UŞAQLARDA MÜXTƏLİF LOR XƏSTƏLİKLƏRİNİN YAYILMASI, EPİDEMİOLOGİYASI VƏ YAŞ XÜSUSİYYƏTLƏRİNƏ DAİR.
18-03-2019
Bəzi tədqiqatçılar məktəbyaşlı uşaqların 20%-ə qədərinin xroniki xəstəliklərdən əziyyət çəkdiyi və bunlardan da əksər hissəsinin LOR xəstəliklər olduğunu qeyd edirlər [1,2]. Müasir otolarinqologiyanın mühüm vəzifələrindən biri də yuxarı tənəffüs yollarının və onların ağırlaşmalarının qarşının alınması və profilaktikanın təşkilidir. Tənəffüs yollarının xəstəliklərinin yayılması uşaqların xəstəlikləri arasında ən yüksək göstəriciyə malikdir [3]. Bu göstərici artmağa meyllidir. Bu fakt xüsusilə məktəb yaşlı uşaqlar arasında LOR patologiyaların tibbi-sosial əhəmiyyətini bir daha vurğulayır. Bir sıra tədqiqatçılar LOR patologiyalarının etiologiyası və xüsusi əhəmiyyət daşıyan ekzo və endogen amilləri öyrənmişlər. Əsas ekzogen amillərə ətraf mühitin çirkləndirilmə dərəcəsi, sosial həyat şərtləri və valideynlərin sanitar vəərdişləri aid edilə bilər [4]. Xüsusilə passiv siqaretçəkmə yuxar tənəffüs yollarının selikli qişasının yerli immun sisteminin zəifləməsinə gətirib çıxarmaqla, allergik proseslərə və xroniki infeksiyaların baş qaldırmasına şərait yaradır [5]. Uşaqlarda tənəffüs yollarının kəskin infeksion prosesləri ilə xroniki LOR patologiyaları 30-35% hallarda kombinə olunur. Xroniki LOR patologiyalarını arasında birinci yeri-xroniki adenoidlər, xroniki və residivləşən tonzillit, residivləşən otit, sinusit və bronxit aiddir [6, 7]. Rusiyada aparılan tədqiqat zamanı Qərbi Sibir bölgəsində uşaqlarda xroniki LOR xəstəliklərinin rast gəlinməsinin yüksək olması mücafiq patologiyaların mühüm pediatrik problem olduğu göstərmişdir. Bu baxımdan Respublikamızda da tədqiqatların aparılması vacib məsələdir və bu istqamətdə yerli tədqiqatlar çox azdır [8]. Çoxsaylı müəlliflər müvafiq xəstəliklərin yayılmasında sosial-iqtisadi amillərin, urbanizasiya, fiziki və kimyəvi təsirlərin mühüm rola malik olduğunu qabardırlar. İctimati sağlamlıq müəsisələrinin əsas məqsədlərindən biri də qeyd edilən zərərli şərt və amillərin təsirlərini minimuma endirmək və bu məqsədə nail olmaq üçün lazım olan sosial və mədəni tədbirlərin də həyata keçirilməsinə nəzəri və təcrübi nəzarətin icra edilməsidir [9]. Hal-hazırda otorinolarinqoloji xidmət bir çox hallarda öz işini böyüklər üçün qurduğu halda, uşaq orqanizminin bir sıra xüsusiyyətləri nəzərə alınmır. LOR xəstəliklərinin müalicəsində istifadə edilən əsas preparatlar törədicilərin aradan qaldırılması məqsədilə tətbiq edilən antibakterial vasitələrdir. Törədici mikroorqanizmlərin ən həssas olduğu antibiotikin istifadə edilməsinin daha düzgün taktika olduğuna inanılır. Bundan başqa, son illərdə praktikada geniş istifadə edilən antibiotiklərə qarşı mikrooqanizmlərdə rezistentlik meydana gəlmiş və onların həssaslıqları azalmışdır [7,10]. Məsələn, metisillinə qarşı rezistentlik nümayiş etdirən S.aureus mikroorqanizmləri 30-40% hallarda qeydə alınır. Mikrooqanizmlərdə penisillinə qarşı rezistentliklə bərabər makrolidlərə, hətta birinci və ikinci nəsil sefalosporinlərə də qarşı rezistentlik hallarında yüksəlmə müşahidə edilməkdədir [11,12].
Sağlamlıq uşağın ümumi inkişafı üçün həyati əhəmiyyət daşıyır, uşağın qabiliyyəti və biliklərinin formalaşmasında rol oynayır. LOR (burun-boğaz-udlaq) xəstəlikləri uşağın normal inkişafına mənfi təsir göstərə bilər və uşaqların həkimə aparılmasının əsas səbəblərindəndir. Orta otit (Otitis media)-orta qulaq boşluğunun iltihabı olub, müalicə edilmədikdə yaxud düzgün aparılmadıqda eşitmənin itirilməsi və ağırlaşaraq mərkəzi sinir sisteminə zərər vurmaqla beyin ağırlaşamalarına gətirib çıxara bilir və uşaqlarda tez-tez rast gəlinən LOR patologiyalardandır. Kəskin orta otit olan uşaqlarda tez-tez hallarda qəfil qızdırma, qulaqda şiddətli ağrı və küylər qeydə alına bilər. Kəskin otit inkişaf etmiş yetkin şəxslərdə isə qulaq “pərdəsi” şişmiş, sarı yaxud ağ rəngli, damarları genişlənmiş və pnevmatik otoskopiya zamanı hərəkətliliyi olduqca azalmış vəziyyətdə olur [4,5,9]. Uşaqlarda kəskin orta otitə ən çox hallarda səbəb olan mikroorqanizmlərə Streptococcus pneumoniae, Haemophilus influenzae və Moraxella catarrhalis kimi bakteriya növləri aiddir [11]. Nisbətən az kəskinlikdə simptomlar nümayiş etdirən 2 yaşdan böyük praktiki sağlam uşaqlarda 48 müddətində gözləmək tövsiyə edilir. Əgər antibakterial vasitələrlə müalicə qərarı verildisə, uşağın bədən kütləsinin hər kq-a görə 80-90 mq dozada amoksisillin təyin edilir və bu tədbir antibiotikoterapiyanın ilk mərhələsini təşkil edir. Penisillinə qarşı allergiyası olan şəxslərdə Azitromisin də istifadə edilə bilər. İltihabi prosesdə iştirak edən yüksək rezistentliyə malik mikroorqanizmlərin yüksək miqdarda olması, kəskin orta otitin müalicəsini çətinləşdirə bilir. Məsələn, ilkin antibiotikoterapiyaya cavab verməyən xəstələrdə, betta-laktamaza əmələ gətirən mikroorqanizmlər yaxud rezistent Streptokoklar müalicənin uğursuz olmasının əsas səbəbkarları ola bilər [3,8,11].
Antibiotiklərin spektri genişləndirilməmişdən öncə kəskin orta otitin ağırlaşmalarının baş vermə tezliyi çox yüksək idi. Sonralar orta otitin diaqnostikasının təkmilləşdirilməsi, yeni antibiotiklərin yaradılması mastodidit və meningit kimi təhlükəli ağırlaşma hallarında əhəmiyyətli dərəcədə azalma ilə nəticələnmişdir. Buna baxmayaraq, uşaqlara eşitmənin itirilməsinə həmçinin meningitlər, hiperbilirubinemiya, doğuş anoksiyası və çoxsaylı genetik patologiyalar səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yaşı 3-dən yüksək olan 42 milyon şəxsdə eşitmənin itirilməsi vardır. Eşitmənin itirilməsinin əsas səbəbi orta otitin müalicə edilməməsi, ikinci səbəbi isə ümumi soyuqlama zamanı baş qaldıran iltihabi infeksion proseslərdir. Öskürək, angina və s. kimi respirator trakt simptomları və qulaq ağrısı uşaqlar arasında tez-tez baş verir. Yuxarı tənəffüs yollarının infeksiyaları uşaqda orta otit, tonzillit və sinusit kimi ağırlaşmalarla birlikdə hətta daha da ağırlaşaraq, ölüm hallarına gətirib çıxara bilər [5,6,7,13].
Tonzillit uşaqlarda tez-tez baş versə də, 2 yaşdan kiçik uşaqlarda demək olar ki, rast gəlinmir. Kiçik yaşlı uşaqlarda əsasən viral tonzillitlər üstünlük təşkil etdiyi halda, 5-15 yaşlı uşaqlar arasında əsasən Streptokoklar tərəfindən törədilən bakterial tonzillitlər üstünlük təşkil edir. Bundan başqa, qulaqda, burunda və udlaqda yan cisimlər də uşaq yaş dövründə problemlərə yola aça bilir. Uşaq otorinolarinqolo-giyasının məlumatlarına görə Hindistanda uşaqlar arasında müvafiq xəstəliklər müalicə tədbirlərinin təkmilləşdirilməsinə baxmayaraq, aktual olaraq qalır [11,12]. Hətta bəzi tədqiqatlar zamanı müvafiq xəstəliklər zamanı ölüm hallarında da yüksək göstəricilərin olduğu müşahidə edilmişdir. LOR xəstəliklərinin düzgün profilaktika, diaqnostika və müalicəsini təşkil etmək üçün ilk olaraq, əhali arasında müvafiq xəstəliklərin yayılması haqqında ən azı son bir neçə ilin statistiki məlumatlarını, xəstəlik tarixlərini, xəstəliklərin gedişatı və əlaqədar digər patologiyalarla əlaqəsinin mümkünlüyü dəqiq öyrənilməlidir [10]. LOR xəstəlikləri gündəlik olaraq, xəstəxanaya müraciət edən şəxslərin əhəmiyyətli hissəsini təşkil edir. Müvafiq xəstəliklərlə əlaqədar meydana çıxan ağırlaşmalar eşitmənin itirilməsi və uşağın danışmasının ləngiməsi kimi hallarla nəticələnə bilər ki, bu da bir daha LOR xəstəliklərin profilkatikası və düzgün diaqnostikasını aktual edir. Bunlardan, eşitmə qabiliyyətinin itirilməsi müxtəlif tip orta otitlər nəticəsində meydana gələ bilər ki, bunun da qarşısını vaxtında icra edilmiş düzgün profilaktika tədbirləri ilə aradan qaldırmaq olar. Eynilə, kəskin orta otit, xroniki irinli orta otit və burnun iltihabi kimi hallar da ciddi ağırlaşmalara gətirib çıxara bilir [14,15]. LOR xəstəlikləri ictimai səhiyyənin problemlərini təşkil edir və bütün yaş qruplarına məxsus şəxslərdə müşahidə edilə bilər. LOR xəstəliklərinin rast gəlinməsi yaş qruplarına görə dəyişilir. Onlardan bəziləri uşaqlarda, bəziləri isə yetkin və yaşlı şəxslərdə tez-tez rast gəlinir. Kiçik yaşlı uşaqlar müxtəlif kiçik əşyaları öz burun, qulaq və ağızlarına salmağa meylli olurlar və bu da onların müvafiq anatomik nahiyyələrində ətraf mühitdən infeksion proseslərin baş qaldırması üçün şərait yaradır. Uşaqlar arasında müvafiq xəstəliklərin yayılmasının tədqiqi çox əhəmiyyətlidir [16,17].
2011-ci ilin lokal demoqrafiq hesabatına görə Hindistanın qərbi Himalay dağlarının cənubunda yerləşən Assam ştatında yaşayan 31169272 əhalinin 4511307 nəfəri 0-6 yaşlı uşaqlardır. Müvafiq ştatın Kumrup rayonunda isə 0-6 yaş arası uşaqların sayı əhalinin 12,85%-ni əhatə edir. Həmin ilki (2011) lokal səhiyyə hesabatında isə uşaqların yetkin şəxslərlə müqayisədə tez-tez hallarda LOR xəstəlikləri ilə əlaqədar xəstəxanaya müraciətlərin olunduğu qeyd edilmişdir. Qeyd edilən LOR xəstəliklərinə adenoidlər, kəskin tonzillitlər, virus mənşəli kəskin rinitlər, kəskin epiqlottit və kəskin larinqotraxeobronxitlər aiddir. Bu xəstəliklərin meydana gəlməsində müxtəlif amillər rol oynaya bilər ki, bunlara Yevstax borularının geniş yaxud horizontal istiqamətdə yerləşməsi, immunitetin zəif inkişafı, pis qidalanma, gigiyena qaydalarına riayət olunmaması, aşağı sosial-iqtisadi vəziyyət və valideyn qayğısının zəifliyi aiddir [18,19,20,21,22,23]. Bundan başqa, müvafiq tədqiqat zamanı sahə xəstəxanalarının poliklinikaları ilə yanaşı hətta təcili yardım şöbələrinə də valideynləri tərəfindən müvafiq xəstəliklərin ağırlaşmaları və yaxud LOR orqanlarına yad cisimlərin düşməsi ilə əlaqədar müraciət halları kifayət qədər çox olmuşdur. Sonuncu halların hamısı təcili və təxirəsalınmaz müdaxilə tələb edir. Bütün bu qeyd edilənlər, LOR xəstəlikləri zamanı sadalanan ekstremal təcili müdaxilə tələb edən halların aradan qaldırılması ilə əslində məhz o istiqamətdə ixtisaslaşmış tibb mütəxəssislərinin məşğul olması daha məqsədəuyğun olmasını nəzərə çatdırmağa imkan verir [24,25,26].
Ümumiyyətlə, yuxarı hava yolları müxtəlif səbəblərdən qapanması çox ciddi və təxirəsalınmaz tibbi müdaxilə tələb edən kəskin ağırlaşma olub, təxminən 5 dəqiqə ərzində huşun itirilməsi, 10 dəqiqə sonra isə hətta beynin zədələnməsi ilə nəticələnə bildiyindən tibb personalının müdaxiləsi və uşağın valideyininin təcili yardım çağırması və yaxud da uşağı ən yaxın xəstəxanaya çatdıra bilməsi üçün çox az müddət vardır [27,28,29,30]. Hər bir həkim ixtisasından asılı olmayaraq, bu problemləri adeqvat qiymətləndirə və ilk müdaxilə baxımından biliklərə malik olmalıdır. Belə hallar zamanı qarşılaşılan ilk çətinlik tənəffüs yolunun hansı hissəsində obstruksiyanın olmasıdır. Obstruksiya qırtlaq qapağından yuxarıda, qırtlağın girəcəyində, traxeada, bronxlarda və hətta ağıciyər girəcəklərində də ola bilər. Obstruksiya tənəffüs yollarının dərinliklərinə doğru yerini dəyişdikcə xəstənin həyati şansları azalır [31,32,33,34]. Bundan başqa, uşaqda ağıciyərin, plevra boşluğunun dolması, astma və s. kimi xəstəliklər də obstruksiya əlamətləri verə bilər. Bütün bunları müəyyən etmək lazım gələn vaxt isə olduqca uzundur. Belə problemlər həyati təhlükə törətdiyindən çox qısa müddət ərzində diaqnoz dəqiqləşdirilməli və adekvat müdaxilə edilməlidir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.ISD Scotland. Scottish Health Statistics. Edinburgh: Information and statistics division, National Health Service in Scotland; 2016.
2.Healy GB. Otitis media and middle ear effusions. In: John J Ballenger: The Ear, Williams & Williams, Baltimore, 2015; pp 1003-1009.
3.Bluestone CB, Klein JO: Epidemiology, otitis media in Infants and Children, W. B. Saunders, Philadelphia, 2011; pp 58-78.
4.AL Pittman and PG Stelmachowicz. Hearing loss in children and adults: Audiometric configuration, asymmetry, and progression. Ear Hear. 2014 June; 24(3):198–205.
5.Bhandari S, Singh I, Mishra SC. Prevalence of otitis media in school going children in Eastern Nepal. Kathmandu University Medical Journal 2014;4(16):479-482.
6.AshworthM, Charlton J, Ballard K, et al. Variations in antibiotic prescribing and consultation rates for acute respiratory infection in UK general practices 2011-2016. Br J Gen Pract 2018; 55(517): 603–608.
7.Kari J Kvжrner, Per Nafstad, Jouni JK Jaakkola. Upper Respiratory Morbidity in Preschool Children A Crosssectional Study. Arch Otolaryngol Head Neck Surg. 2012; 126:1201-1206.
8.RS Phaneendra Rao, Malavika A Subramanyam, N Sreekumaran Nair, B Rajashekhar. Hearing impairment and ear diseases among children of school entry age in rural South India. 2012;64 (2):105-110.
9.K Srinivasan, GR Prabhu. A Study of the Morbidity Status of Children in Social Welfare Hostels in Tirupati Town. Indian Journal of Community Medicine 2016;31(3):170-172.
10.The text book of preventive and social medicine. In: Gupta, editors. 3 rd ed. 2013. p. 117-8.
11.Park’s textbook of preventive and social medicine. In: K Park, editor. 18th ed. 2015.p406.
12.Prakash Adhikari. Pattern of ear diseases in rural school children: Experiences of free health camps in Nepal. Int J Pediatr Otorhinolaryngol 2013; 73 (9):1278-1280.
13.J Hatcher, A Smith, I Mackenzie et. al. A prevalence study of ear problems in school children in Kiambu district, Kenya, May 2012. Int J Pediatr Otorhinolaryngol 1995; 33(3):197-205.
14.S Elango, GN Purohit, M Hashim and R Hilmi. Hearing loss and ear disorders in Malaysian school children. Int J Pediatr Otorhinolaryngol 2011;22(1):75-80.
15.Annie Jacob, Vedantam Rupa, Anand Job, Abraham Joseph. Hearing impairment and otitis media in a rural primary school in South India. Int J Pediatr Otorhinolaryngol 2014; 39(2):133-138.
16.Sophia A, Isaac R, Rebekah G, Brahmadathan K, Rupa V. Risk factors for otitis media among preschool, rural Indian children. Int J Pediatr Otorhinolaryngol. 2011; 74(6):677-83.
17.Asha Pherwani, Gauri Mankekar and Kashmira Chavan. The study of co-morbid conditions in children with allergic rhinitis, from Mumbai, Maharashtra, India. Indian Journal of Otolaryngology and Head & Neck Surgery 2017; 59(3):240-244.
18.Falah Tafty M, Vazir Nezamy M. “Cardinal sign and treatment otolaryngology 2nd editio”. Nooredanesh,2016, p:222-223.
19.Guarisco JL, Graham HD. Epistaxis in children: causes, diagnosis, and treatment. Ear Nose Throat J. 2011;68(7):522, 528-30, 532 passim.
20.Kvestad E, Kvaerner KJ, Roysamb E, Tambs K, Harris JR, Magnus P. Heritability of recurrent tonsillitis. Arch Otolaryngol Head Neck Surg. May 2015; 131(5):383-7.
21.Alexander KC Leung, Helen Cho. Diagnosis of Stridor in Children. Am Fam Physician 2013; 60:2289-96.
22.Biswas AC, Joarder AH, Siddiquee BH. Prevalence of CSOM among rural school going children. Mymensingh Med J. 2015, 14:152-5.
23.Ibekwe TS, Nwaorgu OGB, Onakoya PA, Ibekwe PU. Spectrum of Otorhinolaryngological emergencies in elderly in Ibadan, Nigeria. Nig J Med. 2015; 14:411-14.
24.Kishve SP, Kumar N, Kishve PS, Aarif SMM, Kalakoti P. Ear, Nose and throat disorders in paediatric patients at a rural hospital in India. Australasian Medical Journal AMJ. 2010; 3: 786-90.
25.Finnbogadóttir AF, Petersen H, Laxdal T, Gudbrandsson F, Gudnason T, Haraldsson A. Mastoiditis in children in Iceland. Laeknabladid 2017; 93: 275-80.
26.Gupta AS, Ram R, Islam F, Mukherjee S, Ram AK, Bhattacharyya SK. A study on clinico-epidemiological profile of ear, nose and throat diseases among patients aged 6 to 14 years attending the E.N.T. OPD at M.G.M. Medical College, Kishanganj, Bihar, India. GJMEDPH. 2012; 1:13-17.
27.Fasunla AJ, Samdi M, Nwaorgu OG. An audit of ear, nose and throat diseases in a tertiary health institution in South-western Nigeria. The Pan African Medical Journal. 2013; 14: 1.
28.Symvoulakis EK, klinis S, Alegakis A, Kyrmizakis DE, Drivas EI, Rachiotis G. Epidemiological profile of otorhinolaryngological, head and neck disorders in a tertiary hospital unit in Greece: a challenge for general practitioners. BMC Ear Nose Throat Disord. 2016;6:12.
29.Vasileiou I, Giannopoulos A, Klonaris C, Vlasis K, Marinos S, Koutsonasios I. The potential role of primary care in the management of common ear, nose or throat disorders presenting to the emergency department in Greece. Qual Prim Care. 2013; 17 : 145-8.
30.Skarżyński H, Piotrowska A. Screening for pre-school and schoolagehearing problems: European Consensus Statement. Int J Pediatr Otorhinolaryngol. 2012; 76:120-121.
31.Olatoke F, Ologe FE, Nwawolo CC, Saka MJ. The prevalence of hearing loss among schoolchildren with chronic suppurative otitis media in Nigeria, and its effect on academic performance. Ear Nose Throat J 2011; 87: 19.
32.Acuin J. Chronic Suppurative Otitis Media. Burden of Illness and management options. Geneva: World Health Organization, 2014.
33.Taipale A, Pelkonen T, Taipale M, Bernardino L, Peltola H, Pitkäranta A. Chronic suppurative otitis media in children of Luanda, Angola. Acta Paediatr 2011; 100: 84-8.
34.Lilic D, Cant AJ, Abinun M, Calvert JE, Spickett GP. Cytokine production differs in children and adults. Pediatric Research 2015; 42 : 237-40.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı