AZƏRBAYCANDA INSANLAR ARASINDA BRUSELYOZUN RISK FAKTORLARININ EPIDEMIOLOJI XÜSUSIYYƏTLƏRI (2012-2016)

02-04-2018

Açar sözlər: bruselyoz, risk faktorları, endemik xəstəlik.

Keywords:  human brucellosis, risk factors, endemic disease

Ключевые слова:бруцеллез, факторы риска, эндемическое заболевание

Bruselyoz - zoonoz infeksion - allergik xəstəlikdir, kiçik ölçülü patogen bakteriyalar olan brusellalar tərəfindən törədilir .Vaxtında aparılmamış diaqnostikada və gecikmiş müalicədə xəstəlik xronik residivləşən gedişə malik olur və dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. Xəstələnmənin epidemioloji xüsusiyyətləri müəyyən dərəcədə törədicinin növ mənsubiyyətindən, epidemik ocağın aktivliyindən və kütləviliyindən asılıdır (1-4). Bruselyoza görə epidemioloji vəziyyət keçmiş Sovet İttifaqı respublikalarının ərazisində, xüsusən də şimal və mərkəzi vilayətlərdə son dərəcə gərgin olaraq qalır.

 Insan bu xəstəliyə xəstə heyvanlara (qoyun, keçi, inək, donuz) qulluq zamanı, yaxud brusellalarla yoluxmuş ərzaq məhsullarından (süd, pendir, ət və s.) istifadə etdikdə yoluxur. Törədici orqanizmə mədə-bağırsaq traktından, selikli qişa və yaxud dəridə olan zədələrdən daxil olaraq, limfagen və ya hematogen yolu ilə yayılır. Bu da törədicinin istənilən orqana daxil olması üçün şərait yaradır (5,6).

Bruselyoz zamanı inkubasiya dövrünün müddəti, xəstələrin əksəriyyətində  2-3 həftə təşkil edir, lakin 4-7 həftəyə qədər, bəzən isə daha çox uzana bilər. Bruselyozla xəstələnmə bir halda kəskin, digər halda tədricən başlayır. Bruselyozla xəstələrin başlıca şikayətləri oynaqlarda, əsasən aşağı ətraflarda yerdəyişən xarakterli ağrılar, ümumi zəiflik, tez yorulma, baş ağrısı, tərləmə ilə əvəzlənən titrəmə, iştahanın azalması, yuxunun pozulması  olmuşdur. Bu xəstəliyə şübhə yarandıqda ümumi anamnestik məlumatlarla, epidemioloji anamnezlə, xəstənin obyektiv müayinəsi ilə yanaşı, laborator müayinələr də aparılmalı(7,8). Bruselyoza şübhə olduqda xəstədən nümunələrin götürülməsi tibb müəssisəsində tibb işçisi tərəfindən aparılır.  Tibb müəssisələri işçiləri xəstədən nümunələri düzgün götürməli, daşımalı və vaxtında  taun əleyhinə müəssisələrin  laboratoriyalarına çatdırmalıdırlar.

Tədqiqatın məqsədi Azərbaycanda insanlar arasında bruselyoz xəstəliyinin risk faktorlarını müəyyən etməkdir.

Azərbaycanda 2012-ci ildən 2016-cı ilə qədər olan bruselyoz xəstəliyinə dair məlumatlar Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi (YXEMS) tərəfindən əldə edilmişdir. Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminə (YXEMS) demoqrafik, epidemioloji və risk faktorları haqqında məlumat daxildir. Məlumatlar YXEMS – in Analiz Vizualizasiya Hesabat (AVH) modulu və Epi Info 7.0 vasitəsi ilə təhlil edilmişdir.

5 il ərzində təsdiq edilmiş bruselyoz hadisələrinin sayı – 1516 təşkil etmişdir. Belə ki, 2012-ci ildə 100 min əhali üçün insidentlik 3,00 (275 hadisə), 2013-cü ildə isə 100 min əhali üçün 2.42(225 hadisə ) təşkil etmışdir və bu 2012-ci ilə nisbətən 18% azdır. 2014-cü ildə müşahidə olunan 100 min əhalinin sayına insidentlik 2,76 (299 hadisə) və 2014-cü ildə 2013-cü ilə nisbətən 14 % artım müşahidə olunmuşdur. 2013-cü il ilə müqayisədə 2014-cü və 2015-ci ildə Respublika üzrə xəstəlik halları yüksəlmışdır. O cümlədən, 2015-ci il ərzində 2 alovlanma qeydiyyata alınmışdır (Qax rayonunda və Bakı şəhərində). Qax rayonunda alovlanma nəticəsində 13 ailə üzvü bruselyoza yoluxmuşdur. Bakı şəhərində isə 5 ailə üzvü xəstələnmişdir. 2015-ci ildə 100 min əhali üçün insidentlik 3,18 olmuşdur. 2015-ci ildə 15,5% artım qeydə alınmışdır, 2016-cı ildə isə 100 min əhaliyə insidentlik 4,08 qeydə alınmışdır və bu 2015-ci ilə nisbətən 28,30% artıqdır.

Şəkil 1

Bruselyoz xəstəliyinin insidentliyi 100.000 əhaliyə illər üzrə

Bruselyozla xəstələnmə müəy-yən dövrlərdə artmaqla bütün il boyu qeyd olunur, xəstəliyin qış-yaz mövsümiliyi xarakterdir ki, bu da heyvanların balalama dövrü ilə bağlıdır. Ən çox xəstəlik halları (51,4%) 30-59 yaş qrupunda qeydə alınıb.

Şəkil 2

Bruselyoz xəstəlik hadisələrinin böyüklər və uşaqlar < 17 yaş arasında paylanması ( 2012- 2016 )

Bütün xəstəlik halların-dan 67.50%, (95% CI 63.41 - 71.35%) kişilər təşkil etmişdir.

Bütün bruselyoz xəstəlik halların 79,6% -i kənd əhalisi arasında qeydə alınmışdır.

Şəkil 3

Bruselyoz xəstəlik hadisələrinin cinslər üzrə paylanması ( 2012- 2016 )

Pasterizə olunmamış süd və süd məhsullarının istifadəsi zamanı 51.0% (95% CI: 48% - 54%), az bişirılmış ət - 14% (95% CI: 12% - 16%), heyvanlara doğuş zamanı yardım göstərilməsi -24% təşkil etmişdir (95% CI: 21% - 26%), xəstə heyvanlarla təmas- 10% (95% CI: 9% - 12%), potensial laboratoriya və ya digər peşə yoluxması 1% (95% CI: 1% - 2% ) təşkil etmişdir .

Şəkil 4

Bruselyoz xəstəlik hadisələrinin risk faktorları üzrə paylanması ( 2012- 2016)

Bruselyozun profilaktikasına tibbi, sanitar- baytarlıq və təsərrüfat tədbirləri daxildir. Bruselyoz tipik zoonoz infeksiya sayılır və ona görə onunla mübarizə infeksiya mənbəyinin ilk növbədə ev heyvanları arasında, xüsusilə qoyunlar, keçilər, iribuynuzlu mal-qara, həmçinin donuzlar arasında məhv edilməsinə yönəldilməlidir. Kənd təsərrüfatı heyvanları arasında bruselyoz ocaqlarının zərərsizləşdirilməsi və ləğv edilməsi, həmçinin xəstəliyə yoluxmuş sürünün və ayrı-ayrı təsərrüfatların sağlamlaşdırılması üzrə tədbirlər, habelə bruselyoza yoluxmuş təsərrüfatlarda heyvanlara xidmət edən insanlar arasında da bruselyozun yayılmasının qarşısının alınmasına kömək edir. Bruselyozla mübarizədə qida yoluxmalarının profilaktikası xüsusilə böyük əhəmiyyət daşıyır. Bu, yoluxmada əsas rol süd və süd məhzullarına aiddir. Bruselyoza görə qeyri-sağlam təsərrüfatlar-dan alınmış süd mütləq pasterizə olunmalı və ya qaynadılmalıdır. Bruselyozlu heyvanlardan alınmış ət yalnız onu tam bişirdikdən və ya qızartdıqdan sonra istifadə edilir. 

Azərbaycanda insanlar arasında bruselyoz xəstəliyinin ehtimal olunan mənbəyi kimi evdə hazırlanan süd məhsullarının istifadəsi müəyyən edilmişdir. Bu, bruselyozun ölkəmizdəki təsərrüfat heyvanları arasında yayıldığını və ev şəraitində hazırlanan süd məhsullarını pasterizə etmədən istifadəsini göstərir. Azərbaycanda heyvanlar arasında bruselyoza qarşı peyvənd işlərinin aparılması vacib nəzarət tədbirlərindən biridir. Respublikamızda 2009-cu ildən etibarən baytarlıq xidməti xırda buynuzlu heyvanlar arasında peyvənd işləri aparır. İri buynuzlu heyvanlar arasındada bruselyoza qarşı peyvəndin tətbiqi nəzərdə tutulub. Baytar – sanitar tədbirlərinin yaxşılaşdırılması, əhali arasında sanitar - maarifi işinin gücləndirilməsi məqsədə uyğundur.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 avqust 2010-cu il tarixli 64  nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi təhlukəli infeksiyalar üzərində müşahidə və nəzarətə dair qaydaları”
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.02.2010-cü il tarixli  15 nömrәli әmri ilə təsdiq edilmiş “Laboratoriyalarda  bioloji   təhlükəsizlik qaydaları“
3. Омариева Э.Я.  Эпидемиологические особенности бруцеллеза в республике Дагестан. Инфекция и иммунитет 2012, Т. 2, № 1-2. - С. 178.
4. Garcia Carrillo С. Animal and human brucellosis in the Americas. Paris // OIE Publication. - 2010. - р. 287.
5. Хацуков К.Х.  Эпиднадзор за бруцеллезомв Кабардино-Балкарской республике Инфекция и иммунитет 2012, т. 2, № 1-2. - с. 208
6.  Злепко А.В.. Актуальные проблемы бруцеллеза в Волгоградской области Инфекция и иммунитет 2012, т. 2, № 1-2. - с. 147.
7. Vəliyev. Ə.H. “ İnfeksion xəstəliklər “ , Bakı, 2013
8. Ağayev. İ.Ə., Xələfli X.N., Tağiyeva F.Ş. ” Epidemiologiya “ Bakı, 2011


Müəlliflər:
N.M. Üstün

Digər jurnal və qəzetlər