HİPODONTİYANIN AĞIR FORMALARINDAN PASİENTLƏRDƏ DİŞ İMPLANTLARININ TƏTBİQİ İMKANI
02-02-2019
Açar sözlər: hipodontiya, embriogenez, adentiya, implant
Hipodontiya - dişlərin inkişafının pozulması nəticəsində onların qismən olmaması olub həqiqi və yalançı hipodon-tiyaya bölünür. Həqiqi hipodentiya (hypodontiya vera) dişlərin mayasının anadangəlmə olmamasıdır. Bu hipodontiyada sümük toxumalarının, xüsusən üz sümüyünün inkişafı pozulur. Qazanılmış hipodontiya (hypodontia spura) osteomielit xəstəliyinin fəsadı nəticəsində, diş mayalarının olmamasıdır. Hipodontiyanın ağır və yüngül formaları məlumdur.
Müəlliflərin məlumatına əsasən [3], ağır hipodontiyadan əziyyət çəkən uşaqlarda hələ erkən yaşdan dişlərin vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müşahidə edilirdi.
Ağır hipodontiya, yaxud oliqodontiya anadangəlmə 6 və daha çox dişin olmaması - ortodontlar, implantoloqlar, həm də ortoped-stomatoloqlar tərəfindən peşəkar yanaşma tələb edir.
Ədəbiyyatda Norveç və Danimarka əhalisi arasında hipodontiyanın yayılması halları haqqında məlumat mövcuddur [2,3]. Qeyd edilirdi ki, Norveç əhalisi arasında hipodontiyanın yayılma səviyyəsi 6,5% təşkil edir; 1% hallarda ağır hipodontiyaya rast gəlinir ki, bu da Norveç və Danimarka əhalisinin 0,2%-dən az hissəsini təşkil edir.
Müəlliflər dişlərin olmaması hallarını qeyd ediblər və pasiyentlərin əsas şikayəti estetik çatışmazlıqla bağlı olub. Bu cür hallarda ən çox yayılmış müalicə üsulu ortodontik müalicə (97%) və dişlərin implantasiyası (90%) olmuşdur. Shafi və həmmüəlliflərin [5] 5 il ərzində topladıqları məlumatlara əsasən, əksər pasientlərdə hipodontiya irsi xarakter daşıyırdı. Məlumdur ki, Azərbaycanda qohumlar arasında nigahlar kifayət qədər çox yayılıb və uzun illər ərzində bu hal problem hesab edilmirdi.
Lakin bütün dünyada alim və həkimlər bildirirlər ki, bu cür nigahlar birbaşa, məsələn, talassemiya kimi nadir xəstəliklərin yüksək faiz dərəcələri ilə əlaqəlidir. Müşahidələrimizdə iştirak etmiş 7 pasiyentdən üçü qohumlar arasında nigahdan doğulmuş pasiyentlərdir.
Azərbaycan Dövlət statistika komitəsi bildirib ki, hal-hazırda qohumlar arasında bağlanılan nikahların statistikası aparılmır.
Beləliklə, hipodontiyanın ağır formasının etiologiyasında qohumluq nikah-larının əsas rollardan birini oynadığını güman etmək olar. Qeyd edildiyi kimi, hipodontiyanın ağır formasına kifayət qədər nadir hallarda rast gəlinir və bununla əlaqədar müşahidələrimiz tələb olunan sayda insanlar arasında aparılması kifayət qədər çətindir.
18 yaşından yuxarı (orta yaş 25 təşkil edirdi) 6 və daha çox dişi olmayan 7 pasienti müayinə etdik. Pasientlər kliniki şəraitdə OPQ (ortopantoqram), kliniki fotoşəkillər və 3D rentgenlərin köməyi ilə müayinə edilmişdirlər.
Diş implantları, fiksasiya edilmiş diş protezləri kimi ortopedik müalicənin müxtəlif variantlarının tətbiqi üçün müşahidə məqsədi ilə diş və yumşaq toxumaların vəziyyəti, ağız boşluğunun selikli qişasının rəngi, damaq məməciklərinin vəziyyəti qiymətləndirilirdi.
Kliniki müşahidələrimiz frontal dişlər nahiyəsində diş implantlarının hipodontiyanın ağır formasından əziyyət çəkən pasientlərin uğurlu ortopedik müalicəsi üçün yararlı olmadığını aşkar etdik. Belə ki, həmin nahiyədə sümük toxumasının həcminin kifayət qədər olmaması səbəbindən selikli qişanın atrofiyası və implantın metal karkasının açılması müşahidə edilir. Bununla demək olar ki, bu xəstələrdə qoyulan implantların ətrafında sümüyün atrofiyası və selikli qişanın ağarması aşağı çənədə bütün xəstələrdə müşahidə etdik. Yuxarı çənədə isə pasiyentlərin yarısının sümüyünün atrofiyası və selikli qişanın ağarması müşahidə etdik.
Müvafiq olaraq, bu qrup pasientlərə bu növ çatışmazlıqları aradan qaldırmaq məqsədilə digər terapevtik və ortopedik üsullar tövsiyə etmək lazımdır.
Məlumdur ki, bir neçə dişin olmaması alveolyar sümüyün atrofiyasına gətirib çıxarır və bununla əlaqədar implantın tətbiqində müəyyən çətinliklər yaranır. İmplantı əhatə edən sümük qatının minimal qalınlığı 2 mm təşkil edir.
Sümüyün rezorbsiyası riskinin azaldılması və həmin nahiyənin kifayət qədər qan təchizatını təmin etmək məqsədi ilə sümüyün qalınlığının 3-4 mm təşkil etməsi arzuolunandır.
Bizim pasientlərimizdə bir çox hallarda implant nahiyəsində selikli qişanın ağarması müşahidə edilir. Bəzi hallarda bu selikli qişanın nazik biotipi ilə izah edilə bilər ki, bunun nəticəsində selikli qişanın resessiyası baş verir. Bu proses həmçinin sümük toxumasının kütləsinin az olması səbəbindən də baş verir və nəticə olaraq implantın və daha sonra ortopedik konstruksiyanın açılması baş verir.
Hipodontiyalı və xüsusi ilə də hipodontiyanın ağır formasından əziyyət çəkən pasientlərə az rast gəldiyimizdən və müvafiq olaraq həmin pasientlərin sayının minimal olması müşahidələrimizi çətinləşdirirdi.
Z.İ. Qarayevin müşahidələrinə görə [1], adentiyanın səbəbi embriogenezin pozulmasıdır ki, nəticədə diş mayasının olmamasına və dişlərin retensiyasına gətirib çıxarır.
Müşahidələrimizin nəticəsində belə qənaətə gəldik ki, bu cür pasientlərdə frontal dişlər nahiyəsində diş implantlarının qoyulması arzuolunmazdır.
Bu, sümüyün atrofiyasını və implantın boynunun açılmasını, o cümlədən demək olar ki, bütün pasientlərin alt çənəsində, pasientlərin yarısının isə üst çənəsində selikli qişanın rənginin dəyişməsini (ağarması) izah edir.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq və xarici həkim-implantoloqların göstəricilərini nəzərə almaqla [2,5,6], bu kateqoriyaya aid pasientlərdə əsasən implantların vasitəsi ilə defektlərin aradan qaldırılması məsləhət görülmür. Bunun üçün müxtəlif ortopedik konstruksiyaların tətbiqini tövsiyyə edirik.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Z.İ.Qarayev, Ortopedik stomatologiya, Bakı 2008,336c.
2.Hvaring C.L.,Qgaard, Birkeland K. Tooth replacements in young adults with severe hypodontiya: Orthodontic space closure, dental implants, ant tooth –supported fixed dental prostheses . A follow up study American Journal of Orthodontics and Dento pacial Orthopedics, (2016)
3.Rolling S, Poulsen S. Oligodontiya in Danish schoolchildren. Acta Odontol Scand 2001;
4.Nobkirk J.A.; Goodman J.R. and oten Presenting complaning and findigs in a group of patients attending a hypodontia clinic. Br. Dent J. 1994;
5.Shabi I. and others; A study of patients attending a mullidisciplinary hypodontia clinic over a five year period. Br. Dent J 2008;
6.Dueled E. and others. Professional and patient-based evaluation of oral rehabilitation in patients with tooth agensis. Clin Oral Implants Res 2009;
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı