ƏLAVƏ SÜD VƏZİ ŞİŞLƏRİNİN KLİNİK XÜSUSİYYƏTLƏRİ.

24-12-2019

Açar sözlər : əlavə süd vəzi

Ключевые слова : Добавочная молочная железа

Key words : extra breast glands

Əlavə süd vəziləri az təsadüf edilən inkişaf anomaliyasıdır. Bu anomaliyaya həm qadınlarda, həm də kişilərdə təsadüf edilir. Əsasən, ümumi populyasiyanın 1%-də rast gəlinir. Əksər hallarda əlavə süd vəzilərinin tipik lokalizasiyası qoltuqaltı nahiyədir. Lakin, nadir hallarda, bədənin digər nahiyələrində də (boyun, bud nahiyəsi, kürək və cinsiyyət orqanları nahiyəsi) lokalizə olunurlar (1-3). Bunlar, tipik döş xətti boyunca yerləşdikdə normal quruluşa və giləyə, süd ifraz edən süd axarlarına malik olurlar. Lakin döş xəttindən kənar yerləşən lokalizasiyalarda çıxarıcı süd axarları olmadığından, bu vəzilər iltihabi infiltratların və xoş-, bədxassəli şişlərin mənbəyi olurlar. Əlavə süd vəzi toxumasında gedən morfo-funksional dəyişikliklərə də normal süd vəzi toxumasındakı kimi rast gəlinir. Məhz, bu səbəbdən də əksər xəstələrdə klinik əlamətlər güclü hormonal stimulyasiya gedən dövrlərdə meydana çıxır (pubertat dövr, hamiləlik və laktasiya dövrləri).

İlk dəfə bu anomaliya haqqında 1872-ci ildə Harting məlumat verib (4). Həmin vaxtdan bu günədə bu anomaliyanın xoş- və bədxassəli yenitörəmələri haqqında bir çox ədəbiyyat məlumatları mövcuddur. Ədəbiyyat məlumatlarına əsasən əlavə süd vəzilərinə yapon qadınlarında (ümumi populyasiyanın 3.7-6.0%-ə qədərində) daha çox rast gəlinir (5). 1915-ci il təsnifatına əsasən əlavə süd vəzilərinin aşağıdakı formalarına rast gəlinir: I forma – areola və gilədən ibarət tam formalaşmış əlavə süd vəzi; II forma – ancaq areoladan ibarət əlavə süd vəzi; III forma – ancaq gilədən ibarət əlavə süd vəzi; IV forma – ektopik südvəzi; V forma – areola və giləsi olan, lakin ancaq piy toxumasından ibarət “yalançı süd vəzi”; VI forma – politeliya (əlavə gilələr); VII forma – ancaq əlavə areolalar (polythelia areolaris).

Bu yenitörəmələr son dərəcə nadir bir onkoloji patologiya olmaqla, əsasən, 2-6% təşkil edirlər. Əlavə süd vəzi toxumasındakı struktur-funksional dəyişikliklər bilavasitə hormonal statusla əlaqəlidir. Bu patologiyaya bizim ölkədə də rast gəlinən xəstəliklər sırasında olduğundan onun diaqnostikası və adekvat müalicəsi onkologiyanın aktual vəzifələrindən biri hesab olunur.

Apardığımız arxiv materiallarına əsasən, ATU-nun Onkoloji Klinikasına 2009-2012-ci illərdə müvafiq patologiyaya görə müayinə və müalicə almış 32 xəstə müraciət edib (cədvəl). Bütün xəstələr kompleks klinik, laborator, instrumental, o cümlədən USM, morfoloji müayinələrdən keçmişdir. Xəstələr klinikaya bir və ya hər iki tərəf qoltuqaltı nahiyədə şişkinlik şikayəti ilə müraciət ediblər. Anamnestik məlumatlar nəticəsində 6 xəstə hamiləlik dövründə həmin törəmələrin ölçülərinin böyüdüyünü, hətta laktasiya dövründə süd ifraz edildiyini qeyd ediblər. Müraciət edən xəstələrdə klinik əlamətlər təhlil edilib, həm klinik, həm də instrumental müayinə metodları vasitəsilə xəstələrə bir və ya ikitərəfli əlavə süd vəzi diaqnozu qoyulub.

Cədvəl  № 1.

Əlavə süd vəzi olan xəstələrin yaşa görə paylanması:

Yaş qrupları

Xəstələrin sayı

18-29

14

30-39

11

40-49

7

Anamnestik məlumatlara əsasən, aydın olub ki, müraciət edən xəstələri əlavə süd vəziləri ancaq estetik baxımdan narahat edir. Bu səbəbdən, həmin xəstələrin 12-də cərrahi əməliyyatlar icra edilib və bütün hallarda diaqnoz histoloji yolla təsdiq edilib. Yekun diaqnoz, ATU-nun Onkoloji Klinikasının patomorfoloji laboratoriyasında təsdiq edilmişdir. Hətta, məhz histoloji müayinə nətəcəsində, bu xəstələrdən 9-da əlavə süd vəzilərinin xoşxassəli törəmələri, 3 xəstədə isə əlavə süd vəzisinin xərçəngi aşkar edilib.

Qeyd edək ki, əlavə süd vəzinin xərçəngi az rast gəlinən onkoloji patologiyadır. Bu zaman, aparılan klinik müayinə zamanı xəstələrdə qoltuqaltı nahiyədə bərk konsistensiyalı, ağrısız törəmə əllənir. Bütün hallarda klinik müayinə aparılsa da, həm ədəbiyyat məlumatlarına, həm də şəxsi təcrübəmizə əsasən, bu şişlərin diaqnostikasında morfoloji müayinənin vacibliyi qənaətinə gəlinir. Bu patologiyaların vaxtında müalicə edilməsi isə həm estetik baxımdan, həm də xəstənin sosial reabilitasiyasında yaxşı nəticələr əldə edilməsinə imkan verir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Пушкарев Н.И. Добавочная молочная железа на плече // Казанский медицинский журнал. – 1974 – 2, 71.
2.Скотников В.И., Хазов П.Д. О дифференциальной диагностике липом и долек добавочной молочной железы в подмышечной области // Вестник хирургии. - 1981, 126, 4, 121-123.
3. Яновская З.А. Добавочные молочные железы // Акушерство и гинекология. - 1960. - N6. - С. 98.
4.Adler D.D., Rebner M., Pennes D.R. Accessory breast tis sue in the axilla: mammographic appearance // Radiology. 1987. V. 163. P. 709–711.
5.Adib A. Aughsteen, Jamal K. et al. Fibroadenoma of the supernammery breast of the axilla // Saundi Med. J. 2000. V. 21. P. 587–589.
6.Вai.sre A., Heller D.S., Lee J. et al. Fibroadenoma of the vulva. A report of two cases // J. Reprod. Med. 2002. V. 47. N 11. P. 949–951.
7.Ber.tschinger K., Caduff R., KubikHuch R.A. et al. Intramammary and axillary lessons mimicking malignancy // Eur. Radiol. 2000. V. 10. P. 1029–1030.
8.Caceres M., Shih J., Eckert M. et al. Metaplastic carcino ma in an ectopic breast. (case histories) // South Med. J. 2002. V. 95. P. 462–466.
9.Chan N.G., Penswick J.L. Labelle E. et al. Ectopic breast tissue presenting as an anal polip // Can. J. Surg. 2007. V. 50. P. E23–E24.
10.ChangPark M., Giampoli E.J., Emery J.D. Mucinoses Adencarcinoma of the vulva // Arch. Pathol. Lab. Med. 2002. V. 126. P. 1216–1218.
11.Ciralik H., Bulbuloglu E., Arican O. et al. Fibroadenoma of the ectopic breast of the axilla. Case report // Pol. J. Pathol. 2006. V. 57. P. 209–211.


Müəlliflər:
Y.M. Hətəmov

Digər jurnal və qəzetlər