TİKANLI ODOTU (PHLOMİS PUNGENS WİLLD.) VƏ QAFQAZ ODOTU (PHLOMIS CAUCASICA RECH. FIL.) BİTKİLƏRİNİN XAMMALINDA FLAVONOİDLƏRİN SPEKTROFOTOMETRİK ÜSULLA MİQDARI TƏYİNİ

17-03-2016

 Açar sözlər: Phlomis  pungens Willd. vəPhlomis caucasica Rech. fil., flavonoidlər, spektrofotometrik üsul

      Tikanlı odotu – Ph. pungens Willd. və Qafqaz odotu – Ph.Caucasica  Rech.  fil. növləri dodaqçiçəyikimilər - Lamiaceae fəsiləsinə aiddir, Phlomis cinsinin Azərbaycanın müxtəlif ərazilərində 6 növü yayılmışdır [1]. Ədəbiyyat məlumatlarının araşdırılması göstərdi ki, bu cinsə aid bitkilərin tərkibində flavonoidlər, iridoidlər, efir yağları , diterpen və triterpen birləşmələri, liqnanlar və d. bioloji fəal maddələr vardır. Ümumiyyətlə, Phlomis cinsinə daxil olan növlər, o cümlədən də Tikanlı odotu və Qafqaz odotu növləri dünyanın müxtəlif ölkələrində həzm, qan-damar və sinir sistemlərinin müxtəlif xəstəliklərinin müalicəsində antioksidant, iltihab əleyhinə, sitotoksik, sitostatik, ağrıkəsici, antibakterial, immunomodul-yator, antifunqal və antiprotozoy təsirli vasitə kimi istifadə edilir [2]. Bundan başqa Phlomis növlərinin revmatizmin, qanaxmaların, irinli yaraların, şəkərli diabetdə, eləcə də müxtəlif infeksion xəstəliklərin müalicəsində istifadəsi haqqında məlumatlar vardır [2, 3].
      Azərbaycan florasından olan süsən cinsinə aid Ph. pungens Willd. və Ph. caucasica Rech. fil. bitkilərinin tərkibində efir yağları,  makro- və mikroelementlər tədqiq edilmiş və onların yerüstü orqanlarının morfoloji-anatomik quruluşundakı fərqli cəhətləri öyrənilmişdir [4-6]. Bu tədqiqat işində məqsəd Ph.  pungens Willd.- Tikanlı odotu və Ph. caucasica Rech. fil.- Qafqaz odotubitkilərininotunun  tərkibində olan flavonoidlərin spektrofotometrik üsulla miqdarını təyin etməkdir. 

Tədqiqatın material və metodları Tikanlı odotu2015-cı ilin may ayında Xızı rayonunda, Altıağac qəsəbəsi ətrafında,  Qafqaz odotu  isə Naxçıvan MR-nın Şahbuz rayonunda  bitkinin qönçələnmə və çiçəklənmə fazasında tədarük edilmişdir. Flavonoidlərin miqdari təyinatında spektrofotometrik üsula üstünlük verilir. Çünki bu üsulla alınan nəticələr dürüstlüyü ilə seçilir və tədqiqata sərf olunan vaxt daha qısa olur. Deyilənləri nəzərə alaraq hər iki bitkinin xammalının tərkibində olan flavonoidlərin miqdari təyinatını spektrofotometrik üsulla yerinə yetirdik.
      İşin gedişi. Hər iki bitkinin xammallarının analitik nümunələri ayrı-ayrılıqda olmaqla xırdalanır və məsamələrinin diametri 1 mm olan ələkdən ələnir. Xırdalanmış və ələnmiş xammaldan 2 qr (dəqiq çəki) götürülür, 100 ml-lik cilalanmış ölçülü kolbaya keçirilir və üzərinə 30 ml 50 %-li etil spirti əlavə edilir. Kolba əks soyuducuya birləşdirilir, qaynar su hamamı üzərində 30 dəq müddətində qızdırılır. Kolba divarlarına yapışmış xammal hissəciklərini islatmaq üçün aradabir çalxalanır. İsti çıxarış pambıqdan həcmi 100 ml olan ölçülü kolbaya elə süzülür ki, xammal hissəcikləri pambığın üzərinə tökülməsin. Süzmək üçün istifadə olunmuş pambıq ekstraksiya gedən kolbaya yerləşdirilir, üzərinə 30 ml 50 %-li etil spirti əlavə edilir. Ekstraksiya yuxarıda göstərilən qaydada daha 2 dəfə təkrarlanır və çıxarışlar ölçülü kolbaya süzülür. Soyuduqdan sonra çıxarışın həcmi 50 %-li etil spirti ilə ölçüyə çatdırılır və qarışdırılır (A məhlulu).
      Həcmi 25 ml olan ölçülü kolbaya A məhlulundan 1 ml tökülür, üzərinə 2 ml alüminium-xloridin 95 %-li etil spirtindəki məhlulu əlavə edilir və kolbanın həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılır. 40 dəq-dən sonra məhlulun optiki sıxlığı spektrofotometrdə (Libra S22 UV/VİS 190-800 spectrophotometer) 415 nm dalğa uzunluğunda, qatının qalınlığı 10 mm olan küvetdə ölçülür. Müqayisə məhlulu kimi 25 ml-lik ölçülü kolbaya tökülmüş 1 ml çıxarışdan, 1 damcı duru sirkə turşusundan və həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılmış qarışıqdan istifadə olunur [7].
     Paralel olaraq yuxarıda göstərilən qaydada hazırlanmış rutinin standart nümunə məhlulunun optiki sıxlığı da eyni şəraitdə ölçülür.

