HƏRƏKƏTİN MÜBADİLƏ PROSESLƏRİNƏ, ÜZV VƏ SİSTEMLƏRƏ TƏSİRİ, GƏNCLƏRİN HƏYAT TƏRZİNİN VƏ FİZİKİ FƏALLIQLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

09-01-2020

Stress faktorların bolluğu şəraiti, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnən XXI əsri hipodinamiya və hipokineziya əsri adlandırmaq olar. Təhsil ocaqlarında və həyatın bütün sahələrində informatika və innovasiya texnologiyasının geniş tətbiqi tələbə gənclərin də həyat tərzinə, hərəkətlərinin monotonluğuna və hipokineziya təsirinə məruz qalmalarına səbəb olmuşdur. Bədən tərbiyəsi və idman fənlərinin təhsil proqramından çıxarılması, gənclərin kompüter və mobil telefonlara alüdəlikləri və onlayn ünsiyyətə daha çox meyl etmələri tələbələrdə passiv həyat tərzinin formalaşmasına gətirib çıxarmışdır. 

Tədqiqatlar göstərir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların fiziki fəallıqları nəzərəçarpacaq dərəcədə aşağı olub, sutkanın 3%-nə belə çatmır və yaş artdıqca bu göstərici daha da azalır [2]. Passiv həyat tərzinin hər il dünyada 5 milyondan çox insanın vaxtsız ölümünə səbəb olduğu müəyyən edilmişdir [3].  

Son dövrlərdə passiv həyat tərzi, hipodinamiya, piylənmə, arterial hipertenziya, II tip şəkərli diabet, bədxassəli patologiyalar, ürək-damar xəstəlikləri, beyin qan dövranı çatışmazlığı, öd daşı, böyrək daşı xəstəlikləri, dayaq-oynaq sistemi patologiyaları, bədxassəli törəmələr və s. kimi qeyri-infeksion xəstəliklərin artmasına səbəb olmuşdur. Ölüm riskləri arasında fiziki passivlik 4-cü yerdə qərar tutur [1,4,9].

Hazırda tələbələrin orqanizminin sərf etdiyi enerji nəzərəçarpan dərəcədə azalmışdır [4]. Aktiv həyat tərzi orqanizmin hüceyrə, toxuma, üzv və sistemlərinin bioloji tamlığının inikasıdır. Hipodinamiya isə orqanizmin morfofunksional vəziyyətinin kəskin dəyişilmələrinə, əzələlərin və sümüklərin atrofiyasına, maddələr mübadiləsinə ciddi təsir edir, zülalların sintezinin zəifləməsi fonunda zülalların parçalanmasının güclənməsinə, endokrin dəyişikliklərə, əsas mübadilənin və orqanizmin müqavimətinin nəzərəçarpan dərəcədə zəifləməsinə gətirib çıxarır [5]. Nəticədə əmək qabiliyyətinin aşağı düşməsi, sinir fəaliyyətinin pozulması, nevrasteniya, astenik sindromla müşayiət olunur, yorğunluq, əsəbilik, baş ağrıları, yuxusuzluq kimi hallar inkişaf edir.

Hipodinamiya zamanı yağ mübadiləsində də ciddi pozğunluqlar meydana çıxır, qanda xolesterinin səviyyəsi yüksəlir. Fəal həyat tərzi-fiziki fəallıq isə yüksəksıxlıqlı lipoproteidlərin müsbət balansına səbəb olur və orqanizmi ateroskleroz təhlükəsindən qoruyur [5,6].

Hipodinamiya dayaq-hərəkət aparatına, ürək-damar, endokrin və cinsiyyət sistemlərinə də ciddi mənfi təsir göstərir. Az hərəkətlilik zamanı orqanizmin stress təsirlərə qarşı müqaviməti zəifləyir, üzv və sistemlərin funksional ehtiyatları azalır, əmək qabiliyyəti aşağı düşür, ürəyin potensial ehtiyatları məhdudlaşır, ürək  qənaətsiz işləməli olur, daxili sekresiya və cinsiyyət vəzlərinin funksiyaları boğulur.

Zehni əməklə məşğul olan insanlarda maksimal oksigen sərfinin orta göstəricisi fəal həyat tərzi sürənlərdən 10-20% yüksək olur. Yüksək fiziki fəallıq zamanı bütün üzv və sistemlər qənaətçilliklə işləyir, uyğunlaşma ehtiyatları yüksəlir, mənfi təsirlərə qarşı orqanizmin müqaviməti artır [1,7].

Hipodinamiya zamanı əzələ kütləsi azalmış olur. Adət edilmiş fiziki aktivlik nə qədər yüksəkdirsə, əzələ kütləsi də bir o qədər çox və oksigen mənimsəmə yüksək, ancaq piy kütləsi isə bir o qədər az olur, oksigen qıtlığına dözümlülük artır.

Hipokineziya zamanı insanın iştahası da artır. Nəticədə, az enerji sərfi şəraitində izafi qidalanma hesabına artıq çəki və piylənmə inkişaf etməsi riski yüksələ bilir. Tədqiqatlar nəticəsində yüksək fiziki fəallığın hətta doyum hissiyatı yaratmaq və iştahanı məqsədyönlü sabitləşdirmək imkanına malik olduğu müəyyən edilmişdir.

Mütəmadi hipodinamiya vəziyyəti insanın reaksiyalarının, yaddaşının zəifləməsi, sümüklərdə kalsiumun miqdarının, dövr edən qanın həcmin azalması, miokardın gücünün və cinsi marağın zəifləməsi, əzginlik, apatiya ilə müşayiət olunur.

Fiziki fəallıq insanların çətinlikləri asan dəf etməsinə imkan yaradır, fəal uzunömürlülüyü, orqanizmdə baş vermiş bütün funksional pozğunluqların bərpasını təmin etməklə vegetativ funksiyaları və maddələr mübadiləsini yaxşılaşdırılmasının ən əlverişli və təbii üsulu hesab olunur [8]. Hətta mülayim fiziki fəallıq zamanı belə hipotalamus-hipofiz-böyrəküstü vəzlər sisteminin bütün həlqələri fəallaşmış olur.

Həvəslə həyata keçirilən fiziki aktivlik insanda yüksək əhval-ruhiyyə, şuxluq, həyat eşqi yaratmaqla güclü antistressogen təsir göstərir. Adət olunmuş fiziki fəallıq iş prosesləri və istirahət də daxil olmaqla insanın həyat qabiliyyətini, bunun üçün tələb olunan maddələrin təminat səviyyəsini və səciyyəsini tənzimləyir [9]. Bədəni daim müəyyən vəziyyətdə saxlamaqla həyata keçirilən gündəlik yeknəsəq fəaliyyət zamanı əzələlərin ancaq müəyyən bir qismi işə qoşulmuş olur. Ancaq daha intensiv əmək fəaliyyəti, bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin bədəninin demək olar ki, bütün əzələləri proseslərdə həmahəng iştirak edirlər.

Passiv həyat tərzi keçirənlərdə, eləcə də, yaşa dolduqca bədəndə mübadilənin ara məhsulları-şlakların toplanması prosesi sürətlənir. İntensiv fiziki fəaliyyət zamanı isə orqanizmdən şlakların asanlıqla xaric olması müşahidə olunur  [4].

Fiziki məşğələlər və idmanla mütəmadi məşğul olduqda qanda eritrositlərin və hemoqlobinin miqdarı yüksəlir, qan oksigenlə zənginləşir, leykositlərin fəallığı artır, nəticədə infeksiyalara və soyuqdəymələrə qarşı orqanizmin müqaviməti yüksəlir.

Fiziki fəaliyyət ağciyərlərin hava mübadiləsinin, toxumalar tərəfindən oksigenin mənimsənilməsinin yüksəlməsinə, qanın oksigenlə daha yaxşı zənginləşməsinə səbəb olur, həzmin, orqanizmin istilik tənziminin yaxşılaşmasına, fiziki və psixoloji fəaliyyətin təminatına şərait yaradır [4,7].

Bədən kütləsinin təxminən 50%-ni əzələlər təşkil edir. Onlar enerji tələbatını 20 dəfə və daha çox dəyişmək imkanına malikdirlər. Fiziki fəallıq zamanı tək skelet əzələləri deyil, həmçinin ürək və ağciyərlərin əzələlərinin də funksional imkanları nəzərəçarpan dərəcədə yüksəlir [1,7,10] ki, nəticədə, ağciyərlərin hava mübadiləsinə, qanın oksigenlə daha yaxşı zənginləşməsinə, toxumalar tərəfindən oksigenin mənimsənilmə səviyyəsinin yüksəlməsinə şərait yaradır. Belə ki, əzələ-oynaq sinir uclarının qıcıqlanması zamanı sinir impulsları daxili üzvlərin fəaliyyətini tənzim edən mərkəzlərə daxil olur və nəticədə, ürəyin, ağciyərlərin, böyrəklərin və b. üzvlərin fəaliyyəti dəyişir, əzələlərin və bütöv orqanizmin tələbatına uyğunlaşır [7,11].

Tədqiqatın material və metodları.Tədqiqata Azərbaycan Tibb Universiteti, İctimai  səhiyyə fakültəsinin IV kursunda təhsil alan 68 nəfər tələbə cəlb edilmişdir. Fəal anket sorğu üsulu ilə tələbələrin fiziki inkişaf göstəriciləri, həyat tərzləri, fiziki fəallıqları və sərf etdikləri enerjini əks etdirən materiallar toplanmış, statistik işlənmiş və təhlili həyata keçirilmişdir.

Tələbələrin sərf etdikləri enerjini müəyyən etmək üçün, onlara həftənin 4 gününü əhatə edən (biri hökmən istirahət günü olmaqla) xronometraj cədvəlləri paylanmışdır. Xronometraj cədvəlində gündəlik həyatda təsadüf edilə biləcək 80-dən artıq fəaliyyət növü əksini tapmışdır. Tələbə cədvəli doldurarkən onların gün rejimində siyahıda olmayan fəaliyyət təsadüf etdikdə anketində bu fəaliyyəti və ona sərf etdikləri vaxtı da cədvələ əlavə etmişlər. Ümumilikdə, xronometraj cədvəlindəki fəaliyyətlərin 83,3%-i müsbət cavablandırılmış, 16,7%-nə tələbələrin gün rejimində təsadüf olunmamışdır.

Materialın toplanması qrupda tədris aparan müəllimin bilavasitə hər tələbə ilə fərdi qaydada müayinə tarixlərində onun məşğul olduğu fəaliyyət növlərinə sərf etdiyi vaxtı dəqiqləşdirməklə həyata keçirilmişdir. Sonra hər tələbənin ayrı-ayrı fəaliyyətlərə orta bir günlük, sonda isə bütün tələbələrin məlumatları əsasında bir nəfər üçün sutka ərzində müxtəlif fəaliyyətlərə sərf etdikləri vaxt hesablanmışdır.    

Tədqiqatın nəticələrindən Azərbaycan Respublikası əhalisinin müxtəlif qrupları üçün Milli qidalanma normalarının layihəsinin işlənməsi və elmi əsaslandırılmasında istifadə edilmişdir. Həmçinin, alınan materiallar “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın müddəalarının yerinə yetirilməsi işində nəzəri əhəmiyyət kəsb edən və təcrübi səhiyyə orqanlarının fəaliyyətinə yardımçı ola bilər.

Tədqiqatın nəticələri. Tədqiqata cəlb olunanların 92,6%-ni qızlar, 7,4%-ni oğlanlar təşkil edir. Onların fiziki inkişaf göstəricilərinin təhlili orta boy çəki indeksinin normaya müvafiq gəldiyini aşkar etsə də (BÇİ-20,8) fərdi yanaşmada xüsusilə qızlar arasında qısa boyluların çox təsadüf etməsinin şahidi olduq.

Tələbələrin sutkalıq fəaliyyətlərinin orta göstəriciləri (1 nəfərə müvafiq) Tələbələrin sutka ərzindəki fəaliyyətlərini enerji sərfi baxımından uyğunluqları nəzərə alınmaqla qruplaşdırdıq. Məlum oldu ki, onların şəxsi gigiyenaya sərf etdikləri müddət sutkalıq vaxtın 7,2%-ni, səhər gimnastikası və sərbəst hərəkətlərə isə cəmisi 0,4%-ni təşkil etmişdir. Onlar universitetdə tədris proseslərinə (mühazirə, təcrübə və seminar məşğələləri) sutkanın 18,1%-i, dərslərə hazırlaşmağa isə 7,1%-i qədər vaxt ayırmışlar. Nəticələrdən görünür ki, gənclər təsərrüfat işlərinə (bazarlıq, xörək hazırlamaq, mənzildə yır-yığış, həyətyanı sahədə iş) sutkanın 6,0%-i,  piyada və nəqliyyatla yol getməyə (müvafiq olaraq) 3% və 4,2%-i, qida qəbuluna 4,7%-i, yuxuya 32%-i, dincəlmə və müxtəlif əyləncələrə sutkanın 12,8%-i, bədən tərbiyəsi və idmana, müxtəlif oyunlara isə cəmisi  0,3%-i səviyyəsində vaxt sərf etmişlər (cədvəl).

 

Cədvəl


 

 

Fəaliyyətlərin adı

Sərf olunan vaxt

Mütləq (dəq/gün)

%-lə

  1.  

Yuxu

459,2

31,9

  1.  

Şəxsi gigiyena

103,0

7,2

  1.  

Səhər gimnastikası

3,2

0,2

  1.  

Qida qəbulu (gün ərzində)

67,1

4,7

  1.  

Yol getmək (piyada)

43,5

3,0

  1.  

 Yol getmək (nəqliyyatla)

60,0

4,2

  1.  

Tədris prosesi (Universitetdə)

261,3

18,1

  1.  

Dərslərə hazırlıq (ev, kitabxana)

102,0

7,1

  1.  

Təsərrüfat işləri (bazarlıq, evdə, həyətyanı sahədə)

86,4

6,0

  1.  

Dincəlmə (TV-yə baxmaq, musiqi dinləmək)

183,6

12,8

  1.  

Velosiped sürmək, qaçmaq, yürüş

8,8

0,6

  1.  

Sərbəst hərəkətlər

3,1

0,2

  1.  

Müxtəlif idman növləri

4,4

0,3

  1.  

Rəqs etmək

1,6

0,1

  1.  

Mahnı oxumaq

2,9

0,2

  1.  

Musiqi alətində çalmaq

0,9

0,1

  1.  

Kompüterdə, internetdə axtarış, oyunlar

34,0

2,4

  1.  

Digər fəaliyyətlər

15,0

1,0

 

Tədqiqatın nəticələri göstərir ki, tələbələrin sutkalıq enerji sərfinin kəmiyyət göstəricisi 2000-2200 kkal hüdudlarında dəyişir. Onların sutkalıq gün rejimində fiziki aktiv fəaliyyət və yüksək enerji sərfi ilə səciyyələnən fəaliyyət növlərinə sərf olunan vaxt  270,5 dəq/gün və ya 18,8%, bu fəaliyyətlərə sərf etdikləri enerji isə sutkalıq enerji itkisinin 29,8%-ni (625,0 kkal) təşkil etmişdir.

Tələbələrin gün rejimində enerji sərfinin təhlilindən aydın olur ki, onların aktiv fiziki fəallıqla və yüksək enerji itkisi ilə səciyyələnən fəaliyyətlərinin əsas hissəsini  gündəlik məcburi-həyati vacib fəaliyyətlər (şəxsi gigiyena, piyada yol getmək, təsərrüfat işləri və s.)  tutur və bunlar aktiv fəaliyyətlər qrupuna müvafiq gələn enerji sərfinin nəzərəçarpan hissəsini-təxminən 85%-ni təşkil edir (diaqram).

Yüksək enerji sərfi ilə səciyyələnən fəaliyyətlərə sərf olunan enerji (%-lə)

 

 

Diaqramdan göründüyü kimi burada bədən tərbiyəsi və idmana sərf olunan enerji itkisinin faizi nəzərəçarpacaq dərəcədə aşağı səviyyədə olub, aktiv fiziki fəaliyyətlər qrupuna mənsub enerji itkisinin cəmisi 2,9%-nə müvafiq gəlir.

Nəticələrin təhlili göstərir ki, tələbələrin böyük əksəriyyətinin fiziki fəallığı arzuolunmaz səviyyədədir. Fəal həyat tərzinin gənclərin fiziki və zehni inkişafları, tədris müvəffəqiyyətləri, sağlamlıq göstəriciləri və həyat keyfiyyətinə təsir göstərən aparıcı amil olması barədə kifayət qədər nəzəri məlumatlara malik gələcək həkimlərin belə passiv həyat tərzinə malik olmaları təəssüf doğurur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Физическая активность и её тесная связь со здоровьем человека (https://works.doklad.ru)
2.İslamzadə İ.F. Müasir dövrdə əhalinin fiziki fəallıq problemi//Azərbaycan tibb jurnalı, 2018, №2, s.60-64.
3Lee I-M., Shiroma E., Lobelo F. et al. Effect of physical inactivity on major nom-communicable diseases worldwide: an analysis of burden of disease and life expectancy//Lancet, 2012, v. 380, p. 219-229.
4.Əhmədov İ.R., Hacıyeva Q.M., Məmmədova S.Ə., Qəniyeva Q.S., İsgəndərova T.Ə., Vəlibəyova A.B. Tələbə gənclərin bədən tərbiyəsi və idmana münasibətləri Ə.e.x., prof. T.Ə.Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı 2018. S. 47-49
5.Метаболические процессы в организме человека при физических нагрузках  http://worldofschool.ru
6.https://med.vesti.ru/articles/pitanie-i-zozh/kak-snizit-holesterin-v-krovi-produkty-i-narodnye-
7.Смирнов В. М., Дубровский В. И.  Физиология физического воспитания и спорта: Учеб. для студ. сред, и высш. учебных заведений. — М.: Изд-во ВЛАДОС-ПРЕСС, 2002.— 608с: ил.
8.В.И. Дубровский «Спортивная Физиология», Москва гуманитарный издательский центр «Владос», 2005г. - 462 c.
9.Муравов И.В. Оздоровительные эффекты физической культуры и спорта. – К., 1989. – 203 с.
10.Амосов Н.М., Бендет Я.А. Физиологическая активность и сердце. - К., 1989. - 216 с.
11.Двигательная активность и ее влияние на здоровье (https://works.doklad.ru)


Müəlliflər:
İ.R. Əhmədov
A.B. Vəlibəyova
Q.M. Hacıyeva
Q.S. Qəniyeva
T.Ə. İsgəndərova

Digər jurnal və qəzetlər