CANDİDA VƏ BAKTERİAL PATOLOGİYALI KƏSKİN B VİRUS HEPATİTLİ XƏSTƏLƏRİN QAN ZƏRDABINDA SİTOKİNLƏRİN KONSENTRASİYASININ TƏYİNİ

10-01-2019

Məlum olduğu kimi, hepatit B virusu ən çox yayılan virus infeksiyalarına aiddir. Azərbaycan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə Azərbaycanda bu infeksiyalarla bağlı vəziyyət dünyada mövcud vəziyyətdən o qədər də fərqlənmir [1].

Yoluxmuşların 39,9 -50 %-də xroniki B virus hepatiti inkişaf edir. BVH xronikləşməyə meyilli xəstəlikdir [2]. Xroniki B virus hepatiti ilə sirroz və qaraciyər xərçənginin (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm əlaqə vardır. [3,4,5 ].

Kəskin B virus hepatitli xəstələrin qaraciyər bioptatından alınmış materialın morfoloji müayinəsində nekrotik ocaqların ətrafındakı infiltratda prosesdə əsas rol oynadığı düşünülən limfomakrofaqal elementlər aşkarlanmışdır. Onların zədələnməsində əsas rol immun sisteminin spesifik sitotoksik T limfosit hüceyrə-lərinə məxsusdur. T limfositlər bu funksiyanı sitokin ifraz etməklə həyata keçirir. Th1 limfositlər İL-2, İFN-γ sitokinləri ifraz edərək əsas etibarı ilə hüceyrəvi immun cavabda, Th2 limfositləri isə  İL-4, İL-5, və İL-13 sitokinlər ifraz edərək humoral cavabda iştirak edir. Th1 və Th2 sitokinləri arasındakı balans fərqi immun cavabın nəticəsində yüksək əhəmiyyət kəsb edir [6,7,8].

Zülal təbiətli kiçikmolekullu immunomediatorlar olan sitokinlər əsasən immun sistemi hüceyrələri tərəfindən sintez edilərək hüceyrəarası qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir. Bioloji təsir və struktur xüsusiyyətlərinə görə interleykinlər (İL), interferonlar (İFN), şiş nekroz amilləri (ŞNA) və.s. sitokinlər fərqləndirilir. İmmun iltihab prosesində aparıcı rol aşağıdakı sitokinlərə məxsusdur: İFN-γ, TNF- α, İL-1β, İL-6. İnterferon (İFN)- virus əleyhinə və immunomodulyator aktivlivliyə malikdir, orqanizmdə viral replikasiyonu inhibə edərək immun cavaba yardım edir. İFN- γ əsasən aktivləşmiş Th1 tərəfindən sintez olunur [9].

Kəskin B virus hepatitli xəstələrin müayinəsi zamanı onların 43%-inin yanaşı infeksion patologiyalar fonunda inkşaf etdiyi müşahidə olunmuşdur. Müxtəlif xroniki patologiyaları olan şəxslərdə, yanaşı xəstəlikləri olmayanlarla müqayisədə orqanizmin rezistentliyinin azalması ilə əlaqədar olaraq xroniki B virus hepatiti infeksiyası 2,5-25 dəfə çox rast gəlinir. Ədəbiyyatlarda xroniki infeksion patologiyaların xəstələrin immun statusuna və kəskin HBV-nin gedişinə təsiri haqqında məlumatlar var, lakin bu tədqiqatların nəticələri birmənalı deyildir [2].

Məlumdur ki, müxtəlif  ağırlaşdırıcı amillərin olması kəskin B virus hepatiti xəstəliyinin gedişinə və nəticəsinə təsir edir. Biz infeksion patologiyaların yüngül və orta ağır gedişli kəskin B virus hepatitli xəstələrdə immunoloji göstəricilərə (sitokinlərə) təsirini araşdırdıq. Bu məqsədlə hər bir qrupda pasiyentlərin qan zərdabında sitokinlərin konsentrasiyasını təyin etdik.

İşin məqsədi Candida və bakterial etiologiyalı infeksion patologiyalı kəskin B virus hepatitli xəstələrin qan zərdabında sitokinlərin konsentrasiyasının təyini olmuşdur.

Material və metodlar. Tədqiqatda 20-55 yaş arasında 162 pasiyentin müayinə materialından istifadə edilmişdir. Onların 30 nəfəri praktiki sağlam şəxslər, 132 nəfəri kəskin B virus hepatiti diaqnozu qoyulmuş xəstələr olmuşdur. Bu xəstələrdən 59 nəfəri yüngül gedişli kəskin B virus hepatiti, 73 nəfəri orta ağır gedişli kəskin B virus hepatitli xəstələr təşkil etmişdir. B virus hepatiti aşkar olunmuş xəstələrin 79-da yanaşı olaraq müxtəlif orqan və sistemlərin xroniki infeksion patologiyalarına rastlanmışdır. 

Müayinə materialı olaraq dirsək venasından venoz qan və patoloji proses nahiyəsindən (mikoloji və bakterioloji müayinələr üçün) götürülmüş müxtəlif materiallardan istifadə edilmişdir.

Kəskin B virus hepatitinin diaqnozu: klinik-anamnestik, biokimyəvi analizlər (transaminazalar və bilirubin fraksiyalarının təyini), qan zərdabında BHV antigenlərinin və onlara qarşı əmələ gəlmiş anticisimlərin İFA vasitəsilə - HBsAg, anti-HBcİgM, HBeAg, Anti-HBe, virus DNT-si ZPR üsulu ilə müəyyən edilmişdir.

Bakterioloji və mikoloji analizlərlə - patoloji ocaq nahiyyəsindən uyğun patoloji materialın -bəlğəm, agız suyu, sidik, nəcis, əsnək, uretra və servikal kanaldan materiallar steril şəkildə götürülərək mikroskopik və bakterioloji  müayinələrlə yanaşı infeksion xəstəliklərinin etioloji amili təyin edilmişdir.

Qan zərdabında sitokinlərin (γ- İFN, İL-1β, İL-6, α-ŞNA, İL-4, İL-10) konsentrasiyası ProCon (protein konturu) test sistemindən istifadə etməklə bərk fazalı İmmunoferment analiz (İFA) metodundan istifadə etməklə təyin edilmişdir. Bərkfazalı İFA metodu ilə sitokinlərin konsentrasiyasını ölçmək üçün  planşetin çuxurcuğuna xəstənin qan zərdabı və sitokinin parçalayacağı substrat və indiqator funksiyası daşıyan xromogen tökülür və inkubasiya edilir.

İnfeksion patologiyaların yüngül və orta ağır gedişli kəskin B virus hepatitli xəstələrin qan zərdabında sitokinlərin konsentrasiyasına  təsirini qiymətləndirmək üçün tədqiqata daxil edilmiş pasiyentlər 5 qrupa bölünmüşdür. Pasiyent qruplarının xarakteristikası cədvəl 1- də göstərilmişdir.

I kontrol qrup-30 pasiyent daxil edilmişdir; onlar praktik olaraq saglam şəxslərdən ibarətdir.

II qrupda-21 nəfər digər orqan və sistemlərin xroniki infeksion patologiyaları olmayan yüngül gedişli kəskin B virus hepatitli xəstələr olmuşlar.

III qrupda- 38 nəfər yüngül gedişli kəskin B virus hepatiti xəstəliyi ilə yanaşı digər orqan və sistemlərin xroniki infeksion patologiyaları olan xəstələr olmuşdur.

IV qrup- 32 nəfər digər orqan və sitemlərin xroniki infeksion patologiyaları olmayan orta ağır gedişli kəskin B virus hepatitli xəstələrdən ibarət olmuşdur.

V qrupa- 41 nəfər orta ağır gedişli kəskin B virus hepatiti xəstəliyi ilə yanaşı digər orqan və sistemlərin xroniki infeksion patologiyaları olan xəstələr daxil edilmişdir. III və V qrup xəstələrdə HBV infeksiyası ilə yanaşı LOR orqanlarının (xroniki tonzillit, xroniki sinusit), tənəffüs sistemi orqanlarının (xroniki obstruktiv bronxit, xroniki pnevmoniya), həzm traktının (parodontit, oral kandidoz, xroniki faringit, xroniki anasid/hipoasid qastrit və qastroduodenit, xroniki xolesistit), sidik-cinsiyyət sisteminin (xroniki pielonefrit, xroniki kandidoz vulvovaginit) xroniki persistəedici infeksiyaları mövcud olmuşdur. 

Cədvəl1.

Tədqiqata daxil edilmiş pasiyentlərin xarakteristikası

Tədqiq edilən qruplar

Miqdar (pasient)

Əsas diaqnoz

Kəskin B virus hepatitinin gedişi

Orta yaş  (М±m)

Yanaşı infeksiyalar

I

30

Praktiki sağlam

-

31±4,5

-

II

21

Kəskin B virus hepatiti

Yüngül

35±9,9

-

III

38

Kəskin B virus hepatiti

Yüngül

33±8,3

+

IV

32

Kəskin B virus hepatiti

Orta ağır

28±8,9

-

V

41

Kəskin B virus hepatiti

Orta ağır

43±10,7

+

 

 

 

 

 

 

 

 

 

 

 

Alınmış nəticələr və onların müzakirəsi. Tədqiqatın başlanğıcında ilkin olaraq əsas iltihab önü sitokinlərin səviyyəsi təyin edildi. Nəticələr cədvəl 2. -də təsvir edilmişdir. Kəskin HBV xəstələrdə ŞNA-α-nın konsentrasiyasının təyini zamanı müxtəlif qruplar üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqli aşkar edilmişdir (cədvəl 2). Sağlam şəxslərda ŞNA- α-nın səviyyəsi aşağı olmuşdur (2,7±0,42 pq/ml). Xəstə qrupları arasında bu sitokinin səviyyəsi xəstəliyin klinik əlamətləri və gedişindən digər infeksion patologiyaların mövcudluğundan asılı olaraq fərqli olmuşdur. Yüngül gedişli infeksion patologiyalar olmayan xəstələrin (II qrup) qan zərdabında bu sitokinin səviyyəsi sağlam donorlardan əhəmiyyətli dərəcədə- 5,5 dəfə yüksək olmuşdur. Orta ağır gedişli HBV xəstələrdə isə (IVqrupda) bu göstərici sağlam şəxslərdən 19,3 dəfə çox müşahidə olunmuşdur.).

Yanaşı infeksion patologiyalar bu sitokinin səviyyəsinin daha çox yüksəlməsinə səbəb olmuşdur. III qrupda ŞNA-α- nın səviyyəsi 22,7±2,79 pq/ml, V qrupda isə 87,2±8,07 pq/ml olaraq sağlam donorlardan 8,4 və 32,3 dəfə yüksəlmişdir. Oxşar nəticələr digər sitokinlərdə də müşahidə olunmuşdur.

İL-1β nin ayrı ayrı qruplar üzrə tədqiqi zamanı məlum oldu ki, bu göstərici sağlam donorlarda (I qrup) 7,7±0,94 pq/ml, yanaşı infeksion xəstəliklər olmayan HBV xəstələrdə -II və IV qruplarda 11,2±0,97 pq/ml və 61,8±7,23 pq/ml təşkil etmişdir. Yanaşı infeksion xəstəliklər olan IV və V qrup xəstələrdə isə İL-1β- nin konsentrasiyası dahada yüksələrək 23,8±3,78 pq/ml və 95,4±9,86 pq/ml təşkil etmişdir.

Tədqiqata daxil etdiyimiz kəskin B virus hepatitli xəstələrdə  İL-6 nın miqdarında sağlam şəxslərlə müqayisədə yüksəlmə qeyd olunmuşdur. Lakin digər sitokinlərlə müqayisədə yüksəlmə az müşahidə olunmuşdur. Sağlam donorlarda bu göstərici 16,7±5,12 pq/ml, yüngül gedişli II və III qruplarda bu göstərici 23,7±3,18 pq/ml və 32,4±5,81 pq/ml təşkil etmişdir. Sağlam donorlarla müqayisədə 1,4 -1,9 dəfə artdığı görünmüşdür.

Cədvəl  № 2.

Qruplar üzrə sitokinlərin konsentrasiyası

Sitokinlərin miqdarı (pq/ml), М±m

Pasiyent   Qrupları

I

II

III

IV

V

TNF-α

2,7±0,42

14,8±2,5*

22,7±2,79 ****

52,3±5,64* **

87,2±8,07***             

İL-1β

7,7±0,94

11,2±0,97

23,8±3,78* ***

61,8±7,23* **

95,4±9,86* **

İL-6

16,7±5,12

23,7±3,18

32,4±5,81*

51,6±6,12 *

65,7±7,23*

İFN-γ

13,8±1,46

18,8±1,8*

19,2±2,01*

27,8±2,34* **

39,7±3,18*** ****

İL-4

13,9±1,41

20,3±2,6*

36,2±4,14* ***

22,9±2,85*

29,5±3,12*

İL-10

18,1±2,05

30,3±2,5*

27,7±3,49* ***

24,7±2,79*

21,5±2,56

Qeyd: Uyğun göstəricilərin dürüstlük fərqi Р<0,05: * - kantrol qrupla müvafiq qrupun müqayisəsi; ** -  II və  IV qruplar arasında; *** - II və III qruplar arasında;  ****- IV və V qruplar arasında.

 

Orta ağır gedişli IV və V qrup xəstələrdə isə İL-6 nın səviyyəsi yüksələrək 51,6±6,12 pq/ml və 65,7±7,23 pq/ml  təşkil etmişdir.

Alınan nəticələrdən məlum olur ki, yanaşı infeksiyon patologiyalar İL-6 nın sintezini əhəmiyyətli dərəcədə artırır. Belə ki, yüngül gedişli HBV xəstələrdə bu sitokinin səviyyəsi yanaşı infeksion patologiyalar olan xəstələrdə (III qrupda) yanaşı xəstəliklər olmayanlardan (II qrupdan) 1,4 dəfə çox olmuş, orta ağır gedişli xəstələrdə isə bu fərq 1, 3 dəfə olmuşdur.

Tədqiqata daxil etdiyimiz xəstələrin qanında İFN -γ nın səviyyəsinin xəstə şəxslərdə artdığı müşahidə olunmuşdur. Bu artım ayrı-ayrı qruplarda fərqli dərəcədə nəzərə çarpmışdır.

Yüngül gedişli B hepatitli xəstələrdə (II və III qruplarda) İFN-γ-nın konsentrasiyası 18,8±1,89 pq/ml və 19,2±2,34 pq/ml təşkil etmişdirsə, bu göstərici orta ağır gedişli HBV xəstələrdə- IV qrupda 27,8±2,34 pq/ml, V qrupda isə 39,7±3,18 pq/ml olmuşdur. Yüngül gedişli xəstələrdə yanaşı infeksiyaların mövcudluğuna görə İFN-γ nın konsentrasiyasını müqayisə etsək II qrupla III qrup arasında bu göstəricinin arasında əhəmiyyətli fərqin olmadığnı, ağır gedişli xəstələrdə (IV və V qrup) isə əhəmiyyətli dərəcədə (1,4 dəfə) fərqləndiyini müşahidə etmiş oluruq.

Sonra ayrı-ayrı qruplarda iltihab əleyhinə sitokinlərin (İL-4 və İL-10) konsentrasiyasını tədqiq etdik.

Qan zərdabında qruplar üzrə İL-4-ün konsentrasiyasını təyin edərkən məlum oldu ki, bütün xəstələrdə bu sitokinin miqdarı yüksəlmişdir. Sağlam donorlarda (I qrup) İL-4-ün konsentrasiyası 13,9±1,41 pq/ml təşkil etmişdirsə, II qrupda 20,3±2,67 pq/ml, III qrupda II qrupdan 1,8 dəfə yüksələrək 36,2±4,14 pq/ml olmuşdur. Orta ağır gedişli xəstələrdə isə IV qrupda 22,9±2,85 pq/ml, V qrupda 29,5±3,12 pq/ml olmuşdur.

Eyni zamanda kəskin HBV xəstələrində İL-10-un səviyyəsi xəstəliyin gedişindən və yanaşı infeksion patologiyaların mövcudluğundan əhəmiyyətli dərəcədə asılı olduğu aşkar olunmuşdur. Bütün xəstə qruplarında İL-10-un konsentrasiyası sağlam şəxslərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək aşkar edilmişdir. Sağlam donorlarda bu göstərici 18,1±2,56 pq/ml təşkil etdi. Yüngül gedişli B virus hepatitli xəstələrdə İL-10-un konsentrasiyası orta ağır gedişli xəstələrdən yüksək olmuşdur. II qrup xəstələrdə 30,3±254 pq/ml, IV qrupda isə 24,7±2,79 pq/ml təşkil etmişdir. İnfeksion patologiyalar fonunda inkişaf edən kəskin B virus hepatitli xəstələrdə İl-10-un konsentrasiyası III qrupda 27,7±3,49 pq/ml, V qrupda isə 21,5±2,56 pq/ml olmuşdur.

