı koraksan 5mq dozada 2 dəfə səhər və axşam saatlarında yemək vaxtı 4 həftə ərzində təyin edilmişdir.
ÜİX ilə birgə xronik obstruktiv ağciyər xəstəliyi olan şəxslərdə bir sıra spesifik xüsusiyyətlər aşkar edilmişdir. Belə ki, bu xəstələrin əksəriyyətində (70-85%) təngnəfəslik, taxikardiya əlamətləri müşahidə edilmişdir. Halbuki, ürək nahiyəsində qeyd olunan stenokardiya tipli ağrılar cəmi 30-40% xəstələrdə təsadüf edilmişdir.
Hər iki qrup xəstələrin qanında eozinofillərin miqdarı kəskin artaraq 10-12% təşkil etmişdir. Çox maraqlı faktlardan biri də xəstəliyin ağırlıq dərəcəsi artdıqca eozinofillərin miqdarının daha da çox artmasıdır. Aparılan kompleks müalicələrdən sonra hər iki qrup xəstələrdə eozinofillərin miqdarı azalaraq 5-6% təşkil etmişdir.
2-ci qrup xəstələrdə, yəni koraksan daxil olan kompleks müalicə aparılan xəstələrdə subyektiv durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu xəstələrdə 1-ci qrup xətələrə nisbətən, həm ürəkdöyünməsi, həm də təngnəfəslik əlamətləri əhəmiyyətli dərəcədə azalmışdır, bir sıra hallarda (10-15%) tamam itmişdir. Aparılan müalicə nəticəsində 1-ci qrup xəstələrdə ürək vurğularının sayı sakit vəziyyətdə 88±2-dən 84±3-ə kimi, hərəkət zamanı isə 117±4-dən 110±2-yə kimi enmişdir. 2-ci qrup xəstələrdə isə bu göstəricilər əmiyyətli dərəcədə enmişdir. Belə ki, koraksan preparatı qəbul edən xəstələrdə sakit vəziyyətdə ürək vurğularının sayı 89±5-dən 72±2, gərginlik zamanı isə 120±3-dən 96±5-ə kimi azalmışdır.
Ivabradin preparatının kompleks müalicəyə daxil edilməsi EKQ göstəricilərini də əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır: mənfi koronar T dişciyinin müsbətləşməsi, ST seqmentinin depressiyasının azalması təyin edilmişdir.
Beləliklə, ÜİX ilə birgə XOAX olan xəstələrdə klinik əlamətlər bir sıra xüsusiyyətlərlə səciyyələnir. Bu xəstələrdə daha çox ürəkdöyünmə, təngnəfəslik və ekstrasistoliyalar, nisbətən az stenokardiya tutmaları müşahidə olunur. Aparılan kompleks müalicələr xəstələrin həm subyektiv vəziyyətinə, həm eozinifillərin sayına, EKQ və bir sıra başqa göstəricilərə müsbət təsir göstərir.
Kompleks müalicəyə İ(f) kanalcıqların selektiv blokatoru olan koraksanın daxil edilməsi xəstələrdə hemodinamik göstəricilərin daha da yaxşılaşmasına səbəb olur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Огородова Л.М., Кобякова О.С., Петровская Ю.А., Петровский Ф.И. Сложная астма. Пульмонология, 2001, 1, 94-100
2.Bronxial astmanın diaqnostikası, müalicəsi və profilaktikasına dair ümummilli proqram. C.T. Məmmədovun redaktorluğu ilə tərtib olunmuşdur. Bakı, 2008, 74 s.
3.Палеев Н.Р., Афанасьева И.А., Черейская Н.К., Федорова С.И. Ранняя диагностика ишемической болезнью сердца у больных хроническими обструктивными заболеваниями леких. Тер. архив 1999,9,52-56.
4.Fox K1, Garcia MA, Ardissino D, et.al. Guidelines on the management of stable angina pectoris: executive summary: The Task Force on the Management of Stable Angina Pectoris of the European Society of Cardiology.Europen Heart Journal, 2006, 27, 1341-1381.
5.Шилов А.М., Тарасенко О.Ф., Осия А.О. Особенности лечения ИБС в сочетании с ХОБЛ. Лечащий врач 2009,7,С.44-48
6.Коломоец Н.М., Бакшеев В.И., Зарубина Е.Г. Эффективность длительной терапии триметазидина у больных ИБС в сочетании с ХОБЛ. Кардиология, 2008, т.48, 47-51.
7.Григорьева Н. Ю., Шарабрин Е. Г., Кузнецов А. Н., Мазалов К. В. Ишемическая болезнь сердца и сопутствующая хроническая обструктивная болезнь легких: новый взгляд на сочетанное течение «Современные технологии в медицине»,2009, 57-60
8.Павленко В. И. Хроническая обструктивная болезнь легких сочетанная с ишемической болезнью сердца: клинико-функциональные особенности течения, механизмы взаимоотягощения, диагностика, прогнозирование и лечение. Автореферат д.м.н,.Благовещенск - 2012
9.Коломоец Н.М.,Бакшеев В.И., Зарубина Е.Г. Клиническая эффективность ивабрадина у пациентов с ишемической болезнью сердца в сочетании с ишемибеской болезнью сердца в сочетании с хронической обструктивной болезнью легких. Кардиология, 2008,3, 13-19.
10.Григорьева Н.Ю. Клинико-функциональные особенности состояния сердца у больных стабильной стенокардией в сочетании с хронической обструктивной болезнью легких.Автореферат к.м.н., Нижний Новгород, 2005
11.Хабчабов Р.Г. Влияние кораксана в сочетании со стандартной терапией на электрическую стабильность миокарда в постинфарктном периоде. Автореферат канд.мед.наук, Махачкала, 2010.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı