SİQARET ÇƏKMƏYİN STOMATOLOJİ İMPLANTLAR VƏ CƏRRAHİ ƏMƏLİYYATLARA OLAN TƏSİRİ
01-02-2019
Siqaret ağız boşluğunda diş ərpinin artması, gingivit və parodontit kimi xəstəliklərin əsas etioloji amillərindən biridir. Siqaret çəkmək yaraların sağalmasına mənfi təsir göstərir və beləliklə də, sümük auqmentasiyasının və diş implantasiya-sının uğurla keçirilməsini təhlükə altına ata bilər. Sümük transplantantları və sinus liftinq əməliyyatı diş implantının yerləşdirilməsi ilə birgə istifadə edilən prosedurlardır. Buna səbəb siqaret çəkmə nəticəsində isti, nikotin, karbon monooksid və sianlı hidrogen kimi toksik məhsulların yaranmasıdır (1).
Müəyyən edilmişdir ki, siqaret tüstüsündən əmələ gələn dəm qazı hemoqlobinə oksigendən daha yaxındır. Bu da oksigenin hemoqlobindən sıxışdırılıb çıxarılmasına və bununla da toxumalarda oksigen miqdarının azalmasına gətirib çıxarır. Bununla da sümük toxumasının keyfiyyətinin pisləşməsinə şərait yaradır (2,3).
Lakin tütünün periodontun toxumalarına təsir göstərdiyi dəqiq mexanizmlər hələ tam olaraq tədqiq edilməyib.
Son on il ərzində implantantlarla bağlı uğursuz əməliyyatların sayı artmaqdadır. Bunun əsas səbəblərindən biri siqaretdən istifadədir.
De Bruyn və Collaert [4] aşkar etdilər ki, siqaret çəkən pasiyentlərdə implantantların esteointeqrasiya etməmə faizi, siqaret çəkməyənlərə nisbətən daha yüksəkdir. Lindquist et al [8] siqaret çəkənlər və çəkməyənlərdə osteointeqrasiya olunmuş diş implantantları ətrafında sümük kütləsinin itirilməsinə əsasən apardığı təhlildən belə nəticəyə gəlmişdir ki, siqaret çəkən pasiyentlərdə sümük toxumasının rezorbsiyası siqaret çəkməyən pasientlərlə müqayisədə 3 daha yüksəkdir. Bu fikir digər alimlərin tədqiqatlarında da səslənmişdir (5).
Bizim tədqiqatlarda siqaret çəkən pasiyentlər arasında implantasiyadan sonra ağırlaşma dərəcəsinin daha yüksək olduğunu göstərmişdir. Siqaret sayı/gün və siqaret çəkmə illəri nəzərdən keçirilib və siqaret çəkmə müddətindən və miqdarından asılı olaraq daha çox ağırlaşmalar aşkar edilmişdir. Siqaret çəkənlər qrupunda implantasiyanın keçirilmə vaxtından asılı olmayaraq daha çox ağırlaşmalar baş vermişdir.
Belə ki, olduqca çox siqaret çəkənlər (gündə 10-dan çox siqaret çəkənlər) orta dərəcədə siqaret çəkənlərə (gündə 10 siqaret) və siqaret çəkməyənlərə nisbətən üst çənədə daha çox sümük toxuması itkisinə məruz qalmışlar. Alt çənədə çox və orta siqaret çəkənlər arasında sümüyün sorulmasında heç bir fərq ayırd edilməmişdir. Lakin hər ikisində sümüyün gərulması siqaret çəkməyənlərə nisbətən yüksək olmuşdur. Bütün implantantlar üçün ümumi inteqrasiya göstəricisi 93,2% təşkil etmişdir. Siqaret çəkməyənlərdə osteointeqrasiya göstəricisi daha yüksək (91,7%), siqaret çəkənlərdə isə daha aşağı (87,8%) təşkil etmişdir.
Biz diş implantantlarının osteointeqrasiyasının siqaret çəkməkdən asılılığını müəyyənləşdirmişik. Üst çənələri olduqca çox rezorbsiya olan və sümük transplantantları tətbiq edilməyən siqaret çəkən pasiyentlərdə implantın tutmaması göstəricisi daha yüksəkdir.
Belə bir nəticəyə gəldik ki, üst çənə sümüyü tütünün təsirinə daha həssasdır; orta dərəcədə siqaret çəkənlərlə müqayisədə olduqca çox siqaret çəkənlərdə sümük kütləsiin rezorbsiyası daha yüksəkdir. Üst çənə siqaretin mənfi təsirinə daha çox məruz qalır.
Yuxarıda göstərilənlərə yekun vuraraq, araşdırmalarımız göstərir ki, çeynəmə dişlərində implantlar ətrafında sümük toxumasının daha yüksək atrofiyası baş verir. Bu da ön dişlər ətrafında sümük toxumasının atrofiyasının çeynəmə dişləri ətrafına nisbətən iki dəfə çox olduğunu aşkar etmiş Lindquist et al nəticələrinə ziddir (6). Qeyd etmək lazımdır ki, implantasiyadan əvvəl ağırlaşmalar və siqaret çəkmə arasında olan fərqlər aşkar edilməmişdir və bu o deməkdir ki, siqaret tərgidildikdə ağırlaşmalar riski normal siqaret çəkməyənlərin səviyyəsinə qədər azaldıla bilər. Siqaret çəkən pasientlərdə cərrahi nəticələri yaxşılaşdırmaq məqsədilə siqareti tərgitmək təklifi edilmişdir. Lakin siqaretin qısamüddətli tərgidilməsinin toxumalarda və yaraların sağalmasında ağırlaşmalar riskinə, ümumi cərrahiyədə digər ağırlaşmalara olan təsiri əvvəlki kimi mübahisələrə səbəb olur.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Jorgensen LN, Kallehave F, Christensen E, et al. Less collagen production in smokers. //Surgery. 1998; 123:450-455.
2.Bergstro “ m J, Eliasson S. Cigarette smoking and alveolar bone height in subjects a high standard of oral hygiene. //J Clin Periodontol. 1987: 14:466-469.
3.Bernaards CM, Twick JW, Snel J, et al. Smoking and quantitative ultrasound parameters in the calcaneus in 36-year-old men and women. //Osteoporos Int. 2004; 15:735-741.
4.De Bruyn H, Collaert B. The effect of smoking on early implant failure. //Clin Oral Implants Res. 1994; 5:260-264
5.Haas R, Haimbock W, Mailath G, et al. The relationship of smoking on periimplant tissue: A retrospective study. //J Prosthet Dent. 1996; 76:592-596
6.Lindquist LW, Carlsson GE, Jemt T. Association between marginal bone loss around osseointegrated mandibular implants and smoking habits: A 10 year follow-up study. //J Dent Res. 1997;10: 1667-1674
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı