ERKƏN YAŞLI UŞAQLARDA SİTOMEQALOVİRUS İNFEKSİYASININ DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ

28-11-2019

Açar sözlər: Sitomeqalovirus infeksiyası, virusəleyhinə müalicə, antisitome-qalovirus immunoqlobulin.

SMVİ-nin diaqnostikasında ən optimal və həssas üsul PZR hesab olunur, belə ki,onun vasitəsilə SMVİ-nin latent formalarını belə təyin etmək olur. SMVİ-nin müalicəsində Neositotekt yüksək effektli dərman hesab olunur, onun aktiv komponentləri tez qana keçir və erkən terapevtik effektin alınmasına səbəb olur.

Müasir dövrdə herpesvirus infeksiyaları yüksək aktuallıq kəsb edir.ÜST-nin göstəricilərinə görə herpes infeksiyalardan ölüm 16% təşkil edir və virus infeksiyaları içərisində hepatitlərdən sonra II yeri tutur.[1] Bu gün gündə SMVİ ən çox yayılmış herpes virus infeksiyalarından biridir. 2 yaşa qədər uşaqların müayinəsindən alınan statistik məlumatlar göstərir ki, plasentadan yoluxma 1-3%, doğuş vaxtı yoluxma 7-9%, ana südü ilə yoluxma 40% təşkil edir.Hal hazırda insanların bu virusa yoluxma ehtimalı yüksəkdir.

Hamiləlik patologiyasının və uşaqların psixosomatik patologiyasının ağır formaları ilə doğulmasının risk faktorları içərisində əsas yerlərdən birini SMVİ tutur. Müxtəlif müəlliflərin verdiyi məlumata görə böyük yaşlı əhalinin 50-90%-i SMVİ ilə yoluxmuş olur. Bətndaxili SMVİ dölün ağır zədələnməsinə, hətta onun ölümünə səbəb ola bilər. Belə ki, bətndaxili SMVİ uşaqların ağır nevroloji pozğunluqlarla doğulmasına, eşitmə, görmə sinirlərinin zədələnməsinə, həmçinin ağır somatik pozğunluqlara səbəb ola bilər [2,3]. Uşaqların bir qismində bətndaxili yoluxma 5-7 yaşda görmənin, eşitmənin pozulması və ya əqli inkişafın  ləngiməsi şəklində özünü göstərir [4].

Anadangəlmə SMVİ-si olan uşaqlar bütün həyatı boyu CMV passiv gəzdiriciləri olurlar. Neonatal və ya intranatal yoluxmada 4-8 həftədən sonra xəstəliyin əlamətləri meydana çıxa bilər və xəstəlik çox vaxt interstisial pnevmoniya, nefrotik sindrom şəklində özünü göstərir.Anadangəlmə SMVİ-nin kəskin forması əsasən aşağıdakı triada şəklində təzahür edir:

1) Sarılıq-yeni doğulmuşların fizioloji hiperbilirubinemiyasına oxşayır, 2-3 ay ərzində tədricən dalğavari şəkildə davam edir və getdikcə azalır.

2) Hepatosplenomeqaliya-qaraciyərin 3-5 sm, dalağın 2-3 sm qabırğa qövsündən kənara çıxması.

3) Hemorragik sindrom- petexiyalar, ekximozlar, burun, göbək qanaxmaları, skleraya qansızma, qanlı qusma, melena, kəskin trombositopeniya (50 х 109/l-ə kimi).

Qazanılma SMVİ uşaqlarda müxtəlif xəstəliklər şəklində təzahür edir, çox vaxt proqressivləşən virus-bakterial infeksiyalara oxşayır, həyatın I 2-3 ilində izoləolunmuş və ya kombinəolunmuş şəkildə özünü göstərir.Böyrəklərin inkişaf qüsurları fonunda sidik çöküntüsündə epitelial hüceyrələrin çoxalması və SMV-nin tapılması xarakterikdir.Mədə-bağırsaq forması- patoloji qarışıqsız enterit, fiziki inkişafdan qalma, koproqrammda mədəaltı vəzinin polikistoz zədələnməsi ilə əlaqədar olaraq çoxlu miqdarda neytral yağların olması.Qaraciyər forması –hepatitin mənzərəsi ilə. Serebral forma – ensefelopatiya, epilepsiya,qıcolmalar, psixi inkişafdan qalma, nadir halda, meninqoensefalit. Mononukleozabənzər forma - əsasən iri yaşlı uşaqlarda və böyüklərdə təsadüf olunur.

 


Cədvəl  № 1.

2-3 həftədən sonra trombositopeniya itir, bəzən bu triadada aparıcı olur.

Laborator müayinənin nəticələri

İzahı

Anti  SMV  lgM -

Anti  SMV   İg G -

Xəstənin orqanizmində infeksiya yoxdur. Həmçinin bu nəticə xəstələrin qanına virus təzə düşdükdə, xəstəliyin erkən mərhələsində olduqda mənfi ola bilər:

( belə kateqoriyalı xəstələrdə virusa qarşı antitellər olmur).

Anti  SMV  İgM +

Anti  SMV  İgG -

Uşaq orqanizmində I-li SMV infeksiyasının olmasını göstərir. Xəstənin immuniteti aşağı düşəndə fəsadlar baş verə bilər.

Anti  SMV  İgM +

Anti  SMV  İg G +

Bu nəticə I-li yoluxma mərhələsinin başa çatdığını və uşaqda immunitetin əmələ gəlməsini göstərir (fəsadlar nadir halda olur).

Anti  SMV İgM -

Anti  SMV İgG +

Bu nəticə onu göstərir ki, uşaqda SMV-yə qarşı ömürlük immunitet formalaşıb. Xəstənin immun sistemində qırılma  (zəifləmə) baş verərsə, residivin baş vermə ehtimalı yüksək olur.

 

SMVİ-nin kliniki əlamətlərinin az olması, həmçinin onun perinatal əhəmiyyət kəsb etməsi, hamilələrdə və yenidoğulmuşlarda müasir düzgün diaqnostikanın təşkili ağır psixomotor patologiyası olan uşaqların doğulmasına qarşı mübarizə tədbirləri içərisində mühüm yer tutur. Bu məqsədlə müxtəlif müayinə üsullarından istifadə olunur: sitoloji;,seroloji və molekulyar bioloji PZR üsulu [5]. Sitoloji müayinə üsulu ən sadə, əlçatandır, lakin həssaslıq aşağıdır.Seroloji laborator müayinə üsulu ilə I-li və latent xroniki SMVİ-nin differensial diaqnostikasını aparmaq mümkündür. İFA ilə SMV üçün spesifik antitellər təyin olunur. Ig-lər qan hüceyrələri tərəfindən hasil olunan zülallar olub,insan orqanizminə bu və ya digər infeksiyanın törədicisi daxil olduqda onunla birləşir, immun kompleks əmələ gətirir və müəyyən müddətdən sonra onu neytrallaşdırır. IgM yoluxduqdan 4-7 həftə sonra əmələ gəlir və qanda 16-20 həftə qalır. Onun qanda tapılması I-li SMVİ-ni  göstərir, immun cavab yarandıqda İg M azalır.

Tədqiqatın məqsədi : EYU-da SMVİ-nin diaqnostikasında İFA və molekulyar –bioloji üsul olan PZR-ın rolunu göstərmək və müxtəlif bioloji materiallarda virus DNT-nin aşkar edilməsində PZR-in tətbiqini optimallaşdırmaq və düzgün müalicə taktikasını seçməkdən ibarətdir.

Tədqiqat. 2 ayla 3 yaş arasında SMVİ olan 25 EYU kliniki laborator müayinə olunub.Onların 13-də anadangəlmə, 12-də isə qazanılma SMVİ spesifik PZR üsulu ilə təsdiq olunub. Bioloji material kimi ağız suyu, qan və sidik çöküntüsü götürülüb. Xəstələrin 13-nə aktiv SMV, 12-nə isə latent SMV diaqnozu qoyulub. Spesifik anamnezdən  məlum olub ki, hamilə vaxtı yüngül gedişli qripəbənzər əlamətlər 6, toksikoz və hestoz kimi hamiləlik patologiyaları 6, ağır mama-ginekoloji anamnez (inkişaf etməyən hamiləlik) 3, xlamidiya və herpes infeksiya 2 qadında aşkar olunub. Eyni tezlikdə 4 hamilədə plasentanın qopması, preeklampsiya, dölyanı mayenin tez  axması və doğuş fəaliyyətinin zəifliyi qeyd olunub.

Anadangəlmə SMVİ olan xəstələrin əsas şikayəti  sarılıq, iştahasızlıq, fiziki, psixi inkişafdan qalma, ensefelopatiya, qazanılma SMVİ olan uşaqların şikayəti isə onların tez-tez KRVİ ilə xəstələnməsi, əksəriyyətində qripdən sonra bronxitin, pnevmoniyanın baş verməsi, mədə-bağırsaq pozğunluğu, sidik yollarının iltihabı və aparılan müalicəyə tabe olmamasıdır.

Müalicə olunan EYU 3 qrupa bölünüb: I qrupa aktiv SMVİ olan 7 uşaq (28%), II qrupa aktiv SMVİ olan 6 uşaq (24%), III qrupa aktivləşmə fazasında latent SMVİ olan 12 uşaq (48%) daxil edilib. I qrupun uşaqlarına virus əleyhinə preparat (VƏP) olan Qansiklovir yaşa uyğun dozada 14 gün müddətində verilib. Müalicə bitəndən sonra xəstələr yenidən kliniki labarator müayinə olunub. Məlum olub ki, onlarda virus yükü azalıb, ancaq virus qandan eliminasiya olunmayıb. II qrupun uşaqlarına antisitomeqalovirus immunoqlobulin (ASMVİ) olan Neositotekt (1ml-də100BV neytrallaşdırıcı  antitellər ) hər kq çəkiyə 1ml/sut olmaqla 3 dəfə 48 saatdan bir vena daxilinə yeridilib və onun infuziyasından sonra tərkibi rekombinant interferon olan Viferon şamı 150000 BV dozada rektal 12 həftə müddətində yeridilib [7]. III qrupun uşaqlarında simptomatik müalicə ( hepatoprotektorlar, antibiotiklər, simbiotiklər və s.) aparılıb. Müayinə olunan uşaqlar qeydiyyata alınıb, bir il ərzində dinamiki nəzarətdə saxlanılıb, katamnestik məlumatlar toplanılıb, vaxtaşırı - 3 aydan bir kliniki laborator müayinə olunublar . Aparılan tədqiqatın nəticələrinin statistik işlənilməsi göstərir ki, I qrupun uşaqlarında qanda virus yükü azalıb, ancaq virus qandan tam eliminasiya olunmayıb. II qrupun uşaqlarında 1 il ərzində qandan virusun eliminasiyası baş verib, residiv də olmayıb,. III qrupun uşaqlarında virus yükü eyni səviyyədə qalıb, 2 xəstədə isə artıb.

Cədvəl  № 2.

SMVİ olan EYU-da aparılan virus əleyhinə müalicənin nəticələri

Müayinə qrupları

Müayinə olunan EYU-nun sayı

 

n=25

Aparılan müalicə

PZR müayinəsinin nəticəsi

Müalicədən sonra alınan nəticə (remissiya)

I

n=6

Qansiklovir

Qanda virusun yükü azalıb, lakin tam eliminasiya olunmayıb

3-6 ay ərzində alınıb

II

n=7

Neositotekt

+

Viferon şamı

1 il ərzində virus qandan eliminasiya olunub

1 il və ondan çox

müalicə alınıb

III

n=12

Simptomatik müalicə

Qanda virus yükü dəyişməyib, 2 uşaqda artıb

Remissiya alınmayıb

p<0,05

VƏP olan Qansiklovir SMV-yə qarşı çox aktivdir.Virusun DNT polimerazasının aktivliyini inhibisiya etməklə DNT-nin sintezini ləngidir. Müalicənin effektivlik göstəricisi xəstənin vəziyyətinin yaxşılaşması ilə yanaşı SMV DNT-nin konsentrasiyasının qanda 1000 dəfə və ondan çox azalması və ya tamamilə itməsidir. Qansiklovir virusu orqanizmdən tam eliminasiya edə bilmir, immuniteti üzür, virusun rezistent ştamlarını əmələ gətirir. Hiperimmun aktiv antisitomeqalovirus immunoqlobulin olan Neositotekt sərbəst və hüceyrə ilə birləşmiş virusu neytrallaşdırır, neytrallaşmış viruslar böyrəklə xaric olur, immun sistemi üzmür, immunomodulyasiyaedici təsir göstərir, toksiki və başqa mənfi təsiri yoxdur, hamilə və erkən yaşlı uşaqlarda təyin olunmur.  SMV zəif interferonogen təsirə malikdir. İnterferon (İFN) immunitetin vacib modulyatorudur. Orqanizmin özünün şəxsi hüceyrələri endogen İFN hasil edənə kimi ekzogen yeridilən İFN ( rektal şam Viferon) infeksion agenti eliminasiya edir, immun zədələnmiş hüceyrələri boşaldır və onların şəxsi İFN hasilinə kömək etməklə infeksion prosesi qısaldır. Simptomatik müalicə alan III qrupun uşaqlarında virus yükünün eyni səviyyədə qalması, hətta, bəzilərində artması ona göstərir ki, SMVİ-ni spesifik virus əleyhinə və immunomodulyasiyaedici müalicə aparmadan sağaltmaq mümkün deyil.

Nəticələr ,

1.Hal-hazırda SMVİ-nin diaqnostikasında İFA və molekulyar bioloji metod olan PZR üsullarının tətbiqi məqsədəuyğun və zəruridir. Birdəfəlik seroloji müayinə ilə infeksion prosesin mərhələsini təyin etmək kifayət deyil, 14 gün fasilə ilə qoşa zərdabla qoyulan seroloji müayinədən sonra dürüst nəticə almaq olar.

2. SMVİ-nin diaqnostikasında ən optimal üsul PZR-dır, belə ki, o yüksək spesifikliyə (100%) və yüksək həssaslığa (85-100%) malikdir. Hətta, latent SMVİ-ni heç bir kliniki əlamət olmadıqda belə PZR-lə təyin etmək olar və məhz ona görə də, ən dürüst üsul sayılır.

3. Aktiv SMVİ olan xəstələrə VƏP olan Qansikloviri təyin etdikdə  o virusu orqanizmdən tam eliminasiya etmir, SMV-nin DNT-nin qanda konsentrasiyasını aşağı salır və xəstələrin vəziyyətini  qısa müddətə yaxşılaşdırır, yenidən virusun aktivləşməsi baş verir.

4. Hiperimmun anti SMV immunoqlobulin  Neositotektin EYU vena daxilinə hər kq çəkiyə 1 ml/sut olmaqla 48 saatdan bir 3 dəfə yeridilməsi və onun kursu bitdikdən sonra tərkibi rekombinant interferon (İFN) olan  Viferon şamının 150000 BV dozada 12 həftə müddətində yeridilməsi virusu orqanizmdən uzun müddətə eliminasiya edir və remissiya alınır.

5.Viferon (rektombinant İFN) antivirus, antiproliferativ və immunomodul-yasiyaedici təsir göstərir. Rektal yeridilmə aktiv komponentin tez qana keçməsinə  və terapevtik effektin alınmasına səbəb olur.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Боковой А.Г., Егоров А.И. Герпивирусные инфекции у детей и родителей. Учебное пособие для студентов, врачей-педиатров, инфекционистов, иммунологов.  М. Центр стратегической  коньюнктуры. 2014: 256.1.
2.Aдиева А.А. Роль цитамегаловирусной инфекции в патологии плода   новорожденного. Поиск новых противовирусных средств: автореф. дис. канд. мед. наук / Адиева А. А.-Москва, 2009.-49с.
3.Кистенева Л.Б. Роль цитамегаловирусной инфекции в формировании перинатальной патологии // Детские инфекции.- 2013.-№3.-с.44-47.
4.Lopes A.A., Belhabri S., Karа oni L. Clinikal findings and autopsy of a preterm infant with breast milk-acquired cytomegalovirus infection. Am] Perinatol Rep. 2016. 6(2): e 198-e 202. Doi: 10. 1055/S-0035-1566249.
5.Marsico C. Klimberlin D.W. Congenital cytomegalovirus infection: advances and challenges in diagnosis, prevention and treatment. İtal J Pediatr. 2017; 43(1): 38. doi: 10. 1186/s 13052-017-0358-8.


Müəlliflər:
M.H. Bağırova
M.M. Muxtarov
X.Ə. Əhmədzadə
X.Ə. Əhmədzadə
Y.K. Rüstəmova
Y.K. Rüstəmova
G.A. Kərimova
G.A. Kərimova

Digər jurnal və qəzetlər