UZUNMÜDDƏTLİ HIPOKSİYA ZAMANI PERİFERİK QANIN LİMFOSİTLƏRİNİN VƏ MÜSARİQƏ LİMFA DÜYÜNLƏRİNİN MORFOLOJİ MƏNZƏRƏSİ
25-11-2019
Ключевые слова: хроническая гипоксия, лимфоцит, брыжеечный лимфоузел, фолликул, структура
Açar sözlər: xronik hipoksiya, limfosit, müsariqə limfa düyünü, follikul, struktur
Keywords: chronic hypoxia, lymphocyte, mesenteric lymph node, follicle, structure
Hipoksiya müasir tibbin əsas problemlərdən biri olub, ətraf mühitdə oksigen çatışmazlığı zamanı, eləcə də immun sistemin və qanın transport funksiyasının pozulması ilə əlaqədar baş verən müxtəlif patoloji proseslərin əsasını təşkil edir [1,2]. Orqanizmdə tənəffüs sistemi, sinir sistemi, ürək-damar sistemi orqanları, o cümlədən, qan və limfoid orqanların struktur, funksional və metabolik çatışmazlığına səbəb olan oksigen defisiti bir sıra ağır xəstəliklər və müxtəlif ekstremal vəziyyətlər zamanı müalicə üsulu kimi də geniş tətbiq edilir [3,4].
İmmun statusun əsas göstəricisi olan limfa düyünləri, eləcə də, orqanizmdə homeostazı tənzimləyən qan, orqan və sistemlərin hipoksiyaya – toxumalara daxil olan oksigen çatışmazlığına – davamlılıq əldə etməklə uyğunlaşmasında mühüm rol oynayır. Belə ki, qanın formalı elementlərindən – eritrositlər, trombositlər, qranulositlər, plazmositlər, monositlər, xüsusilə də limfositlər hipoksiya zamanı orqanizmin immun cavab reaksiyalarını tənzimləməklə, homepoezi və limfapoezi, habelə orqanizmdə kompensator-uyğunlaşma proseslərini təmin edir [5,6]. Yüksək potensial imkanlara və plastik xüsusiyyətlərə malik olan limfa düyünləri funksional aktivliyinin artması ilə orqanlarda reparativ regenerasiya proseslərini sürətləndirir, orqanizmdə hipoksik vəziyyətə adaptasiya reaksiyalarını formalaşdırır [7].
Bir qrup alimlər müəyyən etmişlər ki, hipoksiyanın təsiri ilə orqanizmdə faqositar aktivlik, habelə qanın tərkibində komplementlərin və immunoqlobulinlərin miqdarı artır. Onlar xüsusilə periodik – uzunmüddətli hipoksiyanın, fasiləsiz – kəskin hipoksiya ilə müqayisədə, immun sistemə daha aktiv təsir göstərdiyini qeyd edirlər [8]. Digər alimlər isə şəxsi tədqiqatları ilə belə nəticəyə gəlmişlər ki, periodik hipoksiyaya adaptasiya eritropoezin aktivləşməsi ilə müşayiət olunan, orqanizmin antigen-struktur homeostazının saxlanılmasına yönəlmiş immun sistemin struktur-funksional yenidənqurulmasını şərtləndirir [9].
Lakin xüsusilə, qeyd etmək lazımdır ki, hipoksiya güclü qıcıqlandırıcı təsirə malik proseslərdən biri olub, elmi ədəbiyyatlarda bu faktora qarşı adaptasiya mexanizmləri, habelə hipoksiya zamanı limfoid orqanlarda baş verən struktur dəyişikliklər kifayət qədər öyrənilməmiş, ümumi nəzəri və praktik suallar hələ də tam araşdırılmamış və bu haqda verilən məlumatlar çox azdır. Hipoksiyanın təsiri ilə limfoid orqanlarda, əsasən də müsariqə limfa düyünlərində və periferik qanın limfositlərində baş verən morfofunksional dəyişikliklər bu məlumatların ətraflı izahını tələb edir.
Tədqiqat işinin məqsədi normada və uzunmüddətli hipoksiya zamanı periferik qanın limfositlərində və müsariqə limfa düyünlərində baş verən hüceyrə və hüceyrədənkənar dəyişikliklərin xarakterik xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir.
Tədqiqatın material və metodları. Tədqiqat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdindəki Etik Qaydalar komissiyasının 21.04.2008-ci il tarixli 31 №-li protokolunda təsdiq edilmiş və bioetika komitəsinin etik qaydaları əsasında ATU-nun ETM-nin Farmakologiya və Eksperimental Cərrahiyyə şöbələrində həyata keçirilmişdir.
Uzunmüddətli hipoksiyanın təsirini öyrənmək üçün tədqiqat 1 aylıq, çəkisi 180-200 qram, sağlam, hərəkətli, ürək döyüntüləri ritmik olan 40 erkək siçovul üzərində aparılmışdır. Tədqiqatın gedişində heyvanlar standart vivarium şəraitində saxlanılmış, su və qida ilə təmin edilmişdir. Təçrübə heyvanları 2 qrupa – I kontrol və II təcrübə qrupuna ayrılmışdır. Kontrol qrupuna daxil edilən heyvanlara müdaxilə edilməmiş, II qrupun heyvanları üzərində günün işıqlı vaxtlarında – saat 10:00-15:00 radələrində təcrübə aparılmış – xronik hipoksiya modeli yaradılmışdır. Bu məqsədlə, heyvanlar hər dəfə 2 saat olmaq şərtilə həftədə 5 gün temperaturu 19-20ºC olan, tənəffüs üçün CO2-qazı (Ca(OH)2 81%+NaOH 3,4%+H2O 15,6%) tətbiq edilən, təzyiqi dəniz səviyyəsindən 2000-3000 metr hündürlükdəki atmosfer təzyiqinə bərabər olan xüsusi barokamerada saxlanılmışdır. Təcrübədən 15 və 30 gün sonra heyvanların quyruq venasından qan götürülmüş, 100 mq/kq 2-2,5%-li teopental-natrium məhlulu ilə intraperitoneal anesteziya altında heyvanlar öldürülmüşdür. Dekapitasiya edilmiş heyvanların periton boşluğundan müsariqə limfa düyünləri kompleksi tam şəkildə kəsilib götürülmüşdür. Tədqiqat zamanı, histoloji, histokimyəvi və morfometrik müayinə metodlarından istifadə edilmişdir.
Müsariqə limfa düyünləri əvvəlcə makroskopik olaraq müayinə edilmiş, periferik qandan isə yaxmalar hazırlanmışdır. Limfa düyünləri fraqmentlərə ayrılmış, fiksasiya və postfiksasiya edildikdən sonra tikələr 1:1 nisbətində toluol-parafin qarışığında, sonra parafin I və parafin II-də 30 dəqiqə temperaturu 65ºC olan xüsusi termostatda saxlanılmışdır. Limfa düyünləri parafin qəlibləmə qablarında yerləşdirilmiş, parafin blok halına salınmışdır. Hazır bloklardan 6 mkm qalınlığında nümunələr kəsilmiş, hematoksilin-eozin və PAS-reaksiya ilə boyanmışdır. Periferik qan yaxmaları isə Romanovski-Gimza üsulu ilə (azur-eozin boyağı) rənglənmişdir. Preparatlar Kanada balzamı vasitəsilə örtük şüşələri ilə örtülmüş, struktur elementlər x20 və x40 böyütmə altında XSZ-107BN markalı binokulyar mikroskopu vasitəsilə mikroskopik qiymətləndirmiş, mikroskopun rəqəmsal fotokamera sistemi ilə mikrofotoqrafiyası çəkilmişdir. Standart boyanmış qan yaxmalarında hüceyrələr müayinə olunmuş – qanın leykositar formulu hesablanmış, leykositlər, əsasən də limfositlər sayılmışdır. Alınmış morfometrik göstəricilər Statistica 10 (StatSoft. Inc.) kompyüter proqramı ilə hesablanmışdır; kontrol qrupu ilə W – Wilcoxon test (paired samples) üzrə morfometrik analiz aparılmışdır.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Kontrol qrupu heyvanlarının müsariqə limfa düyünləri makroskopik müayinədə girdə formalı, solğun çəhrayı rəngli, çox incə kapsula malik olub, zəif seçilir və bərabər paylanmışdır.
Mikroskopda limfa düyünlərini xaricdən əhatə edən və kollagen liflərdən təşkil olunmuş zərif kapsulu, qapı nahiyəsində tək-tək saya əzələ lifləri aydın görünür. Kapsuldan ayrılan və düyünün daxilinə istiqamətlənən birləşdirici toxuma arakəsmələri limfa düyününün stromasını təşkil edir. Kapsul ilə parenxima arasında kapsulaltı sinus yerləşir. Sinusun divarlarını örtən endotel hüceyrələr və daxilində retikulyar liflərdən və makrofaqlardan ibarət kiçikilgəkli tor aydın nəzərə çarpır. Mikroskopik müayinədə limfa düyününün qabıq və beyin maddələrini, onların sərhəddində isə parakortikal zonanı görmək mümkündür. Düyünün parenximasının limfatik sinusların sıx toru ilə dəlinmiş görünməsi kapsulaltı sinusa çoxsaylı limfa damarlarının daxil olması ilə izah olunur (şək.1).
Limfa düyününün qabıq maddəsinin parenximası follikullardan, beyin maddəsinin parenximası isə limfoid toxuma yığınları və beyin atmalarından təşkil olunmuşdur. Follikullar qan damarları ilə zəngin olub, çoxsaylı düyüncüklər əmələ gətirir, beyin atmaları isə retikulyar liflər torundan ibarətdir. Qabıq maddədə follikulların mərkəzində əsasən kiçik, beyin maddədə böyük, parakortikal zonada isə orta ölçülü limfositlər yerləşir. Parakortikal zonada həmçinin venulalar izlənir ki, bunlar da kubabənzər endoteliositlərlə örtülmüşdür. Kontrol qrupu heyvanlarının periferik qanında limfositlərin nüvəsi hüceyrələrin formasına uyğun – girdə formada olub (şək.2), sayı 67,6±1,04% təşkil edir (cədvəl 1).
Limfa düyünlərinin morfometrik göstəricilərinin öyrənilməsi göstərir ki, limfoid düyüncüklər və atmalarla tutulmuş sahələrin nisbi artması ilə eyni vaxtda parakortikal zonanın sahəsinin azalması baş verir. Bu zaman müxtəlif limfosit subpopulyasiyalarının proliferasiyasını görmək mümkündür (şək.3). Xronik hipoksiyanın təsirindən limfa düyünlərinin qabıq və beyin maddələrinin lifli strukturunda fibroblastların və plazmoblastların sayının artması müəyyən edilir. Belə ki, sinusların mərkəzində makrofaqların, limfoid follikulların mərkəzində isə retikulyar hüceyrələrin (faqositar, eləcə də, fibroblastabənzər hüceyrələrin) sayı artmışdır. Bütün bu dəyişikliklər isə müsariqə limfa düyünlərinin yeni struktur-funksional vəziyyətə uyğunlaşdığını, limfoid orqanların orqanizmin hipoksiyaya cavab reaksiyasında aktiv iştirak etdiyini göstərir.
Cədvəl № 1.
Normada və xronik hipoksiya şəraitində periferik qanda leykositar formulun göstəriciləri
Leykositlər |
Kontrol qrupu |
Eksperimentin müddəti (günlərlə)
|
||
15-ci gün |
30-cu gün |
|||
Neytrofillər |
Çubuqnüvəli Min-max %N |
23,1±1,05 20,5-29,6 - |
23,2±1,05 20-29,5 0,3 |
22,8±1,05 19,4-29,2 -1,6 |
Seqmentnüvəli Min-max %N |
2,9±0,24 1,5-4 - |
3,0±0,24 1,5-4 2,7 |
2,6±0,24 1,1-3,7 -11,3 |
|
Eozinofil Min-max %N |
2,8±0,21 1,9-4,4 - |
2,8±0,21 1,9-4,4 0,2 |
2,9±0,21 1,92-4,42 1,9 |
|
Bazofil Min-max %N |
0,4±0,06 0,2-0,7 - |
0,4±0,07 0,21-0,8 9,2 |
0,4±0,08 0,2-0,84 12,4 |
|
Monosit Min-max %N |
3,2±0,33 1,5-4,6 - |
3,3±0,33 1,6-4,75 4,7 |
3,4±0,32 1,7-4,8 7,9 |
|
Limfosit Min-max %N |
67,6±1,04 62,4-73,15 - |
67,3±1,03 62,03-72,66 -0,5 |
68,0±1,03 62,59-73,22 0,5 |
|
L/n
|
67,6±1,04 26,0±1,09 |
67,3±1,03 26,2±1,08 |
68,0±1,03 25,3±1,09 |
(M±m), (min-max)
Qeyd: N – kontrol qrup; n – heyvanların sayı; M±m: M – variasiyanın orta göstəricisi, m – standart xəta.
Tədqiqatın 15-ci günü hipoksiyanın təsiri ilə təcrübə heyvanlarının qanında limfositlərin funksional aktivliyi stimulyasiya edilir, alınmış morfometrik nəticələr kontrol qrupun nəticələrinə yaxınlaşır, başqa sözlə, onların normallaşması baş verir. Periferik qanın limfositlərinin və neytrofillərinin sayı kontrol qrupundakı göstəricilərə uyğun gəlir. Belə ki, limfositlərin sayı orta hesabla 67,3±1,03%, neytrofillərin sayı 26,2±1,08%, çubuqnüvəli neytrofillərin sayı 23,2±1,05%, seqmentnüvəlilərin sayı isə 23,2±1,05% olmuşdur (cədvəl 1). Xronik hipoksiyanın təsirindən neytrofillərin faiz nisbətinin azalması və limfositlərin faiz nisbətinin artması leykopeniyanın meydana çıxmasına gətirib çıxarır. Hipoksiyanın uzunmüddətli təsiri ilə leykopeniyanın müşahidə edilməsi orqanizmin hemopoez və limfapoez sistemində kompensator-uyğunlaşma reaksiyalarının baş verdiyini göstərir (şək.4).
Barokamera hipoksiyasından 30 gün sonra heyvanların limfa düyünlərinin və periferik qanın limfositlərinin morfoloji quruluşu normaya yaxın olmuşdur, bu isə limfa düyünlərinin morfofunksional zonalarının yenidənqurulmasını, eləcə də limfositlərin sayının və morfoloji strukturunun bərpa olunmasını göstərir. Histoloji preparatlarda kapsulun kollagen liflərinin qalınlaşması və kobudlaşması, faqositar retikulyar hüceyrələrdə hiperplaziya əlamətləri, habelə fibroblastabənzər retikulyar hüceyrələrin proliferasiyası aydın görünür. Xronik hipobarik hipoksiyanın 30-cu günü faqositar sistemin hüceyrələri aktivləşir, adaptasiya mexanizmləri güclənir, limfoid toxumaların və limfa düyünlərinin stroması sıx kollagen liflərə malik olan kapsul ilə əhatə olunur. Hipoksiya müsariqə limfa düyünlərinin yeni mikrosirkulyator şəbəkəsinin əmələ gəlməsinə səbəb olur: arteriola və kapillyarların qıvrımlığının artması, postkapillyarların və venulaların dilatasiyası baş verir. Belə ki, qan damarlarından limfositlərin limfa kapillyarlarına resirkulyasiyasının güclənməsi, plazmorragiya və eritropedezin əmələ gəlməsi kimi daimi reaksiya qeyd edilir (şək.5).
Hipoksik adaptasiyanın 30-cu günü limfositlərin mütləq sayı orta hesabla 68,0±1,03% təşkil edir, neytrofillərin mütləq sayı isə əvvəlki göstəricilərə yaxın olub (25,3±1,09%), kontrol qrupundan az fərqlənir (cədvəl 1). Limfositlərin morfoloji quruluşu isə normadan fərqlənmir (şək.6).
Beləliklə, aparılmış histoloji və morfometrik tədqiqatların nəticələrinin təhlili göstərir ki, təkrarlanan – xronik hipoksiya zamanı limfoid orqanlarda sistemli xarakter daşıyan kifayət dərəcədə struktur-funksional dəyişikliklər baş verir. Uzunmüddətli təsir adaptasiya mexanizmlərinin aktivləşməsinə, kompensator-uyğunlaşma proseslərinin güclənməsinə, bu da öz növbəsində monositar-faqositar sistemin aktivliyinin tormozlanmasına gətirib çıxarır. Eksperimentin gedişində leykositar hüceyrələrin say və morfoloji quruluşunda baş verən dəyişikliklər orqanizmin fiziki, kimyəvi və bioloji amillərə, eləcə də «stress» faktorlarına qarşı qoruyucu mexanizmlərinin ümumi səfərbərliyinə dəlalət edir və qeyri-spesifik adaptasiya reaksiyasını qiymətləndirmək üçün əvəzolunmaz müayinə hesab oluna bilər.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА – REFERENCES:
1.Ахундов Р.А. Гипоксия и антигипоксанты / Баку, «Aspoliqraf», 2010, 328 c.
2.Берова М.О. Иммунологические аспекты реакции организма на гипоксию в разные возрастные периоды // Медицинские науки. Клиническая медицина, № 1, 2007, с.83-91.
3.Петренко В.М. Лимфатические узлы: сравнительная анатомия и морфогенез в филоонтогенетическом аспекте / В.М.Петренко // Известия высших учебных заведений. Поволжский регион. Медицинские науки, 2018, № 2 (46), c.29-38.
4.Иванов А.Б. Изучение показателей иммунитета в результате адаптации к гипокции в условиях гор и после курса интервальной гипоксической тренировки //Известия Кабардино-Балкарского научного центра РАН №5 (61), 2014,с.250-253.
5.Клочкова С.В., Алексеева Н.Т., Кварацхелия А.Г., Васянина К.А., Никитюк Д.Б. Особенности строения брыжеечных лимфатических узлов при воздействии смеси газов в условиях космического полета // Журнал анатомии и гистопатологии, 2017, Т.6, № 2, c.38-44.
6.Irigoyen M., Ansó E., Martínez E., et al. Hypoxia alters the adhesive properties of lymphatic endothelial cells.A transcriptional and functional study // Biochimica et Biophysica Acta 1773 (2007), p.880–890.
7.Osamu Ohtani, Yuko Ohtani, Recent Developments in Morphology of Lymphatic Vessels and Lymph Nodes // Ann Vasc Dis Vol.5, No.2; 2012; p.145-147.
8.Серебровская Т.В., Никольский И.С., Ищук В.А., Никольская В.В. Адаптация человека к периодической гипоксии: влияние на гемопоэтические стволовые клетки и иммунную систему // Вестник Международной академии наук (Русская секция), 2010, № 2, c.12-17.
9.Гридин Л.А. Современные представления о физиологических и лечебно-профилактических эффектах действия гипоксии и гиперкапнии // Медицина, 2016, Т.4, №. 3, c.45-68.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı