MAQNEZİUM MİKROELEMENTİNİN QADIN ORQANİZMİNDƏ ƏHƏMİYYƏTİ
17-12-2018
Maqnezium –öz miqdarına görə hüceyrədə kaliumdan sonra ikinci yer tutan mühüm mikroelementlərdən biri olub, mitoz və meyoz proseslərində DNT stabilləşməsində və 300-dən çox fermentin-kreatinkinazanın, adeniatsiklazanın, fosfofruktokinazanın, K-Na- ATF-azanın, zülal sintezi fermentlərinin, qlikolizin, transmembran ionların aktivləşməsində vacib rol oynayır [1].
Maqnezium-sinir-əzələ oyanıqlığı proseslərində aktiv iştirak edərək orqanizmin termorequlyasiyasına təsir göstərir[2,3,6].
Maqnezium karbohidrat, zülal və lipid mübadiləsində, nuklein turşuların sintezində əvəzolunmazdır, hal-hazırda 600-ə yaxın maqnezium-asılı zülalın olması bəllidir. Bu mikroelement sinir və ürək-damar sistemlərinin normal funksiyasının saxlanılmasında iştirak edir; cərəyan oyanıqlığına malik olan toxumalarda kalsium və natrium ionlarının membran nəqlinin proseslərində xüsusən əhəmiyyətlidir, defisiti isə membranların destabilizasiyasına səbəb olur[6,9,12].
Maqnezium kalsiumun fizioloji antaqonisti olaraq əzələ liflərinin boşalmasında iştirak edir. Maqneziumun osteogenezdə də rolu əhəmiyyətlidir, belə ki, onun təsiri nəticəsində sümüklərdə normal kalsium səviyyəsi saxlanılır, eyni zamanda kalsiumun yenilənməsi baş verir, artıq miqdarda itirilməsinin qarşısı alınır və sümük toxumasındakı energetik proseslərin stabilləşməsi yaranır[4,5].
Təyin olunmuşdur ki, bəzi maqnezium-asılı olan osteogenez zülalları fibroblastların böyümə faktorlarını bağlayaraq fosfatidilinozitol trifosfat molekulunun sintezinin başlanğıcına təkan verirlər[4,7,8].
Maqneziumun defisitinin əsas vacib səbəbləri:
1.Maqneziumun aşağı miqdarda istifadəsi: “sivil qidada” azalması, pəhriz kursları, alkoqolizim, Mg-immun parenteral qidalanmada aşağı miqdarı.
2.Zəifləmiş bağırsaq reabsorbsiyası: uzunmüddətli diareya, sorulmanın pozulması sindromu, iltihabi enteropatiyalar (bağırsağın rezeksiyasından sonra), zülalla zəngin qidanın artıq istifadəsi səbəbindən kalsiumun azalmış rezorbsiyası, qidada yüksək miqdarda yağların olması.
3.Maqneziuma yüksək ehtiyacın olması: hamiləlik və laktasiya dövrü, artmış fizioloji aktivlik (tərləmə), böyümə dövrü, sağalma dövrü, stress.
4.Maqneziumun bədəndən artmış dərəcədə çıxarılması: mədə-bağırsaq pozulmaları, qəbizlik əlehinə vasitələrdən artıq dərəcədə istifadə, böyrək xəstəlikləri-nefrotik sindrom, Barter sindromu, duzların renal yolla artmış ifrazı, böyrək asidozu, xronik alkoqolizm, şəkərli diabet, diuretik və sitostatik terapiya, vərəməlehinə preparatlar.
5.Endokrin pozulmalar: hipertireoidizim, hiperparatireoidizim.
Bir çox müəlliflərin qeyd etdiyinə əsasən hal-hazırda müxtəlif xəstəlikləri və sindromları olan şəxslər arasında maqnezium –defisitli vəziyyətlərin yayılması artmışdır, bu da onun bilavasitə endotelial disfunksiya, apoptozun pozulması, metabolik və hipertenziv sindromlar, birləşdirici toxumanın patologiyası, hamiləlik, aybaşıqabağı və klimakterik sindromlar, immunitet problemləri ilə bağlı olduğunu göstərir[2, 10, 11, 12].
Maqnezium defisitinin klinik təzahürləri demək olar ki, bütün orqan və sistemlərdə özünü göstərir[6, 13, 16].
Nəzərə çarpan maqnezium defisitində aritmiyaların inkişafı, qan laxtalanma sistemində pozulmalar, xolesterin səviyyəsinin artması və aterosklerozun proqres-sivləşməsi, baş ağrıları, əmək və zehni fəaliyyətin məhdudlaşması, əsəbiliyin və depresiyanın inkişafı mümkündür, bronxospastik vəziyyətlərin dərinləşməsi, osteoporozun kəskinləşməsi, immun sistemin fəaliyyətinin pozulması, sidik daşı xəstəliyinin proqressivləşməsi qeyd olunur[11, 14, 16].
Hamiləlik dövründə maqneziuma ehtiyac 2-3 dəfə artır, bu da uşaqlıq çəkisinin 100-dən 1000 q qədər, süd vəzilərinin, eritrositlərin miqdarının 20-30% artması səbəbindən qanın ümumi kütləsinin artımı, estrogenlərin və aldosteronun yüksək miqdarı ilə izah olunur [8, 13, 17].
Qadın orqanizminin bu elementlə lazımi qədər təmin olunması dölün sağlam inkişafının və doğuşun normal bitməsinin vacib amillərindəndir. Ciftdə maqneziumun miqdarı çox yüksək dərəcədə olur, belə ki, burada sintez olunan 150 zülal və hormonlardan 70 % maqnezium –asılıdırlar [8, 11, 15].
Hamilə qadının maqneziuma olan tələbatı orqanizmə daxil olan miqdardan qat-qat artıqdır və bu amil də hamiləliyi hipomaqniyemiyanın fizioloji modeli kimi nəzərdən keçirməyə səbəb olur [8, 12].
Hamiləlik dövründəki maqnezium defisiti həm ana, həm də döl tərəfindən fəsadlar yarada bilər: embrionun implantasiyasının pozulması, ciftin inkişaf anomaliyaları və kalsinozu(maqnezium defisiti şəraitində kalsium mübadiləsinin pozulması), hamiləliyin uzunmüddətli pozulma təhlükəsi, vaxtından əvvəl doğuş, simfiziopatiyalar və simfizit, preeklampsiya və eklampsiya. Hamiləlik dövründə maqnezium defisitinin ən geniş yayılmış əlamətlərinə baldır əzələlərinin qıcolmaları, titrəmə, sidik spazmı, uşaqlığın artmış tonusu, arterial hipertoniya aiddirlər [8, 13, 17].
Maqneziumun qeyri-üzvi duzlarının hamiləliyin prolonqasiyasında və preeklampsiyanın kompleks terapiyasında istifadəsi yaxşı bəllidir. Lakin onların tətbiqi bir sıra ciddi və təhlükəli ağırlaşmalarla, o cümlədən istilik gəlmələr, ürək bulanma, baş ağrıları, bradikardiya, yenidoğulmuşda beyinin zədələnməsi kimi əlamətlərlə müşahidə olunur. Qeyri-üzvi duzlar və maqnezium oksidi mədə-bağırsaqda pis sorulur və dispepsiya yaradırlar [7, 8, 14, 16].
Hal-hazırda xronik maqnezium defisitinin və hamiləliyin ağırlaşmalarının uzunmüddətli profilaktikası üçün peros maqneziumun üzvi birləşmələri tətbiq olunur, bunlar daha yaxşı mənimsənilir, xəstələrdə mədə-bağırsaq və başqa sistemlərdə kənar effektlər yaratmır [8, 12, 17, 18].
Maqnezium preparatları müxtəlif ginekoloji patologiyaların müalicəsində öz geniş istifadə imkanlarını göstərmişlər: psixo-emosional gərginliklə keçən aybaşı qabağı sindrom (depresiya, əsəbilik, ödemlər, süd vəzilərinin gərginləşməsi, ağrılar). Bu preparatların ən geniş yayılmışlarından hal-hazırda biri də Magnelex-dir. Preparat kapsul şəklində (bir bağlamada 30 kapsul) buraxılır. Preparatın 1 kapsulunun tərkibində Maqnezium qlisinat xelat – 680 mq miqdardadır, bu isə 100 mq elementar maqneziuma (Mg2+) ekvivalentdir; piridoksin hidroxlorid – 10 mq. miqdarindadir.
Istifadə qaydası: böyüklərdə 1 kapsuldan gündə 1-2 dəfə yemək zamanı su ilə qəbul etmək lazımdır; minimal müalicə müddəti 1-2 aydır.
Nəzərə alsaq ki, maqnezium-defisitli vəziyyətlər iltihabəlehinə sitokinlərin artmış sintezi ilə (İL-2, İL-4, İL-5, İL-6, İL-10, İL-12, İL-13, FHO-) səciyyələnir, maqnezium preparatlarının cinsiyyət üzvlərinin patologiyasının kompleks terapiyasında istifadəsi əsaslanmış olur [8, 13, 14, 18].
Genital üzvlərin prolapsı olan pasientlərdə, operativ müdaxilədən sonra residivlərin profilaktikasında maqnezium preparatının istifadəsi çox vacib amillər-dəndir.
Aybaşı və reproduktiv funksiyaların pozulmalarının proqressivləşən piylənmə fonunda ən geniş yayılmış səbəblərindən biri metabolik sindromdur, bunun təzahürlərindən biri də polikistoz yumurtalıqlar sindromudur.[5, 10, 16].
Metabolik sindromlu pasientlərdə hipomenstural sindrom tipli amenoreya, sonsuzluq, düşüklər, artıq tüklənmə, piylənmə əlamətləri ilə müşaiyət olunan pozulmalar qeyd olunur.[7, 9, 13].
Bəllidir ki, maqnezium qlükozanın adekvat istifadəsi və insulinə siqnalların ötürülməsində vacib rol oynayır. Metabolik sindromun təzahürü, o cümlədən insulinin səviyyəsi maqneziumun qida ilə qəbuluna tərs mütənasiblikdədir. Insulindən asılı şəkərli diabet uzun müddətli maqneziumun defisiti ilə bağlı metabolik pozulmaların nəticəsidir. Diabetli qadınlarda qanın zərdabında maqneziumun səviyyəsi qanda lipidlərin miqdarı və pasiyentin piy toxumasının kütləsi ilə mənfi korrelyasiya təşkil edir.[4, 6, 16, 17].
Bu pozulmaların erkən formalaşma mərhələsində pasiyentlərdə yaranan asteniya artıq mövcud olan metabolik prosesləri daha da kəskinləşdirir. Metabolik sindromlu qadınlarda müalicənin əsas amili-pəhriz tədbirləridir.[14, 15, 17].
Pəhrizin seçimində maqneziumun qida ərzaqlarında miqdarı və onun mənimsənilmə dərəcəsi nəzərə alınmalıdır. Lakin dərin maqnezium defisitinin korreksiyası pəhriz ilə kifayətlənmir, burada maqnezium preparatl istifadəsinə ehtiyac yaranır. Hal-hazırda təyin olunmuşdur ki, klimakterik sindromun əlamətləri- istigəlmələr və gecə tərləməsi, bədəndə və başda təzyiq hissi, əzələ və oynaq ağrıları, paresteziyalar, baş ağrıları, baş gicəllənmələr, halsızlıq, taxikardiyalar, ayaqlarda və əllərdə hissiyatın itirilməsi və s.maqnezium çatışmazlığı simptomları ilə uyğundur. Bunlar hamısı qadın həyatının bu dövründə orqanizmə maqnezium “dotasiyasının” zəruriliyinin əlamətləridir. Şübhəsiz ki, maqnezium osteoporozun inkişafına əks-təsir olaraq sümük toxumasının normal funksiyasına, mineral sıxlığına müsbət təsir göstərəcəkdir, belə ki, maqnezium kalsiumun yönləndiyi matrisanı qoruyur.[5, 17, 18].
Beləliklə, maqnezium defisiti problemi mamalıq və ginekologiyada aktualdır. Maqneziumun xronik defisiti bəzən hamiləliyin ciddi ağırlaşmalarına səbəb olur və maqnezium preparatlarının qəbulu ilə kompensasiya olunmalıdır.
Peroral maqnezium preparatlarının qəbulu hamilələrdə bu elementin defisiti kompensasiya edir, hamiləliyin pozulması və preeklampsiya təhlükəsini azaldır, hestasion diabet və piylənmənin profilaktikasında vacib rol oynayır.
Maqnezium birləşmələrinin metabolik sindromun, polikistoz yumurtalıqlar sindromunun, birləşdirici toxuma displaziyasının, aybaşıqabağı və klimakterik sindromları olan qadınların kompleks müalicəsində istifadəsi mühümdür.
Maqnezium defisitinin yüngül formalarının vaxtaşırı optimal korreksiyası, ağırlaşmaların isə aktiv profilaktikası mamalıq və ginekologiyanın mühüm vəzifələrindən biri olaraq qalır.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1.Спасов А. А. Магний в медицинской практике. Волгоград, 2000. 272c.
2.Barbagallo M., Belvedere M., Dominguez L. J. Magnesium homeostasis and aging / Magnes. Res. 2009. Vol. 22.(4). P. 235–46.
3.Лечение оротатом магния. Научный обзор. М.: Медпрактика-М, 2003. 28 с..
4.Mazur A., Maier J. A., Rock E. et al. Magnesium and the inflammatory response: potential physiopathological implications // Arch Biochem Biophys. 2007; 458 (1): 48–56.
5.Classen H. G. Magnesium orotate-experimental and clinical evidence // Rom. J. Intern. Med. 2004. Vol. 42 (3): P. 491–501.
6.Killilea D. W., Maier J. A. M. A connection between magnesium deficiency and aging: new insights from cellular studies // Magnesium Research. 2008. № 21 (2). Р. 77–82.
7.Guerrero-Romero F., Rodriguez-Moran M. Hypomagnesemia, oxidative stress, inflammation, and metabolic syndrome // Diabetes Metab. Res. Rev. 2006. Vol. 22 (6). P. 471–476.
8.Буданов П. В. Лечение предменструального синдрома: современные представления и перспективы 2012. № 10. № 2–3. С. 34–37.
9.Кошелева Н. Г., Аржанова О. Н., Плужникова Т. А. Невынашивание беременности: этиопатогенез, диагностика, клиника и лечение. СПб; 2003. 70 с.
10.Мубаракшина О. А. Особенности применения препаратов магния беременными женщинами // Фарматека. 2013. № 18. С. 2–5
11.Чекман И. С., Горчакова Н. А., Николай С. Л. Магний в медицине. Кишинев. 101 с.
12.Дадак К. Дефицит магния в акушерстве и гинекологии // Акушерство, гинекология и репродукция. 2013; 2: 6–14.
13.Young G. L., Jewell D. Interventions for leg cramps in pregnancy // Cochrane Database Syst. Rev. 2002 (1). CD000121.
14.Применение Магнерота в акушерской практике: инструктивное письмо Российского общества акушеров-гинекологов для врачей общей практики № 97 от 09.06.2006 г
15.Ueshima. K.Magnesium and ischemic heart disease: a review of epidemiological, experimental, and clinical evidences // Magnes. Res. 2005. № 18 (4):Р. 275–84.
16.King D. E. Inflammation and elevation of C-reactive protein: does magnesium play a key role? // Magnes. Res. 2009. № 22 (2). Р. 9–57.
17.Rodriguez-Moran M., Guerrero-Romero F., Serum magnesium and C-reaktive protein levels. Arch. Dis.Child 2008; 93(8): 676-80.
18.Rayssiguier Y., Mazur A. Magnesium and inflammation: lessons from animal models Clin.Calsium.2005; 15(2): 245-8.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı