AUTOİMMUN TİROİDİT VƏ DİFFUZ QEYRİ TOKSİK UR DİAQNOZU QOYULMUŞ UŞAQLARDA MİKROELEMENTLƏRİN SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

01-01-2020

Açar sözləri:autoimmun tiroidit,Selen,Yod,diffuz qeyri toksik ur,Dəmir

Ключевые слова:аутоиммунный тиреоидит, селен, йод, железо, диффузныйнетоксический зоб

Key words: autoimmune thyroiditis, selenium, iodine, iron, diffuse nontoxic goiter

Tədqiqatın məqsədi qalxanabənzər vəzin xəstəlikləri olan uşaqlarda bu mikroelementlərin konsentrasiyasın araşdırmaq və onların xəstəliyin patogenezində rolunu öyrənmək olmuşdur. Tədqiqatda Autoimmun tiroidit və Diffuz qeyri toksik ur diaqnozu qoyulmuş uşaqların qan zərdabında Selen, Sink, Dəmir, Nikel, Mis və sidikdə Yod təyin edilmişdir. Tədqiqat işinin nəticəsinə əsasən  aydın olmuşdur ki, QV-nin tam və normal fəaliyyət göstərməsi üçün mikroelementlərdən Selen, Yod və Dəmirin normal konsentrasiyası əhəmiyyətlidir. Müəyyən edilmişdir ki, bu mikroelementlərin  orqanizmə qeyri adekvat daxil olması, immunitetin xeyli zəifləməsinə, autoimmun tiroiditin inkişafına və infeksiyalara qarşı həssaslığın yüksəlməsinə gətirib çıxara bilər. Tədqiqat işində müayinə edilən uşaqların qan zərdabında mikroelementlərin konsentrasiyasının tədqiqi, tiroid patologiyası olan uşaqlarda, praktik nöqteyi-nəzərdən adekvat qiymətləndirilməsinə və fərdiləşdirilmiş farmakoloji müalicə korreksiyasının aparılması imkanlarının əsaslandırılmasına təkan verəcəkdir.

Uşaqların fiziki və əqli inkişafına qidalanmanın xarakteri, orqanizmin qida maddələrilə (o cümlədən mikroelementlərlə) təmin olunmasının təsiri böyükdür. Onlar hüceyrələrin proliferasiya prosesini, DNT-nin sintezini, hormonların və neyromediatorların metabolizmini, beynin fermentlərinin fəaliyyət göstərməsini  təmin edir [1,2,3]. Belə hesab edilir ki, uşaq yaşlarında meydana çıxan essensial mikroelementlərin defisiti, ətraf mühitin aqressiv təsirlərinə qarşı orqanizmin adaptasiyasını azaldır.Orqanizmin ümumi xəstələnmə halı və element statusu arasında, statistik dürüst və sıx korrelyasiya əlaqəsinin mövcud olması sübut edilmişdir. Mikroelementozların - orqanizmdə mikroelementlərin çox olması, defisiti və ya disbalansı nəticəsində meydana çıxan xəstəliklərin aktuallığı daima artır.Bu ilk növbədə ekoloji vəziyyətin həddən artıq pisləşməsi, qida məhsullarının keyfiyyətinin azalması, stress vəziyyətləri ilə əlaqədardır [1,3,4].

Bu tədqiqatda, qalxanabənzər vəzin xəstəliklərinin patogenezində iştirak edən bir sıra mikroelementlərin konsentrasiyasın və onların xəstəliyin patogenezində rolu öyrənilmişdir.

Tədqiqatın material və metodları: Tədqiqata anamnestik və klinik-laborator müayinə metodları ilə autoimmun tiroidit diaqnozu qoyulmuş 25 nəfər (orta yaş 11,2±0,9) və diffuz qeyri-toksik ur diaqnozu qoyulmuş 22 uşağın (orta yaş  10,4±1,2) qan zərdabında Selen (Se), Sink (Zn), Dəmir (Fe), Nikel (Ni), Mis (Cu)  və sidikdə Yodun (J) konsentrasiyası təyin edilmişdir.

Tədqiqat işinin nəticələri cədvəl 1-də təqdim edilmişdir.

Cədvəl  № 1.

Autoimmun tirodit və diffuz qeyri-toksik ur olan uşaqların qan zərdabında mikroelementlərin miqdarı, (M±m).

Tədqiq olunan mikroelementlər

Kontrol

n=15

Autoimmun

tireoidit (n=25)

Diffuz qeyri-toksik  ur(n=22)

Fərqin dürüstlüyü, r

kontrol və AİT

kontrol və DQTU

Se, mkq/l

124.8±3.18

70.7±1.74

85.26±3.83

p<0.01

p<0.05

Zn, mkq/l

82.02±1.18

81.54±1.17

83.65±1.2

q.d.

q.d.

Fe, mkq%

97.26±2.84

72.56±4.44

75.45±4.17

p<0.05

q.d.

Ni, mkq/l

0.60±0.08

0.43±0.05

0.38±0.06

q.d.

q.d.

Cu, mkq/l

105.6±4.6

108.3±3.53

107.4±3.63

q.d.

q.d.

J, mkq/l

195.1±10.09

160.05±8.44*

110.73±6.96*

q.d.

p<0.04

Qeyd: * – müqayisə olunan qruplar arasında  fərqin dürüstlüyü, p<0.05

q.d. - qeyri-dürüst

İnsan orqanizmində Selenin statusunun qiymətləndirilməsi və korreksiyası üzrə Beynəlxalq sənədlərə görə (müxtəlif ekoloji yaşayış mühitlərində), qan zərdabında bu mikroelementin 120 mkq/l-dən yuxarı səviyyəsi kafi sayılır, çünki Selenin belə konsentrasiyası qlutationperoksidazanın kafi fəallığını təmin edir [3].

Qan zərdabında Selen mikroelementinin optimal səviyyəsi - 101,0-135 mkq/l (1,26-1,71 mkmol/l), suboptimal – 65-100 mkq/l (0,81-1,25 mkmol/l), Selen çatışmazlığı isə 65 mkq/l dan aşağı olduqda qəbul edilir. Tədqiqatın nəticələrinin təhlili göstərmişdir ki, AİT və diffuz qeyri toksik ur olan uşaqların qan zərdabında Selenin konsentrasiyası azalmışdır. AİT olan pasiyentlərdə Selenin konsentrasiya-sının orta statistik qiyməti 70.7±1.74 mkq/l hüdudunda olmuşdur, yəni suboptimal səviyyəyə uyğun gəlmişdir. Bu zaman, 6 (24%) uşaqda Selenin səviyyəsi suboptimal səviyyədən də aşağı (46,8-dən 63,7 mkq/l-ə qədər), 18 (72%) uşaqda isə suboptimal göstəricilər həddində dəyişmişdir. Yalnız 1 uşaqda (4%) qan zərdabında Selenin optimal göstəricisi (114,6 mkq/l) aşkar edilmişdir. DQTU olan uşaqların qanında Selen birinci qrupdakı uşaqlarla müqayisədə bir qədər yüksək (85.26±3.83) olmuşdur. Lakin göründüyü kimi, DQTU olan uşaqlarda Selenin orta konsentrasiyası da həmçinin optimal qiymətlərdən aşağı olmuşdur, halbuki, bu qrupdan olan 6 (27,3%) uşaqda onun səviyyəsi optimal diapazonda təyin edilmişdir. Cədvəldən göründüyü kimi, müqayisə olunan və kontrol qrup arasında Sink, Nikel və Misin səviyyələrində elə bir fərq aşkar edilməmişdir. Lakin AİT olan uşaqların qan zərdabında Dəmirin konsentrasiyası praktik sağlam uşaqlarla müqayisədə xeyli aşağı olmuşdur (p<0.05). Eyni zamanda Dəmirin səviyyəsi DQTU olan uşaqlarda da azalmışdır, halbuki bu fərq dürüst deyildir.

Şübhəsiz ki, tiroid hormonlarının əmələ gəlməsi orqanizmə Yodun daxil olmasından, QV tərəfindən tutulmasından və tirositlər tərəfindən sintez proseslərin-dən asılıdır. Yoduriya effektiv müayinə metodlarından olub, Yodun orqanizmə daxil olmasının dürüst qiymətləndirilməsi meyarlarından bir sayılır, çünki  insanın həyatının müxtəlif dövrlərində Yoda olan sutkalıq tələbat  lazımi qədər tədqiq edilmişdir. Müayinə edilənlərin orqanizmində Yodun metabolizminin vəziyyətini aydınlaşdırmaq üçün, AİT və DQTU olan uşaqlarda yoduriya təyin edilmişdir. Yoduriyanın dərəcəsi  ÜST tərəfindən təklif edilmiş yoduriya medianasının səviyyəsinə görə qiymətləndirilmişdir: Yodun sidiklə ekskresiyası 100 mkq/l-ə bərabər və ya ondan  yuxarıdırsa – Yod defisitinin olmaması, 50-99 mkq/l – cüzi çatışmazlıq, 20-49 mkq/l – mülayim, 20 mkq/l-dən az – kəskin çatışmazlıq kimi qiymətləndirilmişdir.

Cədvəl 1-dən göründüyü kimi, DQTU olan uşaqlarda yoduriyanın orta qiyməti AİT-in (p<0,04) və kontrol qrupdakı uşaqlarla müqayisədə xeyli az olmuşdur. AİT olan və kontrol qrupdakı uşaqlarda yoduriyanın orta qiyməti 195.1±10,09 - ə uyğun gəlir (p<0,01). Baxmayaraq ki, AİT-li uşaqlarda yoduriyanın orta qiyməti normal göstəricilərə uyğun gəlir, bu qrupda 6 (24%) uşaqda (49 mkq/l-dən 82 mkq/l-ə qədər tərəddüd edən  göstəricilərlə), yoduriyanın yüngül dərəcəsi müşahidə edilmişdir. Bu zaman 4 uşaqda hipotiroz, 2-də isə eutiroz vəziyyəti qeydə alınmışdır. Diffuz qeyri-toksik ur olan uşaqlardan yalnız 8-də (36,4%) yoduriyanın göstəriciləri 100 mkq/l-dən yüksək olmuşdur, qalan 9-da (40,9%) yodun yüngül, 5-də isə (22,7%)  mülayim defisiti aşkar edilmişdir. Alınan nəticələrə əsasən, DQTU olan uşaqların əksəriyyətində yüngül dərəcəli Yod defisiti (50-100 mkq/l) qeydə alınmışdır. Bu da çox güman ki, urun inkişaf etməsinə təkan vermişdir. Qalan digər hallarda QV-nin diffuz böyüməsi, sporadik diffuz ura aid edilmişdir. Müayinə edilən qruplardakı uşaqlarda yüngül və mülayim dərəcəli Yod defisitinin olmasını təsdiq edir. Bu zaman əgər DQTU olan xəstələrdə sutkalıq sidikdəki Yodun miqdarı ən aşağı sərhəddə yaxındırsa, AİT olan xəstələrdə normal rəqəmlərə yaxındır ki, bu da, qruplardakı göstəricinin orta qiymətində öz əksini tapmışdır. Belə ki, DQTU olan pasiyentlər arasında yoduriyanın göstəricisi 39-dən 154 mkq/l-ə qədər, AİT qrupunda isə müvafiq olaraq 49-dan 215 mkq/l-ə qədər həddində dəyişmişdir.

Hal-hazırda endemik ur bir çox Avropa ölkələrində xeyli azalmışdır, halbuki, yodun subklinik defisiti əvvəlki kimi qərbi və mərkəzi Avropa ölkələrində geniş yayılmış problem hesab edilir [4,5].

Beləliklə, tədqiqat işinin nəticəsinə əsasən  qeyd edə bilərik ki, QV-nin tam və normal fəaliyyət göstərməsi üçün mikroelementlərdən Selen, Yod və Dəmirin normal konsentrasiyası əhəmiyyətlidir. Müəyyən edilmişdir ki, bu mikroelementlərin  orqanizmə qeyri adekvat daxil olması, immunitetin xeyli zəifləməsinə, autoimmun tiroiditin inkişafına və infeksiyalara qarşı həssaslığın yüksəlməsinə gətirib çıxara bilər. Tədqiqat işində müayinə edilən uşaqların qan zərdabında mikroelementlərin konsentrasiyasının tədqiqi, tiroid patologiyası olan uşaqlarda, praktik nöqteyi-nəzərdən adekvat qiymətləndirilməsinə və fərdiləşdirilmiş farmakoloji müalicə korreksiyasının aparılması imkanlarının əsaslandırılmasına təkan verəcəkdir.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Kristjansson E, Francis DK, Liberato S, Benkhalti M. Food supplementation for improving the physical and psychosocial health of socio-economically disadvantaged children aged three months to five years. Cochrane Database Syst Rev. 2015 Mar 5;(3):CD009924.
2.World Health Organization. Essential Nutrition Actions. Improving maternal, newborn, infant and young child health and nutrition, pages:116, rublication: 2013
3.Bailey RL, West KP, Black RE. The epidemiology of global micronutrient deficiencies. Ann Nutr Metab. 2015;66 Suppl 2:22-33.
4.Wang J,Um P,Dickerman BA.,Liu J. Zinc, Magnesium, Selenium and Depression: A Review of the Evidence, Potential Mechanisms and Implications. Nutrients. 2018 May; 10(5): 584
5.Trumpff C, De Schepper J, Tafforeau J, Van Oyen H. Mild iodine deficiency in pregnancy in Europe and its consequences for cognitive and psychomotor development of children: a review. J Trace Elem Med Biol. (2013)


Müəlliflər:
G.İ. Cəbrayılova

Digər jurnal və qəzetlər