BEYİN-ONURĞA BEYNİ MAYESİNİN KƏŞFİ VƏ ONUN CƏRƏYANI HAQQINDA OLAN FİKİR AYRILIQLARI.
18-11-2019
Acar sözlər: beyin-onurğa beyni mayesi, hörümşəktorunabənzər qişa, araxnoid dənəcikləri, damarətrafi sahələr, qliolimfatik sistem.
Tibb tarixinə həsr olunmuş məqalələrdə [1, 2] beyin-onurğa beyni mayesinin (BOBM) kəşfi və orqanizm üçün əhəmiyyəti haqqında ilk məlumatların İsveç geoloqu və din xadimi Emanuel Swedenborg (1688–1772) və İsveçrəli fizioloq Albrecht von Hallerin (1708–1777) adları ilə bağlayırlar. Göstərilən tədqiqatçıların elmi xidmətlərini yüksək qiymətləndirməklə yanaşı qeyd etmək lazımdır ki, beyin qişaları, beyin və beyin daxili maye haqqında məlumatların təxminən 5000 il tarixi olduğu qeyd olunur [3, 4] . Bu haqda öz dövrü üçün ətraflı məlumatlar Edvin Smitin Cərrahlıq Papirusu (The Edwin Smith Surgical Papyrus) adlı tarixi sənəddə öz əksini tapmışdır. Qədim Misir tədqiqatçısı olan amerkalı Edvin Smitin adı çəkilən papirusu 1862-ci ilin yanvar ayının 20-də Misirin Luksor şəhərində Ağa Mustafa adlı satıcıdan alıb Amerikaya gətirmiş, onun vəfatından sonra isə qızı Leonora Smit tərəfindən Nyu-York Tarixi Cəmiyyətinə verilmişdir. Hal-hazırda, Nyu-York Tibb Akademiya-sının muzeyində saxlanılır. Bu papirusun bəşəriyyət tarixində birinci yazılı tibbi sənəd olduğu qeyd olunur. Sənədin eramızdan təxminən 3000 il əvvəlki yazılı məlumatlar əsasında eramızdan 1700 əvvəl məşhur Misir həkimi İmhotep tərəfindən tərtib olunduğu təxmin olunur
Adı çəkilən papirusda, müxtəlif zədələnmələr zamanı kəllədə, beyin qişalarında, beynin özündə, beyin daxili mayedə, onurğa sütununda və s. baş verən dəyişikliklərin müfəssəl anatomik təsvirləri verilməklə yanaşı, mümkün cərrahı yardımlar haqqında da məlumatlar verilmişdir [4]
Hippokrat (460-375 e.ə.) hidrosefaliya zamanı, beyin ətrafına maye toplandığını qeyd etmişdir. Məşhur anatom K.Qalen (130-200) beyin mədəciklərində olan “ekskret mayenin” burun boşluğuna daxil olduğu haqda məlumatları dərc etdirmişdir. Qeyd etmək lazımdır ki, BOBM-nin xəlbir dəliklərindən keçən qoxu liflərini əhatə edən hörümçək torunabənzər qışa altı boşluq vasitəsi ilə qoxu nahiyəsinin selikli qişasının xüsusi səfhəsinə, oradan isə boynun dərin limfa düyünləri istiqamətində daşınması son aparılan tədqiqatlarda da öz təsdiqini tapmışdır [5]
BOBM-nin cərəyanında mühüm rol oynayan beyin qişalarının tədqiqinə həsr olunmuş elmi işlər arasında ən çox istinad olunan italyan alimi Among Pacchioni (1705) və isveç alimləri A. Key və M.G. Retziusun (1875) elmi işləridir. Among Pacchioni 1705-ci ildə yazdığı “Epistolarids e Glandulis Conglobatis Durae Meningis Humanae” dissertasiya işində ilk olaraq insanın sərt qişası tərkibində olan dənəcik şəkilli törəmələri ətraflı təsvir etmişdir. A.Pacchioni sərt qişanı ürək əzələsinə bənzətmiş və onun dənəciklərini isə yığılma zamanı beyinlə qişaları arasında sürtünmənin qarşısını alan limfa ifraz edən "vəzilərə,, (Glandulis) aid etmişdir. Sonradan təsvir olunan dənəciklərin hörümçək torunabənzər qişaya aid edilməsinə baxmayaraq, indiyə qədər elmi ədəbiyyatda belə, həmin dənəcikləri hörümçək torunabənzər qişa və ya sadəcə olaraq, Paxioni dənəcikləri adlandırırlar.
Məşhur isveç alimləri Key A. və Retzius M.G. (1875) "Sinir sistemi və qişalarının (birləşdirici toxumanın) anatomiyası"(Studien in der Anatomie des Nervənsystemsu nd des Bindegewebes) əsərində lupa vasitəsi ilə beyin qişalarının quruluşu haqqında heyrətamiz dərəcədə dəqiq məlumatlar əldə etmişlər. Birinci dəfə olaraq onlar beyin və onurğa beyninin quruluşca bir-birindən fərqlənən xaricdən daxilə doğru üç (sərt, hörümçək torunabənzər və yumşaq) qişanın hər birinin ayrılıqda quruluş xüsusiyyətlərini anatomik preparatlardan çəkilmiş rəngli şəkillərlə nümayiş etdirməklə yanaşı, eksperimental olaraq bu qişalar arasında yerləşən subdural, subaraxnoidal və subpial boşluqların beyin-onurğa beyni mayesi cərəyanında mühüm rol oynadıqlarını qeyd etmişlər. Beyin mədəcikləri daxilinə Richardson abısı yeritdikdən sonra müəlliflər belə bir nəticəyə gəlmişlər ki, BOBM hörümçək torunabənzər qişa (Paxinon) dənəcikləri (HTBQD) vasitəsilə subdural boşluğa, oradan isə çox hissəsi sərt qişanın venoz ciblərinə, az qismi isə boynun limfa damarlarına daxil olurlar. Göstərilənlərlə yanaşı Brunori A et all. (1993) qeyd edirlər ki, A.Pacchioninin ölümündən 3 əsr keçməsinə baxmayaraq onun şərəfinə adlandırılan hörümçək torunabənzər qişa dənəciklərinin quruluşu haqqında hələ də tam fikir birliyi formalaşmamışdır. Mawera G. və Asala S.A. (1996) isə 1913 və 1993-cü illər arasında dərc olunmuş elmi tədqiqat işlərinin nəticələrini analiz edərək qeyd edirlər ki, hörümçək torunabənzər qişa dənəciklərinin BOBM cərəyanında iştirakına aid olan məlumatlar hələ də spekulyativ xarakter daşıyırlar.
2008-2013-cü illərdə yüksək impact faktoru olan jurnalda dərc olunmuş məqalələrin nəticələrindəki bir-birindən kəskin fərqlənmələr son fikirlə razılaşmağa tam əsas verir. Glinlcher S.A. et al. (2008) insan meyidindən götürülmüş hörümçək torunabənzər qişa dənəciklərinin xüsusi mühitdə saxlamaq şərti ilə (ex vivo modelində) Fitslə nişanlanmış polistirin mikrodənəciklərinin qarışdırılmış məhlulla norma daxilində təzyiqlə perfuziya etdikdən sonra müasir histoloji, histokimyəvi və elektronmikroskopik metodların köməkliyi ilə tədqiq etmişlər. Müəlliflərin nümayiş etdirdikləri materiallar birmənalı göstərir ki, təzə meyiddən belə götürülmüş HTBQD ancaq normal istiqamətinə uyğun perfuziya zamanı Fitslə nişanlanmış mikrodənə-ciklərin sərt qişanın venoz cibləri istiqamətində daşınmasını təmin edirlər. Nagra G et al. (2010) siçovulun subaraxnoidal boşluğun bazal sisternasına koalin (oda davamla gil) məhlulu yeritdikdən sonra heyvanlarda beyin mədəciklərinin genişlənməsi ilə müşahidə olunan hidrosefaliyanın inkişaf etməsini MR şəkillərində numayiş etdirmişlər. Müəlliflərin fikrinə görə hidrosefaliyanın inkişafına səbəb qoxu sinir lifləri boyunca boyun limfa düyünləri istiqamətində cərəyanın pozulmasıdır. Yəni hörümçək torunabənzər qişa dənəcikləri BOBM-nin cərəyanında mühüm rola malik deyillər.
Holman DW, Kürtcuoğlu V, Grzybovski DM (2010) müəyyən etmişlər ki, insanın HTBQD təşkilində iştirak edən araxnoidal hüceyrələrin kulturasının (in vitro) zülalsız mayenin bir istiqamətdə keçirmə sürəti canlı insanlarda (in vivo) BOBM-nin cərəyanının göstəricisi olan subaraxnoidal boşluğun həcminin maqnit rezonansı-əsaslı kompyuter modelində əldə olunmuş parametrlərə tam uyğun gəlir. Bu isə bir daha təsdiq edir ki, HTBQD-i BOBM-nin cərəyanını təmin edən əsas struktur elementlərdirlər.
Weller RO et all. (2009) boz maddə daxilinə yeridilmiş trasserin beyin daxili interstisial mayenin (İSM) tərkibində, damarların pulsasiyası hesabına, beyin kapilyarlarının və arterialarının bazal səfhəsi boyunca yerlərini dəyişərək boyun limfa düyünlərinə daxil olduqlarını nəzərə alaraq, təsvir olunanları beynin limfa drenajı adlandırmışlar. İSM tərkibində mayenin artığının, gərəksiz mübadilə məhsullarının, o cümlədən, Alsheymer xəstəliyinin inkişafında mühüm rol oynayan betta-amilodin beyindən kənarlaşdırıldığını diqqətə çatdıran müəlliflər yaşlı şəxslərdə ağıl zəifliyi ilə müşahidə olunan neyrodegenerativ xəstəliklərin profilaktikası və müalicəsində paravazal drenajı sürətləndirməsi üsullarından istifadə olunmasını təklif edirlər.
Son illərdə professor Maiken Nedergaardın rəhbərliyi ilə [9], in vivo və in vitro şəraitlərində, müasir medodların (kontrast-vasitəli MRI, immunoflüressent və 2-foton mikroskopiyaları və s.) vasitəsilə müxtəlif ölçülü həm endogen, həm də ekzogen trasserlərin yerdəyişməsini tədqiq etməklə BOBM və İSM mayelərin cərəyanı xüsusiyyətləri ətraflı tədqiq olunmuşdur. Bu müəlliflər Weller RO et all.(2009) tərəfindən aparılan tədqiqatlardakı perivazal sahələrin və damar pulsasiyasının BOBM cərəyanında rolu haqqındakı fikirlərlə razılaşsalar da BOBM-nin cərəyanı istiqaməti haqqında tam fərqli məlumatlar əldə etmişlər. Birinci fərq ondan ibarətdir ki, M. Nedergaard əməkdaşları ilə birlikdə BOBM-nin və beynin İSM mayelərinin cərəyanın xüsusi qliolimfatik sistemin iştirakı ilə baş verildiyi fikri irəli sürülmüşdür. Müəlliflər tam əmindirlər ki, sinir hüceyrələri və beyin damarları ətrafinda yerləşən astrositar ayaqcıqlarda su kanalı olan akvaporin 4-ün (AQP4) ekspresiya olunmadığı siçanlarda BOBM cərəyanının zəifləməsi və beynin İSM-nin tərkibinin təmizlənməsinin təxminən 70% aşağı düşməsi mayelərin beyinə daxil və xaric olma yollarının astrositar su cərəyanı ilə bilavasitə əlaqəli olduğunun göstəricisidir. Ona görə də təsvir olunanları qliya-limfatik (qlimfatik) sistem adlandırmışlar. İkinci fərq ondan ibarətdir ki, M. Nedergaard və əməkdaşlarının məlumatlarına görə BOBM arteriyalar ətrafında olan Virxov-Robin sahələri vasitəsi ilə beyinə daxil olaraq kapilyar ətrafı sahələrdə İSM ilə qarışdıqdan sonra venoz damarlar ətrafı sahələr vasitəsi ilə xaric olurlar.
Son iki başlıqda verilən məlumatların əksinə olaraq, Biceroğlu H et al.(2012) kontrast maddələri onurğa beyninin subaraxnoidal boşluğuna yeritdikdən sonra (sisternoqrafiya) ardıcıl maqnit rezonansı (MR) şəkillərinin tədqiqinə əsasən BOBM-nin bilavasitə onurğa beyni ətrafında yerləşən venoz damarların mənfəzinə daxil olduğunu bildirirlər.
Göründüyü kimi, bu günə qədər, BOBM-nin cərəyan istiqaməti və bu prosesdə iştirak edən strukturlar haqqında bir-birinə tam əks olan məlumatlar hələ də qalmaqda davam edir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Brunori A, Vagnozzi R, Giuffrè R. Antonio Pacchioni (1665-1726): early studies of the dura mater. J Neurosurg. 1993 Mar;78(3):515-8.
2.Hajdu SI. A note from history: discovery of the cerebrospinal fluid. Ann Clin Lab Sci. 2003 Summer; 33(3):334-6.
3.Elsberg, C. A. The Edwin Smith surgical papyrus and the diagnosis and treatment of injuries to the skull and spine 5000 years ago. Ann. med. Hint., 1981, n.s. 8: 271-279.
4.York GK , Steinberg DA. Chapter 3: Neurology in ancient Egypt. Handb Clin Neurol. 2010, v.95, p.29-36.
5.Nagra G, Wagshul ME, Rashid S, Li J, McAllister JP 2nd, Johnston M. Elevated CSF outflow resistance associated with impaired lymphatic CSF absorption in a rat model of kaolin-induced communicating hydrocephalus. Cerebrospinal Fluid Res. 2010 Feb 10;7(1):4.
6.Key A., Retzius G. Studien in der Anatomie des Nervensystems und des Bindegewebes. Stockholm: Samson and Wallin.- 1876.- v.2.- p.102-112
7.Mawera G, Asala SA. The function of arachnoid villi/granulations revisited. Cent Afr J Med. 1996 Sep;42(9):281-4.
8.Weller RO, Djuanda E, Yow HY, Carare RO. Lymphatic drainage of the brain and the pathophysiology of neurological disease. Acta Neuropathol. 2009 Jan;117(1):1-14.
9.Glimcher SA, Holman DW, Lubow M, Grzybowski DM. Ex vivo model of cerebrospinal fluid outflow across human arachnoid granulations. Invest Ophthalmol Vis Sci. 2008 Nov;49(11):4721-8.
10.Holman DW, Kurtcuoglu V, Grzybowski DM. Cerebrospinal fluid dynamics in the human cranial subarachnoid space: an overlooked mediator of cerebral disease. II. In vitro arachnoid outflow model. J R Soc Interface. 2010 Aug 6;7(49):1205-18.
11.Iliff JJ, Wang M, Liao Y, Plogg BA, Peng W, Gundersen GA, Benveniste H, Vates GE, Deane R, Goldman SA, Nagelhus EA, Nedergaard M. A paravascular pathway facilitates CSF flow through the brain parenchyma and the clearance of interstitial solutes, including amyloid β. Sci Transl Med. 2012 Aug 15;4(147):147ra111. doi:10.1126/scitranslmed.3003748.
12.Biceroglu H, Albayram S, Ogullar S, Hasiloglu ZI, Selcuk H, Yuksel O, Karaaslan B, Yildiz C, Kiris A. Direct venous spinal reabsorption of cerebrospinal fluid: a new concept with serial magnetic resonance cisternography in rabbits. J Neurosurg Spine. 2012. Apr;16(4):394-401.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı