ABŞ SİLAHLI QÜVVƏLƏRİNİN HƏRBİ SƏHİYYƏ SİSTEMİ MODELİ
10-01-2019
2015-ci ildən başlayaraq ABŞ-ın səhiyyə sisteminin yenidən qurulması proqramı çərçivəsində hərbi səhiyyə sistemində (Military Healthcare System, MHS) də sərf olunan xərclərin effektivliyinin artırılmasına yönəldilmiş islahatlar həyata keçirilir. Bu tədbirləri zəruri edən əsas səbəb kimi isə MHS - də yol verilən hədsiz israf göstərilmişdir. Məsələn, “soyuq müharibə”nin başa çatmasından sonra ABŞ Silahlı Qüvvələrinin şəxsi heyəti əhəmiyyətli dərəcədə azaldılmışdır, lakin tibbi təchizata ayrılan vəsait hər il artmaqda davam edir. Belə ki, ABŞ Müdafiə Nazirliyi bu məqsədlə 2009-cu ildə 44,7 mlrd. dollar, 2010-cu ildə 48,5 mlrd. dollar, 2015-ci ildə isə 64 mlrd. dollar (başqa sözlə, bütün ABŞ MN-nin büdcəsinin 11,3%-ni) sərf etmişdir [2, 7].
Hərbi səhiyyə sistemi (MHS)ABŞ SQ-nin şəxsi heyətinin “həyat keyfiyyəti”nin ən vacib göstəricisi hesab olunur. Təşkilati olaraq bu sistemə müdafiə nazirinin tibbi məsələlər üzrə məsləhətçi şöbəsi (Office of the Assistant Secretary of Defense for Health Affairs, OASDHA); Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Dəniz Piyadaları Korpusunun, Sahil Mühafizə Xidmətinin və Qərargah rəisi komitəsinin tibb idarələri; TRİCARE proqramının həyata keçirilməsini təmin edən strukturlar (hospitallar, farmasevtik bölüklər, özəl sektorun bəzi müəssisələri) daxildir [3,5].
ABŞ SQ-nin tibbi təminatına cavabdeh olan ən yüksək vəzifəli şəxs Müdafiə Nazirinin səhiyyə məsələləri üzrə köməkçisidir (bir qayda olaraq mülki şəxs). Tibb xidmətinin şəxsi heyəti 132 min nəfər təşkil edir ki, bunun da 80 min nəfəri hərbçilər (30 min zabit, 50 min sıravi), 52 min nəfəri mülki şəxslərdir. Bütün şəxsi heyətin 95 min nəfəri döyüş əməliyyatları və ya humanitar əməliyyatlar aparılan yerlərdə xidmətə cəlb olunmuşdur.
Hərbi-tibbi xidmətin normal işinin təşkilində, həmçinin, 35 mindən artıq mülki təşkilat və firma, 55 min əczaçılıq müəssisəsi, 760 minə yaxın stomatoloji klinika və kabinet iştirak edir. MN-in balansında 59 hospital, 663 ümumi müalicə profilli və stomatoloji klinika, 258 veterinar klinikası, 26 elmi-tədqiqat institutu, 19 tədris mərkəzi və 10 tibbi kompleks vardır.
Hər il 9 milyondan artıq şəxs bu müəssisələrdə pulsuz tibbi yardım alır. Bura müntəzəm hərbi birliklərin hərbçiləri (1,5 milyon nəfər), onların ailə üzvləri və təhsil alan övladları (təxminən 2,3 milyon nəfər), Milli Qvardiyanın şəxsi heyəti və onların ailə üzvləri (200 min nəfər), təqaüdçülər və onların ailə üzvləri (4 milyon nəfər), həlak olmuş hərbçilərin ailə üzvləri (300 min nəfər) daxildir [3,4, 9].
Hərbi qulluqçuların tibbi təminatının əsasını hərbi səhiyyənin və onun təchizatında iştirak edən mülki qurumların, elmi-tədqiqat institutlarının, farmasevtik firmaların resurslarını özündə birləşdirən TRİCARE proqramı təşkil edir. Son 20 il ərzində ABŞ-dahərbi səhiyyənin qazandığı uğurlara baxmayaraq tibbi təminat sistemində bir sıra problemlər var [2, 9, 10]. Belə ki, hesablamalara görə hal-hazırkı maliyyələşmə səviyyəsi saxlanılarsa hərbi səhiyyə sisteminin maddi-texniki bazasının tam yenilənməsinə 73 il zaman sərf olunmalıdır. Halbuki mülki müəssisələrdə tam yenilənmə orta hesabla 31 il ərzində başa çatır. Son illər ərzində təbabətdə qabaqcıl texnologiyaların tətbiqi, mövcud sistemin modernizasiyası MHS sistemində də islahatlar aparılmasını zəruri edir.
ABŞ MN səhiyyə sisteminin qarşısında 4 əsas strateji vəzifə qoyulmuşdur:
1.İstənilən zaman və istənilən yerdə hərbi, humanitar əməliyyatların, eləcə də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin tibbi təminatının həyata keçirilməsi;
2.Qeyri-döyüş sanitar itkilərinin azaldılması, hərbçilərin həyat tərzinin optimallaşdırılması və fiziki keyfiyyətlərinin daimi yüksəldilməsi hesabına sağlam və fiziki baxımdan hazırlıqlı şəxsi heyətin formalaşdırılması;
3.Hərbi qulluqçular, təqaüdçülər və onların ailə üzvlərinin dünya standartlarına uyğun tibbi xidmətlə təmin edilməsi;
4.Hərbi təbabətin təkmilləşdirilməsi və yenilənməsinə yönəldilən təhsil proqramları, elmi-tədqiqat işləri və təşəbbüslərin maddi dəstəklənməsi [5, 10].
MHS sistemində aparılan islahatlar öz yaxın nəticələrini verməkdədir. Belə ki, 2010-cu ildə hərbi qulluqçuların vaksinasiya göstəricisi 89% idisə, 2015-ci ildə bu göstərici 92% təşkil etmişdir (rəsmi olaraq tələb olunan rəqəm 95%-dir). ABŞ MN-ninsəhiyyə sisteminin elektronlaşdırılması (internet üzərindən əlaqələr və elektron sənəd dövriyyəsi nəzərdə tutulur) demək olar ki, başa çatmışdır. Əgər 2009-cu ildə MHS sistemində internet üzərindən gündəlik olaraq 135 min əməliyyat aparılırdısa, 2012-ci ildə artıq bu səhiyyə sisteminin 90%-ni əhatə etmişdir. MN tərəfindən hərbi qulluqçulara tibbi xidmətin müxtəlif sahələrini əhatə edən çoxsaylı internet saytları yaradılmış və dəstəklənməkdədir. Bu saytlar hərbi qulluqçuların tibb xidmətinin rəhbər kadrları ilə birbaşa əlaqəsini təmin etməkdədir. Xüsusilə valideynlər üçün yaradılmış sayt rəğbətlə qarşılanmışdır ki, buradan övladlarının sağlıq durumu ilə birbaşa maraqlanaraq məsul şəxsərdən cavab ala bilirlər [7].
Son illərdə hərbi tibbi təhsil sahəsində də bir sıra dəyişikliklər həyata keçirilmişdir. 2011-ci ildən San-Antonio şəhərindəki (Texas ştatı) Fort Sem Xyuston kompleksi genişləndirilərək ABŞ SQ üçün tibbi kadrların hazırlanmasının vahid mərkəzinə çevrilmişdir (kompleks 1876-cı ildən fəaliyyət göstərir). Burada kiçik və orta tibb işçilərinin hazırlanması üçün kolleclər, həkimlər üçün ixtisas artırma kursları, Elmi-tədqiqat Cərrahiyyə institutu, yanıq mərkəzi, böyük kitabxana, iki hərbi-tibbi muzey, kazarmalar, yataqxanalar, hərbi qulluqçular və hərbi tibb işçiləri üçün qocalar evi fəaliyyət gösərir [1, 8].
MHS sistemində aparılan islahatlar müəyyən narazılıqlara da səbəb olmuşdur. Belə ki, yaxın bir neçə il ərzində SQ-dən azad olunmuş hərbi qulluqçuların və onların ailə üzvləri üçün ayrılan tibbi xərclərin azaldılması nəzərdə tutulur. Maddi resurslara qənaət edilməsi məqsədi ilə MN-nin tibb xidməti sistemində bir çox hərbçi ştatlarının mülki ştatlarla əvəzlənməsi davam etdirilir. Digər tərəfdən isə bəzi mütəxəssislərin fikrincə, müəyyən güzəştlər və kompensasiyalarla hərbçiləri qulluğun davam etdirilməsinə yönəltmək, maddi baxımdan yeni kadrların hazırlanması ilə müqayisədə daha sərfəlidir. Bundan başqa hərbi əməliyyatların iştirakçılarının psixi və psixoloji reabilitasiya müddətlərini qısaltmaqla bu problemlərə sərf olunan vəsaiti azaltmaq hədəflənir [2,4].
2009-cu ildən etibarən bir çox hərbi müəssisələrdə, hərbi akademiyalarda, zabit hazırlığı kurslarlnda tütün çəkilməsi qadağan edilmişdir ki, bu da hərbçilərin fiziki durumunun sağlamlaşdırılmasına və siqaret çəkilməsi ilə bağlı yaranan xəstəliklərin müalicəsinə ayrılan vəsaitə hər il 1,2 mlrd dollar qənaət olunmasına yardım edir.
Tibbi təhsilin səviyyəsinin yüksəldilməsi ilə effektivliyinin artırılması, bəzi tibb müəssisələrinin birləşdirilməsi ilə gərəksiz infrastukturların ləğvi, hərbçilər üçün dərman preparatlarının xüsusi saytlardan sifarişi (bu farmasevtik şəbəkələrdən alınma ilə müqayisədə 30-40% ucuz başa gəlir) xərclərin azaldılmasına yönəldilmiş tədbirlərdəndir. Digər tərəfdən TRİCARE proqramını həyata keçirən müəssisələrin regional inzibati mərkəzlərinın sayının 11-dən 3-ə düşürülməsi, bəzi bir-birinin funksiyasını təkrarlayan komissiya və ştatların ləğvi bir il ərzində 190 mln dollar büdcəyə qənaət edilməsinə imkan vermişdir. Eyni zamanda hərbi-tibbi müəssisələrin sərf etdiyi elektrik enerjisinə edilən qənaətlə də bu işlər üçün ayrılan vəsaitin azaldılmasına nail olunmuşdur [1, 2,4].
Beləliklə, ABŞ SQ-nin tibb xidmətində aparılan islahatların qarşısında duran əsas məqsəd xidmətin effektivliyinin artırılması ilə ona ayrılan büdcənin ixtisar edilməsidir. Bunun üçün yaxın 10 il ərzində aşağıdakı addımların atılması planlaşdırılır:
-Hərbi qulluqçuların və onların ailə üzvlərinin müalicəsi üçün mülki tibb müəssisələrindən geniş istifadə edilməsi (bu maliyyə baxımından daha sərfəlidir);
-Sağlam həyat tərzinın, şəxsi gigiyenaya əməl edilməsinin və idmanın təbliğinin aktiv olaraq aparılması;
-Tibbi birliklərin ordunun ehtiyat qüvvələrinə aid edilməsi (bu həmin qurumların maddi olaraq təminatını ucuzlaşdırır);
-Dərman preparatları kimi ceneriklərdən geniş istifadə edilməsi;
-Həkimlərdən, əsasən, MN-nin təchizatına daxil olan dərman preparatlarının yazılmasının tələb edilməsi;
-Xəstələrin özləri tərəfindən ödənilən və MN-nin kompensasia etdiyi məsrəflərin dəqiq elektron qeydiyyatının aparılması;
-Qiyməti çox yüksək olan preparatlara yazılmış reseptlərə nəzarətin sərtləşdirilməsi [4,6].
2007-ci ildən etibarən ABŞ MN sistemində İnnovasiyaya İnvestisiya Proqramı (Innovation Investment Program, IIP) həyata keçirilir. Bu proqram çərçivəsində innovativ ideyalar, səmərələşdirici təklif, təşəbbüs və elmi-tədqiqat işləri üzə çıxarılaraq maddi olaraq dəstəklənir [12].
ABŞ hərbi təbabəti son illərdə aşağıdakı yenilikləri praktik olaraq tətbiq etməklə keyfiyyət etibarı ilə yeni bir səviyyəyə yüksəlmişdir. Bunlardan bir qisminin istifadəsi isə yaxın gələcək üçün ən perspektivli yenilik hesab olunur [6].
-Döyüş əməliyyatları iştirakçısının fizioloji vəziyyətinin monitoru (çəkisi – 450 q), hərbçinin geyiminə birləşdirilən datçiklər dəsti olub tibbi personal və komandirlərə məsafədən informasiya ötürür;
-Universal qan balonu -(250 ml, dəyəri - 150 dollar, hər batalyona 10 ədəd), güclü qanaxma zamanı və yaralının təcili təxliyəsi mümkün olmadığı hallarda istifadə edilir;
-Universal liofilizə olunmuş plazma -(250 ml, dəyəri - 50 dollar);
-Qoruyucu bandaj (aerozol şəklində) – kompleks preparat olub, ağrısızlaşdırıcı, hemostatik və infeksiyadan qoruyucu təsir göstərir; 2 sutka ərzində effektlidir (dəyəri – 50 dollar);
-Elektron tərcüməçi (portativ personal kompyuter üçün proqram, yaralı və ya tibbi yardım göstərənin ingilis dilini bilmədiyi hallar üçün nəzərdə tutulmuşdur (dəyəri -1800 dollar);
-Duru qansaxlayıcı turna -15 dəqiqə ərzində bərkləşən gel olub bəzi qanaxmalarda və ya amputasiyalar zamanı tətbiq edilir (çəkisi - 110 qram, dəyəri – 50 dollar;
-Ətraflar üçün yüngül şinalar (çəkisi 110 qram, dəyəri 100 dollar, sayı - hər 10 əsgərə 1 şina),
-Qanaxmanı saxlayan venadaxili preparat- (20 ml-lik ampul, dəyəri – 500 dollar);
-Qanaxmanı saxlayan boşluqdaxili preparat – köpük, gel və ya maye şəklində olub, daxili qanaxmanı azaltmaq və ya saxlamaq məqsədi ilə istifadə edilir(50 ml, dəyəri – 400 dollar);
-Yaraların fermentativ təmizlənməsi üçün aerozol preparat - (50 ml, dəyəri – 10 dollar) – 2 və daha artıq sutka təsir göstərə bilir, eyni zamanda ağrısızlaşdırıcı effektə malikdir;
-Simsiz informasion sistem – personal kompyuter – çəkisi 190 qram, proqram təminatı ilə birlikdə dəyəri – 600 dolar), telekonsultasiyaların aparılması vəsəhra şəraitində çalışan tibbi personalla arxa cəbhə həkimlərinin informasiya mübadiləsi üçün;
-Venadaxili infuziya üçün məhlul – (500 ml, dəyəri – 5 dollar), 72 saat ərzində qan təzyiqinin zəruri səviyyəsi və toxumadaxili perfuziyanı saxlamaq üçün;
-Hemostatik sarğı paketi – (çəkisi - 110 qram, dəyəri- 100 dollar), 2 dəqiqə ərzində arterial və venoz qanaxmanı dayandıra bilir;
-Səhra şəraitində gözün lazer zədələnmlərinin müalicəsi üçün komplekt;
-Həyat fəaliyyətinin saxlanması üçün avtomatlaşdırılmış portativ sistem – ağır yaralanmalarda yaralının həyat fəaliyyətinin (ürəyin fəaliyyətini, ağciyərlərin ventilyasiyasını) 72 saat ərzində saxlanması üçün (dəyəri - 100 min dollar);
-USM cihazı – çəkisi 6,8 kq, dəyəri 50 min dollar);
-Ön cəbhənin tibbi təminatı üçün rəqəmsal kompleks – (sahəsi 4,6 min m2, dəyəri – 1,9 mln. dollar) 10-25 çarpayılıq; ilk tibbi yardım, ağır yaralıların intensiv terapiyası, eləcə də təxirəsalınmaz ümumi cərrahi və ortopedik əməliyyatların icrası üçün.
ABŞ MN səhiyyə sisteminin (MHS) qarşısında duran əsas problemlərdən biri də hərbi qulluqçuların psixi və psixoloji durumunda olan dəyişikliklərin müalicəsidir. Bu problemin həllini asanlaşdırmaq üçün 2009-cu ildən başlayaraq ABŞ-da “İn Transition” adlı proqram fəaliyyətə başlamışdır. Bu proqram çərçivəsində psixi və psixoloji problemi olanlara mütəxəssislər tərəfindən 24 saat ərzində konsultasiyalar aparılır və qəbullar həyata keçirilir. Bir il ərzində 70 minədək hərbçi və ya veteran bu xidmətdən istifadə edir.Eyni zamanda Silahlı qüvvələrin şəxsi heyətinin psixoloji durumunu yaxşılaşdırmaq və fərdi dözümlülüyünü artırmaq üçün onların ailələrinin maddi rifah halının yüksəldilməsi yönündə tədbirlər aparılır.Həmçinin döyüş əməliyyatlarında iştirak edənlər və onların ailə üzvləri üçün “SimCoach” adlı layihə irəli sürülmüşdür. Bu proqrama görə hərbi qulluqçular və onların ailə üzvləri alkoqolizm və siqaret çəkmədən müalicə olunmaq üçün, eləcə də ailədaxili digər xoşagəlməz psixoloji durumu müzakirə etmək, məsləhət almaq və qəbula yazılmaq üçün 24 saat ərzində yüksək ixtisaslı mütəxəssislərlə internet üzərindən elektron poçt vasitəsilə əlaqə saxlaya bilirlər. Qeyd etmək lazımdır ki, ABŞ MN sistemində təkcə alkoqolizmin müalicəsi üçün il ərzində təxmiən 300 mln. dollar vəsait xərclənir [5,11,12].
Döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların psixi durumunun sağlamlaşdırılması üçün eyni zamanda MHS sistemində aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:
-Müxtəlif növ travmaların insanın psixi durumuna təsirini öyrənən fundamental tədqiqatlar;
-Psixi xəstəliklər və psixoloji pozğunluqların erkən aşkarlanması yönündə araşdırmalar;
-Yeni dərman maddələrinin təhlükəsizliyini və effektivliyini sınaqdan keçirən klinik tədqiqatlar;
-Psixi və psixoloji problemləri olanların müalicəsində alternativ (akupunktura, yoqa və s.) üsulların tətbiqi.
Zənnimizcə, diqqətinizə təqdim edilən material göstərir ki, ABŞ-ın hərbi səhiyyə sisteminin təşkilati quruluşunun və tətbiq etdiyi yeniliklərin, eləcə də həyata keçirdiyi layihələrin yaxından öyrənilməsi respublikamızda hərbi tibb sahəsindəki mütəxəssislər üçün böyük maraq kəsb etməklə yanaşı hərbi tibb xidmətinin təkmilləşdirilməsi və eyni zamanda səviyyəsinin yüksəldilməsi üçün faydalı ola bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Berger L. Ecological Footprint Analysis for Military Healthcare Facility Design and Construction – Case Study. Duke University, 2009. P. 3.
2.Budget Options. Vol. 1. Health Care. Washington : Congress Budget Office. 2008. December. P. 175.
3.Casscells S. W., MD Assistant Secretary of Defense for Health Affairs. Statement
Before the House Armed Service Committee Subcommittee on Military Personnel and
Readiness, March 18, 2009 // GPO : Washington, 2009. P. 3.
4.Department of Defense Task Force on the Future of Military Health Care. Final Report / DoD. Washington, 2009. December. P. P1, P2.
5.Evaluation of the TRICARE Program. Fiscal Year 2009 Report to Congress / DoD. Washington, 2009. P. 1.
6.Johnson D. E., Cecchine G., Sollinger J. M. Army Medical Department Transformation. Executive Summary of Five Workshops. Santa Monica: Rand Corporation, 2006. P. XVI.
7.Overview – FY 2011 Defense Budget / DoD. Washington, 2010. P. 3.
8.Philpott T.CBO eyes military retirees, vets for health cost cuts // Veterans Today. Military Veterans & Foreign Affairs Journal. 2012. January 4.
9.Smith J.MD, MMM, TRICARE Management Activity. Military Health System
Disease Management and Campaign for Healthy Lifestyles. Brief to the Task Force /DoD.Washington, 2013. July 11. Slide 13.
10.Statement by Ms. Ellen Embrey, Performing the Duties of the Assistant Secretary of Defense for Health Affairs, Before the House Committee on Appropriations Subcommitteeon Defense, May 21, 2009 // GPO. – Washington, 2009. – P. 1.
11.Tanielian T. Invisible Wounds of War. Santa Monica: Rand Corporation, 2008. P. XXI.
12.Virtualization for Military Healthcare /Accelera Solutions. Washington, 2014. P.3.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı