EMBRİOGENEZDƏ HİPOKSİYA TƏSİRİNƏ MƏRUZ QALMIŞ SİÇOVULLARIN QANINDA FİBRİNOGENİN DƏYİŞMƏ DİNAMİKASI

15-02-2019

Açar sözlər: hipoksiya, prenatal, hemostaz, trombin müddəti, fibrinogen, koaqulyasiya

Bətndaxili xroniki hipoksiya dölün və yenidoğulmuşların inkişafında patalogiya yaradan əsas səbəbdir. Ümumi doğuşların 10-15%- də bətndaxili hipoksiya diaqnozu qeydə alınır. Yenidoğulmuşlarda bir sıra patalogoyaların aşkarlanma səbəbi dölün bətndaxili inkişaf dövründə kifayət qədər oksigenlə təmin olunmaması ilə izah olunur. Qeyd etmək lazımdır ki, bətndaxili xroniki hipoksiya vəziyyəti müxtəlif səbəblərdən qaynaqlana bilər. Etiologiyasından asılı olmayaraq bu diaqnoz ilə doğulmuş uşaqlarda antenatal hipoksiya müxtəlif orqan və sistemlərin xroniki xəstəliklərinə səbəb olan ciddi posthipoksik nəticələrlə müşahidə olunur (1,2,6). Bütövlükdə oksigen çatışmamazlığı “ana-plasenta-döl” sistemini zədələyən əsas faktor sayılır (7). və əksər hallarda hamiləliyin ağırlaşması halları bətndaxili inkişaf dövründə dölün oksigenlə zəif təchiz olunması ilə bağlı olur (5).

 Hipoksiya orqanizmdə bir sıra sistem qüsurları yaradaraq hemostaz sistemində də ciddi dəyişkənliklərə səbəb olur. Məlumdur ki, hemostaz sistemi orqanizmin müxtəlif xoşagəlməz təsir şəraitinə uyğunlaşmasında bilavasitə iştirak edir. Digər tərəfdən bu sistem dinamik xarakter daşıyaraq müxtəlif ekstremal təsir şəraitində əhəmiyyətli dəyişkənliklərə məruz qalır (8). Buna görə də bir sıra xəstəliklərin diaqnostikası hemataloji analizlərə əsaslanır. Eyni zamanda qanın laxtalanma sisteminin tədqiqi neontalogiyada olduqca aktual aspekt sayılır (10). Qeyd oluananları nəzərə alaraq antenatal inkişaf dövrünə təsadüf edən hipoksiya nəticəsində qanın laxtalanma sistemində müşahidə olunan dəyişkənliklərin tədqiqi böyük maraq doğurur.

Material və metodlarTədqiqatlar boğazlığın ayrı-ayrı kritik mərhələlərini hipoksiya şəraitində keçirmiş “Wistar” cinsinə məxsus ana siçovullardan alınmış və postnatal ontogenezin bir, üç və altı aylıq yaş dövrlərində olan siçovul balaları üzərində aparılmışdır. Bu məqsədlə dişi siçovullarda (n=20, kontrol və təcrübə qrupunun hər birində 5 baş olmaqla) mayalanma müddəti müəyyən edilmiş, daha sonra boğazlığın müvafiq mərhələlərində (rüşeym (E1-E7), dölönü (E8-E15) və döl (E16-E21) dövrlərində) xroniki hipoksiya təsirinə məruz qoyulmuşlar. Boğazlığın seçilmiş dövründə hipoksiya edilmiş ana siçovullar qalan dövrləri normal vivariy şəraitində bəslənilmişlər.

Hipoksiya şəraiti ümumi sahəsi 0,12 m2 olan xüsusi hazırlanmış barokamerada yaradılmışdır. Bunun üçün ana siçovullar boğazlığın nəzərdə tutulmuş dövründə hər gün eyni vaxtda 15 dəqiqə müddətində barokamerada tərkibi 95% azot, 5% oksigen olmaqla qazlar qarışığı ilə ventilyasiya olunan hava ilə tənəffüs etdirilmiş, boğazlığın yerdə qalan dövrlərini isə normal vivariy şəraitində saxlanılmışlar. Embriogenezin müvafiq mərhələlələrini hipoksiya şəraitində keçirmiş və eləcə də embrional inkişafını normal şəraitdə keçirmiş bir, üç və altı aylıq siçovullardan qan nümunələri götürülərək hipoksiyanın qanın laxtalanma sistemində səbəb olduğu dəyişkənliklər, o cümlədən fibrinogenin qatılığının dəyişmə dinamikası tədqiq olun-muşdur.

Alınmış nəticələr statistik analiz edilmiş və təhlil olunaraq, müvafiq qrafiklərdə təsviri verilmişdir.

Alınmış nəticələr və onların müzakirəsiTrombinin təsiri ilə əmələ gələn laxtanın əsasını təşkil edən fibrin liflərinin formalaşmasında yeganə substrat sayılan fibrinogen hemokoaqulyasiya prosesində əhəmiyyətli mövqeyə malikdir. Məhz bu proses laxtalanmanın sonuncu mərhələsini xarakterizə edir (2,11). Trombin müddəti qanda heparinin səviyyəsinə həssas olub, eyni zamanda fibrinogenin səviyyəsindən asılıdır. Buna görə də trombin müddətinin təyinini fibrinogenin və koaquloqram-manın digər göstəricilərnin analizi ilə uyğunlaşdırırlar (4,9). Tədqiqatlarımızda bu fakt əsas götürülərək hipoksiyanın müxtəlif yaş qrupları üzrə təsir effektlərinin izlənməsi məqsədi ilə nəzarət və təcrübə qrupundan olan heyvanlarda fibrinogenin qatılığı müəyyən olunmuşdur. Təcrübələrin ilkin seriyası bir aylıq heyvanlar üzərində aparılmışdır. Alınmış nəticələrin statistik və müqayisəli analizi nəticəsində embrional inkişaf dövründə hipoksiyanın təsirinə məruz qalmış təcrübə qrupundan olan heyvanlarda kontrol qrupla müqayisədə fibrinogenin qatılığının aşağı düşməsi müşahidə olunmuşdur. Antenatal hipoksiyanın daha kəskin nəticəsi xüsusilə embrional inkişafın rüşeym və dölönü dövrü hipoksiya olunmuş heyvanlarda müşahidə olunmuşdur. Belə ki, fibrinogenin qatılığının təyini zamanı kontrol qrupla müqayisədə rüşeym dövrü hipoksiyaya məruz qalmış balalarda 34% (p<0,01), dölönü dövrü hipoksiya olunmuş balalarda isə 29% azalma müşahidə olunmuşdur. Trombin müddətinin uzanması və nəticə etibarı ilə fibrinogenin miqdar göstəricisinin aşağı düşməsi hemostaz sistemin hipokoaqulyasyon istiqamətə meyilliyini əks etdirir (4,9).

Tədqiqatların ikinci seriyası embrional inkişafın rüşeym, dölönü və döl dövrlərində hipoksiyanın təsirinə məruz qalmış və embrional inkişaf dövrünü normal şəraitdə keçirmiş üç aylıq siçovullar üzərində aparılmışdır. Bu yaş qrupundan olan siçovullar cinsi yetişkənlik dövrünü tamamladığı üçün tədqiqatlarımızı erkək və dişi fərdlər olmaqla ayrı-ayrılıqda həyata keçirilmişdir. Tədqiqatlar zamanı nəticələrin müqayisəli analizi təcrübə qrupundan olan heyvanlarda nəzarət qrupu ilə müqayisədə fibrinogenin qatılığının bir qədər yüksəlməsini göstərmişdir. Hipoksiyanın daha kəskin nəticələri xüsusilə antenatal inkişafın rüşeym dövründə bu amilin təsirinə məruz qalmış siçovulların erkək fərdlərində müşahidə olunmuşdur. Belə ki, nəzrət qrupu ilə müqayisədə fibrinogenin qatılığının orta hesabla 10-12% artması müşahidə olunmuşdur.

Tədqiqatların sonuncu seriyası 6 aylıq siçovullar üzərində aparılmışdır. Apardığımız tədqiqatların nəticələri antenatal dövrdə hipoksiyanın təsirinə məruz qalmış 6 aylıq siçovullarda da analoji olaraq fibrinogenin qatılığının yüksəlməsini göstərmişdir. Xüsusilə döl dövrü hipoksiya olunmuş siçovullarda bu nisbət daha çox özünü göstərmişdir; təcrübə qrupundan olan heyvanlarda fibrinogenin miqdarının 13% artması müəyyən olunmuşdur. Nəticə etibarı ilə fibrinogenin miqdarının artması hemostaz sisteminin hiperkoaqulyasiya istiqamətinə meyilliliyini ifadə edir. Antenatal dövrdə hipo-ksiya amilinin təsirinə məruz qalmış və embrional inkişaf dövrünü normal keçirmiş 1, 3 və 6 aylıq siçovullarda fibrino-genin qatılıq göstəricisinin dəyişmə dinamikası

Məlumdur ki, antenatal hipoksiyanın təsiri oksigen çatışmamazlığına daha həssas olan beyin və qaraciyərdə funksional-metabolik dəyiş-kənliklərə səbəb olur. Nəticə etibarı ilə hepatositlərin patoloji dəyişkənliyi protrom-bin, fibrinogen sintezinin aşağı düşməsi, VII, IX, X faktorlarının çatışmamazlığına səbəb olaraq qanın laxtalanma qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bizim bir aylıq siçovullar üzərində apardığımız tədqiqatların nəticələri də bu faktı bir daha sübut etmişdir. Belə ki, embrional inkişaf dövründə hipoksiyanın təsirinə məruz qalmış bir aylıq siçovullarda fibrinogenin qatılığının azlması hemostaz sisteminin hipokoaqulyasiya istiqamətinə meyl etməsinə, laxtalanma qabiliyyətinin azalmasına səbəb olmuşdur. Eyni zamanda antenatal hipoksiya qaraciyərdə qlükoza mübadiəsini pozaraq uzunmüddətli dəyişkənliklərə gətirib çıxarır. Bu isə yaşlı nəsldə laxtalanma sistemindəki dəyişkənliklərdə özünü göstərir. Digər tərəfdən ali sinir fəaliyyətində pozğunluq yaradan kəskin və ya xroniki stress müxtəlif neyroendokrin yolların aktivləşməsi səbəbindən hiperkoaqulyasiya vəziyyətinə gətirib çıxarır. Bütün bunlar isə üç və altı aylıq siçovullarda laxtalanma qabiliyətinin yüksəlmə faktını izah edir.

Beləliklə, mikro- və makrohemodinamikada, həyati vacib orqanların toxuma metabolizmində müşahidə olunan qeyd olunmuş dəyişkənliklər  nəticəsində işemiya və nekrozlar yaranır ki, bunların da nəticəsində geriyə dönməz destruktiv pozğunluqlar müşahidə olunur.  Bu patoloji proseslərin səviyyəsi isə hipoksiyanın ağırlıq dərəcəsi ilə müəyyən olunur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Андреев А.В., Губина Г.И. Перинатальная гипоксия как причина патологических изменений надпочечников плодов и новорожденных -Вакулик // Международный медицинский журнал. - 2013. - № 3. - С. 65-69.
2.Долгов В.В., Свирин П.В. Лабораторная диагностика нарушений гемостаза. М.; Тверь: Триада ,227 с. 2005
3.Евсеенко, Д. А., Ещенко Ю.В. Изменения в фетоплацентарном комплексе при острой и хронической внутриутробной гипоксии  // Педиатрия. - 2002. - № 1. - С. 5-9.
4.Елисеева Е.Е.,Паршиков В.В., Миронов А.А. и др. Анализы. Полный справочник. М.: Изд-во. Эксмо, 2006, с. 42-50.
5.Карпова И.Ю. Изучение влияния хронической гипоксии на течение беременности и развитие потомства в эксперименте // Медицинский альманах. − 2011. − № 6 (19). − С. 55−57.
6.Кондратьева М.В., Романюк Ф.П. Состояние центральной гемодинамики у здоровых новорожденных детей и перенесших гипоксию // Вестник Санкт-Петербургского университета. − 2008. − Сер. 11, Вып. 4. − С. 181−189.
7.Мешкова Е. М., Томилова И. К., Абрамова И. В. Влияние антенатальной гипоксии на содержание биогенных аминов в головном мозге и печени плода и новорожденных в эксперименте // Фундаментальные исследования. – 2014. - № 10. – С. 1769-1772.
8.Mustafayeva G.Q., Qazıyev A.Q. Prenatal ontogenezi hipoksiya olunmuş bir aylıq siçovul balalarında qanın laxtalanma göstəriciləri.//AMEA-nın A.İ.Qarayev adına fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin Elmi Əsərlərinin Külliyatı.XXVIII cild. 2010. S.68-72.
9.Шахматов И.И., Вдовин В.М., Бондарчук Ю.А., и др. Гипоксическая гипоксия как фактор, активирующий систему гемостаза. Бюллетень сибирской медицины, 2007, №1. с 67-72.
10.Rachel M.E., Naik-Mathuria B.J., Gay A.N., et al. J.Parameters of thromboelastography in healthy newborns. Am. J.Clin. Pathol. 2008; 130(1): 99–102.
11.Fitzgerald L.A., Phillips D.R. Hemostasis and Thrombosis. Basic principles and Clinical Practice/ Eds R.W. Colman et al –Philadelphia PA: Lappincott. Williams Wilkins:1997-p.572-593.  


Müəlliflər:
A. Y. Qazıyev
S.İ. Əliyeva
Q.D. Rüstəmov

Digər jurnal və qəzetlər