MÜASIR ADGEZİV SİSTEMLƏRİN MÜQAYİSƏLI XARAKTERİSTİKASI
01-05-2019
Aktuallığı. Müasir stomatologiyanı adgeziv sistemlərsiz təsəvvür etmək mümkün deyil. Adgeziv sistemlərin ən əsas funksiyası plomb materialının dişin sərt toxumalarına möhkəm yapışması və hermetikliyini təmin etməkdən ibarətdir.
Yeni adgeziv sistemlərin meydana çıxması, onların yüksək kimyəvi və biokimyəvi göstəricilərə malik olması stomatologiyada, xüsusən estetik restavrasiyada inqilabi dəyişikliklərin yaranmasına səbəb olur. Plomb materiallarının etibarlı fiksasiya olunması, kənarı keçiriciliyin qarşısının alınması, ikincili kariyesin yaranmaması və s. seçilmiş adgeziv sistemlərin növündən və təyinatından asılıdır. Yəni, adgeziv sistemlərin kimyəvi tərkibi və xüsusiyyətlərinin çox böyük praktiki əhəmiyyəti vardır [1].
Restavrasiya işlərində kariyesin müalicəsi zamanı ən çox rast gəlinən ağırlaşmanın səbəbi dentinin sürəkli qurudulması ilə izah olunur və bir qayda olaraq bir müddətdən sonra keçib gedir [2,3] .
Bir qrup tədqiqatçılar isə, həssaslığın yaranmasını mikroaxın və hermetikliyin pozulması ilə əlaqələndirirlər. Bu zaman baş vermiş ağırlaşmanın qarşısını adgeziv, sistemləri təyinatı üzrə tətbiq etməklə aradan qaldırmaq mümkün olur. Bu məsəslədə adgeziv sistemlərin kimyəvi tərkibi və tətbiqi texnologiyalarının da həlledici əhəmiyyəti vardır. Ona görə də, stomatologiyada istifadə olunan adgeziv sistemlərin əsas funksiyası deformasiyaedici gücün aradan qaldırılması və plomb materialının dişin sərt toxumalarına davamlı fiksasiyasını təmin etməkdən ibarətdir [4,5].
Məlumdur ki, texnologiyaların inkişafı ilə əlaqədar olaraq, bir çox adgeziv sistemlər müxtəlif istehsalçılar tərəfindən stomatoloji bazara ixrac edilmişdir. Bu dentin adgeziv sistemləri “nəsil” adı ilə ifadə olunurlar və bir-biri ilə adətən dentinə yapışma mexanizmləri və birləşmə gücləri ilə fərqlənirlər. Birinci nəsil keçən əsrin 80-cı illərində, ikinci nəsil 80-ci illərin sonlarında, üçüncü, dördüncü, beşinci nəsil 90-cı illərdə, altıncı və yeddinci nəsil isə 90-cı illərin sonlarından istehsal olunmağa başlamışdır. Yeddinci nəsil adgeziv sistemləri bəzi müəlliflər altıncı nəslin yarımtipi hesab edirlər. Onların qənaətinə görə, həmin sistemin sərt toxumalara yapışma mexanizmi və iş prinsipi altıncı nəsildə olduğu kimidir. Fərq yalnız ondadır ki, sistemə aid komponentləri altıncı nəsildə olduğu kimi istifadə edən zaman bir-biri ilə qarışdırmağa ehtiyac qalmır, çünki həmin komponentlər iki qabda deyil, bir qabda olur.
Tədqiqatın məqsədi. VII nəsil adgeziv sistemlərdən istifadə olunmaqla plomblanmanın keyfiyyətinin, davamlılığının kliniki qiymətləndirilməsi və onların effektivliyinin müəyyən edilməsi və sistemlərinin effektiv fiksasiyasına mane olan faktorların müəyyən edilərək aradan qaldırılması.
Tədqiq olunan adgeziv sistemlərdə mikroaxınların müəyyən edilməsi və plomblamadan sonra yaranmış hiperesteziyanın hansı adgeziv sistemdən asılı olduğunun təyin edilməsi.
Tədqiqatın nəticələri. Müayinələr 90 nəfər könüllü üzərində aparılmışdır. Həmin pasiyentlər hər birində 45 nəfər olmaqla iki qrupa bölünmüşdür.
I nəzarət qrupunda olan pasiyentlər müxtəlif dövrlərdə, klinikalarda dişlərini plomblatdırmışlar (cəmi 56 diş müayinə olunmuşdur).
II qrupdakı pasiyentlərin dişlərinin plomblanması bizim tərəfimizdən aparılmış və 60 diş müalicə olunmuşdur. Plomblama məqsədiylə “Tetric ceram” və “Crearfil” plomblarından istifadə olunmuşdur. Adgeziv sistemi kimi “Contax”, “Ecusit Primer Mono” adlı VI nəslə mənsub materiallardan istifadə olunmuşdur [4].
Hər iki qrupa aid olan pasiyentlərdə dişlərdə plomblamadan sonra yaranan hiperesteziya, onların davamlılığı və plombların kənari yapışması müəyyən edilmişdir.
I qrupa aid olan pasiyentlərin müayinəsi zamanı müəyyən olunmuşdur ki, plomblamadan sonra dişlərdə müxtəlif qıcıqlara qarşı (isti və soyuq, dişlərin təmizlənməsi və s.) həssaslıq yaranmışdır. Obyektiv müayinə zamanı 12 dişdə plomblarda sallaq kənarlar, 8 dişdə ikincili kariyes, 10 dişdə kəskin piqmentasiya və 15 dişdə plombların düşməsi aşkar edilmişdir.
Qeyd etmək lazımdır ki, həmin pasiyentlərdə hansı adgeziv sistemlərdən istifadə olunduğu müəyyən edilməmişdir. II qrupa aid olan pasiyentlərdə orta və dərin kariyesə görə müalicə olunan (cəmi 42 diş) dişlərdə “Adhese” adgeziv sistemi və “Tetric ceram” plomb materialından istifadə olunmuşdur.
Kliniki müayinələrin nəticələri zamanı məlum olmuşdur ki, adgeziv çəkildikdən dərhal sonra 18 dişdə baş vermiş həssaslıq aradan qalxmış, 10 dişdə isə nisbətən azalmışdır. Plomblamadan 3 gün sonra həmin pasiyentlərdə də hiperesteziya tamamilə yox olmuşdur. Bir aydan sonra təkrari kliniki müayinələr zamanı müəyyən edilmişdir ki, qoyulmuş bütün plomblar yerindədir, heç biri düşməyib, rəngi dəyişməyib və kənari yapışması pozulmayıb. Anamnez zamanı yalnız 2 dişdə (nisbətən cavan yaşlı pasiyentlərdə) həssaslıq vardır.
Beləliklə, aparılmış müayinələrin nəticələrinə əsasən onu qeyd etmək olar ki, VI və VII nəsil adgeziv sistemlərinin tətbiqi zamanı əksər hallarda plomblamadan sonra dişlərdə yaranan hiperesteziya əlamətləri azalır və ya tamamilə yox olur. Elektrometrik tədqiqatların nəticələri də sübut edir ki, müayinənin ilk ayında gösətricilər bir qədər azalır, sonrakı dövrlərdə isə stabil olaraq artmağa başlayır.
Kənari yapışmanın digər adgeziv sistemlərlə müqayisə etdikdə məlum olur ki, bu parametr üzrə də göstəricilər qənaətbəxşdir. Belə ki, 6 aydan sonra aparılmış müayinələr onu göstərir ki, mikroaxın bir qədər artmış, daha sonra isə optimal bir səviyyədə qalmışdır. Nəzəri olaraq məlumdur ki, VI, VII nəsil adgeziv sistemləri dentin kanalcıqlarını obturasiya edir, davamlı hibrid zonası yaradır və beləliklə daimi plombla dentin arasında möhkəm əlaqə təmin olunur. Tətqiq olunan adgeziv sistemləri “çirklənmiş dentin” qatını modifikasiya edir, dentin kanalcıqlarının girəcəyi genişlənir, dentinin səthi qatı deminerallaşmaya məruz qalır və həmin hissəyə hidrofil monomer rahatlıqla hopur. “Clearfil Se Bond” adlı adgeziv sistem digərləri ilə müqayisədə dentinin daha dərin qatlarına nüfuz edir.
Yekun. VI, VII nəsil adgeziv sistemləri ilə qoyulan plomb materialları dentinlə daha möhkəm əlaqə yaradır və etibarlı fiksə olunur. Bundan əlavə, həmin sistemlərin köməyi ilə geniş hibrid zonası və plombların tam hermetikliyini təmin etmək mümkün olur. Özüaşılayıcı təsir mexanizminə malik olan VI, VII nəsil adgeziv sistemləri (“Adhe SE”, “Contax”) hibrid zonası yaradaraq dentinin səthini hermetikləşdirir, habelə, dişlərin hiperhəssaslığını aradan qaldırır. Bu adgeziv sistemlərin daha bir üstünlüyü, dentinin nəm olduğunu müəyyən etmək mümkün olmadığı hallarda da istifadə olunmasının mümkünlüyü ilə bağlıdır. VI və VII nəsil adgeziv sistemlər dişlərin restavrasiyası zamanı texnoloji mərhələlərin sayının azaldılması cəhətdən də effektli sayıla bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Храмченко С.Н., Казеко Л.А. Самопротиравливающие адгезивные системы //Современная стоматология -2006, стр.4-8
2.Гей Ф. Современные адгезивные системы //Deutn. Арт. 2003 -№2- стр.13
3.Блунк У. Адгезивные системы: обзор и сравнение //Дент-Арт -2003 -№2 -стр.5-11
4.Максимовская Л.Н., Косинова Е.Ю. Исследование прочности связи с дентином различных адгезивных систем //Стоматология, №1, 2007, стр.28-30
5.Горбань С.А. Современные адгезивные системы Self –Etchprime техника //Современная стоматология, 2007-№3-стр.15, 19
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı