AZƏRBAYCANDA BECƏRİLƏN CİLLİES SEZALPİNİYASI BİTKİSİNİN MAKROSKOPİK VƏ MİKROSKOPİK TƏDQİQİ
09-12-2019
Açar sözlər: Caesalpinia gilliesii, makroskopik analiz, mikroskopik analiz,diaqnostik əlamətlər
Ключевые слова: Caesalpinia gilliesii, макроскопический анализ, микроскопи-ческий анализ, диагностические признаки
Keywords: Caesalpinia gilliesii, makroskopik analiz, mikroskopik analiz, diaqnostik əlamətlər
Praktik təbabətdə çox sayda bitki növləri ilə təmsil olunan fəsilələrdən biri də paxlakimilər - Fabaceae fəsiləsidir. Fəsiləyə 650-yə qədər cins, 18000-dən çox bitki növü daxildir. Fəsilə 3 yarımfəsiləyə bölünür: sezalpiniya - Caesalpinioideae, küstümotu - Mimosoideae və kəpənəkçiçəklilər - Papilionoideae. Paxlakimilərin arasında bir çox dərman bitkiləri də vardır. Sezalpiniyakimilərdən səna, kəpənəkçiçəklilərdən tüksüz biyan, yapon soforası və yoğunmeyvəli sofora, paxlakolu, gəvənin müxtəlif növləri və s. qiymətli dərman bitkiləri tibb praktikasında müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur [2,3].
Paxlakimilər fəsiləsinin bitki növlərinin sayı baxımından ən böyük cinslərindən olan sezalpiniya cinsinə 500-dən çox bitki növü daxildir. Bu cinsə həmişəyaşıl və ya tökülən yarpaqlı kol, ağac, bəzən də lian bitkiləri aiddir. Onların əksəriyyətinin potensial farmakoloji aktivliyi hələ tədqiq edilməmişdir. Cinsin müxtəlif növlərindən flavonoidlər, diterpenlər və steroidlərə aid bioloji fəal birləşmələr alınmışdır. Bu növlər geniş farmakoloji təsir spektrinə malikdir. Onlardan müxtəlif ölkələrin tibb təcrübəsində xora əleyhinə, analgetik, antivirus, immunomodulyator, xərçəng əleyhinə, antibakterial, diabet əleyhinə, adaptogen, iltihab əleyhinə, qızdırmasalıcı, antimikrob və revmatizm əleyhinə təsirlərə malik vasitələr kimi geniş istifadə olunurlar [4,5,6].
Tədqiqatın məqsədi Azərbaycan Respublikasının ərazisində bəzək bitkisi becərilən Cillies sezalpiniyasının - Caesalpinia gilliesii Wall in Hook. xammalının makroskopik və mikroskopik tədqiqatını həyata keçirmək və bitkinin morfoloji-anatomik quruluşunun fərqli diaqnostik əlamətlərini müəyyən etməkdir.
Tədqiqatın material və metodlarıMikroskopik tədqiqat üçün Cillies sezalpiniyasının xammalı – yarpaq, çiçək və toxumları Abşeron ərazisində şəxsi təsərrüfatda tədarük olunmuşdur. Makroskopik və mikroskopik tədqiqata hazırlıq və tədqiq olunan obyektin hazırlanması ümumi qəbul edilmiş qaydalar əsasında yerinə yetirilmişdir [7]. Hərtərəfli tədqiqat üçün eyni zamanda müxtəlif histokimyəvi reaksiyalardan istifadə edilmişdir. Tədqiqatlar təzə yığılmış, fiksə olunmuş və qurudulmuş xammallar üzərində həyata keçirilmişdir. Bitki xammalından kəsiklər ülgüc vasitəsilə aparılmışdır. Mikropreparatın hazırlanması və rənglənməsi ümumi məlum üsullarla yerinə yetirilmişdir. Mikropreparatların şəkilləri rəqəmsal fotoaparatla çəkilmişdir.
Makroskopik və mikroskopik analizin məqsədi dərman bitki xammalının eyniliyini və təmizliyini təyin etməkdir. Bunun üçün müxtəlif bitki xammalının ümumi anatomik quruluşunda xarakterik diaqnostik əlamətlər axtarılır və nəticədə öyrənilən obyektin başqa xammallardan fərqi müəyyən edilir. Mikroskopik analizi yerinə yetirmək üçün bəzi optiki cihaz və tədqiqat üçün köməkçi alətlərə ehtiyac olur. Bunlara mikroskop, lupa, polyaroid, obyektivli və okulyarlı mikrotomlar aiddir.
Mikroskopik analiz üçün nümunənin hazırlanması üçün xırdalanmış bitki xammalının analizi ilk növbədə xarici görünüşünü nəzərdən keçirməklə başlayır. Bunun üçün quru bitki nümunəsi gün işığında və 10 dəfə böyütməyə malik lupa istifadə etməklə tədqiq olunur. Obyektin rəngi, tüklənməsinin xarakteri, səthinin quruluşu, üzərində hər hansı çıxıntının olması, barmaqlar arasında ovxalamaqla iyi və hansı morfoloji qrupa aid dərman bitki xammalı olması müəyyən edilir.
Müvafiq hazırlıqdan sonra xammal nümunəsindən mikropreparat hazırlanır. Mikropreparatın hazırlanma texnikası müxtəlifdir və xammalın vəziyyətindən, hansı morfoloji qrupa: yarpaq, qabıq, yeraltı orqanlar və s. aid olmasından asılıdır.
Nəticələr və onların müzakirəsiMakroskopik analiz nəticəsində müəyyən edilmişdir ki, Cillies sezalpiniyası 1,5-5 metr hündürlüyündə çoxillik kol bitkisidir. Cavan gövdələri bozumtul-qonur rəngli qabığa malikdir. İkiqat lələkvari yarpaqları uzunsov-oval formalıdır. Uzunluğu 7-10 mm, eni 2,5-3,5 mm ölçüdə olur. Yarpaqlar tüksüzdür. Yerüstü kök sisteminə malikdir. Kasacıq 15-25 mm uzunluğunda, iri, yaşılımtıl-sarı rəngdədir. 5 kasa yarpaqcığından təşkil olunmuşdur. Sarımtıl, əks yumurtaşəkilli 5 ləçəkli taca malikdir. 2 üst ləçək aşağı ləçəklərdən daha qısadır. Çiçəkləri zəhərlidir, qoxusuzdur. Çiçəklər 1 həftə müddətində açıq qalır. 10 sərbəst erkəkciyə malikdir. Erkəkcik sapları uzundur, 7-11 sm ölçüsündə ola bilir, qırmızı rəngdədir, aşağı hissələri tükcüklüdür, nisbətən qalındır. Yumurtalıq uzunsov, qısa tükcüklü, vəziciklidir. 10-13 mm uzunluğunda sütuncuğa malikdir. Meyvəsi 7-9 sm uzunluğunda, 2 sm-ə qədər enindədir, qısa tükcüklü və vəziciklidir. Açıq-sarı rəngdədir. Meyvələr yetişdikdən sonra iki paya bölünür. Toxumlar girdə, hamar, qonurvari, üzəri qara nöqtəli, 10-14 mm uzunluqlu, 7-8 mm enindədir. Toxumlar zəhərlidir.
Bitkinin yarpaqlarının mikroskopik analizi üçün yarpaq ayasının səthindən mikropreparat hazırlanır. Üst səthin epidermisi çoxbucaqlı, düz, bəzən isə qılafları təsbehvari qalınlaşmış hüceyrələrdən ibarətdir. Hüceyrələrin kutikulası qat-qatdır. Yarpağın həm alt, həm də üst epidermisində aya boyunca sıra ilə yerləşmiş qara rəngli nöqtəvari piqment ləkələri vardır. Alt epidermisin hüceyrələrinin qılafları girintili-çıxıntılıdır. Ağızcıqlar epidermisin alt səthində yerləşmişdir. Alt epidermisdə çoxlu miqdarda 4-7 silindrşəkilli, nazik qılaflı 3-6 sayda hüceyrələrdən təşkil olunmuş tükcüklərin yerləşməsi xarakterikdir (şəkil 1-4).
Toxumun eninə kəsiyinə mikroskopun kiçik böyütmə dərəcəsində baxdıqda nazik tünd-qonur zolaq, endosperm və iki ləpə şəklində iri rüşeym (rüşeymin kötüklərini toxumun ensiz ucunun kəsiyində görmək olur) müşahidə olunur. Mikroskopun böyük böyütmə dərəcəsində baxdıqda isə qabıqcığın qatları aydın görünür. Epidermis kutikulanın yoğun təbəqəsi ilə örtülmüş iri, dördkünc hüceyrələrdən ibarətdir, tərkibində selik maddələri var. Hüceyrələrin yan divarları girintili-çıxıntılıdır, seliklər şişdikdə bunlar düzəlir, partlayır və selik onlardan xaric olur. Epidermisin altında 1-2 sıra sıxılmış, aydın görünməyən parenxim hüceyrələri yerləşir. Üçüncü təbəqə mexaniki toxumadan ibarət olub, bir sıra çox yoğunlaşmış və odunlaşmış sarı hüceyrələrdən təşkil olunmuşdur. Mexaniki toxumanın altında ensiz nazik qılaflı hüceyrələr yerləşir, bunlar da eninə təbəqə adlanır. Kəsikdə onların quruluşu demək olar ki, görünmür. Qabıqcığın ən daxili təbəqəsi piqment təbəqəsidir, bunlar da bir sıra çox yoğunlaşmış dördkünc hüceyrələrdən ibarətdir. Onların qılafları iri məsaməlidir, tərkibində isə tünd-qonur piqmentlər var. Toxumun endospermi çoxkünclü parenxim hüceyrələrdən təşkil olunmuşdur, bunlarda da çoxlu aleyron dənələri və piyli yağ var. Mikropreparata lyuqol məhlulu ilə təsir etdikdə aleyron dənələri xarakterik qızılı-sarı rəngə boyanır. Ləpələrin hüceyrələri nisbətən xırda və nazikdir (şəkil 5-8).
Bitkinin çiçəklərinin mikroskopik şəklində daha çox qırmızımtıl-sarı rəngli efir yağı vəzicikləri və sadə tükcüklər maraq kəsb edir (şəkil 9-10).
Şəkil 1. Yarpağın üst səthi Şəkil 2. Yarpağın alt səthi
Şəkil 3. Yarpağın epidermis hüceyrələri Şəkil 4. Yarpaqda olan sadə tükcüklər
Şəkil 5. Toxumların tərkibində olan Şəkil 6.Toxumların tərkibində
aleyron dənələri olan kalsium-oksalat kristalları
Şəkil 7. Toxumların mikroskopik şəkli Şəkil 8. Toxumların mikroskopik şəkli
Şəkil 9. Çiçəyin mikroskopik şəkli Şəkil 10.Çiçəyin səthinin mikroskopik şəkli
Caesalpinia gilliesii bitkisinin yarpaq, çiçək və toxumlarının morfoloji-anatomik quruluşunda müəyyən edilmiş fərqli diaqnostik əlamətlər bitkinin eyniliyini təyin etməyə imkan verir.
Yekun. Son illərin ədəbiyyat məlumatlarının araşdırılması göstərdi ki, Caesalpinia gilliesii bitkisi Azərbaycanda daha çox bəzək bitkisi kimi becərilir, onun yarpaq, çiçək və toxumları bioloji fəal birləşmələrin potensial mənbəyidir və gələcəkdə bu bitkidən effektli fitovasitələrin alınması və tətbiqi mümkündür. Yerinə yetirilmiş mikroskopik tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Caesalpinia gilliesii bitkisinin yarpaqlarının həm alt, həm də üst epidermisində aya boyunca sıra ilə yerləşmiş qara rəngli nöqtəvari piqment ləkələri vardır. Ağızcıqlar epidermisin alt səthində yerləşir. Toxumun endospermi çoxkünclü parenxim hüceyrələrdən təşkil olunmuşdur, bunlarda da çoxlu aleyron dənələri və piyli yağ var. Bitkinin çiçəklərinin mikroskopik şəklində daha çox qırmızımtıl-sarı rəngli efir yağı vəzicikləri və sadə tükcüklər maraq kəsb edir. Caesalpinia gilliesii bitkisinin yarpaq, çiçək və toxumlarının morfoloji-anatomik quruluşunda müəyyən edilmiş fərqli diaqnostik əlamətlər bitkinin eyniliyini təyin etməyə imkan verir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1. Флора Азербайджана. Баку, Изд-во АН Аз ССР, в 8-х томах, т. 6, с. 323-324.
2. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в пределах бывшего СССР). Санкт-Петербург, «Мир и семья-95», 1995, с. 534-538.
3. Dickson R.A., Houghton P.J., Hylands P.J. Antibacterial and antioxidant cassane diterpenoids from Caesalpinia benthamiana // Phytochemistry, 2007, vol. 68, p. 1436-1441.
4. Archana P., Tandan S.K., Chandra S., Lal J. Antipyretic and analgesic activities of Caesalpinia bonducella seed kernel extract // Phytother. Res., 2005, vol. 19, p. 376-381.
5. Anagnostopulou M.A., Kefalas P., Papageorgiou V.P., Assimepoulou A.N., Boskou D. Radical scavenging activity of various extracts and fractions of sweet orange peel (Caesalpinia ferrea) // Food Chem., 2006, vol. 94, p. 19-25.
6. Arif T., Mandal T.K., Kumar N. et al. In vitro and in vivo antimicrobial activities of seeds of Caesalpinia bonduc (Lin.) Roxb // J. Ethnopharmacol, 2009, vol. 123, p. 177-180.
7. Грин Н., Стаут У., Тейлор Д. Биология: В 3-х т. / Под ред. Р. Сопера. т. 1., Москва: « Мир», 1990, 376 с.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı