TRİPLİKSAM PREPARATININ HİPERTONİYA XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ TƏTBİQİ
06-12-2018
Arterial hipertoniyanın yaranmasında müxtəlif mürəkkəb mexanizmlərin iştirakını nəzərə alaraq, müxtəlif təsir mexanizminə malik hipotenziv preparatların bu xəstəliyin müalicəsində kombinəedilmiş formada istifadəsi böyük əhəmiyyət kəsb edir. Son vaxtlar kalsium ionları antaqonistlərinin tiazid qrup diuretiklərlə kombinasiya edilmiş dərmanları çox geniş istifadə olunur (1).
Müxtəlif kalsium kanalları blokatorlarının təsir mexanizmləri arasında prinsipial fərq vardır. Belə ki, yavaş və ya uzunmüddətli təsir göstərən dehidropiridin tərkibli kalsium kanallarının blokatorları vazoselektiv, qeyri-dehidropiridin tərkibli blokatorlar isə kardioselektiv təsir göstərir. Buna görə kalsium ionları antaqonistlərinin hansının tiazid qrup diuretiklərlə kombinə etməyin böyük əhəmiyyəti vardır (2,3). Bu məqsədlə istifadə olunan yavaş təsir mexanizminə malik amlodipin preparatlarının daha böyük praktik əhəmiyyəti vardır. Bizim istifadə etdiyimiz Tripliksamın tərkibinə bu preparat daxildir.
Amlodipin uzunmüddətli təsirə malikdir -24 saata kimi. Sinus düyününə və atrioventrikulyar keçiriciliyə çox zəif təsir göstərir, həmçinin trombositlərin aqreqasiyasına tormozlayıcı təsir edir (4). Son vaxtlar kalsium kanallarının blokatorları təbabətin müxtəlif sahələrində geniş istifadə olunur. Bunu onunla əlaqələndirirlər ki, patoloji proseslər zamanı (hipoksiya, işemiya) kalsium ionları, xüsusən də onların konsentrasiyası yüksək olduqda ekstrasistoliyaların generalizasi-yasına səbəb olur, hüceyrə metabolizmini sürətləndirərək toxumaların oksigenə olan tələbatını artırır və toxumalarda destruktiv dəyişikliklər yaradır. Bütün bu hallarda kalsium ionları antaqonistləri, xüsusən də amlodipin patogenetik farmakoloji təsir göstərir (5,6).
Amlodipinin qanda konsentrasiyasının yavaş-yavaş artması nəticəsində bu preparat uzunmüddətli və bərabər surətdə təsir göstərir. Amlodipinin tətbiqi hipertoniya xəstəliyindən ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaltmışdır.Amlodipinə əks göstərişlər çox azdır.
Tripliksamın tərkibinə daxil olan 2-ci preparat tiazid qrupuna aid olan indapamiddir (Arifon). Bu preparat natrium ionlarının Henle ilgəyinin kortikal hissəsindən reabsorbsiyasını azaldır və E2 prostaqlandinlərinin sintezini sürətləndirir (7). Həmçinin, damarların əzələ qişasının kalsium kanallarını blokada edərək ümumi dammar müqavimətini azaldır. Hipertoniya xəstəliyinin müalicəsində indapamid, kalsium kanalları blokatorları və angiotenzin çevirici fermentlərin inhibitorları kombinə edilmiş formada geniş istifadə olunur (1). Lakin, indapamid keçirilmiş insult, qaraciyərin ağır xəstəlikləri, ağır şəkərli diabet, hamilə və südverən qadınlara və bir sıra başqa xəstəliklərdə əks göstərişdir.
Tripliksamın tərkibinə daxil olan 3-cü preparat angitenzin çevirici fermentin inhibitoru olan perindopril (Prestarium) preparatıdır. Son vaxtlar hipertoniya xəstəliyinin müalicəsində angiotenzin çevirici fermentin inhibitorlarının kalsium ionları antaqonistləri ilə kombinasiyasından geniş və müvəffəqiyyətlə istifadə olunur (8).
Məlumdur ki, angiotenzin-II damardaraldıcı təsir göstərir, həmçinin renin-angiotenzin-aldosteron sistemini stimullaşdırır və beləliklə, arterial qan təzyiqinin artmasına səbəb olur. Angiotenzin-II isə angiotenzin-I-dən angiotenzinçevirici fermentin təsiri ilə yaranır və angiotenzin-I pressor təsirə malik deyildir. Beləliklə, biz angiotenzin çevirici fermenti inhibisiya etməklə orqanizmdə çox aktiv endogen mənşəli pressor factor olan angiotenzin-II-nin yaranmasının qabağını ala bilərik. Buna görə də müasir dövrdə hipertoniya xəstəliyinin, həmçinin, böyrək mənşəli simptomatik hipertoniyanın malicəsində angitenzin çevirici fermentin inhibitorların-dan geniş istifadə olunur. Bu qrup preparatlar angiotenzin-II-nin ürək-damar, neyroendokrn və başqa sistemlərə göstərdiyi mənfi təsirləri aradan qaldırır (6).
Bu qrup dərmanlar sidikqovucu və ürək qlikozidləri ilə birlikdə güclü hipotenziv təsiri ilə yanaşı, xronik ürək çatmamazlığında, sol mədəciyin sistolik və diastolik disfunksiyalarının müalicəsində geniş istifadə olunur. Bu preparatlar arteriyaların ümumi periferik müqavmətini azaldaraq, arteriyaların system vazodilatasiyasını yaradır. Bu qrup dərmanlardan olan perindopril (Prestarium) Tripliksamın tərkibinə daxil edilmişdir. Perindopril orqanizmdə aktiv metabolit olan perindoprilata çevrilir və bundan sonar müalicəvi təsir göstərir.
Istifadə etdiyimiz Tripliksam preparatı kombinəolunmuş hipotenziv preparat olub, hər 3 komponentdən hər biri o birilərinin antihipertenziv təsirini gücləndirir. Tripliksama göstəriş və əks göstərişlər hər bir preparat üçün müəyyən edilmiş göstəriş və əks göstərişlərdən ibarətdir. Əsas əks göstərişlər böyrək və qaraciyər çatmamazlığı, dekompensasiya olunmuş ürək çatmamazlığı, preparatın component-lərinə qarşı həssaslıq və s., həmçinin, hamilə və südverən qadınlarda Tripliksamın təyini əks göstərişdir.
Müşahidəmiz altında hipertoniya xəstəliyinin II mərhələsi olan 25 xəstə olmuşdur ki, onların yaşı 32-63 arasında olub, 13 kişi və12 qadından ibarət olmuşdur. Bunların arasında olan 8 xəstəyə əvvəllər müxtəlif dərmanlarla aparılan hipotenziv müalicələr az effekt vermiş və qan təzyiqinin stabilləşməsi müşahidə olunmamışdır. Xəstələrin 3-də xronik bronxit, 2 nəfərdə aritmiya, 3 nəfərdə isə gərginlik stabil stenokardiyası II FS olmuşdur.
Xəstələrə 20 gün ərzində səhərlər yeməkdən sonar aşağıdakı tərkibdə 1 tablet Tripliksam verilmişdir: 10 mq amlodipin2,5 mq indapamid5 mq perindopril. Preparatın qəbulundan bir neçə gün sonra xəstələrdə vəziyyət yaxşılaşmışdır. Müalicənin axırında xəstələrdə baş ağrıları, ürək nahiyəsində olan küt ağrılar əhəmiyyətli dərəcədə azalmış və ya itmişdir. Xəstələdə görmə və yuxu, həmçinin, ümumi əhvali-ruhiyə yaxşılaşmışdır. Təngnəfəslik və ürəkdöyünmə azalmışdır.
Xəstələrdə sistolik arterial qan təzyiqi 178±4-dən 138±2 mm c.s., diastolik arterial qan təzyiqi 112±4-dən 92±3-ə kimi azalmışdır. Ürək vurğularının sayı 1 dəqiqədə 110 vurğudan 82-yə kimi azalmışdır. Həmçinin EKQ-da koronar qan dövranının yaxşılaşması əlamətləri olmuşdur. Tripliksam qanın laxtalanma müddətinə, protrombin indeksinə və qanda şəkərin miqdarına əhəmiyyətli təsir göstərməmişdir.
Müalicə dövründə 3 xəstədə quru öskürək, 2 yaşlı xəstədə hipotoniya əlamətləri və 3 xəstədə yüngül allergik dəri səpkiləri müşahidə olunmuşdur.
Beləliklə, hipertoniya xəstəliyinin yaranmasında iştirak edən müxtəlif mürəkkəb mexanizmləri nəzərə alaraq, Tripliksamın tərkibinə daxil olan 3 preparat bu mexanizmlərin əksəriyyətinə patogenetik təsir edərək arterial qan təzyiqinin əhəmiyyətli dərəcədə azalmasını və onun stabilləşməsini təmin edir.
Buna görə də bu preparata olan əks göstərişləri nəzərə almaqla Tripliksam müasir dövrdə istifadə olunan ən effektiv hipotenziv dərman preparatlarından biri sayılmalıdır. Bu preparat qan təzyiqinin qısa müddət ərzində və əhəmiyyətli dərəcədə azalmasını və stabilləşməsini təmin edir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Искендеров Б.Г., Сисина О.Н., Бурмистрова А.Ф. Выбор рациональных комбинаций индапамида с раличнми антагонистами кальция у больных с артериальной гипертонией. Кардиология, 2011,т.51,4,22-28.
2.Чазов И.Е.,Бойцов С.А., Остроумов О.Д. Kомбинированная терапия больных артериалной гипертонией. Методическое письмо. М.2004.
3.Lefandi J.D., Hertmann J., Seve K. et.al. The effects of dihydripiridine and phenilakylamine calcium antagonist classes on gutanomic function in hypertension: the YAMPHYRE study. Am.j.hyperten.,2001, 14, 1083-1089.
4.Диагностика и лечение артериальой гипертeнзии: рекоендации Российского медицинского общеста по артериальной гипертонии и Всероссийского научного общества кардиологов (третий пересмотр). Кардиоваск тер и проф, 2008, 6 (Приложение-2),3-32.
5.Грацинский, Н.А. Должны ли антагонисты кальция длительного действия быть лекарствами первого выбора при лечении гипертонии. Кардиология 2000,11,с.54.
6.Машковский М.Д. Лекарственные средства М. 2005,425-431,435-441.
7.Подзолков В.И., Можарова Л.Г., Хамицкая Ю.В. Индапамид ретард в лечении артериальной гипертензии у женщин после гистерэктомии с сохронением яичников. Кардиология, 2004,т. 44, 6, с.40-44
8.Ткачева О.Н., Барабашкина А.В., Новикова И.М., Рунихина Н.К. Изучение эффектов комбинации рамиприла и алодипина у пациентов артериальной гипертензией и сахарным диабетом 2-го типа. Кардиология, 2009, т.49,5,с.40-48
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı