MÜASİR ŞƏRAİTDƏ BÖYÜK YAŞLARDA QIZILCANIN KLİNİK GEDİŞİNİN XÜSUSİYYƏTLƏRİ.

31-01-2019

Qızılca kəskin virus antroponoz xəstəlikdir. Bu patologiya güclü intoksikasiya, kataral və kataral-irinli rinit, laringit, konyuktivit, özünəməxsus enantema və papulyoz-ləkəli səpkilərlə xarakterizə olunur.

                 Qızılca virusu Morbilivirus cinsinə aid olub, ştammları arasında antigen quruluşuna görə heç bir fərq yoxdur. Virus hemaqqlyutinin, hemolizin və simplastik aktivliyə malikdir.(1)

        Qızılcada infeksiya mənbəyi yalnız xəstə insandır (gizli dövrün son günlərində, maksimal dərəcədə prodromal-kataral dövrdə və nisbətən az dərəcədə səpki dövründə). Xəstəlikdə sağlam virusgəzdirmə inkar olunur. Bununla yanaşı xəstəliyin simptomsuz təsadüfləri haqqında məlumatlar da qeyd edilmişdir. Belə xəstələr də həmçinin infeksiya mənbəyi ola bilir.(2)

        Qızılcada yoluxma mexanizmi hava-damcıdır.(3) Yoluxma öskürmə, asqırma, ucadan qışqırma, ağlama və danışıq zamanı baş verir. Xəstəliyə həssaslıq çox yüksəkdir (100%-ə yaxındır). Bəzi müəlliflərin müşahidələrinə görə qızılcalı xəstə ilə 24 saat müddətində təmas 40%, 48 saat ərzində 60%, 72 saat müddətində isə 80% xəstələnmə ilə nəticələnir.(4)

        Keçirilmiş xəstəlikdən sonra davamlı, gərgin immunitet qalır. Xəstələnmiş-lərin 99%-də immunitet ömürboyu olur.(5)

        Qızılca ilə xəstələnmə dövrlülüklə xarakterizə olunur və son illər 8-10 ildən bir qeydə alınır.

        Müasir dövrdə qızılcanın aşağıdakı klinik variantları qeyd edilir: ensefalitlə fəsadlaşmış qızılca, meningitlə fəsadlaşmış qızılca, pnevmoniya ilə ağırlaşmış qızılca, orta otitlə fəsadlaşmış qızılca, bağırsaq ağırlaşmaları verən qızılca, digər ağırlaşmalarla gedən qızılca və fəsadsız qızılca.

        Qeyd etmək lazımdır ki, klassik uşaq infeksiyası hesab edilən qızılca son illər 16-17 yaşlı yeniyetmələr və böyüklər arasında daha çox qeydə alınır.(6) Bu da ilk növbədə ambulator şəraitdə həkim infeksionistlərin və həkim-terapevtlərin bu xəstəliyin vaxtında və düzgün klinik diaqnostika və müalicə məsələlərində mühüm əhəmiyyət kəsb edir.

        Tədqiqatın məqsədi yeniyetmə və böyüklərdə qızılcanın klinik gedişinin əsas xarakterik xüsusiyyətlərini müəyyənləşdirməkdən ibarət olmuşdur.

        Tədqiqatın material və metodları. Klinik müşahidələr 2018-2019-cu illərdə Klinik Tibbi Mərkəzin tənəffüs infeksiyaları şöbəsinə daxil olmuş 32 qızılca diaqnozlu xəstələr üzərində aparılmışdır.

        Böyüklərdə xəstəliyin klinik müşahidələrlə müəyyənləşdirilmiş xarakterik əlamətlərinin 1 saylı uşaq yoluxucu xəstəxanasının tənəffüs infeksiyaları şöbəsində eyni sayda qızılca diaqnozu ilə müalicə almış xəstələrin müvafiq əlamətlərinin rəqəm göstəriciləri ilə müqayisəli təhlil edilmişdir.

        Tədqiqatın nəticələri və müzakirəsi. Müəyyən edilmişdir ki, əksər böyük yaşlı xəstələrdə qızılca güclü intoksikasiya simptomları(yüksək hərarət, anoreksiya, qusma, baş ağrıları, adinamiya, yuxunun pozulması, yüksək həddə qıcıqlanma) ilə uşaqlarla müqayisədə ağır keçir. Bu zaman onlarda uşaqlarla müqayisədə kataral əlamətlər zəif olur. Həmçinin uşaqlarla müqayisədə böyüklərdə Belski-Filatov-Koplik ləkələri selikli qişalara geniş yayılmaqla, çox saylı qeydə alınmışdır. Səpmə dövründə əhəmiyyətli fərq olmasa da, böyüklərdə səpki elementlərinin sayı çox olmaqla, birləşməyə daha çox meylliliklə fərqlənmişdir. Böyüklərdə hemorragik petexiyal səpkilər tipik səpki elementləri ilə yanaşı daha çox qeydə alınmışdır. Bütün bu qeyd edilənlər uşaqlarla müqayisədə səpki elementlərinin qabıqlanmasına səbəb olur.

        Müəyyən edilmişdir ki, uşaqlara nisbətən böyüklərdə ensefalit (2 xəstədə), meningit (1 xəstədə), meninqoensefalit (1 xəstədə) daha çox inkişaf edir. Klinik müşahidələr zamanı cəmi 1 uşaqda ensefalit, 8 uşaqda isə pnevmoniya qeydə alınmışdır. Böyüklərdə pnevmoniya 3 xəstədə rentgenoloji müəyyənləşdirilmişdir.

        Qeyd etmək lazımdır ki, hamiləlik zamanı qızılca təsadüflərində virusla infeksiyalaşma nəticəsində dölün bir sıra inkişaf qüsurlarının yaranması məsələləri hal-hazırda öyrənilir. Bir sıra müəlliflərə görə anadangəlmə qızılca mümkündür və inkişaf qüsuru törətmir. Digərləri isə  hesab edirlər ki, doğuşaqədərki  5-8 həftəlik infeksiyalaşma zamanı anadangəlmə qüsurların riski 85%, 9-12 həftəlik infeksiya-laşma zamanı isə 50% təşkil edir.

        Beləliklə, aparılmış tədqiqatın nəticəsi kimi aşağıdakıları qeyd etmək olar.

1.Böyük yaşlarda qızılcanın klinik gedişi uşaqlarla müqayisədə daha ağır olur.

2.Böyüklərdə qızılca güclü intoksikasiya simptomları ilə müşayət olunur.

3.Böyüklərdə kataral əlamətlər zəif olur.

4. Böyüklərdə Filatov-Koplik ləkələri çoxsaylı olmaqla geniş yayılır.

5. Böyüklərdə səpki elementlərinin sayı çox olmaqla hemorragik petexial səpkilər daha çox qeydə alınır.

6.Böyüklərdə ensefalit, meningit, meninqoensefalit uşaqlarla müqayisədə daha çox inkişaf edir.Uşaqlarda isə fəsad kimi pnevmoniya ustünlük təşkil edir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Шувалова Е.П., Белозеров Е.С. Инфекционные болезни., Санкт-Петербург, 2015
2.Шувалова Е.П. Инфекционные болезни. Москва, 2005
3.Постовит В.А. Детские капельные инфекции у взрослых, Москва, 1982.
4.Покровский В.И. Руководство по инфекционным болезням. Москва, 2004
5.Клиническая иммунология в педиатрии / Сборник научных трудов конф., Баку 1987
6.Учайкин В.Ф. Нисевич Н.И. Инфекционные болезни у детей, 2010


Müəlliflər:
M.M. Muxtarov
A.A. Qaragözova
Ş.M. Rəşidova
G.X. İbrahimov
S.X. Xəlilli

Digər jurnal və qəzetlər