YUBİLEY 80 il Vaqif Bilas oğlu Şadlinski
02-01-2020
Bu günlərdə, Azərbaycanın görkəmli anatomu Professor, Rusiya EA-nın Akademiki Vaqif Bilas oğlu Şadlinski 80 yaşı tamam olur. O, 1940-cı il yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1948-50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdlarından deportasiyaya uğradılan zaman 8 yaşlı Vaqif də ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsinə köçürülmüşdür. V.Şadlinski orada Azərbaycanın böyük ziyalısı, Lenin ordeni ilə təltif olunmuş əməkdar müəllim, Bilas Şadlinskinin rəhbərlik etdiyi orta məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin Belarus Respublikasında hərbi xidmətdə olmuş, ordu sıralarından tərxis olunduqdan sonra isə 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində institutun ictimai işlərində fəal iştirak etmişdir. 1965-ci ildə tələbə yataqxanasında Tələbə şurasının sədri, 1966-1969-cu illərdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsi Plenumunun üzvü, Ümumittifaq Həmkarlar İttifaqı Komitəsi İşçilərinin VII qurultayına nümayəndə seçilmişdir.
1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Elmi şurasının qərarına əsasən Terapevtik stomatologiya kafedrasının baş laborantı vəzifəsinə təyin olunub. 1970-ci ilin iyun ayından isə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsinə keçərək fəaliyyətinin bütün sonrakı 50 illik dövrü bu kafedra ilə bağlamışdır. 1970-ci ildə həmin kafedranın assistenti vəzifəsinə seçilərək, kafedra müdiri, professor vəzifələrinə qədər yüksəlmişdir. V.Şadlinski elmi-tədqiqat işlərinə yekun vuraraq, 1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası, kötükdaxili quruluşu” mövzusu üzrə namizədlik, 1999-cu ildə “Normal və zobogen təsirlər şəraitində qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
Hər iki dissertasiya elmə məlum olmayan bir sıra problemlərin həllinə yeni bir istiqamət vermişdir. Nazmizədlik dissertasiyasında V. Şadlinski ilk dəfə olaraq, gözyuvası altı və aşağı alveol sinirlərinin şaxələnmə variantlarını, onların mieloarxitektonikasını aşkar etməklə üz-çənə nahiyyəsində aparılan cərrahi əməliyyatların təkmilləşməsi üçün nəzəri baza hazırlamışdır.
Doktorluq dissertasiyasında isə qalxanabənzər vəzin morfokompleksdən ibarət olduğunu sübuta yetirməklə bu vəzin xəstəliklərinin patogenezinin dəqiqləşdirilməsi üçün yeni konsepsiya vermişdir. Vaqif Şadlinskinin son tədqiqatları dünyanın bir çox tanınmış alimləri o cümlədən akademik N.A.Cavaxişvili, akademik M.R.Sapin, akademik L.L.Kolesnikov və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir.
V.Şadlinskinin elmi tədqiqatları çoxşaxəlidir. Onun yaratdığı məktəbin tələbələri periferik sinir sisteminin struktur elementlərinin mieloarxitektonikası, kəllələrin antropometriyası, endokrin və ekzokrin vəzilərin strukturu, onların limfoid aparatı ilə qarşılıqlı əlaqələri haqqında maraqlı tədqiqat işləri apararaq, elmə vacib olan yeniliklər gətirmişdir.
Professor V.Şadlinski elmi-pedaqoji fəaliyyəti dövründə 600-ə yaxın elmi əsərin, o cümlədən 12 monoqrafiya, 28 dərslik və dərs vəsaitlərinin, 19 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, onlarla elmi-kütləvi məqalələrin müəllifidir. Onun qələmə aldığı “Anatomiya Atlası” Şərq ölkələri tarixində ilk anatomik atlasdır. O, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, Rezidentlər üçün Azərbaycan və rus dillərində hazırlanan ilk rəhbərliyin müəllifidir.
Professor V.Şadlinskinin əldə etdiyi elmi nəticələr, nəinki, Azərbaycanda, eyni zamanda, Rusiya Federasiyası alimlərinin də dərin marağına səbəb olmuşdur. Bu marağın nəticəsidir ki, 1918-ci ildə rus alimləri ilə birlikdə yazdığı Morfologiyanın funksional məsələləri adlı monoqrafiyası Voronej şəhərində nəşr edilmişdir.
Professor V.Şadlinski kadr hazırlamaqda da böyük uğurlar qazanmışdır. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 17 fəlsəfə doktoru hazırlanmışdır. 2 elmlər doktoru və 6 tibb üzrə fəlsəfə doktorluğu dissertasiya işi yekunlaşmaq üzrədir.
Professor V.Şadlinski istedadlı alim olması ilə yanaşı, həm də əvəzi olunmayan təşkilatçıdır. Onun qurub yaratmaq həvəsi tükənməzdir. Onun təşkilatçılığı sayəsində hazırda, insan anatomiyası və terminalogiya kafedrası Azərbaycan Tibb Universitetinin ən iri kafedrasıdır. Burada 73 nəfər əməkdaş çalışır ki, onlardan 45 nəfəri professor-müəllim heyəti, 28 nəfəri isə köməkçi heyyətdir. Onun təşəbbüsü ilə 2000-ci ilin yanvar ayında M.İ.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (indiki Tibb Universitetinin) İnsan anatomiyası kafedrası, eləcə də Gürcüstan Elmi-Tədqiqat Eksperimental Morfologiya İnstitutu, daha sonra isə Gürcüstan Dövlət Tibb Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental Morfologiya İnstitutu Vaqif müəllimin səyi sayəsində Türkiyə universitetlərinin Tibb fakültələrinin, Başqırdıstan, Saratov, Voronej Tibb Universitetlərinin anatomiya kafedraları, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrası arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr imzalanmışdır.
Professor V.Şadlinski dəfələrlə bir sıra xarici ölkələrdə-ABŞ, Almaniya, İspaniya, İsrail, Türkiyə, İran, Rusiya, İtaliya, İngiltərə, MDB ölkələrində və digər ölkələrdə keçirilən elmi forumlarda iştirakla yanaşı, elmi məruzələrlə çıxışlar edərək, dünyanın əksər ölkələrində Azərbaycan morfologiya elmini ləyaqətlə təmsil etmişdir. V.Şadlinski həm də səriştəli tədris və elm təşkilatçısıdır. O, kafedrada həyata keçirdiyi ictimai işlərlə yanaşı, ATU-nun və bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edir. Vaqif müəllim 1988-1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin I-II kurslar üzrə dekan müavini, 1991-ci ildən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-cü ildən Azərbaycan Tibb Univeritetinin ümumi işlər üzrə prorektoru, 1996-2001-ci illərdə isə tədris işləri üzrə prorektoru vəzifəsini də layiqincə çalışaraq, təhsil islahatlarında bilavasitə iştirak etmişdir.
Öz ziyalılğı, vətənpərvərliyi ilə seçilərək, spesifik xüsusiyyətlərə malik olan alim 1997-1998-ci illərdə Prezident seçkilərdə ümummilli lider Heydər Əliyevin vəkili, 2003-cü ildə isə cənab Prezident İlham Əliyevin nümayəndəsi qismində təşviqat qrupuna rəhbərlik edərək, ölkəmizin müxtəlif regionlarında bu istiqamətdə çoxsaylı çıxışlar edib, dövlətçiliyə, sədaqət nümunəsi göstərib. O, həmçinin yeni Azərbaycan Partiyasının fəal qurucularından, biri kimi tanınır.
2017-ci ildə V.Şadlinskinin təşəbbüsü ilə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də ATU-nun rektorluğunun yaxından köməklikləri sayəsində İnsan anatomiyası kafedrasının tədris muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ictimai əsaslarla fəaliyyət göstərən rəsmi muzeylər reyestrinə daxil edilib. 2018-ci ildə Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin yaradılmasına və həmin Birliyin nəzdində “Nəzəri,Klinik və Eksperimental Morfologiya Jurnalı”nın təsis etmişdir.
Professor V.Şadlinski dünyanın bir sıra nüfuzlu elmi təşkilatlarının həqiqi və fəxri üzvüdür. O,1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, 1997-ci ildə Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Rusiya Təbiət Emləri Akademiyasının xarici üzvü, 1998-ci ildə Nyu-York Akademiyasının üzvü, 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, 2001-ci ildə Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, 2002-ci ildə Avropa Patoloqlar Cəmiyyəti idarə heyətinin üzvü, 2004-cü ildə Rusiya Tibb Emləri Akademiyasının akademiki, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının akademiki, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü, həmçinin, Rusiya Elmlər Akademiyasının akademiki seçilmişdir.
V.Şadlinski Sankt-Peterburqda nəşr olunan “Morfologiya”, Voronejdə nəşr edilən “Anatomiya və Histopatologiya” jurnallarının, Tbilisidə nəşr olunan “Kliniki-Eksperimental Tibb Jurnalı”nın, Beynəlxalq (ABŞ, Avropa) “Neyroendokrinologiya (Journal of Neuroendocrinologi Bazel Research)” jurnalının, Başqırdıstanda çıxan “Медицинский вестник Башкордостана” Jurnalının, Bakıda çap olunan Təhsil Nazirliyinin orqanı olan “Təhsil” jurnalının redaksiya heyətinin “Sağlamlıq”, və “Azərbaycan Tibb Jurnalı”nın redaksiya şurasının üzvüdür.
Vaqif müəllimin əməyi, göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, tibb elminin və tibb təhsili sisteminin inkişafında göstərdiyi xidmətlərə görə “SSRİ Səhiyyə Əlaçısı” döş nişanına (1983), akademik Yusif Məmmədəliyev adına mükafata (1998), Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına (1999),”Əməkdar həkim” fəxri adına (2000), “Vektor” Beynəlxalq Cəmiyyətinin Azərbaycanda keçirdiyi “Azərbaycanın 100 görkəmli alimi” layihəsinin fəxri diplomuna (2001), “Mir Mövsüm Ağanın fəxri mükafatı”na (2002), “Kafkaz mediya” İctimai Birliyinin “Fonendoskop” diplomuna (2006), Əməkdar elm xadimi (2010) fəxri adına, Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai Təltiflər Şurasının Beynəlxalq Təltiflər İttifaqı tərəfindən “I Dərəcəli Hippokrat Ordeni”nə (2009), Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının “Robert Kox” medalı və “Diplomuna”, həmin akademiyanın “Leonardo da Vinchi” medalına (2016), Türkiyə Uluslararası Elmlər Akademiyasının Qızıl medalı və diplomuna, Albert Şvayster adına gümüş medala layiq görülmüşdür.
Qayğıkeş insan, istedadlı alim, səriştəli müəllim, Rusiya elmləri akademiyasının akademiki Professor Vaqif Bilas oğlu Şadlinskini yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, can sağlığı və elmi pedoqoji işində yeni yeni uğurlar diləyirik.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı