YENİYETMƏLƏRDƏ SƏS POZĞUNLUĞU (PATOLOJİ MUTASİYA) VƏ ONUN ARADAN QALDIRILMA YOLLARI.
07-09-2018
Mutasiya-səsin dəyişilməsidir. Mutasiya fizioloji hal olub, orqanizmin o cümlədən də qırtlağın yetişkənlik dövründə sürətlə inkişafı (böyüməsi) ilə əlaqəlidir. Cinsi yetişkənlik dövrünə qədər səs aparatı qızlarda və oğlanlarda demək olarki eynidir. Cinsiyyət vəzilərinin fəaliyyətə başlaması oğlanlarda və qismən də olsa qızlarda qırtlağın sürətlə inkişafına səbəb olur. Cinsiyyət hormonlarının təsirindən oğlanlarda qırtlağın diametri artır və bununlada qısa müddətdə kişi qırtlağı formalaşır,bu da səsin 1-1,5 oktava aşağı düşməsinə səbəb olur. Cinsi yetişkənlik dövründə qızların səsindəki dəyişiklik o qədər də nəzərə çarpacaq olmur. Bu da qırtlağın az böyüməsi və böyümənin vertikal olmsı ilə əlaqədardır. Beləki səs telləri 3-4 mm böyüyür və nəticədə səs yalnız 1 Hs aşağı düşür (4, 5).
Mutasiyaya qədər olan falset səs (səs tellərinin kənarlarının bitişməsi ilə yaranan) səsin əmələgəlmənin yeni mexanizmi ilə əvəz olunur. Fonasiya zaman səs tellərinin ön səthinin tam bitişməsi yaranır və döş səsi əmələ gəlir. Səsin mutasiya dövrü 3 mərhələyə bölünür: Predmutasiya,mutasiya və postmutasiya.
Predmutasiya mərhələsində ilkin əlamətlər səs diapazonunun düşməsi, yüksək notların itməsi,səsin tez yorulması qeyd olunur. Səs kobudlaşır. Mikrolarinqoskopiyada səs tellərində damarların qabarıqlığı, seliyin toplanması müşahidə olunur.
Mutasiya mərhələsində qırtlağın və səs tellərinin intensiv böyüməsi və səs əmələ gəlmə mexanizmlərinin dəyişilməsi ilə xarakterizə olunur. Qırtlağın böyüməsi oğlanlarda eninə və uzununa doğru 1 sm-dən 2 sm-ə qədər olur. Qırtlağın bütün qığırdaqları böyüyür, xüsusi ilə də boynun ön divarında ‘‘adəm almasını‘‘ əmələ gətirən qalxanabənzər qığırdaq . Səs büküşləri 6-10 mm uzanır və 20-25 mm-ə qədər çatır. Bəzi hallarda qırtlağın orta hissəsində hiperemiyalaşma, səs büküşlərinin selikli qişasınin kövşəkləşməsi, səs yarığının tam bağlanmaması mümkündür. Fonasiya zamanı səs yarığının arxa hissəsində uzadılmış üçbucaq formasında ‘‘mutasiyon üçbucaq‘‘ adlanan yarıq qalır. Bu dövrdə udlağın və dilin həcmi, artikulasiyon və mimiki əzələlərində nəzərə çarpan gərginlik müşahidə olunur (3).
Bu dövrdə akustik dəyişikliklər kəskən nəzərə çarpır. Yeniyetmələrin səsi qeyri stabil və dəyişkənliklə xarakterizə olunur. Səs tonu 1-1,5 oktava daxilində dəyişir, baş və döş registri növbələşir, səs diapazonu dəyişir, intonasiya məhdudlaşır. Elə təəsurat yaranır ki, uşaq səsini idarə edə bilmir. Oğlan uşaqlarının 20-25%-də mutasiya səsin sınması kimi keçir.
Əksər hallarda isə səs ətrafdakılar və yeniyetmənin özü üçün nəzərə çarpmadan tədricən dəyişir. Bəzi hallarda səsdə yüngül xırıltı və əzginlik yaranır. Bir qədər sonra uşaq səs tembri böyük səs tonu ilə əvəz olunur.
Postmutasiyon mərhələdə səs tam formalaşır, diapazon və tembri əmələ gəlir. Bu mərəhələ adətən bir neçə aydan iki ilə qədər çəkir və vokal sənəti ilə məşğul olanlar üçün vacib mərhələdir. Belə ki, səs hələ tam oturmayıb, möhkəmlənməyib, oxuma zamanı səs aparatı tez yorulur və artıq yüklənmə zamanı səsin sınması baş verə bilər (6).
Sakit keçən mutasiya fizioloji prosesdir və sakit səs rejimindən başqa heç bir terapiyaya ehtiyac duyulmur. Mutasiya dövrünün uzanması patoloji mutasiya adlanır.Patoloji mutasiyanin səbəbləri xarici amillərin orqanizmə təsiri, akselerasiya, uşaqlarda vokal sənəti ilə məşğələlərin düzgün aparılmaması, psixo-emosional, sensor,hormonal amillərdir. Patoloji mutasiya zamanı yeniyetmə uşaq səsi ilə danışmağa davam edir,buda səsin zamanla xırıltılı olmasına kecir. Belə xəstələr danışan zaman qırtlaqda gərginlik hissinin olmasından, tez yorulmadan hətta boqazda ağrıdan şikayətlənirlər.Belə hal bir necə aydan bir necə ilə qədər davam edə bilər (1,2).
Müşahidələrimiz altında 5 il müddətində 13 xəstə olmuşdur. Bunların 3-ü qız 10-u oğlandır. Yaş hədləri 15-20 yaş arasında olmuşdur. Bunlardan 3 xəstə 15 yaşında, 2 xəstə 17 yaşında, 3xəstə 18 yaşında,2 xəstə 19 yaşında və 20 yaşında 1xəstə müşahidəmiz altında olmuşlar.
Endoskopik müayinə zamanı səs büküşləri bir qədər qalınlaşmışdır, sərbəst kənarlarında hiperemiya müşahidə edilirdi.
Fonasiya zamanı səs telləri arasında 1 mm-ə qədər məsafə qeyd olunur. Bütün xəstələrdə larinqoskopik mənzərə eyni cürdür.
Bu xəstələrə yalnız fonopedik məşğələlər təyin edilmişdir. Bura tənəffüs və səs hərəkətləri daxildir. Səs hərəkətləri sadə və qısa müddətli olmaqla xəstələrdə qırtlağın hərəkətinin adekvatlığının artırılmasına qırtlaq əzələlərinin sinergik və antoqonistlik mexanizminin fizioloji tənzimlənməsinə yönəldilməlidir.Tənəffüs hərəkətləri qırtlaq əzələlərində gərginliyin azalmasını,tənəffüs zamanı diafraqmanın tam hərəkətliliyini təmin etməlidir. Nəfəsvermənin uzanmasına gətirib cıxaran hərəkətlər,məsələn burunla nəfəsalmadan sonra yeniyetməyə təklif olunurki kar camitlərdən S-S-Ş ,Ş-Ş-S, F-F-S, S-Ş-F səslərini uzadaraq tələffüs etsin. Fonopedik məşğələlərin əsas məqsədi səsin təbii rezanatorluğunu əmələ gətirmək, artikulyasi-yada iştirak edən orqanlarıntam hərəkətliliyini təmin etməkdir.
Bütün xəstələrdə 1-ci məşğələnin sonunda larinqoskopik mənzərənin dəyişməməsinə baxmayaraq, səslərinin yerinə otuzdurulmasinda irəliləyiş olmuşdur. 1 xəstədə 1-ci məşğələdən sonra səs yerinə oturmuş, sonrakı məşğələlərə gəlməmiş, 2 aydan sonra təkrar müraciət etdikdə, səsi tam yerinə oturmuş, larinqoskopiya fonasiya zamanı səs büküşlərinin sərbəst kənarındakı hiperemiya keçmişdir. Digər xəstələrdə 1-ci dəfədən səslərin otuzdurulmasına baxmayaraq səslərində bir qədər disfoniya qeyd olunmuşdur. Bunları nəzərə alaraq sonrakı məşğələlər 3 gündən bir aparılıb. Evdə xəstələrə individual olaraq məşğələnin təkrarlanması tövsiyyə edilmişdir. 10 gün sonra bütün xəstələrin səsləri tam yerinə oturmuşdur. Bir xəstədə isə larinqoskopik mənzərə tam normallaşmağına baxmayaraq müəyyən psixo-emosional gərginlik zamanı səsində disfoniya olduğu qeyd etmişdir.
Beləliklə, bizim təcrübəmiz onu göstərir ki 13 xəstənin səsinin patologi mutasiyası zamanı dərman preparatlarından istifadə etmək lüzumsuzdur. Qırtlağın fonopedik məşğələsi böyük terapevtik effektə, xəstələrin səsinin tam otuzdurulmasına və oturmuş səsin davamlı olmasına təminat yaratmışdır.
1 ildən 5 ilə kimi müddətində apardığımız uzun müddətli müşahidələr zamanı xəstələrdə yenidən patoloji mutasiyon səs əmələ gəlməmişdir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1. Hsiung M.W., Pai L, Wang H.W. Correlation between voice handicap index and voice laboratory measurements in dysphonic patients // Eur Arch. Otorinolaryngol. – 2002.- V/259. № 2 – p /97-109
2. Baker . J. Psychologenic voice disorders and traumatic stress experience : a discussion paper with two case reports // J.Voice.-2003.-V.-17, № 3 –P.308-318
3. De Jing F.I., Corneils B.E., Wuyts F.L.et al. A psychological cascade model for persisting voice problems in teachers // Folia Phoniatr. Logoped. – 2003. – V.55, № 2 – P. 91-101
4. Платонова М.Л. Deтский голос: принципы и методы развития и методы развития // Поволжский педагогический вестник. – 2014. № 4 (5).
5. Лаврова, Е.В.Логопедия. Основы фонопедии / Е.В.Лаврова.-М., 2007, c. 176.
6. Василенко, Ю.С. Голос. Фониатрические аспекты / Ю.С. Василенко. – М.: Дипак, 2013
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı