EKSPERİMENTDƏ YARADILMIŞ DİABETİK NEFROPATİYA ZAMANI QAN VƏ LİMFANIN LİPİD TƏRKİBİNDƏKİ DƏYİŞİKLİKLƏRİN ÖYRƏNİLMƏSİ VƏ ONLARIN KORREKSİYASI

25-11-2019

Açar sözlər: diabet, nefropatiya, limfa, lipoprotein, lovastatin.

       Şəkərli diabet (ŞD) xəstəliyi dünyada, o cümlədən, Azərbaycanda sürətlə yayılmaqla yanaşı, həyat üçün təhlükəli olan ağırlaşmaları ilə səciyyələnir. Belə ağırlaşmalardan biri diabetik nefropatiyadır [1,2,6]. Son illərdə diabetik nefropatiyaların patogenezində dislipidemiyanın inkişafının əsas rol oynadığı aydınlaşdırılmışdır [2,3,7]. Diabetik dislipidemiya zamanı plazmada yüksək sıxlıqlı lipoprotein (YSLP) konsentrasiyasının azalması, aşağı sıxlıqlı lipoprotein (ASLP) və çox aşağı sıxlıqlı lipoprotein (ÇASLP ) qatılığının  artması müşahidə olunur. Belə dəyişikliklər qanda geniş öyrənilsə də limfada, demək olar ki, öyrənilməmişdir [4,8].

Tədqiqat işinin məqsədi: eksperimental şəkərli diabet fonunda modelləşdirilmiş diabetik nefropatiya zamanı qanda və limfada lipid mübadiləsin-dəki  dəyişiklərin, limfanın  axın sürətinin öyrənilməsi və onların korreksiyası olunması.

Tədqiqatın material və metodları. Tədqiqatlar çəkisi 1.8 - 2.3 kq olan “Şinşilla” cinsinə aid dovşanlar üzərində aparılmışdır. Şəkərli diabet modelini yaratmaq üçün dovşanların qulaq venasına alloksan  monohidratın 5%-li məhlulu (100 mg / kg dozada) yeridilmişdir. Alloksan inyeksiyasından 15 gün sonra dovşanlarda şəkərli diabet xəstəliyinin simptomları inkişaf etmişdir. Eksperimental ŞD fonunda diabetik nefropatiya modeli yaradılmışdır [4,7]. Bu məqsədlə bir böyrəyin  arteriya və venası  liqaturaya alınır və böyrək orqanizmdən kənarlaşdırılır (nefroektamiya). Üzərində tədqiqat aparılan dovşanlar üç qrupa bölünmüşdür. Birinci qrup  nəzarət qrupu olmuşdur, ikinci qrupa daxil edilən dovşanlardaeksperimental ŞD fonunda diabetik nefropatiya modeli yaradılmışdır. Üçüncü qrupa daxil ounmuş heyvanlarda isə aşkar edilmiş dəyişiklər korreksiya olunmuşdur.Alloksan yeridildikdən əvvəl və 30, 60, 90 gün sonra qanda və limfada ASLP, ÇASL, YSLP konsentrasiyası və limfanın axın sürəti öyrənilmişdir. Tədqiqatın 90 günündən sonra ikinci qrupa daxil edilmiş heyvanların bir hissəsində ikinci böyrək də orqanizmdən kənarlaşdırılaraq preparatı hazırlanmış və mikroskopik tədqiqat aparılmışdır.Tədqiqat üçün qan ürək boşluğundan , limfa isə döş limfa axacağından alınmışdır.

       Bütün cərrahi mübaxilələr anesteziya altında aparılmışdır. Anesteziya məqsədilə  dovşanlara 8 mg/kg kalipsol ve 0.15 ml/kg -1% dimedrol vena daxilinə yeridilir. Modelləşdirilmiş diabetik nefropatiya zamanı lipid mübadiləsində aşkar etdiyimiz dəyişiklikləri korreksiya etmək məqsədilə  lovastatindən (20 mq/gündə bir dəfə yeməyinə qatmaqla) isdifadə olunmuşdur.

Tədqiqatın nəticələri və onların müzakirəsi. Təcrübənin əvvəlində ÇASLP və ASLP qanda limfaya nəzərən daha çox artmış, təcrübənin sonunda isə göstəricilər qanda azalsa da normaya yaxınlaşmamışdır (şəkil1).

 

 Şəkil 1.  Alloksan  şəkərli diabetində qan və limfada lipid metabolizminin pozulması

Limfada isə bu göstəricilər təcrübə boyu artaraq, təcrübənin sonunda yüksək səviyyədə qalmışdır. Qanda və limfada YSLP –nin konsentrasiyasındakı dəyişikliklər statistik dürüst olmamışdır. Təcrübə zamanı limfanın axın sürəti azalmışdır.

Kənarlaşdırılmış ikinci böyrəyin preparatına mikroskop altında baxdıqda yumaqcıq kapiliyarlarının divarının qalınlaşması, bazal membranın ocaqlı genişlənməsi qeyd olunmuşdur. Yumaqcıqlarda qlomerulohialinoz, kanalcıq epitellərində isə distrofik dəyişəkliklər aşkar edilmişdir. Bu  dəyişikliklər, dovşanda nefropatiya modelinin yarandığını göstərir (şəkil 2).

 

Şəkil 2. Kənarlaşdırılmış ikinci böyrəyin mikroskopik preparatı

 

Eksperimental şəkərli diabet fonunda modelləşdirilmiş diabetik nefropatiya zamanı qanda  və limfada lipid mübadiləsində müşahidə olunan dəyişikliklər ilə limfanın axın sürətinin pozulması arasında korrelyasiya olduğunu aşkar etdik (şəkil 3).

 

Şəkil 3. Eksperimental şəkərli diabet zamanı limfada lipid mübadiləsinin dəyişməsi ilə  limfanın axın sürəti  arasındakı əlaqə

 

Aldığımız nəticələr belə düşünməyə imkan verir ki, eksperimental diabetik nefro-patiya zamanı lipid mübadilə-sinin pozulması limfanın axın sürətinin azalmasına, yaranan toksik maddələrin toxumalardan xaric olmasının çətinləşməsinə səbəb olur.

       Modelləşdirilmiş diabetik nefropatiya zamanı aşkar etdiyimiz dislipidemiyanı normallaşdırmaq və limfanın axın sürətinın artmasını təmin etmək məqsədilə 1 ay müddətinə lovastatindən istifadə olunmuşdur. Ədəbiyyat məlumatlarına görə, lovastatin qanda dislipidemiyanı normallaşdırır [5,9]. Apardığımız tədqiqat zamanı, lovastatin həm qanda, həm də limfada artmış ASLP və ÇASLP miqdarını normal səviyyəyə çatdırmış, YSLP miqdarının vəlimfanın axın sürətinın artmasını təmin etmişdir. 

Yekun olaraq deyə bilərik ki, modelləşdirilmiş diabetik nefropatiya zamanı aşkar olunmuş dislipidemiyanı və  limfanın axın sürətinı normallaşdırmaq məqsədilə lovastatinin istifadəsi müsbət nəticə vermişdir. Preparat qanda və limfada ASLP və ÇASLP miqdarını  azaltmış, YSLP miqdarını isə artırmışdır. Lovastatinin təyini limfanın axın sürətinin normallaşmasına səbəb olmuşdur.

 

ƏDƏBİYYAT- ЛИТЕРАТУРА REFERENCES:

 

1) Hatice Öntürk,Hanefi Özbek . Deneysel diyabet oluşturulması ve kan şeker seviyesinin ölçülmesi // Genel Tip Derg.Türkiye, 2007, 17(4)

2) Metin Yusuf Gelmez, Pınar Kasapoğlu, Gağdaş Ugur Adaş. Metabolik Sendromda Deneysel Hayvan Modelleri // Deneysel Tıp Araştırma Enstitüsü Dergisidir, Türkiye, 2010

3) Əliyev S.C., Əliyev M.X., Hüseynova Ş.M., və b. Alloksan diabeti zamanı toxumaların limfadrenajının pozulmasında damardaxili mexanizmlərin rolu. Prof. B.M.Aşirovun 70 iliyinə həsr edilmiş elmi konfransın materialları, 2013, s.325

4) Алиев М.Х., Алиев С.Д., Мамедзаде А.Я., с соавт. Состояние лимфатического дренажа тканей при экспериментальном сахарном диабете //Аллергология и иммунология (индексируется в РИНЦ), Лондон, 2013, т.14, №1, с.57.

5) Драпкина О.М., Корнеева О.Н. Статины при хронической болезни почек. Существует ли препарат выбора?// Кардиоваскулярная терапия и профилактика, Москва, 2015,14(6)

6) Смирнов И.Е. Диабетическая нефропатия //Медицина и здоровоохранения, Москва, 2015, ст.43-50

7) Şenay Topsakal,Özlem Özmen. Insan ve hayvanlarda diabetik mellitus, MAE Vet Derg.Türkiye,2016(1)

8) Məmmədov Y.C., Əliyev O.S., Əliyev S.H. və b. Eksperimental şəkərli diabet zamanı toxumaların limfadrenajının pozulmasında endotelial disfunksiyanın rolu // 5th Baku İnternational Medical Congres, Baku, 2018, p.146

9) Сивков А.С., Ших Е. В., Осадчук М.А. с соавт. Комплексная оценка эффективности широко применяемых статинов в клинической практике.// Кардиоваскулярная терапия и профилактика , Дальневосточный государственный медицинский университет,2018, с.22-26


Müəlliflər:
M.B. Talışinskaya
G.H. İbrahimova
A.C. Əliyeva
V.N. Qasımova

Digər jurnal və qəzetlər