ARTERİAL HİPERTONİYA VƏ ONUN GÖZÜN TORLU QİŞASINDA ƏMƏLƏ GƏTİRDİYİ PATOLOJİ DƏYİŞİKLİKLƏR.

05-04-2019

Açar sözlər: Arterial hipertoniya, angioretinopatiya, diaqnostika, müalicə.

Arterial hipertoniya (AH) nəinki, ürək-damar sistemi xəstəlikləri arasında, hətta digər xəstəliklərlə müqayisədə geniş yayılmış xəstəlik olub fəsadları ilə insan ömrünün çiçəkləndiyi bir zamanda ölümə və ya əlilliyə səbəb olan polietioloji bir xəstəlikdir. Beynəlxalq Səhiyyə təşkilatının 2001-ci ildə verdikləri məlumata əsasən dünya əhalisinin 7,6 milyon nəfəri AH xəstəliyi nəticəsində dünyasını dəyişmiş, 92 milyon nəfər isə əlil olmuşdur. Son ədəbiyyat məlumatları göstərir ki, AH yaşlı nəsillə yanaşı gənclər və yeniyetmələr arasında da geniş yayılmaqdadır (1,2,3)

Xəstəliyin belə vüsət alması və eyni zamanda insan əlilliyi ilə nəticələnməsi bu patologiyanı tibb elminin prioritet sahəsinə çevrilmişdir. Bununla bağlı olaraq, xəstəliyin patogenezinin aydınlaşdırılması alimlərin əsas diqqət mərkəzində durmuş və bu istiqamətdə çox saylı tədqiqat işləri aparılmışdır (4,5,6,7).

Müəyyən edilmişdir ki, AH-in patogenezində bir sıra sistemlərin o cümlədən, toxuma renin-angiotenzin sistem ilə aldesteronun sekresiyası arasında qarşılıqlı əlaqənin, kallikreinkinin sisteminin, damar endolelinin funksiyasının, endotelial damar genişləndirici, və daraldıcı amillərin, böyrəyin depressor funksiyasının pozulması vacib rol oynayır.

AH haqqında hər bir ölkədə özünə məxsus təsnifat hazırlanmışdır. Lakin, bunları ümumiləşdirərək 1999-cu ildə Beynəlxalq Səhiyyə təşkilatı Beynəlxalq hipertoniya cəmiyyəti ilə birlikdə Ah-nin əsas xüsusiyyətlərini, patogenezini və klinik gedişini özündə əks etdirən yeni təsnifat işləyib hazırlamışdır.

Bu təsnifatlara əsasən optimal arterial təzyiq sistolik təzyiqin 120mmHg, diastolik təzyiqin 80 mmHg aşağı olduğu hal hesab edilir.

Normal arterial təzyiq-sistolik təzyiqin səviyyəsi 130 mmHg, diastolik təzyiqin 85 mmHg aşağı olduğu hal qəbul edilir.

Təzyiqin bu səviyyəsi ürək-damar sisteminin fəsadlaşması üçün ən aşağı risk təşkil edir.

Yüksək normal arterial təzyiq sistolik təzyiqin 130-139 mmHg, diastolik təzyiqin 85-89 mmHg səviyyəsində olduğu haldır. Təzyiqin bu səviyyəsi optimal və normal dərəcəli arterial təzyiqlə müqayisədə ürək-damar sistemində fəsadlar üçün yüksək risk təşkil edir (8,2,9).

Hipertoniyanın II mərhələsi Sərhəd hipertoniyası adlanır.

Sərhəd hipertoniyası arterial təzyiqin səviyyəsinin 140-149 mmHg, diastolik təzyiqin isə 90-94 mmHg səviyyəsi hesab olunur.

Sərhəd hipertoniyası 3 dərəcəyə bölünür.

1-ci dərəcəyə - sistolik təzyiqin səviyyəsi 140-150 mmHg, diastolik təzyiqin səviyyəsi 90-99 mmHg səviyyəsində olduğu hallar aiddir;

2-ci dərəcəyə - sistolik təzyiqin səviyyəsi 160-179 mmHg, diastolik təzyiqin səviyyəsi 100-109 mmHg bərabər olduğu hal hesab edilir;

3-cü dərəcəyə sistolik təzyiqin 180 mmHg və ondan yuxarı olan halı aiddir;

İzolə olunmuş sistolik təzyiq 140 mmHg və ondan yuxarı, diastolik təzyiq 90 mmHg-dan aşağı olan hallar qəbul edilir.

2001-ci ildə Rusiya Federasiyasının Kardiologiya elmi cəmiyyəti daha sadə bir təsnifat işləyib hazırlamışdır. Bu təsnifata əsasən AH 3 mərhələyə ayrılır.

Mərhələ - I hipertoniya xəstəliyində hədəf üzvülər olmur.

Mərhələ - II bir və ya bir neçə hədəf üzvün olması ilə xarakterizə olunur.

Mərhələ - III isə assosiasiya olunmuş bir neçə üzvün fəsadları hesab olunur.

Yuxarıda qeyd etdiyimiz kimi, AH-nın ən təhlükəli cəhətlərindən biri onun müxtəlif orqanların damar sistemində kəskin və ya xroniki patologiya yaratmaqdır (10).

Belə hədəf üzvlərdən biridə gözdür.

Son illərdə alimlərin apardıqları tədqiqatların nəticələri göstərmişdir ki, hipertoniyalı xəstələrin 76%-də retinopatiya inkişaf edir (11).

Yüksəlmiş qan təzyiqi gözün mikrosirkulyator şəbəkəsində törətdiyi patoloji dəyişikliklər görmə funksiyasının zəifləməsi və bəzən itirlməsi ilə nəticələnir (12).

Rao və onun həmkarları (2016) müəyyən etmişlər ki, AH xəstələrdə retinopatiyanın inkişafı təkcə arterial təzyiqin yüksəlməsinin nəticəsi deyil, bir sıra amillərin o cümlədən, xəstənin yaşından, gender xüsusiyyətindən, qanda xolesterinin, aşağı sıxlıqlı xolesterinin və triqliseridlərin yüksəlmiş qatılıqlarının kompleks təsiri nəticəsində meydana çıxır.

Akbar et al., (2017) sübuta yetirmişlər ki, AH zamanı görmə aparatının ən çox xəsarət alan hissəsi gözün torlu qişasıdır.

Bütün bunlar AH zamanı gözün torlu qişasının zədələnmə mexanizminin öyrənilməsini ön plana çəkmişdir. Bununla bağlı olaraq, AH-nın gözün torlu qişasında əmələ gətirdiyi dəyişikliklərin patogenezinin öyrənilməsi və onun prediktorunun müəyyən edilməsi oftolmoloqlarla yanaşı patofizioloqların və kardioloqların da tədqiqat obyektinə çevrilmişdir (14,15).

A.Triantafyllou və həmkarları (2014) müəyyən etmişlər ki, AH zamanı torlu qişada baş vermiş patoloji prosesslərin inkişaf dərəcəsi damar divarının elastiklik qabiliyyəti ilə damarların mənfəzinin ölçüsündən asılıdır.

Lakin, çoxsaylı tədqiqatların aparılmasına baxmayaraq, onun patogenezinin əsas məqamları tam şəkildə açıqlanmamışdır. Bunun əsas səbəblərindən biri də gözün torlu qişasında baş vermiş dəyişikliklərlə arterial təzyiqin səviyyəsi arasında qeydə alınan uyğunsuzluqdur. Belə ki, kliniki müşahidələr göstərmişdir ki, arterial təzyiqin səviyyəsi ilə göz dibində baş vermiş dəyişikliklər arasında etibarlı asılılıq yoxdur.

Bəzən, arterial təzyiqin orta səviyyədə yüksəlməsi gözün torlu qişasında çox ciddi dəyişikliklərə səbəb olur və ya əksinə yüksək arterial təzyiq torlu qişada elə də ciddi dəyişiklik əmələ gətirmir.

Hazırda, hipertenziv angioretinopatiyanın yekdilliklə qəbul edilmiş klassifikasiyası yoxdur. Rusiya Federasiyasında ən çox istifadə edilən 1948-ci ildə М.Л. Краснов tərəfindən və 1952-ci ildə А.Я. Виленкина tərəfindən qismən dəyişdirilmiş klassifikasiyadan istifadə edilir. Bu klassifikasiyaya əsasən.

AH-ın zamanı gözün torlu qişasında əmələ gətirdiyi dəyişikliklər 3 mərhələyə a) Angioretinopatiya, b) Angiyoskleroz, c) Retinopatiya və neyroretinopatiya ayrılır.

Hipertoniyanın angioretinopatiya mərhələsi retinal damarlarda funksional dəyişikliklərlə xarakterizə olunur. Bu mərhələ üçün səciyyəvi əlamət arteriolanın daralması və venanın genişlənməsidir (16). Bu zaman venanın qıvrım şəkil alması və genişlənməsi daha qabarıq olur. Arteriyaların ölçüsü dəyişməyə bilir. Daha doğrusu normal vəziyyətdə olması da istisna olunmur.

Lakin, əksər hallarda bir qədər daralır və diametri qeyri-bərabər olur. Arteriyanın ölçüsü ilə venanın ölçü nisbəti norma ilə müqayisədə pozulur. Normada arteriyanın ölçüsü ilə venanın ölçüsü arasında olan mütənasiblik 2:3-ə olduğu halda hipertonik angiopatiyalı xəstələrdə bu nisbət dəyişərək 1:4-ə olur (17).

Kliniki dəyişikliklər fonunda histoloji dəyişikliklərin, o cümlədən, torlu qişa damarlarının hialin qişa ilə örtülməsi, damarların bazal membranın qalınlaşması, perikapillyar arteriyaların daralması hipertonik angioretinopatiya üçün daha xarakterik əlamət hesab olunur(18,19,20,16).

Hipertonik angiopatiyanın diaqnostikasında damarlardan başqa sinirlərdə də baş vermiş dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. Bəzən, görmə sinirinin diskilərində yüngül hiperemiya da müşahidə oluna bilir. Tək-tək nöqtəvari qan izlərinin görünməsidə angiopatiyanın olmasını sübut edir (21).

Bundan əlavə, oftolmoskopiya zamanı küt bucaq altında arteriyanın bifurikasiyası və makulyar sahədə qıvrılmış venalar diqqəti cəlb edir. Bu mənzərə ədəbiyyatda Hivista siptomu kimi tanınır. Oftolmoskopiya zamanı torlu qişada tək-tək nöqtəvari qansızmaların olması da istisna edilmir (22,23,20).

Hipertonik angioretinapatiya-nın yaranması üçün arterial təzyiqin uzun müddət davamlı şəkildə yüksəlməsi mütləq şərt deyildir. Qan təzyiqinin qısa müddət ərzində kəskin yüksəlməsi də hipertonik angioretinopatiyanı yarada bilər. Ona görə də kardioloq qan təzyiqi yüksək olan xəstələri mütləq qaydada oftolmoloqla konsultasiya etməlidir. Belə olan hallarda, hipertonik angiopatiyanın erkən aşkara çıxarılması reallaşır və təbii ki, onun müalicəsi də səmərəli nəticə verir.

Digər tərəfdən hipertonik angioretinapatiyanın səmərəli müalicəsi kardioloqdan da asılıdır. Əgər kardioloq yüksəlmiş arterial təzyiqi normallaşdırmaq imkanına malik olarsa, onda, göz dibində olan dəyişiklik də sorulub gedir və torlu qişa normal vəziyyətini alır.

Hipertonik angioskleroz damarlarda gedən aterosklerotik dəyişikliyin nəticəsində baş qaldıran patologiyadır. Bu prosessə arteriyal təzyiqin yüksəlməsi təkanverici amil kimi qəbul edilmişdir. Hipertonik angiosklerozun əsas əlamətlərindən biri inkişaf edən aterosklerozun nəticəsində damar divarının qalınlaşmasıdır. Damar divarının qalınlaşması nəticəsində işıq refleksi qeyri bərabər olur. Lakın, bu əlamətə əsasən hipertonik angioskleroz diaqnozunun qoyulması düzgün deyildir. Çünki, əksər hallarda damar sistemi aterosklerotik prosessə tutulur və ona görə də torlu qişanın divarının qalınlaşmasının qan təzyiqinin yüksəlməsinin nəticəsi kimi qiymətləndirmək düzgnü olmur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq digər damarları da doppler müayinəsindən keçirmək lazım gəlir. Doppler müayinəsindən alınmış nəticəyə əsasən, hipertonik angiosklerozu damarın aterosklerotik dəyişikliklərindən fərqləndirmək mümkündür.

Hipertonik angioskleroz üçün xarakterik əlamətlərdən biri də göz dibində damarın mis və gümüş məftil şəklinin alınmasıdır. Qeyd olunan siptomu arteriyanın divarına lipidlərin çökməsi və ayrı-ayrı şaxənin aterosklerotik düyün vasitəsi ilə tutulması ilə xarakterizə olur.

Torlu qişanın hipertonik angiosklerozun digər fərqləndirici xüsusiyyəti onun arterial təzyiqin sistolik və diostolik təzyiqin davamlı olaraq yüksəlməsidir. Adətən, hipertonik angioskleroz hipertoniyanın II A və II B mərhələsinə uyğun gəlir.

Hipertonik angioskleroz üçün tipik simptom arterio-venoz kəsişməsinin görünməsidir. Ədəbiyyatda Salyus-Qunna ad ilə tanınan bu simptomun əmələ gəlməsi arteriyaların rigidliyinin artması ucbatından əmələ gəlir (24). Arteriyaların rigidliyi artdığı üçün venaya təzyiq göstərməklə arterio-venoz kəsişməsi yaranır.

Bu siptomun 3 dərəcəsi müəyyən edilmişdir.

1-ci dərəcədə - arteriya venoz çarpazlaşan yerdə vena yüngülvari əyilir və daralır.

2-ci dərəcədə - vena əhəmiyyətli dərəcədə daralmış olur. Bu daralma nəticəsində arteriya vena ilə çarpazlaşdığı nahiyyədən periferiyaya doğru ampulaya bənzər şəkildə genişlənmiş olur.

3-cü dərəcədə - arteriya vena ilə kəsişdiyi sahədə vena sanki yoxa çıxır və arteriyanın onun altından keçib gedən hissəsində aterosklerotik dəyişikliklər aşkar edilir.

Hipertonik angioskleroz makulyar sahədə bərkimiş transudatın ulduzvari şəkil alması (ulduz simptomu), pambıqvari ocaqları və alov şəklində görüntüyə malik qansızmaların olması ilə tanınır.

Hipertonik neyroretinopatiya adətən uzun illər davam edən hipertoniyalı xəstələrdə müşahidə edilir. Əksər hallarda xəstəliyin proqnozu uğursuz olur. Çünki, burada olan patoloji prosses damarda və torlu qişa toxumasının zədələnməsi ilə məhdudlaşmayıb görmə sinirinin lövhəsinə də sirayət edir. Patoloji prosses inkişaf etdikcə ödəm torlu qişanın daha geniş sahəsini əhatə edir.

Ödem inkişaf etdikcə, görmə sinirinin lövhəsini də əhatə edərək lövhənin ətrafında bəzən üzərində hemorragiya səbəb olur. Oftolmoskopiya zamanı lövhələrin qeyri-müəyyən konturu diqqəti cəlb edir. Xəstə rəngləri seçməkdə çətinlik çəkir. Bəzi xəstələrdə görmə kəskin şəkildə pozulur, görmə sahəsi daralır. Ağır hallarda neyroretinopatiya görmə sinirinin atrofiyasına səbəb olur.

AH zamanı gözün torlu qişasında baş vermiş patoloji dəyişikliyin səmərəli müalicəsi onun vaxtında və dəqiq diaqnozunun qoyulmasından asılıdır. Bu məqsədlə, bir sıra metodlar o cümlədən flyuoresent angioqrafiya, göz yaşının fibrinolotik fəallığı, mikrosirkulyator şəbəkənin müayinəsi işlənilib hazırlanmış və bu gün klinikada müvəffəqiyyətlə tətbiq edilir.

Guedri H et al., (2017) hipertonik retinopatiya zamanı torlu qişanın damarlarının diametrinin dəyərləndirilməsini diaqnozun qoyulması üçün vacib hesab etmişdir. Bu məqsədlə, o, kompyuterdən istifadə etməklə torlu qişa damarlarının diametrini ölçmək üçün yeni üsul hazırlamışdır.

Bu sahədə hazırlanmış metodlar içərisində daha yüksək informativ gerçəkliyə malik olan diaqnostik üsullardan biri də göz yaşının fibrinolitik fəallığının təyin edilməsidir. Hələ ötən əsrin 90-cı illərində müəyyən edilmişdir ki, qanın laxtalanma və əkslaxtalanma sistemi normal vəziyyətdə olduğu halda arterial təzyiqi yüksəlmiş xəstələrdə göz yaşının fibrinolitik xassəsi aşağıya düşür (26).

Hipertonik neyroretinopatiyanın müalicəsi əsas xəstəliyin yəni hipertoniyanın müalicəsi ilə başlanılmışdır. Bu məqsədlə, xəstələrin kardioloqla konsultasiyası müalicənin daha səmərəli nəticə verməsinə zəmin yaradır.

Bu gün AH müalicəsinin səmərəli təşkili üçün xüsusi proqram hazırlanmışdır. Bu proqrama aşağıdakılar daxildir.

1.Mənfi psixoemosional və psixososial stressin aradan qaldırılması.
2.Qeyri medikomentoz üsulla müalicənin aparılması.
3.Medikomentoz hipotenziv terapiya.
4.Serebroangio protektor xassəsinə malik olan preparatlarla beyin qan dövranının yaxşılaşdırılması;
5.Fəsadların müalicəsi

a)Hipertonik krizin dayandırılması;

b)Beyin əlamətlərinin müalicəsi;

c)Solmədəcik çatmamazlığının aradan qaldırılması və ya yüngülləşdirilməsi;

d)Xroniki böyrək çatmamazlığının dərinləşdirilməsinin qarşısının alınması;

e)Qan dövranında başlanmış durğunluğun aradan qaldırlması;

1.Ekstrakorporal terapiya;
2.Sanator-Kurort müalicəsi;
3.Qeyri medikamentoz terapiya zamanı aşağıdakılar həyata keçirilməlidir.

a)Hiponatriy dieta №10.

b)Piylənməyə meyilli insanlarda sutkalıq kalorinin məhdudlaşdırmaq.

c) Aniaterosklerotik dieta.

d) Maye qəbulunu gün ərzində 1-1,5 l-ə endirmək.

e)Xörək duzu qəbulunu azaltmaq. Aşağı qəbul gün ərzində 1-3q, ideal variantda 2-5q, yumşaq qəbul 8-12q, yüksək 15q və ondan çox.

f)Qidada doymuş yağ turşularından istifadəni azaltmaq və qidanı doymamış yağ turşuları ilə zənginləşdirmək;

g)Qida ratsionunu maqniy və kaliy elementləri bol olan məhsullarla zənginləşdirməli. Çünki, AH zamanı adları çəkilən maddələr orqanizmdən xaric olurlar.

h)Dietanı lipotrop maddələr olan və dəniz məhsulları (dəniz balığı, krab, krivetka, dəniz kələmi və s.).

i)Mütəmadi olaraq, hiponatriumla dietanı maqniy ilə zəngin olan dieta ilə növbəli şəkildə əvəz olunmalıdır.

Bədən kütləsinin normallaşdırılması mülayim dərəcədə yüksəlmiş arterial təzyiqin normal səviyyə endirə bilir.

Arterial təzyiqi yüksək səviyyədə olan xəstələrdə isə bədən kütləsinin aşağı salınması hipotenziv dərman maddələrinin təsirini gücləndirir, sol mədəciyin hipertrofiyasını azaldır.

Alkoqol qəbulunun məhdudlaşdırılması və tütündən istifadənin dayandırılması.

Müntəzəm olaraq fiziki yükün verilməsi və onun dinamik olaraq artırılması (piyada gəzinti, qaçmaq, üzmək, velosiped sürmək, tenis və voleybol oynamaq) etibarlı şəkildə yüksəlmiş arterial təzyiqi endirir.

Psixorelaksasiya, rasional psixoterapiya və iynərefleksterapiya damar büzücü mərkəzlərin oyanıqlığını aşağı salmaqla, simpatik sinir sistemini və endokrin sistemini nizamlamaqla arterial təzyiqi aşağı salır.

Hipertoniyanın müalicəsində fizioterapevtik müalicə, o cümlədən radon, kükürdlü su, natriyxloridli və yodobrom vannaları müvəffəqiyyətlə istifadə edilir.

Medikamentoz hipotenziv terapiya hiperteniya xəstəliyinin əsas müalicə vasitəsi kimi qəbul edilmişdir. Bu məqsədlə aşağıdakı qrup preparatlardan istifadə olunur.

1. β-adrenoblokatorlar

2. Dikretiklər (Saluretik)

3. Kalsiy antoqonistləri

4. Angiotenzin çevrici fermentlərin inqibitorları;

5. Angiotenzin II reseptorlarının antoqonisti

6. Vazodilatatorlar

7. λ-adrenoblokatorlar

8. Mərkəzi təsirə malik λ2 aqonisti:

9. Simpatolitiklər

10. K kanalını fəallaşdıran

11. Vazoaktiv prostaqlandinlər və prostosiklini sintez edən stimulyatorlar

Lakin, bu qruplar içərisində β-adrenoblokatorlar, diuretiklər, kalsiy antoqonistləri, angiotenzin çevrici fermentlərin igibitoru və onların reseptorlarının blokatorları tibbi praktikada geniş istifadə edilir. Bu göstərilən preparatlarla əsas xəstəliyin müalicəsini apararkən onunla yanaşı, hipertonik neyroretinopatiyanın da müalicəsini başlamaq lazımdır. Hazırda qəbul olunmuşdur ki, torlu qişanın işemiyasının müalicəsi üçün vazodilyatatorlardan istifadə edilməlidir. Çünki, vazodilyatatorlar o cümlədən trental, kavinton, ksavin, stuqeron həm gözün, həm də beyin damarlarını genişləndirir. Hipoksiyanı azaltmaq məqsədilə karbogen inhaliyasiyasından istifadə olunur. Karbogenlə inhaliyasiya hipoksiyanı aradan qaldırmaqla beyin və göz damarlarını dilatasiya uğradır. Arterial hipertoniya zamanı torlu qişada baş vermiş patoloji prossesin patogenezində digər amillərlə yanaşı qanın realogiyasının pozulması da vacib rol oynayır. Qanın realogiyasın yaxşılaşdırmaq eyni zamanda tronbozun əmələgəlmə riskini aşağı salmaq üçün xəstələrə antiaqreqat təyin edilməlidir. Lakin, torlu qişada qan axımını bərpa etməklə orada inkişaf edən işemiyanın aradan qaldırılması əksər hallarda, reperfuzion sindromun inkişafına təkan verir. Məlumdur ki, reperfuzion sindromun inkişafı isə sərbəst radikallaşma prossesini və lipidlərin peroksidləşməsini intensivləşdirir. Bunun profilaktikası üçün xəstələrə antioksidant o cümlədən λ-tokoferol, askorbin turşusu, veteron və dikvertin təyin edilir. Müalicənin səmərəli nəticə verməsi üçün angioprotektorların xüsusilə də doksuyma təyini vacibdir. Göz daxili qansızmaların sorulmasını sürətləndirmək üçün tərkibində proteolitik ferment olan preparatlardan o cümlədən vobenzimin, papain, rekombinat prokrokinaza preparatlarından istifadə edilməsi daha zəruridir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Мамедов М.Н., Оганов Р.Г., Артериальная гипертония в клинической практике врача: современная стратегия диагностики и лечения. Качество жизни. Медицина, 2005; 3 (10): 10-17.
2.Мидленко Т.А. Офтолмологические критерии эффективности антигипертензивной терапии у больных артериальной гипертензией 1-2 степени (без порожения органовмищеней) . Автореф. Канд. дисс. Ульяновск 2008. 22с.
3.Глазирина Т.М., Донов К.В., Корзуниы  В.А. и др. Психофизиологическая оценка факторов риска артериальной гипертензии у мужчин призывыого возраста. // Вестник Российской военно-медицинской академии 2017 №2. С 134-138.
4.Недогода С.В. Комбинированная антигипертензивная терапия: новые возможности индивидуализации и дифференцированного лечения пациента // Трудный пациент. 2006. Т4.№8.-с. 39-42.
5.Сердюков Д.Ю.,Гордисико А.В.,Григоьев С.Г. и др. сердечыо-сосудистый риск и признаки сублинического атеросклероза у военнослужащих в условиях Арктики //Вестник Российской военно-медицинекой академии 2017 №1.с 43-48.
6.Усенко Г.А.,Васеидиы Д.В., Усенко А.Г.,Шакирова Н.А.Взаимосвязь междугелиометофакторами и уровнем утилизации кислорода организ-мом больных артериальной гипертензией с различными темпераментом // Вестник военно-медицинской академии 2017 №1 с 89-93
7.Хубулава Г.Г., Козлов К.Л., Шишкевич А.Н., Михайлов С.С. Рентгенхирургические методика в диагностике и лечении артериальной гипертензии. // Вестник военно-медицинской академии 2017 №1с 215-219.
8.Əzizov V.Ə., İmaməliyev Q.M., Əlixanova Z.Ə. Arterial hipertenziya fonunda miokardın struktur, funksional dəyişikliyi xroniki ürək çatmamazlığının prediktoru kimi / Azərbaycan xalq cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” elmi praktik konfransın materialları Bakı 2018. S 79.
9.Коломенцев С.В., Одинак М.М., Вознюк И.А. и др. Ищемический иысулт у стационарного пациента. Современный взгляд на состояние проблемы. // Вестник Российской военно-медицинской академии 2017 №2. С 206-213
10.Груздаева А.А., Мущыиков Д.Л., Харитонова Е.А. Подготовленность потробителей и производителей медицинских услуг к профилактике сердечно-сосудистых заболеваний. // Вестник военно-медицинской академии 2017 №1 с 159-163.
11.Chen X.L., Meng Y., Li J et al., Serum Uric Acid Concentration is Associated With Hypertensive Retino-Phaty in Hypertensive Chinese Adults. BMC-Ophthalmology 2017, 17:83.
12.Rao V.R., Natarajaboopathy R., Kumar K.M., Grace V.M. – Hipertensive Retinopathy-Prevalance, Rick Factors and Comorbids. //Journal Evolution of Medical and Dental Sciences –Jemds 2016.5.6872-6874.
13.Akbar S., Akram M.U., Şarif M et al., Arteriovenosus ratio and papilledema based hybrid decision support system for detection and qrading of Hypertensive retinopathy. Computer Methods and Proqrams in Biomedicine 2017:154:123-141.
14.Triantafyllou A., Anyfanti P., Gavriilaki E., et al., Association Between Retinal vessel Caliber and Arterial Stiffness in a Population Comprised of Normo-tensive individuals // American Journal of Hypertension 2014;27;1472-1478
15.Guedri H., Ben Abdallah M., Echouchene F, Belmabrouk H. Novel Computerized Methodfor Measrement of Retimal vessel Diameters // Biomedicines. 2017 5:12
16.Akay F., Gundogan F.C., Yolcu U., et al., Retinal Structural Changs in Systemic Arterial Hypertension: An OCT Study. European Journal of Ophthalmology. 2016;26:436-441.
17.Estrada R., Allingham M.J., Mettu P.S. et al., Retinal artery-vein classification via topology estimation. IEEE Transactions on Medical Im-aging 2015. 34.2518-2534.
18.Киселева Т.Н., Ежов М.Б., Аджемян Н.А. Нарушение ретинальной циркуля-ции при артериальной гипертензии. Фарматека. 2014;20:14-18 (Kiseleva T.N., Ezhov M.V., Ajemyan N.A.Violation of Retinal Circulation in Hypertension. Pharmathics=Farmateka. 2014;20:14-18 (İn Russ.)
19.Kur J., Newman E.A., Chan-Ling T. Cellular and Physiological Mechanisms Underly-ing Blood Flow Regulation in the Retina and Choroid in Health and Disease. Progress in Retinal and Eye Research. 2012; 31:377-406
20.Flammer J., Konieczka K., Bruno R.M. и др. The eye and the heart //European Heart Jornal 2013.34.1270-1278
21.Saez M., Gonzalez-Vazquez S., Gonzales-Penedo et al., Development of an automated system to classify retinal vessels into arteries and venis. Computer Methods and proqrams in Biomedicine 2012:108(1) 367-376
22.Bolivar J.,I. Essentiol Hypertension: An Approach to its Etiology and Neurogenc Pathophysiology / İntenational Journal of Hypertension 2013:3.54-78
23.Mirsharif Q., Tajeripour F., Pourreza H. Automated characterization of blood vessels as arteries and veins in retinal images. Computerized Medical Imaging and Graphics 2013. 37 (7-8) 607-617
24.Mc Donald L.. Lee G.R., de Gooyer T.E. et al., Effects of an Endothelin Receptor Antagonist on a Model of Hyper-tensive Retinopaty. //Ophtholma Research 2010:43. P 99-107.
25.Guedri H., Ben Abdallah M., Echouchene F., Belmabrouk H., Novel Computerized Method for Measurement of Retinal Vessel Diameters. // Biomedicines 2017 №5. P 12.
26.Марченко И.Н. Гемостатистический потенциал сосудистых систем глаза при артериальных гипертониях. Автореферат канд. мед. наук. Москва М. 1997. 22с.

 


Müəlliflər:
G.V. Əliyeva

Digər jurnal və qəzetlər