IN-SITU İLKİN BÖYRƏK-HÜCEYRƏLİ KARSİNOMA ZAMANI İNTERFERON MÜALİCƏSİNİN EFFEKTİ

18-09-2019

Böyrək-hüceyrəli karsinoma (BHK) bəzi Skandinav ölkələri xaric bütün dünyada illik artış göstərən müasir uroloji onkologiyanın aktual problemlərindən birisi olaraq qalır. Son onilliklərdə diaqnostikası və müalicəsində ciddi nailiyyətlərə baxmayaraq metastatik BHK (mBHK) zamanı proqnoz əksər hallarda çox pis olur. İlkin diaqnozun qoyulduğu zaman metastaz varlığı olan xəstələrin həyatda qalma müddətinin medianası 12 ayı keçmir [1]. Aparılan müalicənin effektliyini artdırmaq məqsədiylə sitoreduktiv cərrahiyyə son illər belə xəstələr üçün qəbul olunacaq bir üsul kimi düşünülür [2]. Xüsusən də kombinə sitoreduktiv cərrahiyyə və hədəf müalicəsinin ümidverici nəticələr verdiyini öz təcrübəmizlə də təsdiqləndiyinə dair məlumat vermişdik [3,4]. Fəqət ümumi vəziyyəti ağır olan, fərqli səbəblərdən cərrahi müalicə ala bilməyən, target dərmanlarının dünyada hələ yüksək maaliyyətə sahib olmasından hədəf müalicəsi mümkün olmayan xəstələrdə sistem müalicəsinə dair dünya ədəbiyyatında məhdud və az xəstə üzərində aparılan tədqiqatlara rast gələ bilərik [5].

Tədqiqatın məqsədi Yuxarıdakıları nəzərə alaraq, biz hazırdakı məqalədə bəhs etdiyimiz tədqiqatın məqsədi kimi insitu ilkin böyrək törəməsi olan, yəni böyrək-hüceyrəli karsinoma diaqnozu qoyulandan sonra cərrahi müdaxilə (nefrektomiya, total vəya parsial) olunmayan xəstələrdə interferon-alfa monoterapi-yasının effektinin öyrənilməsini qoymuşduq.

Material və metodlar2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına böyrək ağrısı, hematuriya şikayətləri üzərinə Avropa Uroloji Assosiasiyasının Böyrək Kanser Rəhbərliyinə uygun aparılan müayinələr nəticəsində böyrək törəməsi aşkar olunan 9 xəstə fərqli səbəblərdən cərrahi müdaxilə olunmamış. 3-ü (33,3%) qadın, 6-sı (66,7%) kişi olaraq yaş ortalaması 67,1±10,9 (36-77) il olmuşdur.

Törəmələrin histoloji tipinin təyin edilməsi üçün perkutan biopsiya icra olunmuş və 8 xəstədə klassik şəffav hüceyrəli karsinoma, 1-ndə isə kistik BHK müəyyən edilmişdir. 6 (66,7%) xəstədə ağçiyər, 1-ndə isə baş beyin metastazı mövcud olmuşdu.

ECOG (Eastern Cooperative Oncology Group) performans statusu 2 və üzərində olmuşdu.

İnterferon-alfa-2a aşağıdaki sxemaya uygun təyin edilmişdir. Başlanğıc dozası: 3 million IU/gün 8-12 həftə ərzində 18 million IU/gün dozasına qədər tədricən artırılmışdı, mümkün olduğu zaman – 36 million IU/gün dozasına qədər: 1-3-cü günlər - 3 million IU/gün, 4-6-cı günlər - 9 million IU/gün, 7-9-cu günlər - 18 million IU/gün, tolerabillik arttıqca 10-84-cü günlər 36 million IU/gün. Əsas doza: maksimal tolerə edilən doza həftədə 3 dəfə, amma 36 million IU/gün keçməməsi şərtiylə təyin edilmişdir. Müalicənin müddəti ən az 8 həftə, amma əsasən 12 həftədən az olmamaq şərtiylə seçilmişdir. Müalicənin effekti olduğu zaman terapiya davam etdirilmiş, əks halda durdurulmuşdur.

Hər aydan bir qan müayinələri, üç aydan bir radioloji (kompyuter və ya magnit-rezonans tomografiya) müayinələrlə kontrol aparılmışdır.

NəticələrHəyatda qalma ortalaması 21,0±28,5 (4-96) ay hesablanmışdır. 3 (üç) (33,3%) xəstədə xəstəliyin stabilləşməsi qeydə alındı. 6 (altı) (66,7%) xəstə əsas xəstəlikdən vəfat etmişdir. 1 (bir) (11,1%) xəstə 96 ay stabil xəstəliyə sahib olmuş (hazırda yaşayır) (Cədvəl 1).

 

Cədvəl1.

Xəstə

Yaş (il)

Cins

Histoloji növ

Müalicəyə cavab

Metastaz

Yaşama müddəti (ay)

Qeyd

1

67

kişi

klassik

Stabilləşmə

Yox

18

Yanaşı xəstəlikdən ölüm

2

71

qadın

kistik rcc

Stabilləşmə

Ağciyər

96

Yaşayır

3

71

kişi

klassik

Proqressiya

Ağciyər

15

Əsas xəstəlikdən ölüm

4

67

kişi

klassik

Stabilləşmə

Yox

16

Yanaşı xəstəlikdən ölüm

5

77

qadın

klassik

Proqressiya

Ağciyər

8

Əsas xəstəlikdən ölüm

6

71

kişi

klassik

Proqressiya

Yox

10

Əsas xəstəlikdən ölüm

7

71

kişi

klassik

Proqressiya

Ağciyər

9

Əsas xəstəlikdən ölüm

8

70

qadın

klassik

Proqressiya

Ağciyər

13

Əsas xəstəlikdən ölüm

9

39

kişi

klassik

       Proqressiya

Baş beyin

4

Əsas xəstəlikdən ölüm

 

Bununla yanaşı qeyd etmək lazımdır ki, kistik BHK diaqnozu qoyulan xəstədə ağciyər metastazlarında tam reqressiya müşahidə olunmuşdur. Ancaq ilkin böyrək ocağın ölçülərində stabil kimi qiymətləndirilən önəmli saymadığımız təxminən 10%-lıq kiçilmə qeydə alınmışdır.

Yekun müzakirə

PubMed resurslarında «renal cell carcinoma, in-situ, interferon» sözlərini girərək axtarış verərək 1994-cü ildən cəmi 12 tədqiqata rast gəlmək olur (şəkil 1). Amma bu heç də belə bir problemin olmadığı anlamına gəlmir. Bu tip tədqiqatların aparılması üçün uygun xəstənin seçilməsi ilə yanaşı, onlar standartlaşdırılması və əsasən də performansı pis, psixo-sosial statusları qeyri-gənaətbəxş olan insanların tədqiqata uyğun göstərməsi vacibdir.

Digər tərəfdən, son Yapon tədqiqatında göstərildiyi kimi [5], bu xəstələrdə çox vaxt müalicə başlamadan öncə perkutan biopsiya aparılmır: bəzi hallarda xəstənin ümumi vəziyyəti səbəbiylə, bəzi hallarda isə xəstənin bu invaziv müdaxilədən imtina etməsinə görə. Bu da, belə xəstələrin doğru standartlaşdırılması və nəticələrin yekunlaşdırılıb dərc olunmasını çətinləşdirir.

 Şəkil 1. Mövzuya aid 11-06-2019 23:26 zamanı PubMed-də axtarışın nəticələri

Bizim tədqiqatımız in-situ ilkin BHK-lı xəstələrdə interferon-alfa monoterapi-yasının məhdud effektə sahib olduğunu təsdiqləyir. Əksər xəstələrdə xəstəliyin proqressiyası qeydə alınsa da, xüsusən metastazı olmayan və kistik BHK-lı xəstələrdə xəstəliyin inkişafını ciddi yavaşlatmaq imkanını əldə edə bildik.

Eyni zaman multisentrik tədqiqatlara ehtiyac olduğunu qeyd etməliyik.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Motzer RJ, Mazumdar M, Bacik J, Berg W, Amsterdam A, Ferrara J. Survival and prognostic stratification of 670 patients with advanced renal cell carcinoma. J Clin Oncol 1999;17:2530–40.
2.Flanigan RC, Mickisch G, Sylvester R, Tangen C, Van Poppel H, Crawford ED. Cytoreductive nephrectomy in patients with metastatic renal cancer: a combined analysis. J Urol 2004;171:1071–6.
3.Əmiraslanov Ə.T., Muxtarov E.H. Metastatik böyrək hüceyrəli karsinoma zamanı sunitinib tətbiqində ilk təcrübəmiz: ilkin nəticələr. Sağlamlıq, Bakı -2010, No 1, səh 18-21.
4.Амирасланов А.Т., Мухтаров Э.Г. Ингибиторы ангиогенеза в лечении метастатического почечно-клеточного рака // Азербайджанский Медицинский Журнал, 2011, №1, c.132-134
5.Shinohara N, Abe T, Sazawa A, Maruyama S, Shindo J,Sato S, Suzuki S,Nonomura K. Interferon-α-based immunotherapy in metastatic renal cell carcinoma patients with the primary tumor in situ.Jpn J Clin Oncol, 2012 Feb;42(2):113-9. doi: 10.1093/jjco/hyr176. Epub 2011 Nov 29.


Müəlliflər:
Ə.T. Əmiraslanov
E.H. Muxtarov
E.R. Hüseynov

Digər jurnal və qəzetlər