BLASTOSİSTOZUN MÜASİR PROBLEMLƏRİ
21-10-2018
İnsanın bağırsağı insan orqanizmi ilə qarşılıqlı təsirdə olan mürəkkəb ekoloji sistemdir. İnsan bağırsağının özünün nadir, bütün həyat boyu dəyişən bakteriyaların növ kolleksiyası, həmçinin ibtidailərin geniş spektri vardır ki, onların da fiziologiya və biokimyası xeyli dərəcədə parazitizmə əsaslanır.
Hazırki dövrdə dünyanın bir çox ölkələrində bağırsaq infeksiyası və invaziyalarına görə gərgin vəziyyət qalmaqdadır ki, onların da arasında yeni, etiologiyası müəyyən edilməmiş və az öyrənilmiş xəstəliklərin faizi xeyli çoxdur (1,2)
Az öyrənilmiş patogenlərdən biri də Blastocystis spp.- blastosistozun törədicisidir. Bu törədici uzun illər ərzində tibbi əhəmiyyəti olmayan kommensal kimi nəzərdən keçirilmiş, çox vaxt o göbələklərə, hətta Trichomonas spp.- sistalarına, həmçinin ibtidailərin müxtəlif siniflərinə aid edilmişdir.
Bu mikroorqanizm XX əsrin əvvəllərindən, ilk dəfə 1911-ci ildə Alexilf tərəfindən təsvir edilən vaxtdan məlumdur. 1912-ci ildə Brumpt (3) insandan götürülmüş materialda blastosistaları ayırmış və identifikasiya etmişdir. Sonradan 1967-ci ildə Zierd C.H. elektron mikroskopiya əsasında törədicini Protozoa tipinə aid etmiş və bu ibtidailərin immun çatışmazlığı olan şəxslərdə bağırsaq patologiyasının yaranmasında mühüm etioloji rol oynadığını müəyyənləşdirmişdir (4).
Blastosistalar hər yerdə yayılmışdır və parazitoloji müayinələr zamanı ən çox rast gələn orqanizmlərdən biridir (5). Blastosistozun törədicisi təkhüceyrəlilər cinsinə, insanın və heyvanların yoğun bağırsağında parazitlik edən eukariotik mikroorqanizmlərə aiddir (1). Blastocystis spp. cinsinə antroponoz blastosistozun törədiciləri – insandan alınan Blastocystis hominis, həmçinin zoonoz blastosistozun törədiciləri-donuzlardan alınan Bl.suis, ördəklərdən alınan Bl.anatis, toyuqlardan alınan Bl.galli aiddir. Törədicilərin bu növlərinin mühüm morfoloji fərqləri yoxdur (6). Blastocystis spp.-nin 4 morfoloji forması mövcuddur: vakuolyar, qranulyar, sista və amöbvari. İnsanın yolxması sistalarla baş verir ki, onlar da yoğun bağırsaqda vakuolyar formaya çevrilir, onlardan isə amöbvari, ya da qranulyar formalar inkişaf edir. Vakuolyar formadan sistalar da formalaşır ki, onlar da ətraf mühitə düşərək yeni sahibi infeksiyalaşdırır (1,4).
Molekulyar-bioloji tədqiqatlar Blastocystis spp. nümayəndələrinin olduqca geniş genetik müxtəlifliyi olduğunu göstərmişdir. Bugünki günə blastosistaların 17 genetik yarımtipi məlumdur (7,8). İnsan orqanizmində 1-dən 9-a qədər yarımtiplər rast gəlir, bu zaman yarımtip-3 daha çox antroponoz, qalanları isə zoonoz hesab olunur. Banqladeş, Almaniya, Yaponiya və Pakistanda ştammların genetik tipləşdirilməsi yarımtip 3-ün üstünlük təşkil etdiyini göstərmişdir (92,3%), onun ardınca yarımtip-1 (7.7%-dən 25%-ə qədər) və yarımtip-6 (10%-dən 22,9%-ə qədər) gəlir (7,9). Blastosistozun növdaxili strukturunun öyrənilməsi zamanı Çində yarımtip-3 60.4%, yarımtip-1 24.5% hallarda, Almaniyada yarımtip-3 54%, yarımtip-1 21%, Türkiyədə yarımtip-3 75,9% hallarda aşkar edilmişdir (7).
Beləliklə, Blastocystis spp. üstünlük edən yarımtipi törədicinin qlobal strukturunda 1 və 3 yarımtipləridir.
1996-cı ildə törədicinin geninin analizi əsasında onun Blastocystis spp. cinsinə mənsub olması təsdiq olundu. Parazitin biologiyasının, həmçinin xəstəliyin epidemiologiyasının, klinikasının, laborator diaqnostikasının öyrənilməsi blastosista-ların makroorqanizmin rezistentliyinin azalması fonunda inkişaf edən insan patologiyasında potensial, həmçinin real rolu olduğunu təsdiq etdi (4,10).
Hazırki dövrdə blastosista invaziyasının kəskin və xronik bağırsaq pozğunluqlarının, qıcıqlanmış bağırsaq sindromunun, həmçinin bağırsaqdankənar xəstəliklərin (ekzema, psoriaz, atopik dermatit) inkişafında etioloji rolu müəyyən edilmişdir (11,3).Blastosistalar tərəfindən törədilən xəstəliyə ekzotik, tranzitor və protozoy xəstəlik kimi baxılır, belə ki, blastosistoz diaqnozu çox vaxt tropik ölkələrdə olmuş turistlərdə, həmçinin isti iqlimə malik ölkələrdən gəlmiş şəxslərdə müəyyən edilir (8).Dünyada təqribən bir milyarda yaxın insan blastosistalarla invaziyalaş-mışdır. Blastosistozla xəstələnmə ubikvitar xarakter daşıyır, lakin o müxtəlif ölkələrdə və populyasiyalarda dəyişir (12,5). İnkişaf etməkdə olan ölkələrdə prevalentlik inkişaf etmiş ölkələrdən yüksəkdir ki, bunuda daha aşağı sanitar-gigiyenik səviyyə, yoluxmuş heyvanlarla təmas, yoluxmuş su və qidadan istifadə etməklə əlaqələndirirlər (13).
Yaponiya (0,5-1,0% ), Sinqapur (3,3%) kimi ölkələrdə blastosistozla xəstələnmənin aşağı səviyyəsi müəyyən edilmişdir. Bununla yanaşı Yaponiyada bir qədər əvvəl Hindistana, Afrikaya, həmçinin Cənub-Şərqi Asiya ölkələrinə getmiş turistlərin 77%-də blastosistalar aşkar edilmişdir. Əhalinin blastosistozla yoluxması İndoneziyada (60%), Braziliyada (40,9%), Kubada (39,5%), Misirdə (33,3%) yüksəkdir (13). Blastosistaların müvəqqəti olaraq Asiya və Afrika ölkələrində olmuş avropalılarda və ya amerikalılarda aşkar olunma tezliyi qeyri-qənaətbəxş sanitar-gigyenik şəraitdə olmanın müddətindən asılıdır (5). Kanadada mədə-bağırsaq xəstəlikləri olan 130 xəstənin 52%-də blastosistalar aşkar edilmişdir ki, onlar da isti ölkələrə getmiş şəxslər olmuşdur (8). Mülayim iqlimə malik ölkələrdə Blastocystis spp. tərəfindən törədilən bağırsaq zədələnmələri o qədər də nadir hadisə deyil. Blastosistalar Avropa, Şimali və Cənubi Amerika, Avstraliya ölkələrində də aşkar edilir (6,14,15).
Yuqoslaviyada aparılmış məqsədyönlü parazitoloji müayinə diareya sindromlu xronik xəstəliklər zamanı blastosistaların yüksək tezliklə aşkar olunduğunu göstərmişdir. İnsanda blastosistalar Fransa, Rusiya (1,16), ABŞ, Yaponiya, İtaliya, Tailand , Türkiyə (1,17) kimi ölkələrdə aşkar edilmişdir.
Rusiyada Коза Н.М. və başqaları (2002) tədqiqatları ilə Permdə blastosista invaziyası 13,3%, Omskda sağlam şəxslərdə blastosistalar 0,9%-dən 2,3%-ə qədər hallarda aşkar edilmişdir (12). Peterburqda xronik viruslu hepatiti və mədə-bağırsaq xəstəlikləri olan şəxslərin müayinəsi zamanı 5,5% hallarda blastosistalar aşkar edilmişdir (19). Blastosistoza görə tədqiqatlar Tula vilayətində də aparılmışdır.
Blastosistozun epidemik prosesinin təzahürləri barədə az miqdarda tədqiqatlara istinad edərək fikir yürütmək olar. Blastosistoz çox vaxt sporadik hallar şəklində qeydə alınır (12). Bu xəstəliyin alovlanmaları, həmçinin ABŞ-da, İtaliyada, Böyük Britaniyada, Zairdə homoseksualistlərin blastosistalarla infeksiyalaşması barədə məlumatlar vardır. Blastosistalarla infeksiyalaşmanın “ekzotik” yoluxma yolu da təsvir edilmişdir (20,21).
İngilis tədqiqatçılarının məlumatına görə, seksual meyllə blastosistaların aşkar olunma tezliyi arasında asılılıq mövcuddur. İnsan nəcisində blastosistaların aşkar edilməsinin illik dinamikasında zirvəsi iyul və avqusta düşməklə yay dövründə yüksəliş müşahidə olunur ki, bu da məzuniyyət dövrü, miqrasiya proseslərinin güclənməsi, meyvə və tərəvəzdən istifadənin artması, həmçinin bağ sahələrində iş zamanı torpaqla təmasda olmaqla əlaqədardır (5,22). Blastosistalar ən çox 30-45 yaşlı, 97,5% hallarda xronik mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə aşkar edilir (4,15,2). Kubada blastosista invaziyası uşaqlarda 5% hallarda aşkar edilmişdir. İtaliyada çox vaxt kişilər xəstələnir, Suriya və Tailandda isə cinsə görə mühüm fərqlər aşkar edilməmişdir. Blastosistaların təbii rezervuarı məməli heyvanlar və quşlar, insanabənzər meymunlardır. Ədəbiyyat məlumatlarının təhlili göstərir ki, blastosistalar bir çox sahiblərdə -buğumayaqlılarda (Arthropoda), həlqəvi qurdlar (Annelida), xordalılarda (Chordeta), həmçinin amfibiyalarda, sürünənlərdə, həşəratlarda və zəlilərdə məskunlaşırlar (19,2). Heyvanlarla təmas insanlarda blastosistoz törədir ki, bu da xəstəliyin zoonoz təbiətini sübut edir. Blastosistozla yüksək xəstələnmə dərəcəsi zooparklarda heyvanlara qulluq edən işçilərdə və sallaqxana işçilərində müəyyən edilmişdir. İçtimai iaşə işçiləri də risk qrupları ola bilər.Blastosistoz zamanı aşağıdakılar potensial risk amilinin səbəbləri ola bilər: sosial-iqtisadi vəziyyətin qeyri-qənaətbəxş olması, heyvanlarla təmas, infeksialaşmış sudan və qidadan istifadə edilməsi, tropik ölkələrə immiqrasiya və səyahət. Blastosistoz zamanı yoluxma yolları su, alimentar və təmasdır (20,12). Qaynadılmamış, filtrdən keçirilməmiş sudan istifadə edilməsi Tay ordusunun əsgərləri arasında blastosistoz alovlanmasına gətirib çıxarmışdır. Çində qaynadılmamış bulaq suyundan istifadə edilməsi də 32,6% insanın infeksiyalaşmasına gətirib çıxarmışdır (23). Törədicinin su ilə yayılma ehtimalı sistaların xarici mühitin əlverişsiz amillərinə qarşı davamlılığı ilə əlaqədardır. Blastosistalar suda 19günə qədər sağ qalır, onlar donmaya, qızmaya və dezinfektantlara qarşı həssasdır (1,2,23). Sistalar suda bəzən25 dərəcə temperaturda 1 aya qədər 4 dərəcə temperaturda 2 aya qədər sağ qala bilir (1,2).
Blastosistoz klinik cəhətdən 3 formaya bölünür: bağırsaq, dəri və qarışıq (2,3). Xəstəliyin gedişi simptomsuz törədicigəzdirənlikdən kəkin profuz diareyaya qədər hüdudlarda dəyişə bilər. Blastosistozun əlamətləri ürəkbulanma, qusma, qarında ağrı, iştahanın kəsilməsi, köpmə, meteorizmdir. Xəstəlik həm kəskin, həm də diareyalı xronik keçə bilər. Qaşınma, qanaxma, eozinofiliya, splenomeqaliya və hepatomeqaliya da müşahidə oluna bilər. Çox vaxt blastosistozlar mədə-bağırsaq yolu tərəfdən heç bir şikayəti olmayan şəxslərdə aşkar olunur. Blastosista invaziyasının kəskin və xronik pozğunluqlarla, qıcıqlanmış bağırsaq sindromu ilə, bağırsaqdankənar xəstəliklərlə, o cümlədən dermatozlar və allergik xəstəliklərlə əlaqəsi müəyyən edilmişdir (4,24,13). Çoxsaylı tədqiqatlar blastosistaların dəri xəstəlikləri, kəskin və xronik örə (10), Kvinke ödemi olan şəxslərdə aşkar edildiyini göstərir. Xəstəlikdən sonra ağırlaşmalar qeyd olunmur. Xəstəliyin müalicəsi antiparazitar və immunstimulyasiyaedici preparatlar, həmçinin enterosorbentlərdən ibarət dərmanlarla aparılır ki, onlar da invaziyanın yox olmasına, dəri zədələnmələri olduqda isə onların da yox olmasına gətirib çıxarır.
Xronik dermatozları olan xəstələrdə parazitlərin, o cümlədən də, Blastocystis spp. yüksək rast gəlmə tezliyi aşkar edilmişdir. Atopik dermatitli pasientlərin blastosistalarla invaziyalağmaya görə aparılmış müayinələri zamanı müsbət nəticə-89,5%, psoriazlı xəstələrdə-81,5%, ekzemalı-71,7%, dəmrovlu-67,7% və xronik ekzemalı pasientlərdə-62,3% təşkil etmişdir (11,24). Bu xəstələrin invaziyalaşma dərəcəsi xəstələrin yaşı və xəstəliyin müddəti artdıqca çoxalmışdır.
Blastosistozun laborator diaqnostika metodları diaqnozun qoyulmasında olduqca mühüm əhəmiyyət kəsb edir. O, nativ yaxmanın mikroskopiyası ilə aparılan parazitoloji müayinənin müsbət nəticələrinə əsaslanır. Etibarlı nəticələr almaq üçün müayinələr materialın parazitoloji və bakterioloji üsullarla öyrənilməsi ilə ən azı 3 dəfə aparılmalıdır (19,21,7). Çöküntüdə blastosistaların toplanmasına yönəldilmiş zənginləşdirmə metodu təsvir edilmişdir. Molekulyar-genetik diaqnostika metodundan da istifadə edilir. Bu infeksiyanın diaqnostikası üçün seroloji müayinələrdən istifadə edilmir. Kifayət qədər tədqiqatların olmaması blastosistoza görə epidemioloji şəraiti qiymətləndirməyə, risk qruplarını və yoluxma yollarını, həmçinin xəstəliyin profilaktikasına dair tədbirləri öyrənməyə mane olur (7).
Əhəmiyyətli dərəcədə iqlim, sosial-iqtisadi və sanitar-gigiyenik xüsusiyyətləri olan ərazilərdə yaşayan müxtəlif populyasiyaların tədqiqi xəstəliyin epidemiologiyasında bəzi qanunauyğunluqları aşkara çıxarmağa kömək edəcəkdir. Parazitin klinik əhəmiyyəti, onun epidemiologiyası, dəri xəstəlikləri (atopik dermatit, örə), mədə yarası, xronik bağırsaq xəstəlikləri ilə əlaqəsi kifayət qədər nəzərdən keçirilməmişdir (11,24,25). Bir sıra alimlər blastosistaların iltihabi xəstəliklərə (Kron xəstəliyi, qeyri-spesifik yaralı kolit) münasibətdə profilaktik rolunu qiymətləndirir, həmçinin Blastocystis spp. kulturasından probiotik preparat kimi istifadə barədə məsələni nəzərdən keçirirlər.
Alınmış məlumatlar blastosistozun dünyanın bir çox ölkələrində geniş yayıldığını göstərir, lakin indiyə qədər əhalinin bu parazitin olmasına görə sistematik müayinəsi aparılmır. Bununla əlaqədar olaraq blastosistoz problemi daha böyük aktuallıq kəsb edir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Бронштейн А. М., Токмалев А. К. Паразитарные болезни человека: протозоозы и гельминтозы // Москва, 2002.
2.Ивелин А. А. Бластоцистоз – нераспознанный паразитоз // Монография.- 2010.
3.Brumpt E. Colite a Tetramitus Mesnili (Wenyon 1910) et colite a Trichomonas intestinalis Zeuckart 1879 - Blastocystis hominis n. sp. et formes voisines // Bull. Soc. Pathol. Exot.- 1912.- Vol.5.- № 9.- p.725- 730.
4.Крылов А. А. Определитель паразитических простейших // Москва, 2004.- с.150.
5.Козлов С. С., Жоголев Д. Т. Актуальные вопросы медицинской паразитологии // Вестник Росс. Воен. Мед. Академии.- 2002 №2.- с. 38-44.
6.Белова Л. М. Мировая фауна и морфофункционная организация бластоцист // Труды ЗИН РАН.- 1992.- с.53.
7.Hameed D. M. Assaciation of Blastocystis hominis genetic subtipes with urticaria // Parasitology research .- 2011.- T.108.- №3.- p.553-560.
8.Taamasri P. Transmission of infestinal Blastocystosis related to the quality of drinking water// Southeast Asian Journal of tropical medicine and public health.- 2000.- Vol.31.- № 1.- p. 112 – 117.
9.Katsarou – Katsari A. Acute urticaria associated with amoeboid forms of Blastocystis spp. Subtype 3 // Acta dermato-venerologica .- 2008.- Vol.85.- № 1.- p.80-81.
10.Nourrisson C. Blastocystis is associated with desrease of fekal microbiota protective bacteria: comparative analysis between patients with iirritable bowel syndrome and control subjects // PloS one.- 2014.- T.9.- 11.868
11.Волкова Н. Н. Клинические проявления бластоцистоза //Монография.- Москва, 2012.
12.Коза Н. М. Распространение кишечных протозоозов среди населения крупного города // Материалы VIII Всероссийского съезда Э. М. и П.- Москва, 2002.-Т.1-6.- с. 339-340.
13.Lukes J. Are human infestinal eukaryotes beneficial or commensals // Plos. Pathog.- 2015.- T.11.- № 8.
14.Parkar U. Direct characterization of Blastocystis faeces by PCR and evidence of zoonotic potensial // Parasitology.- 2007.- Vol.134.- № 3.- p. 359 -367.
15.Guighard S. Prevalence of enteroparasites in a residence for children in the Cordoba Province, Argentina // European journal of epidemiology.- 2000.- T.16.- № 3.- p.287- 293.
16.Boorom K. T. Oh my aching gui irritable bowel syndrome. Blastocystis and asymptomatic infection // Parasites Vectors.- 2008.- Vol.1- № 1.- p.1-16.
17.Yoshikawa H. Ultrastuctural and phytogenetic studies on Blastocystis isolates from cockroaches// journal of Eukaryotic Microbiology.- 2007.- T.54.- № 1.- p.33 – 37.
18.Danchaivijjitr S. Prevalence and effectiveness of an education program on intestinal pathogenes in food handlers // Journal Med. Assoc Thai.- 2005.- T.88.- supl.10.- cs.31- s.35
19.Сигадаев А. С. Лабораторная характеристика бластоцистной инвазии у больных с хроническим вирусным гепатитом // Журнал инфектология.- 2011.- Т.3.- № 4.- с.62 -66.
20.Домбровская Д. А. Факторы риска заражения Blactocystis spp.// Автореферат диссертации канд.мед.наук.- Санкт – Петербург, 2016.
21.Тихонова В. Д. Разработка метода верификации диагноза бластоцистоза при диарее неясной этиологии // Автореферат дис.канд.мед.наук.- Москва, 2011.
22.Старостина О. Н. Распространенность паразитарных инвазий у городских жителей // Материалы VIII Всероссийского съезда Э. М. и П.- 2002.- Т.1.- с.403-404.
23.Li L. H. Cross- sectional surveys and subtype classification of human Blastocystis isolates from four epidemiological settings in China // Parasitology research .- 2007.- T.102.- № 1.- p.83-90.
24.Сафронова М. А. Паразитофауна кишечника детей с аллергодерматозом // Автореферат дис. канд. мед. науч.- Москва, 2000.
25.Amin O. M. Seasonal prevalence of intestinal parasites in the United States during // Journal Trop. Med. Hug.- 2002.- Vol. 66.- № 6.- p.799 – 803.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı