Yubiley 70 il Əlişir Veyis oğlu Musayev
02-01-2020
Bu günlərdə, Azərbaycanın görkəmli alimi Əlişir Veyis oğlu Musayevin 70 yaşı tamam olmuşdur. O, 4 dekabr 1949-cu ildə Gürcüstan respublikasının Damanisi rayonun Qızıl kilsə kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Qızıl kilsə orta məktəbini bitirərək Azərbaycana gəlmiş və N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. Tələbəlik illərində İnstitun “Tibb Kadrlar uğrunda” qəzetində maraqlı oçerkləri və publisistik məqalələri ilə nəinki tələbələr arasında eyni zamanda İnstitun professor-müəllim heyyəti arasında tanınmış və onun imzası ilə dərc olunan məqalələr sevilə-sevilə oxunmuşdur.
1972-ci ildə Azərbaycan dövlət Tibb İnstitunu bitirərək, ordu sıralarına çağrılmış və həkimlik fəaliyyətinə alay tibb məntəqəsinin həkimi kimi başlamışdır. Ordu sıralarından təxris olunduqdan sonra ömrünü kurortologiyanın inkişafına həsr edən Əlişir Veyisov Moskva şəhərində Mərkəzi Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitunda “Sinir xəstəlikləri” ixtisası üzrə aspiranturaya daxil olur. Gərgin elmi axtarışlarına 1978-ci ildə yekun vuraraq “Bel ostioxondrozunun nevroloji təzahürü olan vannalarının sinir-əzələ aparatına təsiri” mövzusunda dissertasiya müdafiyə etmiş və tibb elmləri namizədi (indiki fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.
Vətənpərvərlik hissi gənc alimi öz vətəninə Azərbaycana qaytarmış və 1978-ci ildə Azərbaycan Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitunun sinir xəstəlikləri şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır.
Mərkəzi ET Kurortologiya və Fizioterapiya İnstitunda qazandığı bilik və təcrübəsini tətbiq etməklə yüzlərlə xəstələrin reabilitasiyasına nail olan gənc alim almış olduğu nəticələrin təhlili əsasında qələmə aldığı məqalələrlə Azərbaycan fizioterapiyasının yeni istiqamətini müəyyənləşdirmişdir. Əldə etdiyi elmi-praktik nailiyyətləri ilə tanınan Ə.Musayev 1981-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilmişdir. Azərbaycanda artıq yetkin həkim və yaradıcı alim kimi tanınmasına baxmayaraq elmi biliklərini dərinləşdirmək üçün Əlişir Musayev 1992-ci ildə yenidən Moskvaya onun üçün doğma olan Mərkəzi ET Kurortologiya və Fizioterapiya İnstituna qayıdır və 1986-cı ilə qədər həmin İnstitutun doktoranturasında təhsilini davam edir. Onun apardığı elmi tədqiqat işləri sinir xəstəliklərinin fiziki amillərlə müalicəsini elmi əsaslarla əsaslandırmışdır. 1987-ci ildə “Sinir sisteminin müxtəlif səviyyəli zədələnmələri olan xəstələrdə müalicəvi fiziki amillərin tətbiq edilməsinin kliniki-neyrofizioloji əsasları” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsi alaraq vətəni Azərbaycana qayıdaraq ET Kurortologiya və Fizioterapiya elminin səviyyəsinin yüksəldilməsi üçün Ə.Musayevi eyni zamanda direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin etmişlər. Bu vəzifədə ləyaqətlə çalışdığını və kurortologiya elminə verdiyi töhvələri nəzərə alaraq, Ə.V.Musayev 1993-cü ildə İnstitutun direktoru vəzifəsinə təyin edilir və bu günə qədər həmin vəzifədə çalışır. 1994-cü ildə Ə.V.Musayev elmi praktik fəaliyyətini davam etdirməklə yanaşı Azərbaycan Tibb Universitetinə dəvət olunur və Fizioterapiya kursunun müdiri vəzifəsinə seçilmişdir. 2011-ci ildə isə həmin kurs Müalicə-bədən tərbiyəsi kursu ilə birləşdirilərək Fizoterapiya və tibbi reabilitasiya kafedrası yaranmışdır. Professor Ə.V.Musayev həmin ildən bu günədək həmin kafedraya uğurla rəhbərlik edir.
Elmi-pedoqoji və praktik fəaliyyəti ilə yanaşı, professor Ə.V.Musayev kurortologiya, fizioterapiya və sinir xəstəlikləri üzrə kadr hazırlığına da diqqət yetirmişdir. Onun rəhbərliyi altında 2 doktorluq və 19 namizədlik dissertasiyası yerinə yetirilərək müdafiyə olunmuşdur. 458 elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtra və patentin, 8 səmərələşdirici təklifin, 19 metodik tövsiyyənin müəllifidir. Onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq, “Azərbaycan Kurortologiya, Fizioterapiya və Reabilitasiya” jurnalı təsis edilmiş professor Ə.Musayev həmin jurnalın baş redaktoru vəzifəsinə seçilmişdir.
Professor Ə.V.Musayev 1996-2002-ci illərdə Nevrologiya, Kurortologiya, fizioterapiya və psixiatriya elmləri üzrə ixtisaslaşdırılmış müdafiyə şurasının sədri olmuş və 2002-ci ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb elmləri üzrə ekspert şurasının eksperti, sədr müavini, sədri və bu günə qədər də sədr müavini vəzifəsində çalışır.
Professor Ə.Musayevin xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətlənlən-dirilmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona əməkdar elm xadimi kimi ən yüksək fəxri ad verilmişdir. Tərəqqi medalı ilə təltif olunmuşdur.
Əlişir Musayev nəinki Azərbaycanda eyni zamanda yaxın və uzaq xaricdə də tanınmış alimdir. O 2001-ci ildə Amerika Bioqrafiya tədqiqatları mərkəzinin “Qold Rekord medalı ilə, 2008-ci ildə Türk dünyası Elmləri akademiyasının qızıl medalı ilə, 2009-cu ildə BMT-nin İctimai təltiflər şurasının 1-ci dərəcəli Hippokrat ordeni ilə təltif olunmuşdur. O, 2003-cü ildə Gürcüstan respublikası Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü, 2005-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının fəxri doktoru, 2008-ci ildə Türk Dünyası Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Sağlamlıq jurnalının redaksiya heyyəti yaradıcı alim, yüksək ixtisaslı həkim və istedadlı təşkilatçı olan professor Əlişir Veys oğlu Musayevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayırlar.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı