SOMATOTİPLƏŞDİRMƏNİN ÖYRƏNİLMƏSİNİN PRAKTİK TİBBDƏ ROLU
26-02-2019
İnsanın konstitusiya problemləri həm nəzəri, həm də kliniki təbabətin maraq dairəsindədir [1,11,21,22,24,25,27,28,31,32]. Ənənəvi antropometrik metodlar yüksək texnoloji tədqiqat üsulları - bioimpedansometriya, optik kompyuter tomoqrafiyası və s. üsullarla çox əlverişli surətdə tamamlanırlar [4]. Bu da insan orqanizminin komponent tərkibinin və onun digər makroskopik mopfoloji xüsusiyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan verir. Belə kompleks antropoloji yanaşmaya olan tələbat elmi ədəbiyyatda geniş istifadə olunan “konstitusiologiya” terminində öz əksini tapıb və bu terminin də arxasında insanın konstitusiyasının (bədən quruluşunun) müxtəlif aspektlərdə öyrənilməsinə yönəlmiş tibbi-bioloji biliklərin bütöv spektrinin durması başa düşülür. Mövcud təsəvvürlərə görə [7] “konstitusiya” – orqanizmin əlamət və göstəricilərinin bütövlüyü, tamlığı deməkdir ki, bu da bədənin reaktivlik xüsusiyyətlərini, eləcə də fərdi inkişaf və böyümə templərini əks etdirir [6,17]. Konstitusiyanın morfoloji vəsiqəsi, əvvəllər də qeyd edildiyi kimi, insanın somatotipi – konstitusiya tipi, yəni bədən quruluşu tipidir [12,26]. Elmi ədəbiyyatda indiyə qədər təqdim edilən konstitusional tiplərin vahid təsnifatı mövcud deyildir [5,16], bu da, yəqin ki, konstitusiya haqqındakı anlayışların çoxcəhətli, müxtəliftərəfli olmasından irəli gələn bir haldır. Ona görə də, ədəbiyyat icmalının bu bölməsində qadın populyasiyasının təhlili zamanı tətbiq edilən somatotipləşdirmə sxemləri üzərində dayanmaq məqsədəuyğun olardı.
Ədəbiyyatda qeyd edilir ki, bu məqsədlərlə Б.А.Никитюк, А.И.Козлов (1990) tərəfindən [8] təqdim olunan somatotipləşdirmə metodikasından həmin illərdə aktiv surətdə istifadə edilib. Bu sxem üzrə qadınlarda çanağın nisbi eninin təyini belə bir formulla qiymətləndirilir: Çanağın eni x 100 / bədənin uzunluğu (boy). Bu sxemə uyğun olaraq, metabolizmin intensivliyi haqqındakı dəlillər bədənin piy kütləsinin inkişaf dərəcəsini səciyyələndirən ölçü əlamətlərinin hüdudları əsasında əldə edilir. Belə halda dörd dəri-piy büküşü qalınlığını ölçmək daha əhəmiyyətli hesab olunur. Bu büküşlərin qalınlıq ölçüləri kürək sümüyünün aşağı bucağının altında, bazunun arxa və içəri səthlərində, göbəkdən bir qədər sağda – qarnın ön səthində və baldırın bayır səthində təyin edilir. Müəlliflərin fikrinə görə, bu büküşlərin qalınlığı həm də bədənin ümumi ölçülərindən asılıdır. Bu sxemdə, bədənin uzunluğuna (boya) nisbətən faizlə həmin büküşlərin cəmi nəzərdə tutulur. Dəri-piy büküşü qalınlığının faizlə təyininə (DPBQT) əsasən, cinsdən asılı olmayaraq, aşağıdakı qrup subyektləri ayırd edilir:
1.Hipotrofik tip (“hipotroflar”) – DPBQT [X-3δ-X-0,67δ] həddində yerləşir;
2.Normotrofik tip (“normotroflar”) – DPBQT [X±0,67δ] intervalında olur;
Hipertrofik tip (“hipertroflar”) - əlamətlərin qiyməti [X+0,67δ –X+3δ] intervalına uyğun gəlir. Bu sxemə görə, nəticələri 3δ həddindən kənara çıxan qiymətlərə artefaktlar kimi baxılır. Dolixomorfiya və hipotrofiya xarakterli somatotiplərin müştərəkliklə səciyyələndirilmələri astenik somatotip kimi təyin edilir; mezomorfiya və normomorfiya – normostenik kimi; braximorfiya və hipertrofiya – hiperstenik somatotip kimi təyin olunur. Bu baxımdan başqa müştərəkliklər də mümkündür: məsələn, dolixomorflu normotrof; mezomorflu hipertrof, braximorflu hipotrof və başqaları. Lakin, qeyd etmək lazımdır ki, bu sxem tələbata cavab vermədiyi və kifayət qədər sübuta yetirilmədiyi, təsdiqlənmədiyi üçün, ondan tibbi praktikada nadir hallarda istifadə olunur. Bizim fikrimizə görə, həmin sxem həm də şərti xarakter daşıyır, çünki müəlliflərin dediklərinin əksinə olaraq, mübadilə proseslərinin intensivliyini dəri-piy büküşünün qalınlığı üzrə tamdəyərli şəkildə mühakimə etmək mümkün deyildir.
Р.Н.Дорохов – В.Г.Петрухин (1989) sxemi [3] əvvəlkinə nisbətən bir qədər geniş yayılmış sxem hesab olunur. Bu sxem üzrə qadınlar arasında 5 tip - mikrosom, mikromezosom, mezosom, mezomakrosom və makrosom tipləri ayırd edilir. Lakin sözügedən sxem praktiki tətbiq üçün çox yüklənmiş və çox mürəkkəb olduğuna görə, bu da tamdəyərli sxem hesab edilmir. Buna baxmayaraq, hərdən ondan da istifadə edənlərə rast gəlinir [13]. Bu sxemdən, praktik tibbdə bədən kütləsi İndeksinin (BKİ) təyinində çox geniş istifadə olunur. BKİ-nin qiymətindən istifadə etməklə piy toplanmasının vəziyyəti – bədən kütləsinin defisiti, alimentar piylənmə haqqında mühakimələr yürüdülür ki, bunlar da, onun alimentar və digər qeyri-infeksion somatik xəstəliklərin (ateroskleroz, hipertoniya xəstəliyi, şəkərli diabetin bəzi formaları) inkişaf riski ilə əlaqəli olduğunu göstərir (cəd.).
Cədvəl № 1.
BKİ göstəriciləri və alimentarlıqdanasılı xəstəliklərin inkişaf riski
BKİ, kq/m2 |
BKİ göstəricisinin dərəcələri |
Yanaşı gedən xəstəliklərin inkişaf riski |
18,5-dən az |
Bədən kütləsi defisiti |
aşağıdır |
18,5-24,9 |
Normal bədən kütləsi |
ortadır |
25,0-29,9 |
Artıq bədən kütləsi |
az yüksəkdir |
30,0-34,9 |
I dərəcə piylənmə |
xeyli yüksəkdir |
35,0-39,9 |
II dərəcə piylənmə |
çox yüksəkdir |
40-dan çox |
III dərəcə piylənmə |
kəskin yüksəkdir |
Hazırda BKİ-nin normal göstəricisinə müayinə olunanın yaşı ilə əlaqədar baxılır. BKİ-nin normal qiyməti 19-24 yaş üçün – 20-dən az; 25-34 yaş üçün – 20-25; 35-44 yaş üçün – 21-26; 45-54 yaş üçün 22-27; 55-64 yaş üçün – 23-38 və 65 yaşdan yuxarı insanlar üçün 24-29 həddində olur [15]. Lakin bu göstəricinin təhlili zamanı kişilər və qadınlar arasında müqayisə fərqləri aparılmayıb. Həmçinin, onun bədən quruluşu tipi ilə əlaqəsinin spesifikliyi də nəzərə alınmayıb və yəqin ki, bu da. həqiqətdən kənar bir hal kimi hesab oluna bilər.
Konstitusional mənsubiyyətin təyinində digər yanaşmalar da mövcuddur. S.Sigo (1955) [30] təsnifatı özünün, nisbətən geniş istifadəsi ilə tanınır. Bu təsnifatda nəzərdə tutulur ki, konstitusiyanın fərqliliyi xarici mühitin orqanizmə birbaşa təsirinin nəticəsindən asılıdır. Ona görə də, müəlliflərin fikirlərinə görə, orqanların təşkil etdikləri sistem və aparatlar arasında müəyyən əlaqələr əmələ gəlir ki, bu əlaqələr də əksər hallarda eyni tip konstitusiyaların nümayəndələrində inkişaf edir:
1.Əzələvi (muskulyar) somatotip skelet əzələlərinin, xüsusən də, yuxarı və aşağı ətraf əzələlərinin güclü inkişafı ilə səciyyələnir. Müayinə olunanlarda qarınüstü bucaq düz bucağa yaxın, üzü əksərən düzbucaqlı (kvadrat şəklində), burnu geniş və önə çıxmış, gövdəsi silindrəbənzər, boynu və çiyin qurşağı (kürəyi) enli olur. Müəllifin fikrinə görə əzələ somatotipi, adətən, yeniyetmə dövründə artıq formalaşır.
2.Beyin (serebral) somatotipi beyin kəlləsinin yaxşı inkişafına, arıq bədən quruluşuna, qısa ətraflara, kiçik ölçülü gövdəyə, ensiz və yastı döş qəfəsinə malik olması ilə səciyyələnir. Onun üzü formaca zirvəsi aşağıya baxan piramidi xatırladır. Alnı hündür və enli, göz almaları iri, burnu orta ölçülü, yaxud azacıq böyük, boynu qısa olur. Müəllifin fikrinə görə bu tip cinsi yetişkənlik dövrünün axırında formalaşır.
3.Tənəffüs (respirator) somatotipi üçün yastılaşmış döş qəfəsi, skelet əzələlərinin az nəzərə çarpması səciyyəvi hesab olunur. Bu somatotipdə qarınüstü bucaq iti, qarnı rombabənzər formada və nisbətən kiçik, üzü romba bənzəyir, üzünün aşağı hissəsi qısa və ensiz, burnu çox inkişaf etmiş, göz yuvaları bir-birindən xeyli aralıda, boynu ensiz və uzun, qırtlaq hündürlüyü (Adəm alması) kifayət qədər önə doğru qabarmış, çiyin qurşağının eni xeyli böyük, ətrafları uzun olur. Bu tip iki formada rast gəlinir: üzünün orta üçdəbir hissəsi enli və - ensiz formalarda nəzərə çarpır. Bu konstitusional tip uşaq yaşlarında formalaşır.
4.Həzm somatotipi (digestiv somatotip) qarnın, dərialtı piy təbəqəsinin, çeynəmə aparatının daha çox nəzərə çarpması ilə səciyyələnir. Bu somatotipə xas olan xüsusiyyətlərə gövdənin əksər hallarda uzunsov və silindrəbənzər, döş qəfəsinin qısa, qarınüstü bucağın küt olması aid edilir. Onların üzü, əsası aşağıya baxan piramidə bənzəyir, alınının ensiz və kiçik, göz almalarının kiçik, xarici burunun azacıq önə çıxması, ağzının böyük, boynunun qısa olması ilə nəzəri cəlb edir. Həzm somatotipi həm də, onların çiyin qurşağının enli, ətraflarının qısa olması, əzələ relyefinin nəzərə çarpmaması ilə fərqlənir. Digestiv somatotip uşaqlarda erkən dövrdə formalaşır. Bu sxem elmi ədəbiyyatda dəfələrlə tənqidə məruz qalıb, belə ki, burada genetik amillər tam inkar edilir, həm də bu tipdə ümumi birləşdirici bir başlanğıcın olmaması və s. onun mənfi cəhətlərindən sayılır. Qeyd etmək lazımdır ki, digər əksər sxemlərdə olduğu kimi, bu sxemdə də iki müxtəlif anatomik anlayış səhv salınır: “Çiyin qurşağının eni” və “Çiyinlərin eni” - (Azərbaycancada “kürəyin eni”, “enlikürək” terminləri işlədilir). “Çiyinlərin eni” (“Kürəyin eni”) termini gündəlik məişətdə işlədilən termindir və bu terminin azərbaycanca olan transkripsiyası onun məntiqi mənasını daha dolğun və düzgün əks etdirir. Burada sağ və sol kürək sümüklərinin çiyin (akromion) çıxıntıları arasındakı məsafə başa düşülür.Anatomik nöqteyi-nəzərdən – çiyinlərin enini kürək sümüklərinin çiyin çıxıntılarının ucları arasındakı məsafəni ölçməklə əldə etmək olur ki, bu da fərdi “enlikürəkli” olması ilə digərlərindən fərqləndirir.
E.Kretschmer (1921) tərəfindən [23] təqdim olunan təsnifata görə piknik, atletik və astenik bədən quruluşu tipləri ayırd edilir:
1.Piknik tip. Bu tipin nümayəndələri əsasən, qısa və önə qabarmış döş qəfəsinə, küt qarınüstü bucağa, girdə bədən formasına, qısa ətraflara, qısa, lakin enli əl və ayaqlara, kifayət qədər iri və girdə formalı başa, yastılaşmış təpəyə, qısa və yoğun boyuna, zəif nəzərə çarpan profilli enli üzə, yumşaq saçlara, saçlarının vaxtından tez tökülməsi ilə əlaqədar olaraq, dazlaşmağa meyilliliyə malik olurlar.
2.Atletik tip - yaxşı inkişaf etmiş çiyin qurşağına – enlikürəkliliyə malikliyi, gövdənin trapes formasında olması, çanağın nisbətən darlığı, yaxşı inkişaf etmiş skelet əzələlərinin relyefinin cəlbediciliyi, skeletin və ətrafların mütənasib inkişafı, həmçinin ayaq və əlin iri, başın uzunsov formada olması ilə səciyyələnir. Bu tipin nümayəndələrində boynun, trapesiyaya bənzər əzələlərin yaxşı inkişaf etməsi, üz cizgilərinin kopud və kəskin, saçlarının sıx olması nəzərə çarpır.
3.Astenik tip – döş qəfəsinin yastı və uzun, qarınüstü bucağın iti, çanağın bir qədər enli, dərialtı piy təbəqəsinin inkişafının zəif, bədəninin arıq, ətraflarının nazik və uzun, əl və ayaqlarının ensiz, uzun, nazik boynu üzərində dayanan və nisbətən çox da böyük olmayan başının, ensiz boynu, üzü və burnunun, həmçinin, başında cod tüklərinin olması ilə səciyyələnir. Bundan əlavə, bu sxemdə orqanizmin gender xüsusiyyətləri nəzərə alınmayıb, somatotipləşdirməyə yanaşma - cinsi diferensiasiya tələb edir [10].
Bununla yanaşı, şübhəsiz ki, bədən quruluşunun fərdi dəyişikliyi də nəzərə alınmaqla, onun çoxcəhətli formalarının cəmini variant həddinə yerləşdirmək də düzgün hesab edilə bilməz. Təbii ki, somatotiplərin bu təsnifat sxemində nəzərdə tutulmayan çoxsaylı keçid formaları da mövcuddur. Ona görə də, W.Sheldon et,al. (1954) bir sıra alimlərin [307] haqlı fikirlərinə görə diskret (“keçid”) tiplərinin yox, bədən quruluşunun fasiləsiz təyinat komponentlərinin təhlilini aparmaq lazımdır. Bunların da konstitusiya tipləri arasında endomorf, mezomorf və ektomorf komponentləri fərqləndirmək təklif olunur. Endomorf, mezomorf və ektomorf rüşeymin səfhələrinə - entoderma, mezoderma və ektodermaya müvafiq olaraq belə adlandırılıblar. Somatotipi təyin etmək üçün standart fotoqrafiyanın, bədənin müxtəlif komponentlərinin inkişaf dərəcəsini səciyyələndirmək üçün somatotipi qiymətləndirən üçdərəcəli blankın və somatotipin bölgüsünün, boy-çəki indeksini əlaqələndirən cədvəlin olması zəruridir [Heath B. et al., 1968]. Sözügedən metod çox zəhmət tələb edəndir, xəstə ilə real kontakta əsaslanmır, çünki spesifikanın olmasını nəzərə almır və geniş yayılmaya malik deyil.
Hərdən, qadınlarda konstitusiya tiplərinin identifikasiyası zamanı B.Bauer, S.Skerly (1955) sxemindən [18] istifadə olunur ki, bu sxemin də əsasında dərialtı piy təbəqəsinin lokalizasiyası və bölgüsü dayanır. Bu sxemdə konstitusional tiplər vektorlara bərabərləşdirilir. Birinci vektor piyin dərialtı qatının bədən səthi üzrə bərabər paylanmasını səciyyələndirir. Dərialtı piy qatının inkişaf dərəcəsi müxtəlif ola bilər (L-arıq qadınlar, piy toxumasının zəif inkişafı; N – normal (orta dolu) qadınlar; R – dərialtı piy toxumasının güclü inkişafı – “Rubensov tipi”). İkinci vektor dərialtı piy toxumasının qeyri-bərabər lokalizasiyasına aid tipləri təsvir edir və bədənin yuxarı (variant-S) və aşağı hissəsilərndə (variant-L) dərialtı piy toxumasının ən çox inkişaf edən formalarını ayırd etməyə imkan verir. Üçüncü vektor gövdənin və ətrafların nahiyələrində piyin qeyri-bərabər inkişafı ilə əlaqədar tipləri fərqləndirməyə imkan verir (Tr və Ex). Əlavə vektorlar döşdə, budlarda, sağrılarda yüksək dərəcədə piy toplanmasını xarakterizə etməyə şərait yaradır.
K.Conrad (1963) sxemi [19] də elmi ədəbiyyatda müəyyən yayılma imkanı əldə edib və onun əsasında “özək prinsipi” dayanır. Bu sxemin sayəsində bətndaxili inkişaf boyunca mütənasiblik dəyişikliklərini səciyyələndirmək olur. Birincili variantlara piknoformlar (konservativ tip) və leptoformlar (propulsiv tip) məxsusdur. Hər iki tip qan təzyiqi, xarici tənəffüs, energetik mübadilə, metabolizm göstəriciləri üzrə fərqlənirlər. Metromorf tip konsitusiya, bu sxemə görə, ara mövqedə dayanır. Qeyd olunan sxemə əsasən, atletik tipin təsnifatı zamanı toxuma və orqanların hiper- və hipoplaziyasını nəzərdə tutmaq lazımdır. Atletik tipin (hiperplastik tip) əks qütbündə astenik (hipoplastik) somatotip dayanır. Həmçinin, ara metroplastik konstitusiya tipi ayırd edilir. Bu sxem qeyri-müasir sxem kimi tanınır və əsasən, tarixi əhəmiyyət kəsb edir.
Mamalıq praktikasında bədən quruluşu tipinin təyini üçün ən çox J.Tanner (1979) indeksi [33] tətbiq edilir. Belə ki, bu indeksin qiymətinə görə qadınlar “ginekomorf”, “mezomorf” və “andromorf” tiplərə aid edilirlər. Ginekomorf tipdə indeks 731-dən çox olmur, mezomorf tipdə - 731-821 həddində, andromorf tipdə isə həmin indeks 821-dən artıq olur. J.Tanner İndeksi = ( 3 x ÇD x 10) – (BU x 10), burada ÇD-çiyinlərin diametri, BU-bədənin uzunluğunu (boyu) göstərir [14].
Beləliklə, hesab edirik ki, qadınlarda fərdi tipologiya zamanı И.Б.Галант – Б.А.Никитюк – В.П.Чтецов sxemindən istifadə etmək məqsədəuyğundur, çünki həmin sxem daha rasional hesab edilir, vaxt baxımından daha az itki müşahidə edilir. Qeyd etmək lazımdır ki, Б.А.Никитюк və В.П.Чтецов (1990) kimi alimlər [9] И.Б.Галант (1927) sxemini [2] modifikasiya edərkən qadınlar arasında təsvir edilən astenik somatotipdə naziksümüklü və enlisümüklü variantların ayırd edilməsini, euriplastik tip qadınlarda isə “alçaqboylu” (boyu 165 sm-dən az) və “hündürboylu” (boyu 165 sm və ondan çox) variantların fərqləndirilməsini təklif ediblər. Bu müəlliflər miqdar dərəcələrini ballara keçirməyi göstərirlər; balların müştərəklikləri qadınlarda somatotipləri konkret olaraq tanımağa (identifikasiya etməyə) imkan verir ki, biz də tədqiqat işimizdə məhz bu yanaşmadan istifadə etməyi qarşımıza məqsəd kimi qoymuşuq.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Алексеева Н.С. Индекс массы тела как фактор риска метаболических нарушений / Комплексные проблемы сердечно-сосудистых заболеваний. 2014, вып.3, с. 19-20
2.Галант И.Б. Новая схема конституциональных типов женщин / Казанский медицинский журнал. Казань, 1927, №7, с. 23-34
3.Дорохов Р.Н., Петрухин В.Г. Методика соматотипирования детей и подростков /в кн.: Медико-педагогические аспекты подготовки юных спортсменов. Смоленск: изд. Смоленского ГАФК, 1989, с. 4-14
4.Жуков С.Ю. Типы телосложения у детей и подростков по данным компьютерной оптической топографии. / Автореф... канд.мед.наук. Новосибирск, 2005, 17 с.
5.Клак Н.Н., Горбунов Н.С., Самотесов П.А., Шеховцова Ю.А. К вопросу учения о конституции человека / Научные ведомости Белгородского гос.университета. Серия,Медицина.Фармация. Белгородск, 2011.т.15, вып.16 (111), с. 33-39
6.Котельникова Н.Ю., Бакулина Е.Г. Сравнительная оценка состояния минеральной плотности костной ткани при дифференцированной и недифференцированной дисплазии соединительной ткани и у практически здоровых людей астенического типа конституции / Медицинский вестник Северного Кавказа. 2007, т.5.вып.1, с. 16-18
7.Мороз В.М., Никитюк Б.А., Никитюк Д.Б. Теория и практика интегративной антропологии. Киев-Винница, Здоровь'я, 1998, 303 с.
8.Никитюк Б.А., Козлов А.И. Новая схема соматотипирования // Новости спортивной и медицинской антропологии. Москва. 1990, вып. 3, с. 121-141
9.Никитюк Б.А.,Чтецов В.П. Морфология человека. Москва: изд. Московского университета, 1983, 1990, 320 с.
10.Никитюк Д.Б., Клочкова С.В., Рожкова Е.А., и др., Антропометрическая характеристика физического статуса женщин зрелого возраста // Журнал анатомии и гистопатологии. Воронеж, 2015, т. 4, вып.1 (13), с. 9-14
11.Никитюк Д.Б., Чава С.В. Дерматоглифика как проявление конституции человека // Системный анализ управление в биомедицинских системах. Москва, 2013, т.12, вып. 2, c. 497-501
12.Петренко В.М. Общая конституция человека и ее типы. Невральный аспект проблемы // Успехи современного естествознания. 2015, вып. 1,4, с. 584-587
13.Сибалак Ш., Бабаев М.В., Кондрашев А.В. Некоторые эхографические характеристики левого желудочка сердца у людей различных соматотипов // Морфология.Санкт-Петербург, 2003, т.123, вып.3, с. 53-56
14.Стрелькович Н.Н. Закономерности изменчивости физического статуса и параметров таза женщин с учетом фактора времени /Автореф дис…канд.мед.наук. Красноярск, 2012, 29 с.
15.Гаппаров М.Г., Батурин А.К., Каганов Б.С. и др. Использование метода комплексной антропометрии в клинической практике для оценки физического развития и пищевого статуса здорового и больного человека (учебно-методическое пособие). М., Госква: изд. Аресс, 2008, 47 с.
16.Холодова И.Н., Захарова И.Н. Возвращаясь к прошлому, или поговорим о консттуции человека /Дерматология. Приложение к журналу Consilium Medicum, 2016, №2, с. 44-47
17.Щанкин А.А. Связь конституции человека с физиологическими функциями. М.-Берлин, 2015, с. 523-545
18. Bauer B., Skerly S. (1955) – цит. по Б.А.Никитюку, В.П.Чтецову (1983).
19.Conrad K. Der Konstitutions typus. Berlin, Gottingen, Heidelberg, 1963,127 р.
20.Heath B. Cовременные методы соматотипологии / Вопросы антропологии. 1968, вып.29, с. 20-40
21. Kang G., Zhang J., Li S. Entropy-basrd model for interpreting life systems in traditional Chinese medicine / Evidence-based Complementary and Alternative Medicine. 2008, v.5, n.3, рр. 273-279
22. Kirmayer L. Re-visioning psychiatry:toward an ecology of mind in health and illness / in book”Re-Visioning Psychiatry” 2015, рр. 620-660
23. Kretschmer E. Korperbau und Charakter. Untersuchungen zum Konstitution Problem. Berlin: Springer, 1921, 342 рр.
24. Kristic D., Nikezic D. Input files with ornl-mathematical phantoms of the human body for MCNP-48 / Computer Physics Communications. 2007, v. 167 №1, рр. 33-37
25. Loth E. Antropologie des parties molles. Paris, Masson et Cie, Editeurs, 1931, 531 p.
26. Nazarchuk I. Constitutional muscle pettern in the pathogenesis of muscular tonic reflex disturbances in neurological syndromes of the cervical spine / Украинский неврологический журнал.Киев, 2015, вып.3 (36), с. 30-34
27. Negasheva M. A system analysis of the general human constitution / Moscow University Biological Sciences Bulletеn. Моscоw, 2009, v.64, №1, рр. 1-6
28. Roberts P. “We have never been behaviourally modern”: the implications of material engagement theory and metaplasticity for understanding the late Pleistocene record of human behavior / Quaternary International, 2016, v.405, рр. 8-20
29. Sigo S. et al. (1955) – цит. по Б.А.Никитюку, В.П.Чтецову (1983).
30. Sheldon W., Dupertuis C., McDermott E. Atlas of Men.-Harper Bros, 1954, № 5, 567 рp.
31. Sheikh-Zade Y., Galenko-Yaroshevski P., Cherednik I. Mathematical description of human body constitution and fatness / Bulletin of Experimental Biology and Medеcine. 2014, v,156, № 4, рр. 526-529
32. Sokolowski I., Filippova A., Yashin A.и др. Development noninvasive correction of functional and physiological stete personal management of vehicles / Journal of Health Sciences, 2014, v.4, № 8, рр. 69-80
33. Tanner A. (1979) – цит. по Б.А.Никитюку, В.П.Чтецову (1990).
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı