ÇIXMAYAN ORTODONTİK APARATLARLA MÜALİCƏ ZAMANI MARGİNAL PARODONTUN VƏZİYYƏTİ
07-04-2019
Ключевые слова: фиксированные ортодонтические инструменты, зубной налет, облепиховое масло с воском
Key words: fixed orthodontic appliances ,dental plaque, buckthorn oil with wax
Mövzunun aktuallığı.Diş-çənə sisteminin anomaliyaları əhali arasında geniş yayılmış və onun müalicəsi üçün müxtəlif müalicə metodları təklif edilmişdir.[1,2]. Son tədqiqatlara görə, Azərbaycan Respublikasında 12-17 yaşlı yeniyetmələr arasında diş-çənə anomaliyalarının müxtəlif formalarınını yayılma göstəriciləri 63,09±0,7% olmuş, bu zaman, onların 71,4%-də aktiv ortodontik müalicəyə ehtiyacın olması müəyyən edilmişdir [3]. Bununla yanaşı, Azərbaycanda müxtəlif yaş dövrlərində əhali arasında kariyesin yayılması və intensivliyi, parodont xəstəliklərinin yayılmasının yüksək göstəriciləri ilə xarakterizə olunur.[1,4,5]
Son dövrlərədək diş-çənə anomaliyaları və deformasiyalarının ənənəvi müalicə vasitəsi kimi çıxan ortodontik aparatlar üstünlük təşkil edirdi, lakin bu aparatların istifadə rejiminə düzgün riayət edilməməsi müalicənin klinik effektinin aşağı olmasına səbəb olmaqla yanaşı, alınmış nəticələrin qorunub saxlanılması prosesinə də mənfi təsir göstərirdi [6].
Müasir genetik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ağız boşluğunda mövcud olan normal mikrofloranın 95-99%-nin genetikası hələ tam məlum olmayıb, kultivasiya edilə bilmir [4].
Bu baxımdan, diş-çənə anomaliyalarının ortodontik müalicəsinin aparıldığı dövrlərdə, xüsusilə də çıxmayan texnika tətbiq edildikdə parodont xəstəliklərinin səmərəli profilaktikasını təmin etmək aktuallığını saxlamaqdadır. Digər tərəfdən diş-çənə anomaliyalarınını ortodontik müalicəsinin aparıldıqda parodont toxumalarının vəziyyətini qiymətləndirən vahid kriterilər mövcud deyil, müalicənin müxtəlif dövrlərində parodont toxumalarının sağlamlığını təmin edən və rezistentliyini yüksəldən kompleks tədbirlərin dəqiq alqoritmi işlənilməmişdir.
Tədqiqatın məqsədidiş-çənə anomaliyalarının çıxmayan ortodontik aparatlarla müalicəsi zamanı diş ərplərinin yaranma sürəti və diş ətlərinin qanama indekslərinə əsasən, marginal parodontin vəziyyətini təyin etmək olmuşdur.
Tədqiqatın material və metodları. Qarşıya qoyulan məsələləri həll etmək üçün diş-çənə anomaliyalarının müxtəlif formalarının – dişlər, diş sıraları və dişləm anomaliyalarının çıxmayan ortodontik aparatlarla müalicəsi aparılan 12-25 yaş arası 120 nəfər xəstədə müalicədən əvvəl, müalicə müddətində və sonda kliniki, instrumental, rentgenoloji müayinələr aparılmışdır. Xəstələr hər birində 40 nəfər daxil edilməklə, üç qrupa ayrılmışdır. Birinci qrupa daxil etdiyimiz xəstələrdə ortodontik müalicədən əvvəl ağız boşluğunda peşəkar gigiyena tədbirləri aparılmış, eləcə də xəstələrə ağız boşluğuna gigiyenik qulluğun əsasları öyrədilmişdir. Bu qrup xəstələrində əlavə olaraq tərkibində antibakterial preparatlar və ağız boşluğu immunitetinin yerli faktorlarının aktivliyini qaldıran bioloji aktiv maddələrdən istifadə etməklə kompleks tədbirlər planı tətbiq edilməmişdir
İkinci qrupa daxil etdiyimiz xəstələrdə ortodontik müalicədən əvvəl ağız boşluğunda peşəkar gigiyena tədbirləri aparılmış, eləcə də xəstələrə ağız boşluğuna gigiyenik qulluğun əsasları öyrədilmişdir. Ortodontik müalicə müddətində hər gecə yatmazdan əvvəlki diş fırçalamasından sonra ağız boşluğunda yerli “Herba Flora“ şirkətinin istehsal etdiyi “Fitooil çaytikanı yağı vərəmumla” məhlulundan 1 çay qaşığı ağız boşluğunda 1 dəqiqə ərzində çalxalamaq, sonra tüpürərək ağızı yaxalamamaq kimi tövsiyə verilmişdir.
Üçüncü qrupa daxil etdiyimiz xəstələrdə də ortodontik müalicədən əvvəl ağız boşluğunda peşəkar gigiyena tədbirləri aparılmış, eləcə də xəstələrə ağız boşluğuna gigiyenik qulluğun əsasları öyrədilmişdir. Ortodontik müalicə müddətində hər gecə yatmazdan əvvəlki diş fırçalamasından sonra ağız boşluğunda yerli “Herba Flora“ şirkətinin istehsal etdiyi “Fitooil çaytikanı yağı vərəmumla” məhlulundan 1 çay qaşığı ağız boşluğunda 1 dəqiqə ərzində çalxalamaq, sonra tüpürərək ağızı yaxalamamaq, eləcə də, yanaşı olaraq, gündə 1 dəfə “İmmunotea” çayını dəmləyib içməklə, bu kimi yerli immuniteti qaldıran vasitələrin birgə tətbiq edilməsi tövsiyə olunmuşdur.
Diş ərplərinin yaranma sürəti Axelsson 1989 (PFRİ) metodu ilə, diş ətlərinin qanama indeksləri isə Ainamo və Bayy (1975) üsulu ilə qiymətləndirilmişdir.
Diş-çənə anomaliyalarının müalicəsində düz sim texnikasından istifadə edilmişdir.
Tədqiqatın nəticələri. Tədqiqatımız zamanı diş-çənə anomaliyalarının bu və ya digər formasının çıxmayan ortodontik texnika ilə müalicəsini apardığımız və 3 qrupa ayırdığımız xəstələrin hamısında diş ərplərinin yaranma sürəti və diş ətlərinin qanama indeksləriöyrənilmişdir.
Çıxmayan ortodontik aparatların tətbiqi zamanı diş ərpinin yaranma sürətini öyrənərkən, ortodontik müalicəyə başlamazdan əvvəlki göstəriciləri ortodontik müalicəyə başlanandan 1 ay, 6 ay, 12 ay sonra və müalicənin axırında bütün qruplardakı göstəricilərlə müqayisə etdikdə onlar arasında dürüst fərqlənmənin olması aşkar edilmişdir (cədvəl 1).
1 saylı cədvəldəki məlumatlardan göründüyü kimi, ortodontik müalicəyə başlamazdan əvvəl birinci qrupda diş ərpinin yaranma sürəti indeksinin göstəricisi 31,24±1,14%, ikinci qrurda 31,62±1,16%, üçüncü qrupda 32,5±1,18% olması müəyyən edilmişdir.
Жядвял № 1.
Çıxmayan ortodontik aparatlarla aparılan müalicənin müxtəlif dövrlərində
xəstələrdə diş ərpinin yaranma sürəti indeksləri
Ortodontik müalicənin müxtəlif dövrləri |
Diş ərpinin yaranma sürəti indeksləri, faizlə |
Statistik dürüstlük |
||
Birinci qrup |
İkinci qrup |
Üçüncü qrup |
||
Ortodontik müalicəyə başlamazdan əvvəl |
31,24±1,14 |
31,62±1,16 |
32,5±1,18 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 1 ay sonra |
32,23±1,18 |
33,16±1,19 |
33,13±1,19 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 6 ay sonra |
34,20±1,21 |
31,89±1,16 |
29,27±0,99 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 12 ay sonra |
35,30±1,24 |
31,11±1,15 |
27,43±0,81 |
P<0,05 |
Ortodontik müalicənin sonunda |
37,39±1,31 |
30,12±0,99 |
21,58±0,54 |
P<0,05 |
Müxtəlif zaman kəsiklərində, yəniortodontik müalicəyə başlanandan 1 ay, 6 ay, 12 ay sonra və müalicənin axırında bu göstəricini öyrənərkən dinamikada ikinci və üçüncü qruplarda diş ərpinin yaranma sürəti indeksinin azalması və birinci qrupda bu göstəricinini artması aşkar edilmişdir.
Ortodontik müalicəyə başlanandan 1 ay sonra birinci qrupda diş ərpinin yaranma sürəti indeksinin 32,23±1,18%, ikinci qrupda 33,16±1,19%, üçüncü qrupda 33,13±1,19% olması aşkar edilmişdir. Ortodontik müalicənin başlanmasından 6 ay sonra birinci qrupda diş ərpinin yaranma sürəti indeksinin 34,20±1,21%, ikinci qrupda 31,89±1,16%, üçüncü qrupda 29,27±0,99% olması kimi nəticələr alınmışdır.
Diş ərpinin yaranma sürəti indeksi ortodontik müalicəyə başlanandan 12 aydan sonra bir o qədər də dəyişikliyə uğramamışdır və birinci qrupda 35,30±1,24%, ikinci qrupda 31,11±1,15%, üçüncü qrupda isə 27,43±0,81% kimi dəyərləndirilmişdir.
Ortodontik müalicənin sonunda diş ərpinin yaranma sürəti indeksinin birinci qrupda 37,39±1,31%-ə qədər yüksəldiyi halda, ikinci qrupda 30,12±0,99%-ə qədər stabilləşmə, üçüncü qrupda isə 21,58±0,54%-ə qədər azalma müşahidə edilmişdir.
Beləliklə, diş ərpinin yaranma sürəti indeksinin ortodontik müalicəyə başlamazdan əvvəl, müalicəyə başlanandan 1 ay, 6 ay, 12 ay sonra və müalicənin axırında olmaqla dinamikada öyrənilməsi zamanı aldığımız nəticələrə əsasən deyə bilərik ki, çıxmayan ortodontik texnikadan istifadə edərkən birinci qrupda olduğu kimi, əlavə müalicə-profilaktika vasitələri tətbiq edilmədikdə diş ərpinin yaranma sürəti artır.
Yalnız “Fitooil çaytikanı yağı vərəmumla” ağız boşluğunu qarqara edən ikinci qrup xəstələrində diş ərpinin yaranma sürəti indeksi ortodontik müalicəyə başlayandan 1 ay ərzində azalır və sonradan stabilləşir.
“Fitooil çaytikanı yağı vərəmumla” ağız boşluğunu qarqara edən və yanaşı olaraq “İmmunotea” kimi yerli immuniteti qaldıran vasitələrin birgə tətbiq edildiyi üçüncü qrup xəstələrində müalicənin əvvəlindən sonuna olan müddətdə diş ərpinin yaranma sürəti azalır.
Bizim aldığımız nəticələr bu fikirlərlə üst-üstə düşür ki, ümumi və yerli immunitet faktorları sanogenez proseslərinə təsir edir. Belə ki, qeyri-medikamentoz bioloji aktiv əlavə olan “Fitooil çaytikanı yağı vərəmumla” ağız boşluğunu qarqara edən və yanaşı olaraq “İmmunotea” kimi yerli immuniteti qaldıran vasitələrin birgə tətbiq edildiyi üçüncü qrup xəstələrində bu göstəricinin daha böyük reduksiyasına və sonradan stabilləşməsinə nail olmuşdur.
Çıxmayan ortodontik aparatlarla diş-çənə anomaliyalarının müalicəsi zamanı parodontdakı iltihabi proseslərin intensivliyinin öyrənilməsi üçün hər üç qrupa daxil edilən xəstələrdə ortodontik müalicəyə başlamazdan əvvəl, müalicəyə başlanandan 1 ay, 6 ay, 12 ay sonra və müalicənin axırında diş ətlərinin qanama indekslərinin dəyişilmə dinamikası araşdırılmışdır (cədvəl 2.).
2 saylı cədvəldəki məlumatlardan göründüyü kimi, ortodontik müalicəyə başlamazdan əvvəl diş ətlərinin qanaması indeksinin öyrənilməsi nəticəsində məlum oldu ki, müalicənin əvvəlində buindekslər birinci qrupda 0,84±0,45 bal, ikinci qrupda 1,04±0,48 bal və üçüncü qrupda 1,89±0,52 bal təşkil etmişdir. Müalicə başlanandan 1 ay sonra birinci qrupda bu indeks 2,16±0,62 bala qədər yüksəlmiş, ikinci qrupda 2,07±0,58 bal və üçüncü qrupda 2,06±0,58 bala qədər yüksəlmişdir. Bütün bu artımlar parodontda iltihabi proseslərin başlanmasından xəbər verir.
Çıxmayan ortodontik aparatlarla müalicəyə başlayandan 6 ay sonra birinci qrupda qanama indeksi bir qədər də artaraq 2,42±0,76 bala çatmışdır. Həmin tendensiya ikinci qrupda da saxlanılmışdır, belə ki, ikinci qrupda da bu göstərici uyğun olaraq 2,31±0,76 bala qədər yüksəlmişdir.
Cədvəl № 2.
Çıxmayan ortodontik aparatlarla aparılan müalicənin müxtəlif dövrlərində
xəstələrdə diş ətlərinin qanama indeksləri
Ortodontik müalicənin müxtəlif dövrləri |
Diş ətlərinin qanama indeksləri, bal ilə |
Statistik dürüstlük |
||
Birinci qrup |
İkinci qrup |
Üçüncü qrup |
||
Ortodontik müalicəyə başlamazdan əvvəl |
0,84±0,45 |
1,04±0,48 |
1,89±0,52 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 1 ay sonra |
2,16±0,62 |
2,07±0,58 |
2,06±0,58 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 6 ay sonra |
2,42±0,76 |
2,31±0,76 |
1,35±0,22 |
P<0,05 |
Ortodontik müalicəyə başlayandan 12 ay sonra |
2,84±0,92 |
2,21±0,71 |
0,72±0,25 |
P<0,05 |
Ortodontik müalicənin sonunda |
2,94±0,93 |
1,91±0,52 |
0,53±0,22 |
P<0,05 |
Yalnız üçüncü qrupda qanama indeksi əvvəlki göstərici ilə müqayisədə xeyli azalmış və 1,35±0,22 bal təşkil etmişdir.
Müalicə başlanandan 12 ay sonra diş ətlərinin qanama indeksi birinci qrupda 2,84±0,92 bal, ikinci qrupda 2,21±0,71 bal, üçüncü qrupda isə 0,72±0,25 bal təşkil etmişdir.
Çıxmayan ortodontik aparatlarla müalicənin sonunda diş ətlərinin qanama indeksi birinci qrupda əvvəlki aylardakına uyğun şəkildə xeyli yüksək qalmış və 2,94±0,93 bal təşkil etmişdir. Həmin səviyyədə olmasa da, ikinci qrupda da diş ətlərinin qanama indeksi müalicənin sonunda yüksək olaraq, 1,91±0,52 bal təşkil etmişdir. Təkcə üçüncü qrupda kompleks müalicənin sonunda diş ətlərinin qanama indeksi əvvəlki göstəricilərlə müqayisədə xeyli aşağı olmuş və 0,53±0,02 bal təşkil etmişdir.
Diş ətlərinin qanama indekslərinin diş-çənə anomaliyalarının çıxmayan aparatlarla ortodontik müalicəsinə başlamazdan əvvəl, müalicəyə başlanandan 1 ay, 6 ay, 12 ay sonra və müalicənin axırında olmaqla dinamikada öyrənilməsi zamanı aldığımız nəticələrə əsasən deyə bilərik ki, çıxmayan ortodontik texnikadan istifadə edərkən birinci qrupda olduğu kimi, əlavə müalicə-profilaktika vasitələri tətbiq edilmədikdə diş ətlərinin qanama indeksi artır.
Yalnız “Fitooil çaytikanı yağı vərəmumla” ağız boşluğunu qarqara edən ikinci qrup xəstələrində diş ətlərinin qanama indeksi ortodontik müalicəyə başlayandan 12 ay sonra azalır, lakin əvvəlki göstərici səviyyəsinə çatmır.
“Fitooil çaytikanı yağı vərəmumla” ağız boşluğunu qarqara edən və yanaşı olaraq “İmmunotea” kimi yerli immuniteti qaldıran vasitələrin birgə tətbiq edildiyi üçüncü qrup xəstələrində müalicənin əvvəlindən sonuna olan müddətdə diş ətlərinin qanama indeksləri azalır. Beləliklə, kompleks müalicə təyin edilərkən diş ətlərinini qanaması müalicəyə başlayandan 1 ay sonra normallaşaraq, o biri qruplarda müalicənin sonunda belə bu göstərici normallaşmır.
Maraqlıdır ki, diş daşları olan sekstantların miqdarı son müayinədə dürüst olaraq əvvəlki qiymətlərdən az olmuşdur. Bu, aparılan ortodontik müalicə zamanı diş daşlarının təmizlənməsinin səmərəsindən xəbər verir.
Diqqəti çəkən bir məqam da ondan ibarət olmuşdur ki, daxil edildiyi qrupundan asılı olmayaraq, çıxmayan ortodontik aparatın fiksasiyasından bir ay sonra bütün xəstələrdə parodontun vəziyyəti xeyli pisləşmişdir. Hesab edirik ki, belə vəziyyət bir neçə səbəblə əlaqəli ola bilər. Belə ki, istənilən ortodontik müdaxilənin əsasında dişə daima müəyyən bucaq altında daimi təzyiqin olması durur və bu adaptasion yenidənqurulma ilə nəticələnir. Bu hal periodontda və alveol sümüyündə aseptik iltihabın yaranmasına gətirib çıxarır ki, o da ağrı ilə özünü büruzə verir. Bütün bunların nəticəsində xəstələr tərəfindən fərdi gigiyena tədbirlərinin aparılmasına maneə yaranır. Lakin bu halda da ikinci və üçüncü qrup xəstələrində çıxmayan ortodontik aparatın fiksə olunduğu müddətdə parodontun vəziyyətinin pisləşməsi birinci qrup xəstələrində olduğundan daha az büruzə vermişdir. Belə ki, ikinci və üçüncü qrup xəstələrində sağlam sekstantların sayı birinci qrup xəstələrindən təxminən 1,5 dəfə çox, diş çöküntüləri olan sekstantlar təxminən 4 dəfə az olmuşdur.
Nəticə. Beləliklə, parodontun iltihabi xəstəliklərinin inkişafında əsas rollardan birini diş çöküntüləri oynadığı üçün, sanogenetik mexanizmləri nəzərə almamaq düzgün olmazdı. Bu mexanizmlər içərisində diş ərpinin yaranma sürəti indeksi əsaslardan sayılır. Hər üç qrupda yoxlanılan indekslərin dinamikasının müqayisəli analizi aydın göstərir ki, müntəzəm olaraq aparılan və nəzarətdə saxlanılan fərdi gigiyena və peşəkar gigiyena tədbirləri ilə yanaşı, aparılan kompleks müalicə tədbirləri parodont toxumalarının vəziyyətini dürüst olaraq yaxşılaşdırır və ağırlaşmaların yaranma riskini azaldır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Новрузов З.Г., Алиева Р.К., Оздилер О.Е. Цефалометрическая оценка влияния съемных функциональных аппаратов, используемых при лечении дистального прикуса, на высоту лиц // Стоматология 2018, №3, cтр44-47
2.Al-Kilzy M., Saban A., Altinawi V., Splieth C.H. Epidemiology and etiology of malocclusion among pedodontic patients. 8th World Congress on Preventive Dentistry. Liverpool, 2005, p. 71.
3.Pənahov N.A. Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik müalicəyə ehtiyac, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması. T.ü.e.d. ... dis. avtoreferatı. Bakı, 2013, 44 s.
4.Зейналова Г.К Организация и эффективность проведения программы профилактики стоматологических заболеваний у детей школьного возраста афтореф.дис.канд.мед.наук 2012- 18 стр
5.Rüstəmov E.Ə. Parodontun iltihabi xəstəliklərinin müalicəsində ağız boşluğunun professional gigeyenasının effektivliyi.// Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2014, №3, s.206-210.
6.Muratore F., Filippi M.R., Specchuilli A., et al. Epidemiological study of the occlusal characteristics in an Italian student population. J. Dental Res. 2012, vol. 81, Spec. Issue В, p. 289.
7.Böckelmann U., Janke A., Kuhn R. et al. Bacterial extracellular DNA forming a defined network-like structure. FEMS Microbiol. Lett. 2006, vol. 262, № 1. p. 31-38.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı