TƏCİLİ KARDİOLOJİ YARDIMA TƏLƏBATIN CİNS VƏ YAŞDAN ASILI SƏCİYYƏLƏRİ

02-12-2018

Giriş. Təcili kardioloji yardıma tələbatı formalaşdıran qan dövranı sistemi xəstəlikləri üçün səciyyəvi cəhət odur ki, onlar əhalinin yaş və cins tərkibindən asılı fərqli səviyyədə yayılmışdır [1-4]. Bu xəstəliklərlə bağlı təcili yardım zərurəti barədə məlumatlar birmənalı deyildir. Bunun əsas səbəbləri arasında ambulator-poliklinika yardımının əlçatan olması və terapevtik təcili yardımın keyfiyyətli olması mühüm yer tutur. Mövcud qaydalara müvafiq olaraq təcili xəstələnmələrlə bağlı çağırışlara terapevtik briqadalar xidmət edirlər, onların tələbi ilə zərurət olduqda kardioloji briqada təcili yardıma cəlb edilir.(5,6,7) Ona görə təcili kardioloji yardıma tələbatın səviyyəsini, onun xəstələrin yaş və cinsindən asılı dəyişməsini öyrənmək tibbi təşkilati baxımdan aktualdır.

Tədqqiatın məqsədi. Şəhər əhalisinin yaş və cins tərkibindən asılı təcili kardioloji yardıma tələbatın səciyyələrini qiymətləndirmək.

Tədqiqatın materialları və metodları. Müşahidə retrospektik yolla Sumqayıt şəhər təcili-təxirəsalınmaz tibbi yardım stansiyasında aparılmışdır. Təqvim ili (2016) ərzində qeydə alınmış kardioloji briqada tərəfindən göstərilmiş yardımların sənədləri araşdırılmışdır. Çağırışlar səbəblərinə, xəstələrin yaşına, cinsinə, çağırış vaxtına və təmin olunma müddətinə görə qruplaşdırılmışdır. Təcili kardioloji yardıma tələbatın meyarı kimi 1000 nəfər əhaliyə düşən kardioloji briqadanın xidmət etdiyi çağırışların sayı istifadə edilmişdir. Xəstələrin cins qrupları üzrə yaşının təsviri statistikası (orta səviyyə, standart xəta, standart kənaraçıxma, moda, mediana, dispersiya, ekses, asimmetriya) müqayisə edilmiş, ayrı-ayrı yaş qruplarına görə xüsusi çəkiləri hesablanmış və onların nisbətinə görə nisbi ekstensiv meyarları müəyyən olunmuşdur.

Əhalininn cins və yaş qrupları üzrə təcili kardioloji yardıma tələbatının həcmini hesablamaq üçün zəruri olan müvafiq populyasiyanın sayı barədə məlumatlar, Azərbaycan Dövlət Statistika Komitəsinin müvafiq məcmuələrindən götürülmüşdür: 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59, 60-64, 65-69, 70-74, 75-79, 80 və yuxarı yaşlı kişi və qadın əhalisinə düşən çağırışların (1000 nəfərə görə)səviyyəsi, orta xətası, 95% etibarlılıq intervalı (t=2) hesablanmışdır. 20-24 yaşlarda kardioloji yardıma tələbat şərti normalaşdırıcı (referent, nəzarət qrupu) kəmiyyət kimi qəbul edilərək onunla müqayisədə digər yaş qruplarında əhali üçün kardioloji yardıma tələbatın nisbi riski müəyyən edilmişdir. Müvafiq yaş qruplarında kişi və qadın populyasiyasında kardiloji yardıma tələbatın nisbətinə görə cinlə bağlı riskin səviyyəsi təyin edilmişdir. Qadın, kişi və ümumi populyasiyada kardioloji yardıma tələbatın həcminin dinamikasınınn əsas trendi ən kiçik kvadratlar metodu ilə qiymətləndirilmiş, trendin yaxşı aproksimasiyanı verən riyazi model seçilmişdir [8].

Alınmış nəticələr. Təcili kardioloji yardıma ehtiyacı olan xəstələrin yaşa görə bölgüsü 1-ci cədvəldə əks olunmuşdur. Göründüyü kimi kişi və qadın pasiyentlərin yaş bölgüsü bir-birinə yaxındır, onların yaş qrupları üzrə xəstələrin xüsusi çəkisinə görə fərqi statistik dürüst deyildir. Kişi və qadınların yaş qruplarının ümumi toplumda paylarının nisbəti 0,7 – 1,2 intervalında dəyişir. Hər iki cins qruplarında xəstələr arasında 50-54 (12,92±1,21 və 12,83±1,01%), 55-59 (müvafiq olaraq 16,15±1,32 və 16,77±1,13%), 60-64 (14,21±1,25 və 14,85±1,07%), 65-69 (12,92±1,21 və 12,47±1,00%) yaşlı pasiyentlərin xüsusi çəkiləri çoxdur, 40 yaşa qədər xəstələrin xüsusi çəkiləri azdır. Beləliklə, kardioloji yardım tələb edən kişi və qadınların sayının (774 və 1091) fərqli olmasına baxmayaraq onların yaş qruplarına görə bölgüsü bir-birinə oxşardır.

20 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərinə orta hesabla 6,71±0,15 (95% etibarlılıq intervalı 6,39 – 7,02) kardioloji briqadanın çağırışı qeydə alınmışdır.

Kişi və qadın əhalisinin təcili kardioloji yardıma tələbatının yaş səciyyələri 2-ci cədvəldə verilmişdir. Göründüyü kimi yaş artdıqca kardioloji yardıma tələbat həm kişi, həm də qadın populyasiyasında çoxalır. Statistik dürüst artım kişi populyasiyasında 40 yaşdan sonra (35-39 yaşlarda 1,50±0,35 və 40-44 yaşlarda 2,80±0,52‰; P<0,05), qadın populyasiyasında isə 35 yaşdan sonra (30-34 yaşlarda 0,812±0,22 və 35-39 yaşlarda 2,00±0,39‰; P<0,05) müşahidə olunur. Sonrakı bütün yaş qruplarında əvvəlki yaş qrupu ilə müqayisədə təcili kardioloji yardıma tələbatın artması statistik dürüstdür (P≤0,05). 65 – 79 yaş intervallarında kişi populyasiyasında, 70 – 79 yaş intervalında isə qadın populyasiyasında təcili kardioloji yardıma tələbat yüksək səviyyədə nisbi stabildir (P>0,05). Təcili kardioloji yardıma tələbatın ən yüksək səviyyəsi 80 və yuxarı yaşlarda müşahidə olunur (90,0±9,04‰ kişi, 53,0±5,00‰ qadın populyasiyalarında).

Kişi və qadınların 20-24 yaşlarda olan qrupunda təcili kardioloji yardıma tələbat xeyli aşağı səviyyədədir (müvafiq olaraq 0,13±0,09 və 0,28±0,14‰). Bu yaş qrupunu şərti nəzarət (referent) qrupu kimi qəbul etdikdə onunla müqayisədə sonrakı yaş qruplarında təcili kardioloji yardıma tələbatın nisbi riski kişi populyasiyasında 2,7 – 675,0, qadın populyasiyasında 1,6 – 185,5 intervalında dəyişir. Nisbi riskin artım tempi bütün yaş qruplarında kişi populyasiyasında çoxdur.

Cədvəl 1.

Kardioloji briqadaya ehtiyacı olan xəstələrin yaşa görə bölgüsü.

Yaş, illər

Kişi

Qadın

Hər ikisi

Kişi / qadın

20 – 24

0,38±0,18

0,45±0,18

0,42

0,7

25 – 29

0,78±0,31

0,73±0,25

0,75

1,1

30 – 34

1,42±0,42

1,19±0,32

1,29

1,2

35 - 39

2,32±0,54

2,38±0,46

2,36

1,0

40 – 44

3,62±0,67

3,85±0,58

3,75

0,9

45 – 49

7,24±0,93

7,79±0,81

2,56

0,9

50 – 54

12,92±1,21

12,83±1,01

12,87

1,0

55 – 59

16,15±1,32

16,77±1,13

16,51

1,0

60 – 64

14,21±1,25

14,85±1,07

14,58

1,0

65 – 69

12,92±1,21

12,47±1,00

12,65

1,0

70 – 74

8,66±1,01

8,71±0,85

8,69

1,0

75 – 79

7,75±0,96

8,24±0,83

8,04

0,9

80 +

11,63±1,15

9,71±0,89

10,51

1,2

Cəm

100,0

100,0

100

 

 

Təcili kardioloji yardıma tələbatın həcminin (y) yaşdan (x) asılılığı yaxşı aproksimasiyaya (R² ˃0,90) malik polinominal reqressiya tənliklri ilə ifadə olunur:

Kişi populyasiyasında: y=0,00125x5–0,4042x4+4,7303x3–23,877x2+50,263x–32,471 (R²=0,9483)

Qadın populyasiyasında: y=-0,001x5+0,0219x4–0,1177x3+0,3375x2–0,1311x +0,07 (R2 =0,9892)

Eyni yaş intervallarında kişi və qadın populyasiyalarında təcili kardioloji yardıma tələbat bir-birindən fərqlidir, amma statistik dürüst (P<0,05) fərq yalnız 60-64 (18,33±1,73 və 23,14±1,79‰), 70-74 (33,50±4,02 və 47,50±4,75‰), 75-79 (30,0±3,81 və 45,0±4,63‰), 80 və yuxarı yaşlarda (90,0±9,04 və 53,0±5,00‰) təsdiq olunur. Bütövlükdə qadın populyasiyasında təcili kardioloji yardıma tələbatın həcmi  7,62±0,23‰) kişi populyasiyası ilə müqayisədə (5,73±0,20‰) statistik dürüst (P<0,001) 1,3 dəfə çoxdur.

Cədvəl  № 2.

Cinsdən asılı kardioloji yardıma tələbatın həcmi (1000 nəfərə düşən çağırışla)

Yaş, illər

Kişi

Qadın

Nisbi risk

Nisbət

qadın/kişi

kişi

qadın

20 – 24

0,13±0,09

0,28±0,14

1,0

1,0

2,1

25 – 29

0,35±0,14

0,44±0,15

2,7

1,8

1,3

30 – 34

0,73±0,22

0,81±0,22

5,5

2,8

1,1

35 - 39

1,50±0,35

2,00±0,39

11,3

7,0

1,3

40 – 44

2,80±0,52

3,81±0,58

21,0

13,5

1,4

45 – 49

5,60±0,74

7,08±0,76

42,0

24,8

1,3

50 – 54

9,09±0,90

11,66±0,98

68,2

40,8

1,3

55 – 59

13,88±1,23

16,63±1,21

104,2

58,2

1,2

60 – 64

18,33±1,73

23,14±1,79●

137,5

81,0

1,3

65 – 69

33,3±3,27

34,0±2,86

250,0

119,0

1,0

70 – 74

33,50±4,02

47,5±4,75●

251,3

166,3

1,4

75 – 79

30,00±3,81

45,0±4,63●

225,0

157,5

1,5

80 +

90,0±9,04

53,0±5,00●

675,0

185,5

0,6

Cəm

0,73±0,20

7,62±0,23

-

-

1,3

 

Ayrı-ayrı yaş qruplarında qadın və kişilərin təcili kardioloji yardıma tələbatının nisbətləri fərqlidir, göstəricinin yüksək səviyyəsi (2,1) 20-24 yaş intervalında, ən kiçik səviyyəsi (0,6) 80 və yuxarı yaşlarda qeydə alınmışdır. 20-80 yaş intervallarında təcili kardioloji yardıma tələbat qadın populyasiyasında (1 – 2,1 dəfə), 80 və yuxarı yaşlarda isə kişi populyasiyasında (1,7 dəfə) çoxdur, 60-69 yaş intervalında hər iki populyasiyada tələbatın həcmi praktik eynidir (33,3±3,27 və 34,0±2,86‰).

Alınmış nəticələrin müzakirəsi. Təcili kardioloji yardıma tələbatın səviyyəsi (20 və yuxarı yaşlı əhalinin 1000 nəfərinə düşən çağırışların sayı – 6,71±0,15) bizim müşahidəmizdə Sabanov və həmmüəlliflərin [5] müşahidəsinə (7,8‰) xeyli yaxındır. Qadınların və kişilərin təcili kardioloji yardıma tələbatı bir-birindən bizim məlumatlarımıza görə (7,62±0,23 və 5,73±0,20‰) 1,3 dəfə, Sabanov və həmmüəl-liflərin [5] müşahidəsində 1,8 dəfə fərqlənmişdir. Ümumi cəhət odur ki, hər iki müşahidə qadınların təcili kardioloji yardıma tələbatının çox olmasını göstərir. Qadın və kişilərin təcili kardioloji yardıma tələbatının yaşdan asılılığı barədə bizim müşahidəmizə oxşar tədqiqat haqqında ədəbiyyatda məlumata rast gəlmədiyimizə görə onların müqayisəsini aparmaq mümkün olmasa da, bu barədə sübutlu nəticələrə gəlmək olar. Belə ki, tədqaqatımızda ilk dəfə təcili kardioloji yardıma tələbatın yaşdan asılı dinamikasının riyazi modeli əsaslandırılmışdır. Aldığımız reqressiya tənliklərinin etibarlılığı çox yüksəkdir, determinasiya əmsalı (R²) 0,9583 –dən böyükdür. Qadın və kişi populyasiyanda təcili kardioloji yardıma tələbatın həcmi 60 yaşa qədər bir-birinə çox yaxındır, onun statistik dürüst fərqi yalnız 60-64, 70-74, 75-79, 80 və yuxarı yaşlarda müşahidə olunur. Əhalinin cins və yaş tərkibi ayrı-ayrı ölkələrdə, hətta bir ölkənin regionlarında bir-birindən fərqləndiyinə görə təcili kardioloji yardım şəbəkəsinin  yaradılması prosesində bu xidmətə tələbatın həcminə təsir edən əsas amilləri (yaş və cins) nəzərə almaq zəruridir.

Nəticələr.

1.Təcili kardioloji yardıma tələbatın ümumi həcmi (illik çağırışların sayı) 20 və yuxarı yaşlı populyasiya üçün 6,71±0,15‰, kişi populyasiyası üçün 5,73±0,20‰, qadın populyasiyası üçün 7,62±0,23‰ səviyyəsindədir.
2.Təcili kardioloji yardıma tələbatın həcminə təsir edən əsas amil əhalinin yaş tərkibidir, 80 və yuxarı yaşlarda 20-24 yaşlarla müqayisədə tələbatın həcmi qadın populyasiyasında 185,5 dəfə, kişi populyasiyasında 675 dəfə çoxalır.
3.Təcili kardioloji yardıma tələbatın gender fərqi 20-60 yaş intervalında statistik dürüst deyil, 60-79 yaş intervalında qadın populyasiyasında, 80 və yuxarı yaşlarda kişi populyasiyasında statistik dürüst çoxdur.
4.Təcili kardioloji yardıma tələbatı olan xəstələrin əksəriyyəti 50 və yuxarı yaşlı pasiyentlərdir, kişi və qadın xəstələrin yaşa görə bölgüsü bir-birindən statistik dürüst fərqlənmir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Агаев Ф.Б., Агаев Д.А. Скорая медицинская помощь в городе многоотраслевой промышленностью // Советское здравоохранения, 1981, №12, с. 13-15
2.Бойков А.А., Ханин А.З. Основные направления организационно-методической работы станции скорой медицинской помощи (методические рекомендации). СПб «Политехника-сервис», 2006, 56 с.
3.Кравчук Д.А. Пути оптимизации оперативного отдела скорой медицинской помощи // Дальневосточный медицинский журнал, 2011, №2, с. 94 – 96
4.Габибулаев Ф.А. Частота и структура обращаемости населения за скорой и неотложной помощью // Здравоохранение Российской Федерации, 2012, №1, с. 39 – 41
5.Сабанов В.И., Ткаченко Е.Н., Аникеев А.Ф. Уровень и объем скорой медицинской помощи населению в городе областного подчинения // Волгоградский научно-практический журнал, 2011, вып.1; 3, 7 п.л
6.Пайков В.Л., Воронцова М.М. Оценка кратности обращений больных за скорой медицинской помощью // Казанский медицинский журнал, 2016, Т.97, №3, с. 432 – 435
7.Николаева А.А. Использование новых медицинских технологий в кардиологической практике // Научный альманах, 2016, №3, с. 128 – 131
8.Стентон Г. Медико-биологическая статистика. Москва. Изд. Практика. 1999. 459 с.


Müəlliflər:
O. Quluzadə

Digər jurnal və qəzetlər