ÜRƏYİN İŞEMİK XƏSTƏLİYININ RİSK AMİLLƏRİNİN AKTİVLİYİNİN AZALDILMASI ÜSULLARININ SƏMƏRƏLƏŞDİRİLMƏSİ

19-12-2018

Açar  sözlər: ürəyin işemik xəstəliyi,  xəstələnmə, risk amilləri

Key words:  ischemic heart disease,  illness, risk factors

Son vaxtlar dünyada ürəyin işemik xəstəliklərdən (ÜİX) ölümün dinamikasında müxtəlif meyllər qeyd olunur. Son onilliklər ərzində ÜST-nin proqramları çərçivəsində hərtərəfli tədqiqatlar aparan və irimiqyaslı preventiv tədbirlər həyata keçirən Qərbi Avropanın, Şimali Amerikanın əksər ölkələrində, Avstraliyada, Yaponiyada bu göstəricinin azalma meyli müşahidə olunur. Eyni zamanda ÜST-nin qeyd olunan proqramlarının həyata keçirilməsi tempində geri qalan Şərqi Avropa, MDB ölkələrində bu göstəricinin nəinki yüksəlməsi, həm də onun, xüsusən də kişi populyasiyası arasında, «cavanlaşması» baş verir [1,2,3].

Bir-birinin ardınca aparılan bir sıra epidemioloji tədqiqatlar ÜİX-nin inkişafında və ondan ölümün baş verməsində risk amilləri konsepsiyasını qiymətləndirməyə və təsdiq etməyə, daha əhəmiyyətli risk amillərini və konkret regionlar və milli qruplar üçün epidemioloji vəziyyətin formalaşmasında onların rolunu aşkar etməyə imkan vermişdir. İndi artıq kifayət qədər bir sıra amillər məlumdur ki, onlar ÜİX-dən xəstələnmə və ölüm riskini həqiqətən artırır [4,5,6]. Problem ondadır ki, risk amilləri universal deyildir, yəni onlar nomenklaturasına, tezliyinə və intensivliyinə görə müxtəlif regionlar üçün eyni deyildir [7,8]. Bununla əlaqədar olaraq, ÜİX-nin dominantlıq edən risk amillərinin aşkar edilməsi və tibbi xidmətin kommersiyalaşmasının davam etməsi fonunda onların aktivliyinin azaldılması üsullarının işlənib hazırlanması ÜİX-dən xəstələnmə və ölümün azaldılmasında ən asan, qənaətli və effektiv vasitə hesab olunur.

İşin məqsədi: ürəyin işemik xəstəliyinin risk amillərinin aktivliyinin azaldılması üsullarının səmərələşdirilməsi və effektivliyinin öyrənilməsi olmuşdur.

Material və metodika. ÜİX-nin risk amillərinin aktivliyinin azaldılması xəstələnmə və ölümün azaldılmasının xəstələrin bilavasitə müalicəsi və reabilitasiyası qədər zəruri tədbiridir.  Sumqayıt şəhərinin əmək qabiliyyətli əhalisi arasında ÜİX-nin geniş yayılmasının səbəblərini aşkar edərək və onun dominantlıq edən risk amillərini ayıraraq, biz bu amillərin aktivliyinin azaldılması üsullarını səmərələşdirmişik. Səmərələşdirmənin effektivliyinin qiymətləndirilməsi aşağıdakı pasiyent qrupları üzərində uzunmüddətli (3 il) müşahidə yolu ilə aparılmışdır. Birinci qrupu ÜİX olan 253 pasiyent təşkil etmişdir, onlar digər həkimlərin dispanser müşahidəsi altında olmuşlar, xəstələnmənin dinamikası haqqında lazım olan məlumatlar ambulator kartalardan və xəstəlik tarixlərindən götürülmüşdür. İkinci qrupu 287 pasiyent təşkil etmişdir, onlarda əvvəlcə anamnezdə ÜİX olmamış, lakin apardığımız birincili və ikincili skrininq yolu ilə aşkar edilmişdir. Üçüncü qrupu 877 pasiyent təşkil etmişdir, onlarda ÜİX olmamışdır, lakin 3 il müddətində onlardan 476-nı tam əhatə etmək mümkün olmuşdur. Alınmış nəticələrin işlənməsi zamanı Styudent meyarı, χ2 meyarı və Van-der-Varden meyarından istifadə olunmuşdur.

Nəticələr və onların müzakirəsi. Aparılmış tədqiqatlar göstərmişdir ki, 2-ci qrupda ÜST MONİKA proqramlarına müvafiq olaraq hər bir təmas zamanı həyat tərzinin dəyişdirilməsinə, ilk növbədə isə stress vəziyyətlərində özünənəzarətə, rasiondan heyvani yağları maksimal dərəcədə çıxarmaqla, qidalanma rejiminə əməl edilməsinə, bədən çəkisini azaltmaq məqsədilə fiziki aktivliyin artırılmasına, zərərli vərdişlər - siqaretçəkmə və alkoqoldan istifadədən imtina edilməsinə dair məqsədyönlü izahat işi aparılmışdır (cədvəl 1).


Cədvəl 1.

  ÜİX-nin risk amillərinin aktivliyinin dəyişməsi

 

1-ci qrup (n=253)

 

2-ci qrup (n=287)

3-cü qrup (n=476)

Müt. rəq.

%

Müt.

rəq.

Müt. rəq.

%

%

Heyvani yağlardan istifadəni maksimal dərəcədə azaltmışlar

96

37,9±3,1

183

63,8±2,8

186

39,1±2,2

Fiziki aktivliyi artırmışlar

123

48,6±3,1

205

71,4±2,7

203

42,6±2,3

Bədən çəkisini azaltmışlar

87

34,4±3,0

136

47,4±3,0

274

57,6±2,3

Siqaretçəkmə intensivliyini azaltmışlar

53

32,7±3,7

85

45,2±3,6

60

28,0±3,1

Siqaretçəkməni tərgitmişlər

50

30,9±3,6

72

38,3±3,6

59

27,6±3,1

Alkoqoldan istifadəni azaltmışlar

41

25,3±3,4

79

42,0±3,6

54

25,2±3,0

Alkoqoldan istifadə etmirlər

35

21,6±3,2

67

35,6±3,5

50

23,4±2,9

 

        ÜİX-nin əsas risk amillərinin aktivliyinin azalmasının ən yaxşı göstəricilərinə şəhər sakinlərinin 2-ci qrupunda nail olunmuşdur, xatırladaq ki, burada ÜİX birincili və ikincili skrininq nəticəsində müəyyən edilmişdir. Ardıcıl, aktiv, lakin zəhlətökən deyil, «qoruyucu» izahat işi nəticəsində olduqca müsbət nəticələr əldə edilmişdir. Belə ki, başlanğıc göstəricilərlə müqayisədə heyvani yağlardan istifadəni maksimal  dərəcədə azaltmış sakinlərin sayı bir il ərzində 31,6±1,2%-dən 63,8±2,8%-ə qədər artmışdır (t=10,56; p<0,001). Öz fiziki aktivliyini artırmış sakinlərin sayı da bir o qədər əhəmiyyətli dərəcədə artmışdır – 36,9±1,3%-dən 71,4±2,7%-ə qədər (t=15,00; p<0,001). Heyvani yağdan istifadənin azaldılması və fiziki aktivliyin artırılması nəticəsində şəhər sakinlərinin bir çoxunda bədən çəkisi də nəzərəçarpacaq dərəcədə azalmışdır – 79,1±2,4%-dən 47,4±3,0%-ə qədər (t=8,26; p<0,001). Bu qrupun kişi hissəsi arasında zərərli vərdişlərə görə də kəskin dəyişikliklər baş vermişdir. Belə ki, əgər izahat işinə qədər kişilərin cəmi 9,0±2,1%-i siqaret çəkmirdisə və ya siqaretçəkməni tərgitmişdisə, işin aparılmasından 3 il sonra onların sayı 38,3±3,6%-ə qədər artmışdır (t=7,03; p<0,001). Bununla yanaşı intensiv siqaretçəkən (10 əd/gün siqaretdən çox)  kişilərin sayı 67,0±3,4%-dən 45,2±3,6%-ə qədər azalmışdır (t=4,40; p<0,001). İzahat işinin aparılmasına qədər kişilərin cəmi 9,0±2,1%-i alkoqoldan istifadə etmirdisə və ya onu tərgitmişdisə, 3 il müdətində bu işin aparılmasından sonra bu cür kişilərin sayı 35,6±3,5%-ə qədər artmışdır (t=6,52; p<0,001), alkoqoldan istifadənin intensivliyini azaltmış (12 q/gündən az) kişilərin sayı isə 79,3±3,1%-dən 42,0±3,6%-ə qədər azalmışdır (t=7,33; p<0,001). Ümumilikdə, 3 il müddətində 287 kişidən 178-i (62,0±2,9%) öz həyat tərzini əsaslı surətdə dəyişmişdir, yəni heyvani yağlardan istifadəni maksimal dərəcədə azaltmış, fiziki aktivliyə və bədən çəkisinin azaldılmasına daha çox diqqət yetirməyə başlamış, siqaretçəkməni və alkoqoldan istifadəni tərgitmişlər. Qalan 109 kişiyə (38,0±2,9%; t=5,85; p<0,001) göstərilən cəhdlərə baxmayaraq, həyat tərzində zərərli amilləri aradan qaldırmaq müyəssər olmamışdır. 

Pasiyentlərin 1-ci qrupunda da müalicə həkimləri tərəfindən həyat tərzinin dəyişdirilməsinə dair izahat işi aparılmış və o, müəyyən müsbət nəticələr vermişdir, lakin onlar Van-der-Varden meyarına görə pasiyentlərin 2-ci qrupunun nəticələrindən geri qalmışdır (X=4,07; p<0,01). Belə ki, heyvani yağlardan istifadəni maksimal dərəcədə azaldan pasiyentlərin sayı 37,9±3,5% olmuşdur, halbuki 2-ci qrupda belə pasiyentlər çox olmuşdur – 83,8±2,8% (t=6,20; p<0,001). Fiziki aktivliyi artıranlar 48,6±3,1% olmuşdur ki, bu da pasiyentlərin 2-ci qrupu ilə müqayisədə – 71,4±2,7%, azdır (t=5,55; p<0,001). Bədən çəkisini azaldan pasiyentlərin sayı daha az olmuşdur. Belə ki, əgər 3-illiyin başlanğıcında artıq bədən çəkisinə malik olan pasiyentlər 68,8±2,9% təşkil edirdisə, onun sonunda pasiyentlərin cəmi 34,4±3,0%-i bədən çəkisini azaltmışdır ki, bu da pasiyentlərin 2-ci qrupunun göstəricisindən – 47,4±3,0%, azdır (t=3,07; p<0,01). Müşahidə olunan 3 il müddətində siqaretçəkməni tərgidən kişilərin sayı 21,0±3,2%-dən 30,9±3,6%-ə qədər artmışdır (t=2,05; p<0,05), siqaretçəkmənin intensivliyini azaldan kişilərin sayı isə 61,1±3,8%-dən 32,7±3,7%-ə qədər azalmışdır (t=5,36; p<0,001); bu göstəricilər pasiyentlərin 2-ci qrupunda daha kəskin olmuşdur – müvafiq olaraq 38,3±3,6% (t=1,45; p>0,05) və 45,2±3,6% (t=2,42; p<0,05). Əgər 3-illiyin əvvəlində alkoqoldan istifadə etməyən və ya onu tərgidən kişilərin sayı 9,9±2,4%-ə bərabər olmuşdusa, 3-illiyin sonunda onların sayı 21,6±3,2%-ə qədər artmışdır (t=2,93; p<0,01), lakin yenə də 2-ci qrupun göstəricisindən – 35,6±3,5%, geri qalmışdır (t=2,59; p<0,01). İzahat işinin əvvəlində alkoqoldan istifadənin intensivliyi kişilərin 1-ci qrupunda, digər qruplarda olduğu kimi, 85,8±2,8% təşkil etməklə, çox yüksək olmuşdur, 3 il aparılan izahat işindən sonra jəmi 25,3±3,4% kişi alkoqoldan istifadənin intensivliyini azaltmışdır (t=13,68; p<0,001), halbuki 2-ci qrupda belə kişilər çox olmuşdur – 42,0±3,6% (t=3,37; p<0,001). Ümumilikdə 1-ci qrupda 3 il müddətində 253 nəfərdən 107-si (42,3±3,1%) həyat tərzini dəyişmiş, qalan 146 nəfərdə (57,7±3,1%) o, mühüm dəyişikliklərə uğramadan qalmışdır (t=3,52; p<0,001) ki, bu da 2-ci qrupun nəticələrindən xeyli geri qalır – müvafiq olaraq 62,0±2,9% (t=4,65; p<0,001) və 38,0±2,9% (t=4,65; p<0,001). Beləliklə, ÜİX-nin əsas risk amillərinin aktivliyinin azaldılması üsullarının yalnız düzgün qurulmuş izahat işi ilə nail olunmuş səmərələşdirilməsi oxşar ənənəvi tədbirlərə nisbətən xeyli effektli olmuşdur.

ÜİX-nin risk amillərinin aktivliyinin azaldılmasının səmərəli üsulunun effektivliyini pasiyentlərin 3-cü qrupunun məlumatları da təsdiq edir. Onlarda bu xəstəlik olmamışdır, ona görə də, izahat işi çətinliklə aparılmışdır. Cədvəldən göründüyü kimi, pasiyentlərin 3-cü və 1-ci qruplarının məlumatları praktik olaraq eynidir, baxmayaraq ki, sonuncular arasında həyat tərzinin dəyişdirilməsi təkidlə tövsiyə olunmuşdur. Bu cəhətdən yekun məlumatlar daha inandırıcıdır. 3-cü qrupda 476 nəfərdən 182-si (38,2±2,2%) həyat tərzini əsaslı surətdə dəyişmiş, qalan 294 nəfər isə əvvəlki mövqedə qalmışdır (61,8±2,2%; t=7,59; p<0,001). Pasiyentlərin 1-ci qrupunun yekun nəticələri də buna oxşardır – müvafiq olaraq 42,3±3,1% (t=1,08; p>0,05) və 57,7±1,3% (t=1,08; p>0,05).

        Beləliklə, apardığımız tədqiqatlar xəstəliyin dominantlıq edən risk amillərini aşkara çıxarmaq və müasir kardioloji xidmətin ən aktual vəzifəsinin – risk amillərinin aktivliyinin azaldılması üsullarının işlənib hazırlanması və səmərələşdirilməsi üçün regional ÜİX-nin prospektiv-epidemioloji yoxlanılmasının zəruriliyini göstərir. Həm hazırda müxtəlif ağırlıqlı ÜİX olan, həm də xəstələnmə riski altında olan şəhər sakinlərinin müxtəlif qrupları üzərində aparılan müxtəlif xarakterli müşahidələr göstərir ki, əlavə kadr və maddi-texniki vəsait qoyuluşu tətbiq etmədən, şəhər sakinləri ilə elmi cəhətdən əsaslandırılmış və «qoruyucu» daimi təmaslar yaratmaqla, nisbətən qısa müddət ərzində (3 il) onların həyat tərzində əsaslı dəyişikliklərə və bununla da ÜİX-nin risk amillərinin aktivliyinin azaldılmasına nail olmaq mümkündür.  

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:


1.Кузнецов А.Н., Виноградов О.И., Кучеренко С.С.. Ишемический инсульт.
Диагностика, лечение и профилактика: карманный справочник, Москва, РАЕН, 2012, 92с.
2.Парфенов Б., Хасанова Д. Ишемический инсульт. Москва, Озон, 2012, 298 с.
3.Фадеев, П.А. Инсульт: моногр. М.: Мир и Образование, 2008. - 592 c.
4.Фонякин, А. В. Артериальная Гипертония И Инсульт: Стратегия и Тактика Антигипертензивной Терапии. Москва: 
СИНТЕГ, 2012. - 180 c.
5.Clemens J. A. Cerebral ischemia: gene activation, neuronal injury, and the protective role of antioxidants.
Free Radic Biol Med 2010;28( 10): 1526-1531
6.Dirnagl U., Simon R.P., and Hallenbeck J.M. Ischemic tolerance and endogenous neuroprotection. 
Trends Neurosci. 2017; 26:248-254.
7.Dobkin B.H., Thompson A.J. Principles of Neurological Rehabilitation.
In: Neurology in Clinical Practice. W.G.Bradley et al. (eds.).
Chapter 54. Butterworth-Heinemann, 2016, р.234-238.
8.Dyker A., Lees K. Duration of neuroprotective treatment for ischemic stroke. Stroke , 2015, 29, р. 535-542.

 


Müəlliflər:
B.N. Əsədov

Digər jurnal və qəzetlər