XRONİK TONZİLLİT OLAN UŞAQLARDA ANTİOKSİDANT MÜDAFİƏNİN XÜSUSİYYƏTLƏRİ
11-10-2019
Ключевые слова: хронический тонзиллит, острый тонзиллит, микробиологическое исследование
Key words: chronic tonsillitis, sharp tonsillitis, microbiological research
Açar sözlər: xroniki tonzillit, kəskin tonzillit, mikrobioloji müayinə
Damaq badamcıqları burun-udlağın yan divarlarında - respirator və həzm yolunun qovşağında yerləşir və Valdeyer–Piroqov limfoid halqasının başlıca işçi həlqəsi hesab edilir. Badamcıqların müdafiə funksiyası yerli və ümumi immunitetin formalaşmasında onun aktiv iştirakı ilə yerinə yetirilir [1, 2, 3]. Damaq badamcıqları orqanizmə daxil olan müxtəlif antigenlərlə bilavasitə təmasda olur. Onların anatomik quruluşu (kriptlərin girintili-çıxıntılı xarakteri) isə ekzogen qıcıqlandırıcıların orqanın hüceyrələri ilə uzun müddət təmasda olmasını təmin edir ki, bu da, spesifik və qeyri-spesifik bioloji fəal maddələrin və hüceyrə elementlərinin (lizosim, interferon, interleykin, A, M, G immunqlobulinlərin, limfositlərin, plazmositlərin, makrofaqların) hasil edilməsi üçün vacibdir və udlağın boşluğuna ifraz edilərək, bütün orqanizm boyunca hematogen və limfogen yolla yayılır [4, 5].
Normada udma aktı zamanı kriptlərdən faqositoz məhsullarının və qopmuş epitelin kənar edilməsi baş verir. İltihab zamanı buna kriptlərin şaxəliliyi, damaq qövslərinin olması, müxtəlif ifadə dərəcəsinə malik üçbucaq büküşü mane olur [4, 6]. Xronik tonzillitin inkişafında etioloji amil bir çox infeksiyaların törədiciləridir ki, onların arasında həm bakteriyalar, həm də viruslar və göbələklər ayırd edilir. Belə ki, son məlumatlara əsasən, b–hemolitik A qrupu streptokokku uşaqlarda təqribən 30% hallarda, böyüklərdə isə 10–15% hallarda rast gəlir (bəzi klinikalarda bu mikroorqanizmin rolu xeyli yüksəkdir - 80%-ə qədər hallarda). Çox vaxt St. aureus, H. influenzae, M. catarrhalis, N. gonorrheae, C. haemolyticum, M. pneumoniae, C. pneumoniae, Toxoplasma, anaeroblar, adenoviruslar, sitomeqaloviruslar, herpes virusu və s. aşkar edilir [6].
Xronik tonzillit (XT) tənəffüs yollarının ən geniş yayılmış xəstəliklərindən biri hesab edilir, belə ki, əmək qabiliyyətli əhalinin 4-10%-də və uşaqların 12-15%-də rast gəlir [2,4]. Damaq badamcıqlarında infeksiya ürək-damar sisteminin, böyrəklərin, birləşdirici toxumanın, endokrin orqanların patoloji dəyişiklikləri üçün işəsalma mexanizmi sayılır [5,7].
Beləliklə, xronik tonzillit problemi təkcə otorinolarinqologiyanın deyil, həmçinin müasir təbabətin digər sahələrini də əhatə edir. Hazırda, diaqnozun qoyulması zamanı, bir qayda olaraq, yalnız xəstəliyin lokal təzahürlərini qeydə alırlar və uşaq orqanizminin adaptasiya sistemlərinin, o cümlədən antioksidant müdafiə (AOM) sistemlərinin vəziyyətini nəzərə almırlar. Lipidlərin hiperperoksidləşməsi prosesləri müxtəlif lokalizasiyalı iltihabi xəstəliklərin patogenezində mühüm rol oynayır. Qeyd edilmişdir ki, iltihab prosesinin ağırlıq dərəcəsi və onun xronik formaya keçməsi qanda lipidlərin peroksidləşməsi (LPO) məhsullarının konsentrasiyasının artması ilə üst-üstə düşür [3]. Son illər LOR-təcrübədə iltihabi xəstəliklərin, məsələn, sinusitlərin, otitlərin, adenoiditlərin və s. inkişafında lipidlərin peroksidləşməsi proseslərinin öyrənilməsinə böyük əhəmiyyət verilir. Bununla əlaqədar olaraq, hazırkı tədqiqatişininməqsədi uşaqlarda xronik tonzillitin klinikasında LPO-nin vəziyyətinin və antioksidant sisteminin (AOS) fermentlərinin aktivliyinin öyrənilməsi olmuşdur.
Tədqiqatişininmaterialvəmetodları.
Kompensə olunmuş xronik tonzillit olan 5 yaşdan 15 yaşa qədər 56 uşağın müayinəsi aparılmışdır. İstisna qrupunu təşkil etmişdir:
- digər orqan və sistemlərin xronik patologiyası olan uşaqlar;
- müsbət allerqoloji anamnezi olan uşaqlar;
- xronik tonzillitin dekompensə olunmuş forması olan uşaqlar.
Kontrol qrupunu sağlam damaq badamcıqları olan 24 uşaq təşkil etmişdir.
Müayinə metodlarına anamnezin, klinik məlumatların, damaq badamcıqlarının mikroflorasının bakterioloji müayinəsi, revmatoid sınaqlar, lipidlərin sərbəstradikallı peroksidləşməsi (LSPO) məhsullarının göstəricilərinin və AOS-nin müayinəsi daxildir. Xronik tonzillit olan müayinə edilmiş uşaqlarda malon dialdehidinin (MDA), orta çəkinin molekulunun (OÇM), ümumi antioksidant statusun (ÜAS), qan plazmasında qlutationun konsentrasiyasının səviyyələri, həmçinin qanın formalı elementlərində AOS-nin superoksiddismutaza (SOD), katalaza, qlutationreduktaza (QR), qlutationperoksidaza (QP) fermentlərinin aktivliyi tədqiq edilmişdir. LSPO proseslərinin intensivliyi qan plazmasında MDA-nin konsentrasiyası üzrə tiobarbitur turşusu (TBT) ilə reaksiyada [M. Uchiyama, M. Michara, 1978; L.İ. Andreeva, 1988] bəzi dəyişikliklərlə qiymətləndirilmiş və trimetin kompleksinin udulması 2 dalğa uzunluğunda ölçülmüşdür. Eritrositlərdə katalazanın aktivliyi bəzi modifikasiyalarla Beers R.S. və Siser J.W. metodunun köməyilə ölçülmüşdür – bu zaman hidrogen peroksidin parçalanma reaksiyasının ingibisiyası üçün ammonium molibdat tətbiq edilmişdir; SOD-un aktivliyi Fridovich J. metodu üzrə təyin edilmişdir. Qlutationun miqdarı Kay W.W. metodu, QP-nin aktivliyi –Paglia D.E. Valentine metodu, QR-nin aktivliyi - S.N. Vlasova və başq. metodu (1983-cü il) üzrə təyin edilmişdir. Materialın statistik işlənməsi fərdi kompüterdə Microsoft office Excel 2007 proqramında həyata keçirilmişdir.
NəticələrvəonlarınmüzakirəsiMəlum olduğu kimi, yuxarı tənəffüs yollarının təkcə patogen deyil, həm də şərti-patogen mikroorqanizmlərin daimi həmlələrinə qarşı müqavimət göstərmək qabiliyyətinin azalması kəskin iltihabi xəstəliklərin tezləşmiş epizodlarına (rinofarinqitlər, adenoiditlər, anginalar), törədicilərin eradikasiyasının olmaması nəticəsində onların residivləşən və xronik formaya keçməsinə gətirib çıxarır. Yuxarı tənəffüs yollarının disbiozu meydana çıxır, biotopun kolonizasiya rezistentliyi pozulur, xronik iltihab prosesinin əlamətlərinin (xronik adenoidit, xronik tonzillit) inkişaf etməsi və sonradan yerli müdafiə mexanizmlərinin kobud pozulmaları ilə bərabər limfa toxumasının morfoloji cəhətdən yenidən qurulması baş verir. Xronik tonzillitin inkişafında mühüm həlqə kimi damaq badamcıqlarının lakunalarının öz-özünə təmizlənməsi prosesinin pozulması, orada kazeoz kütlələrin saxlanması, qopmuş epitel, ölmüş leykositlərin toplanması xidmət edir ki, bu da, mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Bu mexanizm, hipertrofiyalaşmış badamcıqlarda lakunaların dərin olması, həm də ölçüsünə görə kiçik, lakin çapıqvari dəyişikliklərin yaranması – onların iltihabi reaksiyalar nəticəsində deformasiyaya uğraması sayəsində fəaliyyət göstərir. Orqanizmin müdafiə xüsusiyyətlərinin, xüsusilə də yerli müdafiə reaksiya-larının zəifləməsi fonunda yuxarı tənəffüs yollarının bu vəziyyəti (disbioz, öz-özünə təmizlənmənin pozulması, xronik iltihab) makroorqanizm və udlağın şərti-patogen florası arasında zərif tarazlığın yaranmasına gətirib çıxarır. Əlverişsiz ətraf mühit amillərinin təsiri altında orqanizmin adaptasiyası zərurəti əmələ gəldikdə (çox vaxt belə faktor kimi soyuqlama və ya ümumi - sətəlcəm amili xidmət edir), bu tarazlıq pozulur, xronik iltihabın kəskinləşməsi və patoloji prosesin getdikcə dərinləşməsi baş verir.
Xronik tonzillitin törədicilərinin etioloji strukturunun yenidən qurulması nəticəsində infeksiyanın patogenezində və klinikasında dəyişikliklər baş verir, o, nisbətən zəif nəzərə çarpır, bəzən silinmiş xarakter daşıyır, bu isə ambulator səviyyədə və ərazi otorinolarinqoloji səviyyədə infeksiyanın vaxtında aşkar edilməməsinə gətirib çıxarır. Anginanın ilk əlamətləri 3 mm-ə qədər sarımtıl və ya sarımtıl-ağ follikullar hesab edilir, lakin xəstələr tibbi yardım üçün müraciət etmirlər, xəstələrə sahə həkimi (damaq badamcıqlarının kələ-kötür səthinin səbəbini təhlil etməyən) tərəfindən evdə gözəyarı baxış zamanı bu, «əsnək hiperemiyalıdır» kimi qeydə alınır ki, bu da hər hansı bir diaqnozun başlıca əlaməti deyildir. Eyni zamanda vaxtında aparılmayan və ya səhv diaqnostika iltihabın xronikləşməsinə və ya ciddi ağırlaşmalara, məsələn, paratonzillyar absesin inkişaf etməsinə gətirib çıxarır. Bu, xronik tonzillitin orqanizm (xüsusilə uşaq orqanizmi) üçün nə qədər patogen olmasını və eyni zamanda bu əlamətlərin dəyərli diaqnostik keyfiyyətlərə malik olmasını göstərir. Lakin diqqəti cəlb edən odur ki, poliklinikada qəbul zamanı və ya xəstəyə evdə baxış zamanı bu simptomatikanın «tutulması» son dərəcə çətindir. Bununla əlaqədar olaraq, həmin şəraitlərdə də infeksiyanı aşkar etməyə imkan verən spesifik subyektiv və obyektiv simptomların aşkar edilməsinə ehtiyac yaranmışdır. Belə hesab edilir ki, «damaq badamcıqlarının lakunalarında irinli detritin olması və davamlı saxlanması xronik tonzillit diaqnozunun qoyulması üçün vacib amil sayılır».
Damaq badamcıqlarının müayinəsi aşağıdakı simptomları aşkar etməyə imkan verir: II və III dərəcəli damaq badamcıqları; lakunalarda kazeoz tıxaclar; çapıqvari dəyişikliklər; bəzən damaq badamcıqları atrofik şəklə malik olur, solğun, anemiyalıdır; müxtəlif ağırlıq dərəcəsində regionar limfadenit qeyd edilir. Diskomfort əlamətləri, oynaqlarda və ürəkdə ağrılar, şişkinlik, ön damaq qövslərinin infiltrasiyası və hiperemiyası, lakunaların genişlənməsi, subfebrilitet müşahidə edilir. Lakin bu simptomların hamısı hələ konkretləşməmişdir, onların əsasında xronik tonzillitin müxtəlif klinik formalarını diferensiasiya etmək çətindir. Bunun üçün damaq badamcıqlarının vizual-instrumental müayinələri ilə bərabər xəstə uşaqlar üzərində uzun müddətli və təkrar müşahidənin aparılması vacibdir.
Həyata keçirilən müayinələr zamanı, 56 uşaqda (100%) disfagiya, 49 (87,5±4,3%) – ağızdan xoşagəlməz iy qeydə alınmışdır. Uşaqların hamısında farinqoskopik olaraq bu xəstəliyin dəqiq əlamətləri (Qize - damaq qövslərinin kənarlarının hiperemiyası, Preobrajenski - ön və arxa qövslərin kənarlarının yastığabənzər qalınlaşması (infiltrasiya və ya hiperplaziyası), Zak – ön və arxa qövslərin yuxarı şöbələrinin şişkinliyi) müşahidə edilmişdir. Sağlam uşaqlarla müqayisədə müayinə olunan uşaqların hamısında AOS-in zülal həlqəsinin kəskin defekti nəzərə çarpmışdır. SOD-un aktivliyi azalmışdır: müvafiq olaraq, əsas qrupda - 28,26±1,35 mkq/ml.er., kontrol qrupda - 44,36±1,2 mkq/ml.er. Katalazanın aktivliyi də həmçinin azalmışdır: müvafiq olaraq, əsas qrupda - 20,78±0,74 vah/ml.er., kontrol qrupda - 33,27±1,2 vah/ml.er). Qlutation sisteminin də tükənməsi nəzərə çarpır: əsas qrupda - 0,69±0,04 mkM/l, kontrol qrupda - 1,28±0,12 mkM/l. MDA-nın konsentrasiyası yüksəlmişdir: müvafiq olaraq əsas qrupda - 6,13±1,21 mkM/l, kontrol qrupda - 4,2±0,18 mkM/l olmuşdur ki, bu da LSPO proseslərinin yüksək intensivliyə malik olduğunu göstərir. Bununla paralel olaraq, OÇM-nin xeyli artması müşahidə edilmişdir: müvafiq olaraq əsas qrupda - 1,64±0,25, kontrol qrupda - 0,78±0,21 olmuşdur ki, bu da endotoksikozun əmsalı sayılır (cədvəl 1).
Xronik tonzillit olan uşaqlarda LSPO-nun fəallaşması və AOS-nin tükənməsi istiqamətində oksidləşdirici balansın pozulması aşkar edilmişdir ki, bunu da, müalicəvi-diaqnostik alqoritmin tərtibi zamanı nəzərə almaq vacibdir. Xronik tonzillit olan diaqnostik təqibi kompleksinə LPO–nun və AOM sisteminin vəziyyətinin müayinə edilməsini daxil etmək lazımdır. Bu, təkcə xəstəliyin yerli əlamətlərini deyil, həm də adaptasiya sistemlərinin, məsələn, antioksidant sisteminin vəziyyətini nəzərə alan müalicə kompleksini işləyib hazırlamağa imkan verir.
Cədvəl № 1.
Uşaqlarda xronik tonzillitin klinikasında LPO-nin və antioksidant sistemin fermentlərinin aktivliyinin vəziyyəti
Göstəricilər |
Əsas qrup (n=56) |
Kontrol qrup (n=24) |
SOD, mkq/ml.er. |
28,26±1,35 |
44,36±1,2 |
Katalaza, vah/ml.er |
20,78±0,74 |
33,27±1,2 |
Qlutation, mkM/l |
0,69±0,04 |
1,28±0,12 |
MDA, mkM/l |
6,13±1,21 |
4,2±0,18 |
OÇM |
1,64±0,25 |
0,78±0,21 |
Görünür ki, patoloji prosesin ağırlıq dərəcəsinin qiymətləndirilməsi və kompleks konservativ müalicənin işlənib hazırlanması üçün xronik tonzillit zamanı mühüm yer tutan membrandestruktiv prosesləri diqqətdə saxlamaq lazımdır (onların patogenezində membranların struktur-funksional təşkilində baş verən dəyişikliklər mühüm əhəmiyyət daşıyırlar). Tədqiqat işinin məlumatlarına əsasən, xronik tonzillitlər zamanı membran səviyyəsinin metabolik reaksiyalarını əks etdirən, patoloji proseslərin ağırlıq dərəcəsini qiymətləndirməyə imkan verən diaqnostik testlərin böyük informativliyə malik olması göstərilmişdir.
ƏDƏBİYYAT- ЛИТЕРАТУРА– REFERENCES:
1. Гнездилова Е.А. Алгоритмизация диагностики тонзиллита у детей // Интегративные процессы в медицине и образовании – 2013: Материалы международной научно-практической конференции. М., 2013. с. 88-91
2.Цветков Э.А. Аденотонзиллиты и их осложнения у детей. Санкт — Петербург: Элби Спб. 2003. 83с.
3.Petrec M. Immunomodulatogy effect of laser in the treatment of chronic tonsillitis. Acta Univ Palacky Olomuc Fac Med, 2009; (1) р.129-126.
4.Borhan W.M., Dababo M.A., Thompson L.D., Saleem M., Pashley N. Acute necrotizing herpetic tonsillitis: a report of two cases. Head Neck Pathol. 2015;9(1):119–122
5.Pichihero M.E. Group A streptococcal tonsillopharingitis. Ann Emerg Med 2006, 25:3, р.390-403
6.Tilahun A, Haddis S, Teshale A, Hadush T. Review on biofilm and microbial adhesion. Int J Microbiol Res. 2016;7(3):63–73
7.Saylam G, Tatar EC, Tatar I, Özdek A, Korkmaz H. Association of adenoid surface biofilm formation and chronic otitis media with effusion. Arch Otolaryngol Head Neck Surg. 2010;136(6):550–555.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı