İKİNCİLİ TAM ADENTİYA ZAMANI TƏKRAR HAZIRLANMIŞ TAM ÇIXAN LÖVHƏLİ PROTEZİN YARATDIĞI HÜNDÜRLÜYƏ ADAPTASİYA.
01-02-2019
İkincili tam adentiya zamanı tam çıxan lövhəli protezlərdən istifadə edən və müxtəlif səbəblərdən dişləmin hündürlüyü enmiş pasiyentlərin [1,2,3] təkrar tam çıxan lövhəli protezlərlə ortopedik müalicəsi zamanı alveolarası məsafənin artırılması problemi [4,5,6] hələ də birmənalı qarşılanmır və problem kimi aktuallıq kəsb edir.
Tam çıxan lövhəli protez bazisi üzərindəki plastmas dişlərin sürtülməsi, protez yatağı toxumalarının atrofiyası hesabına sifətin aşağı 1/3 hissəsinin hündürlüyünün [3,7] və çeynəmə effektinin azalması, nitq və estetik qüsurun yaranması faktorları təkrar tam çıxan lövhəli protez hazırlanmasına ehtiyac yaradır [8,9,10].
Enmiş dişləm hündürlüyünün birmomentli qaldırılması metoduna aid müxtəlif fikirlər mövcuddur. Ümumiyyətlə, enmiş dişləm hündürlüyünün nisbi sakitlik, ondan alçaq və ya hündür vəziyyətlərdə bərpa olunması mümkündür [2,5,3]. Məlum metodlar isə buna birmənalı obyektiv qiymət vermək üçün yetərli deyildir.
Aparılan tədqiqat işinin məqsədi tam çıxan lövhəli protezdən istifadə edən və dişləmin hündürlüyü enmiş pasiyentlərdə alveolarası hündürlüyün mərkəzi okklüziya vəziyyətində bərpa olunaraq ortopedik müalicə göstəricilərinin analizi, pasiyentlərin protezə adaptasiya xarakterinin öyrənilməsindən ibarətdir.
Tədqiqatın material və metodları. Ağız boşluğunda ikincili tam adentiyası olan 36-95 yaş arasında tam çıxan lövhəli protezi olan və təkrar tam çıxan lövhəli protez hazırlanması üçün müraciət etmiş 609 pasiyentin stomatoloji müayinəsi klassik üsulla aparılmışdır. Bunlardan 158 nəfər tam çıxan lövhəli protezi olmasına baxmayaraq demək olar ki, ondan müxtəlif narahatlıqlar yaradan səbəblərə görə heç istifadə etməyiblər. Tam çıxan lövhəli protezdən istifadə edən 451 nəfərdə isə dişləm hündürlüyü müxtəlif səbəblərdən enmişdir. Obyektiv müayinə zamanı bunlardan 252 nəfərdə protezin üzərindəki süni dişlərin sürtülməsi, 132 nəfərdə alveolyar hissənin atrofiası (alveolyar hissənin atrofiası istifadə olunan tam çıxan lövhəli protez bazisi korreksiya edici A-silikonla test olunaraq), 77 nəfərdə isə müayinə zamanı tam çıxan lövhəli protez üzərindəki süni dişlərin sürtülməməsi və alveolyar hissənin hiss olunacaq atrofiyası aşkarlanmasa da dişləm hündürlüyü enmişdir.
Tam çıxan lövhəli protezlərlə ortopedik müalicə zamanı kliniki vəziyyəti nəzərə almaqla təkrar tam çıxan lövhəli protezlər hazırlanmış və dişləmin hündürlüyü bərpa olunmuşdur.
Dişləmin hündürlüyü təkrar tam çıxan lövhəli protez hazırlayan zaman nisbi sakitlik vəziyyətindən 2-8 mm az olmuş, yeni protezlərdə süni dişlərin düzülməsi üçün yetərincə yer olmuş, alveolyar çıxıntı münasibətlərinin xarakteri, protezləmənin kosmetik effekti yaxşılaşdırılmışdır. Yuxarı və aşağı kəsici dişlərin dodaqların qapanış xəttində olması antropometrik qanunauyğunluğundan, sifətin anatomik göstəricisindən və udqunma sınağından istifadə olunmuşdur.
Aşağı çənə nisbi sakitlik vəziyyətində olduqda mərkəzi okklüziya köhnə və yeni protezlərdə ştanqesirkulla ölçülmüşdür. Ölçmə yeni tam çıxan lövhəli protezləri taxan gün və bir, altı ay istifadə etdikdən sonra aparılmışdır.
Sifətin aşağı 1/3 hissəsinin nisbi sakitlik və mərkəzi okklüziya vəziyyətində dəyişikliyini obyektiv qiymətləndirmək üçün funksional udqunma sınağı aparılmışdır.
Pasiyentlər hazırlanmış tam çıxan lövhəli protezlərində yeni dişləm hündürlüyünə adaptasiya xarakterinə görə iki qrupa ayrılmışdır. Riyazi işlənmişdir.
Nəticələr və onların müzakirəsi.Birinci qrup 405(185 kişi, 220 qadın) nəfər protezə adaptasiyanı heç bir subyektiv narahatlıq olmadan keçmişdir. Xəstələrin şikayəti protezi istifadə etdikləri birinci gün yaranmışdır. Protez yatağı selikli qişasının çox narahat etməyəcək ağrılı olması, xüsusilədə aşağı çənədə, ağız boşluğunda diskomfort hissinin olması, nitq-tələffüs pozğunluğu, qida qəbulu və danışan zaman dilin hərəkətinin məhdudlaşması olmuşdur.
İcra olunan korreksiyalar söylənən şikayətlərin sayını azaldır və protezə tez vərdiş olmaya səbəb olur. 2-3 həftənin ərzində xəstə protezə tamamilə adaptasiya olunur. Çeynəmə və nitq funksiyası yaxşılaşma ilə xarakterizə olunur.
İkinci qrup 204(94 kişi, 110 qadın) xəstədə protezin yeni dişləm hündürlüyünə adaptasiya dövründə subyektiv narahatlıq daha uzunmüddətli xarakterdə olmuşdur. Xəstələr danışıq zamanı dişlərin səs etməsi, tez dəyməsi, çeynəmə əzələləri nahiyyəsində ağrılı olması, bəzi hallarda başa düşülməyən ağrılar gicgah-çənə oynağı nahiyyəsində, protez yatağı selikli qişasında ağrılar mütəmadi olaraq protez bazisinin korreksiyası ilə nəticələnir. Daha çox subyektiv narahatlıqlar dörd xəstədə protezi taxdıqdan bir həftə sonra qeyd edilmişdir, hündür dişləm altı xəstədə iki həftə, doqquz xəstədə isə dörd həftə ərzində büruzə vermişdir.
İkinci qrup pasiyentlərin tam çıxan lövhəli protezlərə adaptasiyası 3-6 həftə ərzində davam etmişdir. İki xəstədə isə tam çıxan lövhəli protezə iki ay ərzində vərdiş edə bilməmişdir.
Yeni tam çıxan lövhəli protez hazırlanmış 538 (283 kişi, 255 qadın) xəstədə köhnə protezdəki hündürlüyə nisbətən 2-6 mm qaldırılmış, 71(45 kişi, 26 qadın) xəstədə 6-8 mm qaldırılmışdır. Yeni protezi taxan gün dişləm hündürlüyünün bərpası mərkəzi okklüziya vəziyyəti kliniki olaraq xəstələrdə təyin olundu. Mərkəzi okklüziya vəziyyəti və nisbi sakitlik halında çənələrin mərkəzi münasibətləri arasındakı məsafə 224 (185 kişi, 39 qadın) xəstədə 1-3 mm, 182 (102 kişi, 80 qadın) xəstədə 4-6 mm, 303 (152 kişi, 151 qadın) xəstədə 6-8 mm olmuşdur.
Bir aydan sonra mərkəzi okklüziya vəziyyəti və nisbi sakitlik halında çənələrin mərkəzi münasibətləri arasındakı məsafə 436 (396 kişi, 40 qadın) xəstədə 2-4 mm, 110 (52 kişi, 58 qadın) xəstədə 4-6 mm, 63 (42 kişi, 21 qadın) xəstədə 6-8 mm olmuşdur. Altı aydan sonra mərkəzi okklüziya vəziyyəti və nisbi sakitlik halında çənələrin mərkəzi münasibətləri arasındakı məsafə 563 (426 kişi, 137 qadın) xəstədə 2-4 mm, 24 (13 kişi, 11 qadın) xəstədə 4-6 mm, 22 (12 kişi, 10 qadın) xəstədə 6-8 mm olmuşdur.
Kliniki müşahidələr göstərmişdir ki, dişləmin hündürlüyünün birmomentli 5-6 mm qaldırılması subyektiv narahatlığa səbəb olmur. Buna görə də əgər çənələrin mərkəzi münasibətləri 6 mm-i keçmirsə dişləri mərkəzi okklüziya vəziyyətində bərpa etmək lazımdır. Bəzi hallarda çənələrin mərkəzi münasibətləri arasındakı məsafə yeni protez hazırlayana qədər 8 mm-dən böyük olur, biz belə hesab edirik ki, dişləmin yeni hündürlüyünü 2-4 mm nisbi sakitlik halından alçaq edək.
Əgər çənələrin mərkəzi münasibətləri təkrar protezləmə günü 6-8 mm-dən çox olmursa, biz belə hesab edirik ki, yeni protezdə dişləmin hündürlüyü udqunma sınağına görə təyin olunsun.
Alınan nəticələr göstərir ki, protezin keyfiyyətli yeni hündürlük səviyyəsini, fizioloji sakitlik, dişləmin nisbi sakitlik halına qədər yüksəldilməsi və hətta ondan alçaq olmasını üçüncü və dördüncü kliniki mərhələlərdə yerinə yetirilən funksional sınaqlarla təyin olunması hazırlanmış tam çıxan lövhəli protezlərin effektivliyini artırır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Войтяцкая И.В. Анатомо-физиологическое обоснование объема и тактики лечения стоматологических больных со сниженным прикусом.: Дисс….док. мед.наук.-Санкт-Петербург.,- 2016.- 74;157 с
2.Клинеберг И., Джагер Р. Окклюзия и клиническая практика -М.: МЕД-пресс, 2006.-200с
3.Ряховский А.Н., Дедков Д.Н., Гветадзе Р.Ш., Бойцова Е.А. Определение высоты прикуса по результатам цефалометрического анализа боковой телерентгенограммы //Стоматология.-2017.-№1.-63-71 с
4.Арутюнов А.С¹., Шанидзе З.Л²*., Царева Е.В²., Арутюнов С.Д². Особенности ортопедического лечения пациентов с полным отсут-ствием зубов и послеоперационными дефектами верхней челюсти онкологического генеза Москвы//Стоматология.-2018.-№1.-54-58 с
5.Миргазизов М.З. Проблемы протезирования при полном отсутствии зубов//Материалы 5-го Российского научного форума, «стоматология 2003»-М.,«Авиаиздат», Миргазизов М.З. 2003.-63-64с
6.Рошковский Е.В. Изучение нуждаемости в ортопедической стоматологической помощи лиц пожилого и старческого возраста, а также долгожителей и особенности ее оказания в геронтологических стационарах: Дис…канд.мед. наук.-М.,-2008.-104с
7.Karine TA, Tavano Paulo I. Seraidarian, Dauro D. de Oliveira, Wellington C. Jansen. Determination of vertical dimension of occlusion in dentate patients by cephalometric analysis-pilot study. Gerodontology. 2012;29:297-305.
8.Səfərov A.M. Azərbaycan Respublikasında təbii təmiz termoplastların stomatoloji protezlərin və aparatların hazırlanması praktikasına tətbiqinin kliniki və laborator əsaslandırılması://diss...tibb üzrə elmlər doktoru.-Bakı. 2011. s 48-49.
9.Ерилин Е.А. Особенности оказания стоматологической помощи в процессе реабилитации больных с различным уровнем тревожности.: Дисс….канд. мед.наук.-Москва.,- 2018.- 102 с
10.Katsoulis J., Huber S., Zumsteg P. Et all. Gerodontic consultation servise for hospitalized geriatric patients: diaqnosis and therapy (II) //Schweir.Monatsschr. Zahnmed.-2009.-Vol.119,№7.-P.-668-694.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı