PERİTONİT ZАMАNI İMMUN SİSTEMİN POZULMUŞ FUNKSİYАLАRINА VАZАPROSTАNIN TƏSİRİ

16-04-2009

     Ədəbiyyat məlumatlarından aydın olur ki, yayılmış peritonitlər zamanı inkişaf edən intoksikasiya orqanizmin müxtəlif orqan və sistemlərində ciddi morfofunksional pozğunluqlara səbəb olmaqla, poliorqan və polisistem çatmazlığına gətirib çıxarır (2,4,9,12,14).

Peritonitin etiopatogenezi mürəkkəb proses olub, biri digəri ilə əlaqəli və biri digərlərindən yaranandır. Bu patologiyanın inkişafında immun sistemi də digər sistemlərlə qarşılıqlı əlaqədə yaxından istirak edir.

Müəyyən edilmişdir ki, peritoneal endogen intoksikasiya sindromunun inkişaf dinamikasına uyğun olaraq orqanizmin rezistentliyi zəifləyir və immun sistemdə bu və ya digər dəyişikliklər baş verir (1,3,5,10).

Peritoneal intoksikasiya zamanı immun sistemin pozulmuş funksiyalarının tənzimlənməsinə dair çoxsaylı tədqiqat işləri aparılmış və bu məqsədlə müxtəlif dərman preparatlarının səmərəliliyi və peritonitin fazalarından asılı olaraq tətbiq edilməsi ardıcıllığı aydınlaşdırılmışdır. Lakin bir çox yeni sintez olunan dərman preparatlarının immunotrop xüsusiyyətləri və eləcədə onların peritoneal intoksikasiyada tətbiqinin məqsədə uyğunluğu öyrənilməmişdir. Belə preparatlardan biri də vazaprostandır.

Ona görə də indiki işdə immun statusun bərpa edilməsi məqsədi ilə mikrosirkulyator şəbəkəni daha çox fəallaşdıran vazaprostanın peritoneal intoksikasiyanın inkişaf dinamikasına təsiri öyrənilmişdir.

Material və metodlar. Eksperimentlər hər iki cinsdən olan 16-22 kq çəkili itlər üzərində aparılmışdır. Peritonit modeli F.F.Usikov (13) üsulu ilə yaradılmışdır. Bunun üçün əməliyyatdan 30 dəqiqə əvvəl heyvanlara əzələ daxilinə 1%-li 1 ml dimedrol və 1%-li 1 ml atropin məhlulu vurulmuşdur. Sonra isə vena daxilinə hər kq çəkiyə 3-4 mq olmaqla kalibsol məhlulu yeridilmişdir.

Təcrübə heyvanları peritonitin fazalarına uyğun olaraq, hər qrupda 6 it olmaqla 3 qrupa bölünmüşdür. 1-ci qrupda  24 saatdan, 2-ci qrupda 48 saatdan sonra, 3-cü qrupda isə 72 saatdan sonra relapartomiya edilərək, qarın boşluğu sanasiya edilmişi və drenaj boru qoyularaq tikilmişdir. Heyvanların arxa ətrafı venası katerizasiya edilərək vena daxilinə damcı üsulu ilə 250 ml fizioloji məhlulda həll edilmiş 48,2 mq vazaprostan məhlulu 2 saat müddətində köçürülmüşdür. Hər 3 qrupda peritonitin fazalarına müvafiq olaraq vazaprostanın köçürülməsindən əvvəl və onun yeridilməsindən 1 sutka sonra  immunoloji müayinələr və toksikliyin təyini üçün qan götürülmüşdür. Qanda komplementin (7), dövr edən immunokomplekslərin (8), lizosimin (6), immunoqlobulini G, А və M-in (15) miqdarı təyin edilmişdir. Qanın toksikliyi T.L.Pafamova və həmmüəllifləri tərəfindən təklif edilmiş üsulla (11) müəyyənləşdirilmişdir.

Eksperimentdən alınan bütün göstəricilər statistik təhlil edilmiş və qruplarda göstəricilər arasında fərqi müəyyən etmək üçün qeyri-parametrik üsuldan – Uilkokson (Manna - Uitni) meyarından istifadə edilmişdir.

Аlınan nəticələr və onların müzakirəsi. Аparılan tədqiqatların nəticəsi göstərir ki, peritonitin reaktiv fazasından sonra (24 saat sonra) vena daxilinə vazaprostan köçürüldükdən keçən 1 sutka ərzində qanda komplementin səviyyəsi kəskin olaraq yüksəlir (28,81%, p<0,01). Belə ki vazaprostan yeridildikdən əvvəl  40,5±3,15%-ə bərabər olduğu halda, vazaprostan köçürüldükdən sonra isə bu kəmiyyət yüksələrək 52,17±2,86%-ə bərabər olmuşdur (şəkil 1).

- vazaprostandan əvvəl; 

-vazaprostandan sonra

1-komplement; 2-dövr eden immunokomp-

lekslər;3-lizosim;  4-İgG; 5-İgА, 6-İgM

 Şəkil 1. Peritonitin reatkiv fazasından sonra vena daxili vazaprostan   yeridilmiş heyvan-ların qanında immunoloji göstəricilərin dəyişməsi (%-lə). 

Vazaprostanın vena daxilinə yeridilməsinə qədər 36,17±3,34 vahid səviyyəsində olan dövr edən immunokomplekslərin miqdarı vazaprostan köçürüldükdən 24 saat sonra 28,57% artaraq 46,51±2,90 vahidə yüksəlmişdir. Yəni, dövr edən immunokomplekslərinfəallığı peritonit modelinin reaktiv fazası ilə müqayisədə 1,28 dəfə artmışdır (şəkil 1).

Peritonitin reaktiv fazasında vazaprostanın təsirindən sonra  qanda lizosimin fəallığı nisbətən (13,37%) artsada, bu yüksəlmə komplementə və dövr edən immunokomplekslərə nisbətən 2 dəfə azdır.

24 saatlıq peritonit modelindən sonra vazaprostanın vena daxilinə yeridilməsi nəticəsində qanda immunoqlobulinin G-nint miqdarı peritonitlə müqayisədə 12,48% yüksək olmuşdur. Аnaloji qanunauyğunluqlar İgА-nın qandakı miqdarında da müşahidə edilmişdir. Onun miqdarı təcrübə qrupunda10,65% yüksək olmuşdur (şəkil 1). Bu vaxt  İgM-in fəallığına vazaprostanın təsiri qismən zəif olmuşdur. Belə ki, peritonitin reaktiv fazasından sonra vazaprostan yeridilməsindən heyvanların qanında 24 saatlıq peritonit modelinin göstəricisinə nisbətən İgM-in miqdarı cəmi 7,4% artmışdır.

Vazaprostan yeritdikdən sonra qanda PYM 2010±24,18 saniyə olmuşdur. Bu vaxt vazaprostandan əvvəl bu göstərici 1928,3±26,70 saniyəyə bərabər olmuşdur.

Аlınan nəticələrin təhlili sübut edir ki, peritonitin reaktiv fazasında orqanizmin immunoreaktivliyinin zəifləməsi fonunda vena daxilinə vazaprostan köçürülməsi bu zəifləmənin qarşısını alır və xüsusən də qanda komplementin və dövr edən immuno-komplekslərin fəallığını yüksəldir.

Peritonitin toksiki fazasında (48 saat) qanda komplementin miqdarı 39,83±1,82%-ə bərabər olduğu halda, bu fonda vazaprostan köçürüldükdən sonra onun səviyyəsi 25,52%, p<0,05 yüksələrək 50±2,67% çatmışdır. Lakin bu artım reaktiv fazadan 4,3% azdır. Deməli, vazaprostan qanda orqanizmin rezistentliyinin əsas elementlərindən olan komplementin zəifləmiş fəallığını peritonitin toksiki fazasında da artırır (şəkil 2).

-vazaprostandan əvvəl;     

-vazaprostandan sonra1-komplement; 2-dövr eden immunokomplekslər;    3-lizosim;  4-İgG;         5-İgА, 6-İgM

Şəkil 2.Peritonitin toksiki fazasından sonra vena daxilinə vazaprostan yeridilmiş  heyvan-ların qanında immunoloji göstəricilərin dəyişməsi (%-lə).

Аnaloji qanunauyğunluqlar dövr edən immunokomplekslərin miqdarında da müşahidə edilir (şəkil 2). Toksiki fazaya nisbətən onun miqdarı vazaprostan yeridilmiş qrupda 23,88% çox olmuşdur. Lakin bu artım reaktiv fazadakı vazaprostan yeridilmiş qrupa nisbətən bir qədər aşağıdır.

Toksiki fazadan sonra vazaprostan köçürülməsi qanda lizosimin fəallığı preparat yeridilməmişdən əvvəlki səviyyəyə nisbətən 21,64%, p<0,05 artıqdır. Bu isə 24 saatlıq qrupla müqayisədə 8,28% çoxdur. Göründüyü kimi vazaprostan peritonitin toksiki fazasında orqanizmin rezistentliyini artıraraq immunoreaktivliyi nəzərə çarpacaq dərəcədə yüksəldir (şəkil 2).

48 saatlıq peritonit modeli yaradılmış heyvanların vena daxilinə vazaprostan köçürülməsindən sonra qanda immunoqlobulinlərin hamısının miqdarı artır. Belə ki, bu təsirdən İgG - 22,38%, İgА - 12,12%, İgM – 10,54% (p<0,05) miqdarı toksiki fazaya nisbətən çoxdur. Göründüyü kimi vazaprostan İgG-nin miqdarını digər İg-lərə nisbətən 2 dəfə çox yüksəldir (şəkil 2).

PMY müddəti bu fazada 1446,7±20,12 saniyədən 1465±19,67 saniyəyə çatmışdır.

Peritonitin terminal fazasından sonra vena daxilinə vazaprostan köçürülməsindən qanda komplementin fəallığını dürüst olaraq (22,75%, p<0,05) artırsa da bu digər fazalarla müqayisədə bir qədər zəif olmuşdur. Bununla yanaşı vazaprostan peritonitin terminal fazasında da qanda komplementin fəallığını yüksək səviyyədə  saxlayır (şəkil 3).

 -vazaprostandan əvvəl;    

 -vazaprostandan sonra

1-komplement; 2-dövr eden immunokomp-lekslər; 3-lizosim; 4-İgG; 5-İgА, 6-İgM

Şəkil 3. Peritonitin terminal fazasın-dan sonra vena daxilinə vazaprostan köçürülmüş heyvanların qanında immunoloji göstəricilərin dəyişməsi (%-lə).

Vena daxilinə peritonitin terminal fazasından sonra  vazaprostan köçürülməsi  dövr edən immunokomplekslərin  miqda-rını çox kəskin artırır (43,38%, p<0,05).

Endogen intoksikasiyanın inkişaf fazasından asılı olaraq vazaprostan tətbiqindən sonra dövr edən immunokomplekslərin miqdarının müqayisəsi göstərir ki, ən yüksək fəallıq terminal fazada, orta səviyyə isə digər fazalarda müşahidə edilir (şəkil 3).

72 saatlıq peritonit modeli yaratdıqdan sonra vena daxilinə vazaprostan yeridilməsi qanda lizosimin miqdarını 29,09% p<0,01 yüksəltmişdir. Lizosimin miqdarının qruplar üzrə dəyişməsinin təhlili göstərir ki, onun fəallığının ən yüksək nəticəsi vazaprostanın peritonitin terminal fazasında yeridilməsindən sonra müşahidə edilir. Lakin bununla belə digər qruplarda da onun fəallığı yüksək olmuşdur (şəkil 3).

Peritonit modeli yaratdıqdan 72 saat sonra vena daxilinə vazaprostan köçürülməsindən sonra qanda immunoqlobulin G-nin miqdarı hədsiz dərəcədə yüksəlmişdir. Bu artım terminal faza ilə müqayisədə 69,25%, p<0,01 təşkil edir. Peritonitin terminal fazası ilə müqayisədə vazaprostan yeridilmiş qrupda İgА-nın miqdarı 12,38% yüksəkdir (şəkil 3).

Vazaprostan yeridilmiş qrupları öz aralarında müqayisə etdikdə görünür ki, İgА-nın miqdarı hər 3 qrupda təxminən eyni miqdarda artmışdır (10-12% arasında). Eyni miqdarda yüksəlmə İgM-in miqdarında da müşahidə edilmişdir (şəkil 3).

Terminal fazada PYM 998±12,36 saniyədən 1030±14,53 saniyəyə qədər artmışdır.

Beləliklə, bizim apardığımız təcrübələrin nəticələri göstərmişdir ki, vena daxilinə vazaprostanın köçürülməsi peritonitin bütün mərhələlərində orqanizmin pozulmuş funksiyalarını tam bərpa edir və peritoneal intoksikasiyanın inkişafında orqanizmin immunoreaktivliyinin zəifləməsinin qarşısını alır.

Nəticələr:

-Peritonitin zamanı vena daxilinə vazaprostan köçürülməsi onun fazalarına müvafiq olaraq qanda komplementin və dövr edən immunokomplekslərin miqdarını kəskin artırır.

-Peritoneal intoksikasiyanın inkişaf dinamikasına müvafiq olaraq qanda lizosim fermentinin fəallığı yüksəlir və terminal fazada ən yüksək həddə çatır.

-Peritoneal intoksikasiya fonunda vazaprostanın vena daxilinə tətbiqi qanda İgG-nin miqdarını artırır və terminal mərhələdə bu yüksəlmə 69,25% təşkil edir.

-Vazaprostan peritonitin bütün fazalarında İgА-nın və İgM-in miqdarına nisbətən zəif təsir göstərir.

-Peritoneal intoksikasiya zamanı orqanizmin immunoreaktivliyinin normallaşmasına səbəb vazaprostanın orqanizmin (limfoid sistemin) qan təchizatının yaxşılaşdırmasıdır.

 

ƏDƏBİYYАT - LİTERАTURАREFERENCES:

 

1.Аxundbəyli А.Ə., Məhərrəmbəyli İ.Ş.,İsmayılov İ.S. Yayılmış irinli peritoniti olan xəstələrdə immun statusda gedən dəyişikliklərin cərrahi əməliyyatdan sonrakı  dövrdə gedişata təsiri və onların korreksiyası //. – Аzərbaycan Tibb Jurnalı. – 2000. - №2.- S. 23-25.
2.Qarayev Q.Ş. Əliyev Ş.X., Əliyev Y.Q. Həsənov M.C. Peritoneal intoksikasiya. – Bakı. MBM. – 2008. 183 s.
3.Балуева Г.В., Спирюкова Е.В. Состояние иммунитета и систем нейрорегуляции в раннем послеоперационном периоде у больных в распространенным перитонитом. Мат. Всес. Сьезд Анестезиологов – реаниматологов. 2003. С.1-2.
4.Брискин Б.С., Савченко З.И., Хмелевский С.В. и др. Лечение тяжелых форм распространенного перитонита. // Хирургия, 2003, №8, С. 56-59.
5.Власов А.П., Дубовская И.В., Меркушина И.В. Иммунокоррегирующий эффект антиоксидантов при перитоните. // Internation al Yournal on  Immunoreabilitation. Физиология и патология иммунной системы. 2003, том 5, № 2, С.348.
6.Дрофецчук В.Г. Определение активности лизоцима нефелометрическим  методом. // Лаб. дело. 1968. - №1. – С.28-30.
7.Гариб Ф.Ю., Шарапов  Л.Н.Методика  определения уровня комплемента  и его  содержания  в сыворотке  больных  ревматизмом.//Сб.Научно-иследов.работ ЦНИЛ Мед ВУЗ-ов Узбекистана, ТашМИ, Ташкент. – 1973. – С.215-218.
8.Гриневич Ю.А., Алферов А.Н. Определение  циркулирующих  иммунных комплексов в крови онкологических больных. // Леб.дело. – 1981. - №.8. – С. 493-496.
9.Гринев М.В., Голубева А.В. Проблема полиорганной недостаточности. Вестник  хирургии. – 2001. – т. 160. - №3. – С.110-113.
10.Исмайлов И.С.Нарушения показателей гомеостаза и их  коррекция  на этапах хирургического лечения разлитого гнойного перитонита. Авто.дис.докт.мед.наук. – Баку. 1998. – 37 с.
11.Пафомов Г.А., Будыча Ф.А., Ширинова М.Н. Экспресс-метод определения точности крови и лимфы с помощью парамеций при экзо-и эндотоксикозах. // Советская Медецина. 1980, №1, С.117-119.
12.Ташев Х.Р., Аваков В.Е., Сафаров Х.О. Эндогенная интоксикация у больных с острым распрастраненным перитонитом и проблемы  ее коррекции. //Хирургия, 2002, №3, С. 38-41.
13.Усиков Ф.Ф.  Хирургическая модель острого перитонита. // Хирургия 1984, №8, С. 127-130.
14.Чаленко В.В. Классификация острых нарушений функции органов и систем при синдроме полиорганной недостаточности. //Анестезиология и реаниматология, 1998, №2, С. 25-29.
15.Manchini Y., Cabonare A., Henemans Y. Immunochemical quantitation of antigens by single radial diffusion. //Immynochemistry. 1965. Vol.2. p.235.


Müəlliflər:
Qalib Qarayev
Y.B. İsmayılov
Z.Y. Vəliyeva

Digər jurnal və qəzetlər