İltihab önü sitokinlərin miqdarında kontrol qrupla müqaisədə qruplar üzrə əhəmiyyətli dərəcədə yüksəlmə olmuşdur. İL-10-un miqdarında isə IV və V qruplarda azalma qeydə alınmışdır. Hər bir qrup üzrə (İFN-γ/İL-4) immunorequlyator indeks hesablanmışdır, bu Th1 ilə Th2 limfositlər arasında balansı göstərir. II və III qruplarda bu göstərici azalır- Th2 immun cavab üstünlük təşkil edir. IV və V qruplarda isə bu göstərici yüksəlir Th1 immun cavab üstünlük təşkil edir. Yüngül gedişli B hepatitli xəstələrdə humoral tip immun cavab üstünlük təşkil etmiş, ağır gedişlilərdə isə hüceyrəvi tip immun cavab üstünlük təşkil etmişdir. Tədqiqata daxil edilmiş xəstələrdə immunorequlyator indeksin səviyyəsini təyin edilmişdir (şəkil 1).

 Şəkil 1.  İmmunorequlyator indeksin qruplar üzrə təsviri

Sağlam donorlarda immunorequlyator indeks 0,99±0,09 təşkil etmişdir. Yüngül gedişli xəstələrdə- II və III qruplarda bu göstəricinin kontrol qrupdan aşağı olması yüngül gedişli xəstələrdə immun cavabın Th2 yolu ilə inkişaf etdiyini göstərir. Ağır gedişli xəstələrdə isə - IV və V qrup xəstələrdə bu göstərici sağlam donorlardan yüksək olmuşdur ki, bu da ağır gedişli B virus hepatitli xəstələrdə immun cavabın Th1 yolu ilə inkişaf etdiyini göstərir.

Alınmış nəticələr göstərir ki, kəskin HBV xəstəliyinin kliniki gedişi immun statusla əlaqəlidir. Yüngül gedişli xəstəlikdə humoral tip immun cavab hüceyrəvi tip immun cavabı üstələyir, orta ağır gedişli hepatit xəstəliyində isə hüceyrəvi tip immun cavab üstünlük təşkil edir. Yanaşı infeksion patologiyalar isə immun statusdakı dəyişiklikləri dərinləşdirir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Зейналова Х.П. Вирусные гепатиты В и С: эпидемилолгическая ситуация в Азербайджане в последние годы // Эпидемио-логия и вакциноп-рофилактика. 2010,  №4, c.66-67

2.Hutchinson J.A.,  Riquelme P.,  Geissler E.K., Fändrich F. Human regulatory macrophages// Methods in Molecular Biology,  2011, 677 p.  

3.Lok ASF, McMahon BJ. AASLD practice gdelines: chronic hepatitis B // Hepatology. 2007, v.45, pp.507-39

4.Wiersma S.T., McMahon B., Pawlotsky J.M. et al. Treatment of chronic hepatitis B virus infection in resource-constrained settings: expert panel consensus // Journal Epid Infect Dis. Current Items, 2012,  №2, pp.988 -997

5.Lavanchy D. Hepatitis B virus epidemiology, disease burden, treatment, and current and emerging prevention and control measures // J Viral Hepatit 2004, v.11, pp.97-107

6. Boonstra A, Woltman AM, Janssen HL. Immunology of hepatitis B and hepatitis C virus infections//Best Pract Res Clin Gastroenterol . 2008, v.22, pp. 1049–1061

7.Jang J.E., Hidalgo A., Frenette P.S. Intravenous immunoglobulins modulate neutrophil activation and vascular injury through FcγRIII and SHP-1// Circ Res.  2012, v. 110, №8, pp1057-1066

8. Jung M.L., Pape G.R. Immunology of hepatitis B infection// Lancet Inf.Dis, 2002, v.2, №1, pp.43-50

9.Баженова А.И. Совершенствование методов иммунодетекции HBsAg-мутантов вируса гепатита B: Автореф. дис….канд. мед. наук.  СПб.; 2009,  22.


Müəlliflər:
G.Z. Əliyeva
H.T. Mansurova

Digər jurnal və qəzetlər