Mütləq quru xammalda flavonoidlərin rutinə nisbətən faizlə miqdarı aşağıdakı düsturla hesablanır:

   Burada, D – tədqiq olunan məhlulun optiki sıxlığı;

               D0 – rutinin standart nümunə məhlulunun optiki sıxlığı;

               m – xammalın çəkisi, qr-la;

               m0 – rutinin standart nümunəsinin çəkisi, qr-la;

             W – xammalı qurutduqda çəkidə itki, %-lə. Tikanlı odotunun otu üçün bu göstərici 12,5 %, Qafqaz odotunun otu  üçün 12,9 %  olmuşdur.

Qeyd. Rutinin standart nümunə məhlulunun hazırlanması. 0,05 qr-a yaxın (dəqiq çəki) standart rutin nümunəsi qabaqcadan 130-135 0C temperaturda 3 saat müddətində qurudulur. Həcmi 100 ml olan ölçülü kolbada 85 ml 95 %-li etil spirtində qızdırmaqla həll edilir. Məhlul soyudulur, miqdari cəhətdən 100 ml-lik ölçülü kolbaya keçirilir, kolbanın həcmi 95 %-li etil spirti ilə ölçüyə çatdırılır və qarışdırılır.

Qeyd! Flavonoidlərin miqdari təyinatı 6 dəfədən az aparılmamalıdır.

Nəticə və müzakirə

Hər iki bitki növünün xammallarında flavonoidlərə aid eynilik reaksiyalarında müsbət nəticələr əldə edildikdən sonra onların miqdari təyinatı həyata keçirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində Tikanlı odotunun otunun  tərkibində 1,49 %, Qafqaz odotunun otunda isə flavonoidlərin miqdarı 2,17 %  müəyyən edilmişdir (1  saylı cədvəl, 1 və 2 saylı şəkillər). Standart kimi rutinin standart nümunə məhlulundan istifadə edilmişdir (şəkil 3).

 Cədvəl 1.

Tikanlı odotu və Qafqaz otunun xammalında flavonoidlərin miqdari təyininin nəticələri (n=6)

Bitkinin növü və  xammalı

Xammalın

miqdarı

Optik

sıxlığı

Flavonoidlərin              miqdarı,

%-lə

Metroloji xarakteristika

Tikanlı odotu

otu

1,95

1,94

1,93

1,96

1,98

1,97

 

0,234

0,231

0.230

0,229

0,231

0,225

1,51

1,49

1,48

1,47

1,49

1,45

X=1,48 %;

S=0,02;

Sx=0,00816; 

ea=0,02098;

A=±1,41757%

Qafqaz odotu

otu

1,94

1,93

1,96

1,95

1,97

1,98

0,333

0,333

0,331

0,330

0,333

0,335

2,17

2,17

2,16

2,15

2.17

2.18

X=2,17 %;

S=0,01095;

Sx=0,00447;

ea=0,01149;

A=±0,52949%

 

 

Şəkil 1. Ph.pungens Willd. otunun                                                             Şəkil 2.  Ph. caucasica Rech. fil.

spirtli məhlulunun udma spektri                                                              Otunun spirtli məhlulunun udma spektri           

  

Şəkil 3. Rutinin spirtli məhlulunun udma spektri

Beləliklə, spektrofotometrik üsulla müəyyən edildi ki, Azərbaycan florasında kifayət qədər xammal ehtiyatı olan  Ph. pungens Willd. bitkisinin otunda 1,49 % ; Ph. caucasica Rech. fil. bitkisinin otunda isə 2,17 %  flavonoid vardır.

ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРАREFERENCES: 

1.Флора Азербайджана, Баку. Изд-во АНАзССР, 1957, том.7, с. 290-295
2.Süleymanov T. A, Şükürova A. S . ,  Phlomis (Odotu) cinsinə aid növlərin kimyəvi tərkibi və farmakoloji təsiri, //Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, Baku 2014, № 1, s. 34-40.
3.Batjargal E., Ghosh Ch., Abanto O. D.  et. al., Modulation of insulin receptor substrate-1 and glucose transporter 4 expressions in mouse C2C12 myoblast treated with Cynanchum  wilfordii and Phlomis umbrosa extracts, // Int. Res J Pharm. App Sci., 2012, 2(6), p. 121-127.
4.Süleymanov T. A., Kırımer N., Şükürova A. S., Tikanlı odotu (Phlomis pungens Willd.)  növünün bəzi  fitokimyəvi tədqiqi,  // Azərbaycan Əczaçılıq və Farmakoterapiya Jurnalı, Baku- 2013, № 2, s. 22-25.
5.Süleymanov T.A., Şükürova  A. S .,  Qafqaz odotu (Phlomis caucasica Rech. fil.) və Tikanlı odotu (Phlomis pungens Willd.) otunun element tərkibi, // Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2015, № 3, s. 100-103.
6.Kerimov Yu.B., Shukurova A.S., Identification of additional diagnostic features of the anatomical structure in the raw material of  Phlomis pungens Willd., //  News of Pharmacy, 2015, 4(84), p. 17-20.
7.Государственная Фармакопея СССР XI изд. Вып. 2, Общие методы анализа . Лекарственное растительное сырые. М3 СССР, М., 1989, 400 с.


Müəlliflər:
T. A. Süleymanov
A. S. Şükürova

Digər jurnal və qəzetlər