HİPOBARİK HİPOKSİYA ZAMANI BÖYRƏKÜSTÜ VƏZİLƏRİN MORFOFUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
04-09-2019
Açar sözlər: adrenokortikositlər, hipobarik hipoksiya, qabıq maddə, beyin maddə.
Orqanizmin hipoksiyaya adaptasiya mexanizmlərinin öyrənilməsi böyük praktik əhəmiyyət kəsb edir. Əksər müəlliflərin fikrincə adaptasiya proseslərinə orqanizmin «oksigen uğrunda mübarizəsi» kimi baxmaq lazımdır [1]. Orqanizmin bütün adaptasiya mexanizmləri müxtəlif sistemlərin hüceyrə, toxuma, orqan və sistemlər səviyyəsində morfofunksional xüsusiyyətlərində baş verən dəyişikliklərlə özünü göstərir [2,3,4].
Ətraf mühitin əlverişsiz faktorların, o cümlədən hipoksiyanın təsirinə məruz qalan endokrin sistemin əsas orqanlarından biri böyrəküstü vəzidir [5,6].
Ədəbiyyatda hipoksiya zamanı böyrəküstü vəzilərin morfofunksional vəziyyətinin araşdırılmasına çoxsaylı tədqiqat işlərinin həsr olunmasına baxmayaraq, lakin bu tədqiqatların böyük əksəriyyətində vəzilərin çəkisinin, qabıq və beyin maddələrinin qalınlığında baş verən dəyişikliklər təsviri xarakter daşıyır. Hipoksiya zamanı vəzinin parenximasında meydana çıxan struktur dəyişikliklər kompleks şəkildə öyrənilməmişdir.
Tədqiqatın məqsədi hipobarik hipoksiya zamanı böyrəküstü vəzilərin hüceyrə və hüceyrədənkənar strukturlarında yaranan dəyişikliklərin morfofunksional xüsusiyyətlərinin öyrənilməsi olmuşdur.
Tədqiqatın material və metodları.Tədqiqatın gedişində 180-200 qram çəkisi olan yetkin erkək ağ siçovullar hərarəti 19-200C, atmosfer təzyiqi dəniz səviyyəsindən 2-3 min metr yüksəklikdəki təzyiqə bərabər olan, havalanması təmin edilmiş barokameraya yerləşdirilmişdir. Tənəffüs üçün CO2-qazından istifadə edilmişdir. CO2 – (Ca(OH)2 81%+NaOH 3,4%+H2O 15,6%) qarışıqlarının kimyəvi birləşmələrinin çevrilmələrindən alınmışdır. Hipobarik hipoksiyanın təsirinin öyrənilməsi məqsədilə heyvanlarda – kəskin (hər gün 2 dəfə – hər birində 2 saat ərzində) və xroniki hipoksiya (ardıcıl olaraq hər gün 2 saat və həftədə 5 dəfə olmaq şərti ilə) eksperimental modeli yaradılmışdır. Bütün təcrübələr günün gündüz saatlarında həyata keçirilmişdir.
Tədqiqat zamanı eksperimental heyvanların ümumi ağrısızlaşdırılması periton boşluğuna 100mq/kq olmaqla 2-2,5%-li teopental-natrium anestetiki yeritməklə icra edilmiş, kəskin hipoksiya modelindən 2, 5, xroniki hipoksiyadan isə 15, 30 gün sonra qarın boşluğu cərrahi alətlərlə yarılmış və böyrəküstü vəzi cıxarılmışdır. Orqandan histoloji və elektron-mikroskopik tədqiqat üçün götürülmüş tikələr fosfat buferində hazırlanmış (pH=7,4) 2%-li qlütaraldehid, 2%-li paraformaldehid məhlulunda fiksasiya edilmişdir. İki saat müddətində fosfat buferində hazırlanmış 1%-li osmium turşusu məhlulunda postfiksasiya edildikdən sonra müvafiq olaraq 50º, 70º, 80º, 90º-li etil spirti məhlullarının hər birində 30 dəqiqə, 96ºvə 100º-li etil spirti məhlullarının hər birində isə 1 saat müddətində dehidratasiya edilmişdir. Sonda hazırlanmış tikələr Araldit-Epon və spur qətranlarında xüsusi qəliblərə yerləşdirilərək, blok halına salınmışdır [7]. Müvafiq bloklardan LKB-III, Leica EM UC7 ultratomlarında həm yarımnazik (1-2 mkm), həm də ultranazik (70-100 nm) kəsiklər əldə edilmişdir.
Tədqiqatın nəticələri və müzakirəsi.Histoloji preparatlarda nəzarət qrupuna daxil olan heyvanlardaböyrəküstü vəzin qabıq və beyin maddələrinin sərhədləri aydın nəzərə çarpır. Vəzi xaricdən birləşdirici toxuma kapsulu ilə əhatə olunmuşdur. Kapsulun altında yumaqcıqlı zonanın hüceyrələri bir-birindən kapillyarlarla ayrılan kiçik ölçülü salxımlar şəklində qruplaşmışdır. Yumaqcıqlı zonanın altında daha çox homogen sitoplazmaya malik dəstəli zonanın hüceyrələri görünür. Dəstəli zonanın hüceyrələri vəzin səthinə perpendikulyar istiqamətdə yerləşmiş düz radial quruluşdadır. Radial quruluşu təşkil etmiş hücrələr kapilyarlar ilə əhatə olunmuşdur (şək.1). Hüceyrələr iri, nüvələri böyük, girdə, aydın sitoplazmaya malikdir və vakuollaşmış görünür. Böyrəküstü vəzinin dəstəli zonasını təşkil edən şəffaf sitoplazmalı hüceyrələri PAS – boyağı ilə boyanmamışdır (şək.1,B: ağ oxlarla göstərilmişdir). Buna səbəb bu sahənin hüceyrələrində qlikoqen dənələrinin az olmasıdır. Torlu zonanın hüceyrələri müxtəlif istiqamətlərdə gedən atmalar əmələ gətirir. Burada tutqun və açıq hüceyrələrə rast gəlinir. Onlar yumaqcıqlı və dəstəli zonanın hüceyrələri ilə müqayisədə, kiçik ölçülərə malik olub, aralarında kapillyarlar yerləşir.
Böyrəküstü vəzin qabıq maddəsinin müxtəlif zonalarında kortikoidlərin ketoqrupları lipidlərin yayılmasını təkrarlayır. Belə ki, yumaqcıqlı və torlu zonalarda onların miqdarı az, dəstəli zonada isə çox olur.
Böyrəküstü vəzinin qabıq maddəsinin torlu zonası ilə beyin maddəsi arasında zəif birləşdirici toxuma örtüyü vardır, bu da sanki vəzinin səthinə perpendikulyar yerləşmiş birləşdirici toxumanın davamını təşkil edir. Böyrəküstü vəzinin beyin maddəsinin hüceyrələri girdə və ya oval formada olub, qan damarları ətrafında yerləşirlər. Damarların mənfəzi genişdir. Qabıq maddənin hüceyrələrinin sitoplazması ilə müqayisədə, beyin maddənin sitoplazması solğundur.
Eksperimentdə kəskin hipoksiyanın 2-ci günü böyrəküstü vəzinin histotopoqrafiyasında hipoksiya ilə əlaqədar zəif nisbi dəyişikliklər aşkar olunmuşdur. Böyrəküstü vəzinin qabıq maddəsinin sərhədləri yaxşı görünür, lakin kapsulu ödemləşmiş (şək.2,A: qara oxlarla göstərilmişdir) və boşalmış, sinusoidal kapillyarlar genişlənmiş və qanla dolmuşdur (şək.2,A: ağ oxlarla göstərilmişdir). Dəstəli zonanın ölçüləri azalmış, yumaqcıqlı və torlu zonalar isə dəyişikliyə uğramamışdır. Yumaqcıqlı zonanın hüceyrələri kiçik ölçüdə olub «tutqun» sitoplazmaya və hiperxrom nüvəyə malikdir. Dəstəli zonada, xüsusilə, onun xarici qatında (subzonal hissədə) köpüklü «şəffaf» sitoplazmalı hüceyrələr, torlu zonaya yaxın (daxili subzonal hissə) sahədə «tutqun» sitoplazmalı hüceyrələr üstünlük təşkil edir. Dəstəli və torlu zonalarda qeyri-bərabər miqdarda lipid damlaları qeyd olunur. Beyin maddənin sitoplazması ödemli, köpüklü, nüvələri tutqun, nüvəcikləri yaxşı nəzərə çarpmır, lakin hüceyrə membranı yaxşı görünür.
Böyrəküstü vəzinin qabıq maddəsinin qalınlığı azalır, xüsusən də dəstəli zonada bu azalma daha çox nəzərə çarpır. Beyin maddənin eni nəzarət qrupundan demək olar ki, fərqlənmir.
Adrenokortikositlərdə histokimyəvi olaraq, PAS – reaksiyasında qlikogen aşkar edilmir.
İri damarların endoteli kövşəkləşmiş və deskvamasiyaya uğramışdır. Hemolizə uğramış və uğramamış eritrositlərdən ibarət ocaqşəkilli qansızmalar müşahidə edilir, qansızmaların periferik hissəsində fibrin toru görünür. Spongiositlərdə sekretor dənələr kiçik, nazik və az saylıdır. Dəstəli zonada qansızmalar qeyd edilir. Qansızmalara söykənən dəstəli zona hüceyrələri aydın və boşalmışdır. Histoloji preparatlarda kapillyarların divarları ödemli, dağılmış, PAS – pozitiv maddə ilə zəif rənglənir.
Kəskin hipoksiyanın 2-ci günündə vəzinin nisbi çəkisinin nisbətən artması müşahidə olunur.
Böyrəküstü vəzinin qabıq maddəsində kəskin hipoksiya modelinin 5-ci günündə zonalar arasında sərhəd izlənilmir, onların hüceyrələrində nəzərə çarpacaq distrofik və bəzi sahələrdə isə perivaskulyar ödem ilə əlaqədar nekrobiotik dəyişikliklər qeyd edilir (şək.3,A: qara oxlarla göstərilmişdir). Bəzi yerlərdə dəstəli zonanın hüceyrələrinin radiar istiqaməti pozulur. Bu zonanın kapillyarlarının doluqanlı olması nəticəsində hüceyrə sütunları arasındakı məsafə azalır.
Yumaqcıqlı zonada hüceyrələrin sitoplazması zəif eozinofilli, kəskin ödemli və parlaqdır, dəstəli zonada «açıq» və «tutqun» hüceyrələr bir-birini əvəz edir, torlu zonada isə «tutqun» hüceyrələr üstünlük təşkil edir. Dəstəli zonanın hüceyrələrinin ödem ilə əlaqədar ölçüsünün dəfələrlə böyüməsi izlənilir (şək.3,B: qara oxlarla göstərilmişdir).
Beyin maddədə hüceyrələr iri, aydın sitoplazmalı, birləşdirici toxuma lifləri şişmiş, bəzi yerlərdə parçalanmışdır. Adrenokortikositlərin nüvələrinin ölçüləri nəzarət qrupundan fərqlənmir. Yalnız dəstəli zonada standart sahədə olan hüceyrələrin sayı nəzarət qrupundan çoxdur.
Histoloji preparatlarda qabıq maddənin eni nəzarət qrupundan aşağıdır. Eyni zamanda 2-ci günündən fərqli olaraq, nəzarət qrupun yumaqcıqlı və torlu zonaları qalındır. Beyin maddənin eni nəzarət qrupuna yaxındır. İnterstisial ödem hüceyrələrin diskomplesasiyasına gətirib çıxarır.
Qabıq maddənin mikroangioarxitektonikası orqanın müxtəlif zonalarında qeyri-bərabər qanla dolması ilə xarakterizə olunur. Yumaqcıqlı zonada doluqanlılıq zəif nəzərə çarpır, bu zonada 2-ci gün ilə müqayisədə, kapillyarlar boşdur. Torlu zonada nəzərə çarpacaq doluqanlılıq əlamətləri qeyd edilir. Beyin maddədə də güclənmiş doluqanlılıq müşahidə olunur, bu isə bütün göstəricilərin artmasını təsdiq edir.
Sekretor dənələr kiçik və az saylıdır (şək.3, B: ağ oxlarla göstərilmişdir).
Beyin maddədə doluqanlılıq daha qabarıq görünür, sinusoid kapillyarlar maksimal olaraq genişlənmişdir. Damar toru müxtəlif formalı və ölçülü ilgəklərdən təşkil olunmuşdur. Histoloji preparatlarda kapillyarlar doluqanlı, divarları kövşəkləşmiş, ətraf birləşdirici toxumalarda diapedez ocaqları görünür.
Böyrəküstü vəzilərin nisbi çəkisi nəzarət qrupundan tamamilə fərqlənir.
Beləliklə, müşahidənin bu müddətində böyrəküstü vəzinin qabıq və beyin maddələrinin adrenokortikositlərində distrofik dəyişikliklər qeydə alınır.
Xroniki hipoksiyanın 15-ci günü müşahidənin digər müddətlərindən fərqli olaraq, perivaskulyar ödem əlamətləri saxlanılır, adətən, diapedez əlamətləri olmur. Hüceyrələr arasında «parlaq» zəif eozinofilli sitoplazma və iri hiperxrom nüvələrə malik hüceyrələr üstünlük təşkil edir. Beyin maddədə perivaskulyar və perisellyülyar ödem əlamətləri saxlanılır. Hüceyrələrin həcmi köpüklü sitoplazma hesabına artır. Böyrəküstü vəzinin bütün zonalarında hüceyrə nüvələrinin ölçüləri həm diametrinə, həm də kəsiklərin sahələrinə görə xüsusilə, dəstəli zonanın nüvələri eksperimentin digər müddətlərindən kəskin fərqlənirlər. Dəstəli zonada xarici subzonal adrenokortikositlər də daxili subzonal adrenokortikositlərdən iri ölçüləri ilə seçilirlər. Böyrəküstü vəzinin hüceyrələrinin həcminin artması müşahidə edilir (şək.4,B: ağ oxlarla göstərilmişdir).
Torlu və dəstəli zonalarda analoji olaraq mikrosirkulyator yatağın göstəriciləri dəyişir, yəni artma dinamikası saxlanılır. Histoloji preparatlarda damarların gedişində bəzi yerlərdə hələ də zəif nəzərə çarpan perivaskulyar ödem, damarların aydın nəzərə çarpan doluqanlılıq aşkar olunur.
Təcrübənin 15-ci gününün nümunələrində böyrəküstü vəzinin qabıq maddəsinin yumaqcıqlı zonasının və beyin maddəsinin qalınlaşması nəzərə çarpır (şək.4,A: qara oxlarla göstərilmişdir). Bu müddətdə əvvəlkilərdən fərqli olaraq, qabıq maddənin eninin nəzarət qrupuna nisbətən artması qeyd edilir.
Daxili zonaya yaxın yerləşmiş genişlənmiş kapillyarların konturları aydın deyildir. Adrenositlər boyunca radial yerləşən damarları birləşdirən kapillyarların mənfəzi kiçik ölçüləri ilə seçilir. Damarətrfı boşluqların interstisial ödemi qeyd olunur.
Hipoksiyanın 15-ci günü müşahidənin digər müddətlərindən fərqli olaraq, böyrəküstü vəzilərin nisbi çəkisi maksimal artır.
Hipoksik təsirin 30-cu günü böyrəküstü vəzinin ayrı-ayrı zonalarında morfometrik göstəricilərin əksəriyyəti eksperimentin digər müddətlərindən fərqlənmir. Vəzinin nisbi çəkisi azalır, kapsulu qalınlaşır. Histoloji preparatlarda yumaqcıqlı və torlu zonaların hüceyrələrinin proliferasiyası nəticəsində qalınlaşması (şək.5, ağ oxlarla göstərilmişdir), beyin maddəni təşkil edən hüceyrələrin isə kiçilməsi (şək.5, qara oxlarla göstərilmişdir) görünür.
Yumaqcıqlı zonanın adrenositlərində sitoplazma vakuollaşır, bəzi yerlərdə nüvənin piknozu nəzərə çarpır. Dəstəli zona kubabənzər açıq və tutqun hüceyrələrdən ibarət olur. Birləşdirici toxuma atmalarında genişlənmiş kapillyarların doluqanlığı müşahidə edilir.
Histoloji preparatlarda qabıq maddənin zonalarının enində stabillik qeyd edilir, eksperimentin 15-ci günündən fərqlənir. Belə ki, yumaqcıqlı və torlu zonalarının eni nəzarət qrupundan fərqlənmir, dəstəli zonanın və beyin maddənin eni isə normadan çoxdur. Dəstəli və torlu zonalarda standart sahədə olan hüceyrələrin sayı və yumaqcıqlı zonada adrenokortikositlərin ölçüləri və nüvələri eksperimentin nəzarət qrupunda olduğuna yaxındır. Nəzarət qrupunun əksinə olaraq, beyin maddədə hüceyrələrin sayı yüksək olaraq qalır, adrenokortikositlərin nüvələrinin ölçüləri isə böyümür. Hüceyrələrin və damar yataqlarının morfoloji mənzərəsi normaya yaxındır. Histoloji preparatlarda perivaskulyar və hüceyrələrarası boşluqların zəif ödemi ilə xarakterizə olunan vəzin damar reaksiyası izlənilir.
Şəkil 5. Hipoksiya modelinin 30-cu günü böyrəküstü vəzinin quruluşu. Boyaq: PASx40
Beləliklə, aparılan tədqi-qatların nəticələri göstərdi ki, qabıq və beyin maddələrin müxtəlif zonalarında inkişaf edən morfo-funksional dəyişikliklər fonunda meydana çıxan morfometrik göstəricilər hipoksiyanın 5-ci günündən başlayaraq artır və böyrəküstü vəzilərin qan təchizatının güclənməsi ilə xarakterizə olunur; bu isə həm kapillyarların genişlənməsi, həm də onların sıxlığının artması hesabına baş verir. Bu göstəricilərin artması eksperimentin 15-ci günündə maksimuma çatır, yeni növbəti mərhələdə normaya yaxınlaşır. Dəstəli və torlu zonalarda damar yataqlarında daha çox dəyişikliklər baş verir, bu zonalarda hüceyrələrin yüksək aktivliyi təmin edilir, bunlar da hipoksiyanın təsiri zamanı orqanizmdə adaptasiya reaksiyalarının formalaşmasında və mübadilə proseslərinin tənzimlənməsində iştirak edir. Hipoksik təsirin 30-cu günü böyrəküstü vəzinin ayrı-ayrı zonalarında morfometrik göstəricilərin əksəriyyəti nəzarət qrupundan kəskin fərqlənmir. Bu isə böyrəküstü vəzilərin və ümumilikdə orqanizmin hipoksiyaya uyğunlaşmasını göstərir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Заречнова Н.Н., Слынько Е.Н. Влияние горной гипоксии на органы эндокринной системы при недостаточности гормонов надпочечника и поджелудочной железы// Вестник новых медицинских технологий, электронный журнал, 2018, № 4, с.3-10
2.Андреев А.В., Губина-Вакулик Г.И. Перинатальная гипоксия как причина патологических изменений надпочечников плодов и новорожденных // Международный медицинский журнал, 2013, № 3, с. 65-69.
3.Калюжная Л.И., Тарарак Т.Я., Калюжный И.Т Эндокринные механизмы адаптации организма к условиям высокогорья: В кн.: Гипоксия. Адаптация, патогенез, клиника // Под ред. Ю.Л. Шевченко.– СПб: ООО «Элби-СПб», 2000, с 235-265.
4.Садыкова Г.С., Джунусова Г.С. Функциональные особенности эндокринных систем у жителей высокогорья // Международный журнал прикладных и фундаментальных исследований, 2016, № 4-5, с. 943-947.
5.Зеркалова Ю.Ф. Морфофункциональные изменения некоторых эндокринных желез при гипоксии различного генеза // Автореф.канд.дис…, Ульяновск, 2004, 23 с.
6.Мухаметов А.И. Морфофункциональная характеристика надпочечников кроликов в условиях стресса и его коррекции // Автореф.канд.дис…, Оренбург, 2015, 24 с.
7.Уикли Б.С. Электронная микроскопия для начинающих. М.: Мир, 1975, 324с. (Electron-microscopy. Methods and Protocols. Edited by John Kuo. USA, Totowa, New Jersey: Humana Press Inc., 2007, 608 p.85.)
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı