VAMLOSET PREPARATININ ARTERİAL HİPERTONİYANIN MÜALİCƏSİNDƏ İSTİFADƏSİ
15-01-2020
Hipertoniya xəstəliyinin əmələ gəlməsində müxtəlif mürəkkəb mexanizmlərin iştirakını nəzərə alaraq, müxtəlif təsir mexanizmlərinə malik antihipertenziv preparatların müxtəlif kombinəolunmuş formalarda tətbiqi böyük praktik əhəmiyyət kəsb edir. Son vaxtlar kalsium ionları antoqonistlərinin tiazid qrup diuretiklərlə kombinasiyaedilmiş preparatlar hipertoniya xəstəliyinn müalicəsində geniş istifadə olunur (1). Müasir dövrdə kalsium kanallarının biofiziki xüsusiyyətlərindən və toxumalarda lokalizasiyasından asılı olaraq, onların müxtəlif tipləri müəyyən edilir. Belə ki, yavaş və uzunmüddətli təsir göstərən dihidropiridin tərkibli kalsium kanallarının blokatoru –L tip kanalları blokada edən vazoselektiv təsir göstərir. Buna görə də, kalsium kanalları antaqonistlərinin hansını kombinə etməyin böyük əhəmiyyəti vardır (2,3). Kombinəolunmuş antihipertenziv preparatlardan biri də Vamlosetdir. Bunun tərkibinə daxil olan 1-ci dərman kalsium kanallarının blokatoru olan amlodipindir. Kalsium kanallları blokatorları əsas etibarı ilə ürək-damar xəstəliklərinin, xüsusən də arterial hipertenziyanın nmüalicəsində istifadə olunur. Hipertoniya xəstəliyinin yaranmasında əsas mexanizmlərdən biri qan damarlarının saya əzələlərində kalsiumun miqdarının artması nəticəsində bu əzələlərin spazmıdır. Kalsium kanalları blokatoru isə bu qan damarlarının əzələlərini relaksasiya edərək periferik damar müqavimətini azaldır və beləliklə, arterial təzyiq azalır. Bu preparatlar, həmçinin, antianginal və antiişemik təsir göstərir. Buna səbəb isə koronar damarların genişlənməsi nəticəsində ürək əzələsinin perfuziyasının yaxşılaşdırıl-masıdır ki, bu vəziyyət əsasən, koronar damarların spazmı hallarında müşahidə edilir. Bununla yanaşı, kalsium kanalları blokatorları trombositlərin aqreqasiyasını azaldır, eritrositlərin elastikliyini yüksəldir və nəticədə qanın reoloji xüsusiyyətləri yaxşılaşır. Son vaxtlar, çox geniş istifadə olunan və yavaş təsir mexanizminə malik olan amlodipinin böyük praktik əhəmiyyəti vardır. Bizim istifadə etdiyimiz Vamlosetin tərkibinə bu preparat daxildir.
Amlodipin 24 saat müddətində təsir göstərir ki, bunun da hipertoniya xəstəliyinin müalicəsində böyük praktik əhəmiyyəti vardır. Bu preparat sinus düyününə və atrioventrikulyar keçiriciliyə çox zəif təsir göstərir (4). Kalsium ionlarının antoqonistləri son vaxtlar, təbabətin müxtəlif sahələrində geniş istifadə olunur. Buna səbəb bir sıra patoloji proseslər zamanı (hipoksiya, işemiya) kalsium ionlarının konsentrasiyası artır ki, bu da, ekstrasistoliyaların əmələ gəlməsinə səbəb olur ki, bu da, hüceyrə metabolizmini sürətləndirərək toxumaların oksigenə olan tələbatını artırır və toxumalarda distrofiyaya səbəb olur (5,6). Amlodipinin qanda miqdarı tədricən artdığı üçün o uzunmüddətli və bərabər şəkildə təsir edir. Bu preparatın hipertoniyalarda geniş istifadəsi nəticəsində hipertenziyalardan ağırlaşmaların və ölümlərin sayı kəskin surətdə azalmışdır. Amlodipinə praktik olaraq əks göstərişlər yoxdur.
Vamlosetin tərkibinə daxil olan 2-ci preparat valsartandır.
Məlum olduğu kimi arterial qan təzyiqinin nizamlanmasında iştirak edən ən mühüm mexanizmlərdən biri də renin-angiotenzin-aldosteron sistemidir (RAAS). RAAS-də başqa angiotenzinlərin (angiotenzin III, IV) yaranmasına baxmayaraq əsas təsirə malik olan bioloji aktiv maddə angiotenzin-II-dir (7). Angiotenzin- II bir sıra mürəkkəb təsirlərə malikdir. Bu zülal damarların saya əzələlərinə konstriktiv təsir göstərərək, ümumi periferik damar müqavimətini artırır və nəticədə arterial qan təzyiqi yüksəlir. Həmçinin, miokardın hipertrofiyası, hüceyrə proliferasiyası bnəticəsində isə kardioskleroza səbəb olur. Buna görə də sol mədəciyin hipertrofiyası və kardioskleroz əvvəllər hesab olunduğu kimi ancaq arterial qan təzyiqinin artması hesabına deyil, məhz RAAS-ın aktivləşməsi nəticəsində yaranır və bir sıra hallarda ürəkdə baş verən dəyişikliklər qan təzyiqinin artmasını qabaqlayır (8). Bütün bu patoloji proseslərin müalicəsində angiotenzin-II, 1 reseptorların blokatorlarından geniş istifadə olunur ki, bunların tipik nümayəndəsi valsartandır.
Valsartan (Diovan, Novartis firması) preparatı angiotenzin-II,1 reseptorların qıcıqlanması nəticəsində yaranan əlamətləri aradan qaldırır, 1-ci növbədə isə hipertoniyalı xəstələrdə arterial qan təzyiqinin azalmasını təmin edir. Valsartan preparatı bilavasitə təsirə malik olub onu 80-320 bmqgün dozasında təyin etmək məsləhət görülür. Bu preparat, təyin olunan xəstələrdə iltihabəleyhinə markerlərin, xüsusən də, C-reaktiv zülal və interleykin-6-nın səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Bu preparat, şəkərli diabetli xəstələrdə müşahidə olunan arterial hipertoniyanın malicəsində müvəffəqiyyətlə nistifadə olunur. Çünki, valsartan karbohidrat və lipid mübadiləsinə mənfi təsir göstərmir (9).
Bir sıra hallarda, valsartan metaboolik sindromu olan və yanaşı gedən hipertoniyalı xəstələrdə trombositlərin aktivliyini və aqreqasiyasını azaldaraq qanın reoloji xüsusiyyətlərinə müsbər təsir göstərmişdir (10).
Amlodipinin valsartanla kombinəedilmiş formada tətbiqi nəticəsində sol mədəciyin hipertrofiyası, aterosklerozu, mikroalbuminuriya, böyrək disfunksiyası olan, hənçinin insult və infarkt keçirmiş xəstələrdə müşahidə olunan hipertoniyaların müalicəsində yüksək effekt verir. Bu cür kombinasiya şəkərli diabet və metabolik sindromu olan xəstələrdə və yaşlı xəstələrdə müşahidə olunan izoləedilmiş sistoloik hipertoniyanın müalicəsində əvəzsiz dərman hesab olunur (11).
Valsartanın amlodipinlə müxtəlif dozalarda kombinəolunmuş formada istifadəsi nəticəsində hipertoniya xəstəliyinin 2-ci və 3-cü dərəcələri olan xəstələrin demək olar ki, hamısında yüksək effekt alınmışdır. Bu preparatla müalicə alan və əvvəllər başqa hipotenziv preparatlarla uzun müddət effektsiz müalicə alan xəstələrin hamısında yüksək antihipertenziv effekt alınmışdır (12).
Hal-hazırda Vamloset praparatı aşağıdakı dzalarda buraxılır (amlodipin+valsartan) 5mq+80 mq; 5 mq+ 160mq; 5mq+320mq; 10mq+160mq; 10mq+320mq.
Müşahidəmiz altında hipertoniya xəstəliyinin II dərəcəsi olan 45 xəstə olmuşdur: onların yaşları 28-68 arasında olub 23 kişi və 22-si qadın olmuşdur. Onların 5-də yanaşı gedən II tip şəkərli diabet orta ağır dərəcədə, 3-də xroniki bronxit, 4-də müxtəlif aritmiyalar, 3 nəfərdə EKQ-də keçirilmiş infarktın çapıq əlaməti müəyyən eedilmişdir.
Xəstələrə Vamloset preparatı 10 mq amlodipin+ 160 mq valsartan dozasında gündə 1 dəfə 1 ay ərzində təyin edilmişdir. Anamnestik və obyektiv müayinələrdən başqa xəstələrə dinamikada bir sıra laborator və instrumental müayinələr: qanın və sidiyin ümumi müayinəsi, qanda şəkərin və kreatininin miqdarı, qanın laztalanma müddəti və protrombin indeksi, EKQ və döş qəfəsinin R-müayinəsi aparılmışdır.
Xəstələr müalicədən əvvəl əsas etibarı ilə baş ağrıları, başgicəllənmə, ürək nahiyəsində olub sol qola, sol kürəkaltı nahiyəyə irradiasiya edən küt ağrılardan, fiziki aktivliyin azalmasından şikayətlənmişlər. Bir sıra xəstələr ürəkdöyünməsi, təngnəfəslik, görmənin və yaddaşın pisləşməsindən, burun qanaxmalarından, əsəbilikdən, yuxunun pozulmasından şikayətlənmişlər.
Müalicədən bir neçə gün keçdikdən sonra xəstələrin vəziyyəti yaxşılaşmışdır. Müalicənin axırında isə xəstələrin vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmış və onlarda baş ağrıları, başgicəllənmə, ürək nahiyəsində olan ağrılar itmiş və ya əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, xəstələrdə yaddaşın, yuxunun və görmənin yaxşılaşması, onların fiziki aktivliyinin və əmək qabiliyyətinin artması müşahidə edilmişdir. Müalicə nəticəsində praktik olaraq xəstələrin hamısında arterial qan təzyiqinin göstəriciləri aşağı düşmüşdür. Belə ki, sitolik təzyiq 178± 2,5-dən 131± 3,1 mm c.s., diastolik təzyiq isə 105± 3,3-dən 82 ±4,0 mm c.s.-na kimi azalmışdır.
Müalicə nəticəsində əksər xəstələrdə koronar qan dövranının yaxşılaşması əlamətləri: R-ST seqmentinin normallaşması və mənfi koronar T-dişciyinin müsbətləşməsi müəyyən edilmişdir. 4 xəstədə isə müalicə nəticəsində proteinuriya azalmışdır. Vamloset qanda şəkərin miqdarına və qanın laxtalanma göstəricilərinə əhəmiyyətli təsir göstərməmişdir. Müalicə nəticəsində bir neçə xəstədə quru öskürək və zəiflik əlamətləri qeyd edilmişdir ki, bu əlamətlər müalicənin davam etdirilməsinə mane olmamışdır.
Beləliklə, kombinəolunmuş Vamloset preparatı hipertoniya xəstəliyinin müalicəsində ən effektiv və etibarlı dərman preparatlarından biridir. Onun təhlükəsizliyi, əlavə təsirlərin və əks göstərişlərin olmaması, preparatın hipertoniyalı xəstələrin müalicəsində geniş istifadəsinə şərait yaradır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Искендеров Б.Г., Сисина О.Н., Бурмистрова А.Ф. Выбор рациональных комбинаций индапамида с различными антогонистами кальция у больных с артериальной гипертонией. Кардиология, 2011 ,51, 4, 22-28.
2.Ершова А.К.Комбинированная терапия артериальной гипертонии – взгляд врача–терапевтa Регулярные выпуски «РМЖ» №19 от 07.09.2011 стр. 1195
3.Lefandi J.D., Hetmann J. Sevek et.al. The effects of dihidropiridine and phenilfcelamine calcium antagonist classes on dynamic function in hypertension: the YAMPHYRE study. Am.J. Hypertension 2001, 14,1083-1089.
4.Диагностика и лечение артериальной гипертензии: рекомендации Российского Медицинского Общества по артериальной гипертонии и Всероссийского научного общества кардиологов (третий пересмотр). Кардиоваск. Тер. и проф. 2008,6 (приложение-2). 3-32.
5.Машковский М.Д. Лекаственные средства М.,2005,425-431; 435-441.
6.Grending K.K., Murphy T.İ., Flexande K.H. Molecular biology of the rennin-angiotensin system. Curculation, 1993, 87,1816-1828.
7.Шулутко Б.И., Макаренко С.В. Стандарты диагностики и лечения внутренних болезней «ЭЛБИ-СПБ» Санкт-Петербург, 14с.
8.Морозова Т.Е., Андрющишина Т.Б. Артериальная гипертензия у больных сахарным диабетом – индии видуализированный выбор антигипертензивных лекарственных средств. Российский кардиологический журнал № 2 (88) / 2011, 72-77
9.Медведев И.Н., Кумова Т.А. Влияние валсартана на тромбоцитарную активность у больных артериальной гипертонией при метаболичемком синдроме. Российский кардиологический журнал, 2007,3,66-69.
10.Дзяк Г.В., Васильева Л.И., Юриев К.Л. Эксфорж (амлодипин+валсартан)преимушество фиксированной комбинации антагонистов лальция и блокатора ангиотензивных рецепторов при лечении пациентов с артериальной гипертонией. Украинский медицинский журнал, 2009, 2(70) III-IV.
11.Карпов Ю.А., Подзолков В.И., Фомин В.В., Вигдорчик А.В. Российские наблюдательные исследования валсартана и комбинированной антигипертензивной терапии на его основе. Системные гипертензии. 2011,Т.8; 2, 5-10.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı