ŞÜŞƏİONOMER SEMENTLƏR

06-06-2018

Restavrasiyanın fiksasiyası ortopedik müalicənin yekun mərhələsidir. Bu mərhələdə də, əvvəlki mərhələlərdə kimi dəqiqlik əldə edilməlidir. Sement ortopedik konstruksiyaların planlaşdırılması və hazırlanmasında buraxılan səhvləri korreksiya etməyə imkan vermir [1].

Restavrasiyanın fiksasiyası üçün sement seçimində, restavrasiya materialının tipini və fiksasiyanın tətbiq olunacağı dişin strukturunu nəzərə almaq lazımdır. Lakin, yekun qərarı protezin fiksasiyası zamanı qəbul etmək olmaz.

Şüşəionomer sementlər silikat və poliakril sistemlərin xassələrinin birləşməsi nəticəsində yaradılmışdır. Adətən onlar toz-maye tipli materiallara aid edilir. Sement tozu hissəciklərinin ölçüsü 25-40 mk olan narın üyüdülmüş flüorsilikat və alüminium şüşəsindən ibarət xırdadispenserli flüoralümosilikat şüşədir. Belə ki, əsas komponentlərinin silisium dioksid (SiO2), alüminium oksidi (AI2O3), kalsium ftorid (CaF2) olduğu aşkar edilir. Tərkibində az miqdarda natrium, alüminium, kalium ftorid də mövcuddur. Bundan əlavə, möhkəmliliyini artırmaq məqsədilə sink oksid, gümüş tozu və s. də əlavə edilir. Maye – tərkibində 5% çaxır turşusu olan poliakril-itakon və ya digər polikarbon turşusu sopolimerinin 50%-li su məhluludur. Fərqli birləşmələrdə əsasən üç karbon turşusundan istifadə edilir: akril, itakon və malein. Çaxır turşusu emalın davamlılığını artırmağa və sementin daha tez yapışmasına kömək edir [4].

Toz ilə mayeni qarışdırdıqda poliakril və çaxır turşusu su olduqda şüşə ilə turşu-əsasi reaksiya tipi üzrə reaksiyaya girir. Bununla yanaşı, polikarbon turşusu protonların donoru, silikat şüşə isə protonların akseptoru qismində çıxış edir. Şüşəionomer sementin bərkimə prosesində üç mərhələ mövcuddur:

1) həll olma (ionların hidratlaşması, ayırılması, qələviləşməsi);

2) qatılaşma (ilkin gel əmələ gəlmə, ilkin qeyri-sabit bərkimə);

3) bərkimə (dehidratlaşma, yetişmə, yekun bərkimə).

Başlanğıc (həll olma) fazada dissosiasiya olunmuş polikarbon turşusunun protonları şüşə hissəciklərinin səthini dağıdır və flüoru və metalların kationlarını qələviləşdirir. Onlar diffuziya yolu ilə polimer turşusunun molekulları ilə birlərşir və bərkimənin ilkin fazası (qatılaşma mərhələsi) başlayır. Bu fazada kalsium ionları karbon turşusunun elementləri ilə birləşir və köndələn rabitələr əmələ gətirməklə politurşu molekullarını gelə çevirir. Sementin pH-ı da artmağa başlayır. Sonuncu (bərkimə) mərhələdə alüminium ionlarının köməyi ilə gel və metal ionlarının üçölçülü qəfəsi yaranır. Alüminium oksid poliakril turşusu ilə qarşılıqlı əlaqəyə girir və sink poliakrilatı köndələn strukturunu əmələ gətirir. Çaxır turşusu işləmə müddətini artırmağa kömək edir. O, metal ionları ilə komplekslər yaratmaqla materialın sürətli bərkiməsinə səbəb olur. Bərkimiş şüşəionomer sementin strukturu polikarbon turşusunun polimerləşmiş və köndələn strukturunu təşkil edir. Bu struktura silikagel ilə əhatə edilmiş şüşə hissəcikləri səpələnib [2].  

Sementin dişlərin bərk toxumaları ilə birləşməsi mexaniki və kimyəvi mexanizmlərlə şərtləşdirilib: sopolimer turşunun hidroksiapatitlə kimyəvi birləşməsi. Monomerin strukturlu polyar tərkib elementlərinin hidrogen rabitələrinin əmələ gəlməsi ilə eyni zamanda dişlərin bərk toxumalarının kalsium ionlarının xelatinləşməsi baş verir. Beləliklə də, mina və dentinin təmiz səthləri ilə adgeziv birləşmə, kalsium ilə xelativ rabitələrin əmələ gəlməsi vasitəsilə baş verir. Bundan əlavə, polikarbon turşusu və dentinin aktiv kollagen qrupları arasında hidrogen tipli rabitələr yaranır. Ümumilikdə, şüşəionomer sementin dişlərin bərk toxumaları ilə birləşmə gücü 8-12 MPa təşkil edir [5].

Şüşəionomerlər kifayət qədər yaxşı fiziki-kimyəvi xassələrə malikdirlər. Onların qırılma möhkəmliyi tədricən artmaqla qarışdırılmadan 24 saat sonra 90-180 MPa, gərilmə möhkəmliyi isə 6-8 MPa-ya çatır. Materialın elastiklik modulu təxmini olaraq 7MPa təşkil edir. Sement suda az həll olunur və ağız boşluğunda kifayət qədər yaxşı qalır. Lakin havanın təsiri nəticəsində həddindən çox quruyur və çatlayır. Bu səbəbdən də ağız boşluğunda sementin dağılmasının qarşısını almaq üçün səthini xüsusi laklarla örtmək tövsiyə olunur. Şüşəionomer sementlər diş özəyini qıcıqlandırmır və boşluğun divarlarına yaxşı adgeziya (8-12 MPa-dək) olunur. Termik genişlənmə əmsalı mina və dentinin həmin əmsalına yaxındır. Şüşədən ftorid sementinin davamlı olaraq (təxmini bir il ərzində) diffuz qələviləşməsi, mina və dentin ilə saxlanılması nəticəsində kariyesə qarşı təsir göstərir [4].       

Şüşəionomer materialların sonrakı təkmilləşdirilməsi turşu-əsasi bərkimə mexanizmlərindən əlavə, poliakril turşusunun yekun molekullarının modifikasiyası və sementin tərkibinə işıq bərkiməsi aktivatorlarının və təşəbbüsçülərinin (kamfaro-xinon) daxil edilməsi sayəsində şərtləşdirilmişdir. Bu aktivator və təşəbbüsçülərdə əlavə olaraq poliakril turşusunun polimerləşməsi reaksiyası gedir. Bu materialın möhkəmliyini əhəmiyyətli dərəcədə artırmağa imkan yaratdı. Daha dolğun polimerləşmə məqsədilə, şüşəionomerin tərkibinə həmçinin kimyəvi katalizasiya sistemi daxil edilmişdir. Beləliklə, üçqat bərkimə mexanizminə malik materiallar yaradıldı: turşu-əsasi (bütün şüşəionomerlərdə olduğu kimi), sürətli işıq və kimyəvi aktivləşdirilmiş polimerləşmə. Bu, bu cür şüşəionomer sementlərin möhkəmliyini artırdı (sıxıldıqda 220 MPa-dək) [6].

Şüşəionomerlər aşağıdakı üstünlüklərə malikdirlər: bərk toxumalara yüksək kimyəvi adgeziya (8-12 MPa); flüorun davamlı ayrılması (kariyesə qarşı təsir). Onlar diş özəyi üçün zəhərli deyil və dişlərin bərk toxumalarının turşu ilə aşılanmasını tələb etmir. Bu cür xassələr sayəsində onlar çıxarılmayan ortopedik və ortodontik konstruksiyaların fiksasiyası və s. üçün geniş istifadə edilir.

Şüşəionomer sementlər diş qapaqlarının, əlavələrin və s. fiksasiyası üçün tələb olunan nazik (25 mkm-dən az) sement layı əldə etməyə kömək edir. Onlar daha xırda hissəciklərdən ibarətdirlər və qarışdırıldıqdan sonra daha maye konsistensiyaya malikdirlər [3].

Astarlıq sementlər müxtəlif plomblama materialları (amalqamalar, kompozitlər və s.) ilə plomblama zamanı izoləedici aralıq qatları üçün istifadə edilir. Onlar bioloji cəhətdən daha hərəkətsizdirlər, lakin daha az möhkəmliyə malikdirlər və qarışdırıldıqdan sonra daha tez bərkiyirlər. Bu, «Base Line» («Dentsply»), «Aqua lonobond» («VOCO») sementləridir. 

Şüşəionomer sementlərin tətbiqi metodikası onların bərkimə mexanizmindən asılıdır. Belə ki, kimyəvi bərkiyən şüşəionomerlər distillə edilmiş suda yaxud xüsusi mayedə (məsələn, poliakril turşu məhlulunda) qarışdırılır. Bu, xüsusi kağız (şüşə) lövhəcikər üstündə 1-2 dəqiqə ərzində edilir. Kimyəvi bərkiyən şüşəionomerlərlə işlədikdə bir sıra qaydalara əməl etmək lazımdır: hiqroskopikliyinə görə yaxşı bağlanmış toz flakonunu saxlamaq, sementi qarışdırarkən tövsiyə edilmiş toz-maye nisbətini pozmamaq.  

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРА REFERENCES:

 

1.Qarayev Z.İ. Ortopedik stomatologiya, Bakı-2008

2.Галип Гюрель. Керамические виниры, Москва, 2007

3. Массириони Д. Точность и эстетика, Москва-2008

4.Ирфан Ахмад. Эстетика непрямой  реставрации, Москва-2009

5.Герберт Шиллинбург-младший. Основы несъемного протезирования. Квинтэссенция. Москва-2008

6. Фрадиани М., Бардуччи Д. Ортопедическое лечение. Том 2, Москва, 2010


Müəlliflər:
A.İ. Tağıyev
Ə. A. Əliyev
E.R. Musayev

Digər jurnal və qəzetlər