ROTAVİRUS İNFEKSİYASININ KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ, MONİTORİNQİ VƏ PROFİLAKTİKASI
10-10-2019
Müasir tibbi virusologiyanın məlumatlarına görə, təbiətdə uşaqlarda və böyüklərdə ishal törətmək qabiliyyətinə malik virusların bir neçə qrupu mövcuddur. Viruslu diareyanın tipik törədiciləri astroviruslar, adenoviruslar, kalisiviruslar, Norfolk virusu, Bred virusu və s. sayılır. Ən geniş yayılmış infeksiyalardan biri rotaviruslar tərəfindən törədilən bağırsaq infeksiyasıdır. Məlumdur ki, kəskin bağırsaq infeksiyalarının (KBİ) strukturunda viruslu diareyalar 61,7% təşkil edir ki, onların 88,1%-i – rotavirus infeksiyasının (RVİ) payına düşür [1,2,3].
RVİ geniş yayılması ilə əlaqədar müasir dövrdə səhiyyənin qlobal problemi hesab edilir. Rotavirus infeksiyası – rotaviruslar tərəfindən törədilən KBİ olub, mədə-bağırsaq yolunun (MBY) qastroenterit tipi üzrə zədələnməsi ilə xarakterizə edilir [4,5]. Rotaviruslar yenidoğulanlarda və erkən yaşlı uşaqlarda infeksion diareyanın aparıcı səbəblərindən sayılır və həyat üçün təhlükəli olan dehidratasiya ilə müşayiət olunur. RVİ–nin digər adları da vardır: bağırsaq qripi, mədə qripi, halbuki, rotavirusun qrip viruslarına heç bir aidiyyəti yoxdur. Çoxillik müşahidələr göstərmişdir ki, xəstəliyin daha iri alovlanmaları qrip epidemiyaları müddətində və ya onun ərəfəsində meydana çıxır. RVİ əvvəlcə respirator sindrom ilə təzahür edir ki, məhz, bunun sayəsində qeyri-rəsmi ad – «bağırsaq qripi» adını almışdır [4,6].
Hər il bütün dünyada RVİ-nin 110 mln. –dan çox hadisəsi qeydə alınır. Statistikaya görə, hər il RVİ-dan 500 min uşaq məhv olur, 80%-dən çox letal nəticələr Asiya və Afrika ölkələrində qeydə alınır [7,8]. RVİ iqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq, bütün dünya ölkələrinin əhalisinin sağlamlığına əhəmiyyətli zərər yetirir və beləliklə, birbaşa və dolayı iqtisadi xərcləri şərtləndirir ki, bu da, il ərzində yüz milyard dollarla dəyərləndirilir.
Bu infeksiyanın törədicisi Rotavirus cinsindən, Rotaviridae ailəsinə daxil olan viruslardır ki, onlar morfologiyası və antigen strukturuna görə oxşar, ikisaplı fraqmentli RNT-yə malik, üçqat zülal qişası (kapsid) ilə əhatə olunmuş və insanda, məməlilərdə və quşlarda qastroenterit törədən çoxlu sayda virusları özündə birləşdirir. Virus hissəciklərinin diiametri 65 nm-dən 75 nm-ə qədərdir. Rotavirusların kəşf olunması Melburnda (Avstraliyada) 1973-cü ildə R.Townley və R.Bishop-un rəhbərliyi altında kəskin qastroenteritlə xəstələrdə aparılan tədqiqatların sayəsində mümkün olmuşdur. 1974-cü ildə Tomas Henri Flyütt qastroenetritlə xəstələrin koprofiltratlarında elektron mikroskopu altında virusu müşahidə etdikdən sonra virus hissəciyinin təkərə bənzədiyini (latınca rota – «təkər» deməkdir) qeyd edərək «rotavirus» adını təklif etdi [6,9,10]. 4 ildən sonra «rotavirus» adı virusların taksonomiyası üzrə Beynəlxalq komitə tərəfindən rəsmən təsdiq edildi. Bu infeksiya rəsmi şəkildə ÜST tərəfindən 1979-cu ildən qeydiyyata alınır.
Antigen xüsusiyyətlərinə görə rotaviruslar aşağıdakı qruplara bölünürlər: A, B, C, D və s. İnsanlarda 3 qrupun nümayəndələri – A, B, C daha geniş yayılmışdır. A qrupu rotaviruslarının daha çox dövr etməsi həyatının birinci ilində olan uşaqlar arasında, C qrupu - böyük uşaqlar və yeniyetmələr arasında, B qrupu - böyüklər arasında nəzərə çarpmışdır. Rotavirusların xüsusiyyətləri - onların antigen tərkibinin daima dəyişməsidir [10,11].
Rotaviruslar ətraf mühitdə nisbətən davamlıdırlar. Onlar içməli suda 1 həftə ərzində, əllərin dərisində 4 saatdan çox, ətraf mühitin müxtəlif əşyalarında 1 aya qədər, nəcisdə 7 aya qədər sağ qalırlar. Virus uzun müddət ərzində soyuducuda həyat qabiliyyətini saxlaya bilər. Lakin, virus qaynadıldıqda və 95%-li spirtlə zərərsizləşdirildikdə öz infeksionluğunu itirir. Rotavirus infeksiyası hər yerdə yayılmışdır, sporadik hallar, lokal qrupşəkilli xəstəliklər və kütləvi alovlanmalar şəklində təzahür edə bilər.
İnfeksiya mənbəyi RVİ-nin manifest forması ilə xəstə və virusgəzdirəndir. Oğlanlar qızlara nisbətən 2 dəfə çox xəstələnirlər. Rotaviruslar bir çox heyvanların cavan fərdlərini yoluxdurur və bütün dünyada vəhşi və ev heyvanlarda diareyanın əsas səbəblərindən hesab edilir. Mal-qara arasında yayılan, xüsusilə, körpə danalarda və donuz balalarında rotaviruslar xəstəlik fermerlərə böyük iqtisadi zərər yetirir. İnsanlar heyvanlardan yoluxa bilərlər ki, bu, əsasən, virusun birbaşa ötürülməsi zamanı baş verir [9,12,13].
Törədicinin əsas yoluxma mexanizmi – fekal-oraldır. Çox vaxt, o, orqanizmə çirklənmiş qida məhsulları və ya çiy su vasitəsi (alimentar və ya su yolu) ilə daxil olur. Su yolu qida yolu ilə müqayisədə o qədə də çox rast gəlmir, lakin mühüm epidemioloji əhəmiyyət daşıyır. Törədicilərlə çirklənmiş suyun istifadəsi zamanı çoxlu sayda insanlar xəstələnirlər. Yoluxma çirklənmiş əşyalar və müxtəlif səthlərdən –döşəmə, mebel, yataq, oyuncaqlar vasitəsilə də mümkündür. Yoluxmuş insanın nəcisində 1 qramda 109-10-dan çox virus hissəcikləri ola bilər. Erkən yaşlı uşaqlar üçün infeksion doza çox azdır və onun digər uşağa ötürülməsi üçün 10-102 virus hissəciyi tələb olunur, böyük yaşlı şəxslərdə o, xeyli yüksəkdir – 103-105 virus hissəciyi.
Yoluxma həmçinin, infeksiyalaşmış şəxslə sıx təmas zamanı aerogen yolla da mümkündür. Klassik qrip kimi, bağırsaq qripi də respirator yolun iltihabı ilə müşayiət olunur. Asqırma və öskürmə zamanı virus hissəcikləri kiçik selik damcıları ilə birlikdə havada yayılır və xəstəliyə həssas ətrafdakı şəxsləri yoluxdurur. Rotavirusla təmas-məişət yolu ilə hər yerdə yoluxmaq mümkündür. Bir qayda olaraq, bu, əhalinin ən çox toplaşdığı yerlərdə baş verir: uşaq bağçalarında, məktəblərdə, ofislərdə, ictimai nəqliyyatda və s. Yoluxma, hətta, çirkli əllərlə ağıza birbaşa təması zamanı, məsələn, oyuncaqlara, çirkli bələyə, əmziyə toxunduqda, yatacaqdan, məişət əşyaları vasitəsilə mümkündür. Risk amilləri bunlardır: pis sosial-məişət şəraiti, süni qidalanma, keyfiyyətsiz qida, yarımçıq doğulma, immundefisit vəziyyətləri (İİV, QİÇS), digər orqan və sistemlərin ağır xəstəlikləri [4,8,12].
RVİ kəskin mövsümiliyə malikdir. O, bütün il ərzində qeydə alınır, lakin 80%-dən çox hadisələr ilin soyuq mövsümündə – dekabrdan marta qədər aşkar edilir. Qış-yaz mövsümiliyi rotavirusların ətraf mühitdə aşağı temperaturda həyat qabiliyyətini daha yaxşı saxlaması ilə bağlıdır (hətta dəfələrlə dondurma virusu məhv etmir). Xəstəlik tək-tək hadisələr və ya epidemik alovlanmalarla təzahür edir.
Əsas risk qrupu kiçik yaşlı uşaqlardır. 95% uşaqlar rotavirus qastroenteritini həyatının ilk 5 yaşında keçirirlər. 1 yaşa qədər uşaqlar çox vaxt infeksiyalaşmış analardan, daha böyük yaşdakı uşaqlar mütəşəkkil uşaq kollektivlərində yoluxurlar.
Daha aydın klinik təzahürlər (ağır forma) ən çox körpələrdə 6 aylığından 2-3 yaşa qədər nəzərə çarpır. Bunun səbəbi odur ki, ilk yarım ildən sonra uşaq qarışıq qidalanmaya keçir ki, bu da, infeksiyanın məişət yolu ilə ötürülməsini yüksəldir. Bununla belə, südəmər uşaqlar– yenidoğulanlar (0-6 aylıq) da RVİ ilə xəstələnirlər, lakin onlar müəyyən dərəcədə bu xəstəlikdən «sığortalanmışlar», çünki anadan keçmiş anticisimlər (passiv immunitet) virusun orqanizmə daxil olmasına mane olur.
Sağaldıqdan sonra insanın orqanizmində spesifik ömürlük immunitet əmələ gəlir, bunun sayəsində virusun bu tipi ilə təkrar yoluxmaq mümkün deyildir. Zəifləmiş immun sistemi olan şəxslər istisnalıq təşkil edir. Məktəb yaşlı uşaqlarda və böyüklərdə xəstələnmənin aşağı olması immunitetin yaranması ilə izah edilir.
Xəstəlik tsiklik xarakter daşıyır. Bir tsikldə inkubasiya dövrü (1-5 sutka), kəskin dövr (3-7 sutka, xəstəliyin ağır gedişi zamanı – 7 sutkadan çox) və sağalma dövrü (4-5 sutka) ayırd edilir. RVİ-nin inkubasiya dövrü 12-24 saatdan 5-7 günə qədər (çox vaxt 1-2 gün) təşkil edir. İnkubasiya dövrünün müddəti immunitetin vəziyyətindən və bağırsağa daxil olan virus hissəciklərinin miqdarından asılıdır. Həzm yoluna daxil olaraq, rotaviruslar maneəsiz şəkildə mədənin turşu baryerini keçir, nazik bağırsağın epitelisinə çatır və xovların hüceyrələrinə nüfuz edirlər [13,14]. Virusların replikasiyası nəticəsində, enterositlərin dağılması baş verir ki, bu da rotaviruslu qastroeneteritin inkişaf etməsinə gətirib çıxarır. Yoluxduruculuq dövrü xəstəliyin ilk əlamətlərinin meydana gəlməsindən başlayır və sağalmaya qədər uzanır [13,14]. Bütün bu müddət ərzində xəstə şəxs virus hissəciklərini xaric etməkdə davam edir.
RVİ həm tənəffüs yollarının infeksiyaları, həm də bağırsaq infeksiyaları ilə ümumi cəhətləri olan virus xəstəliyidir. Xəstəlik kəskin başlayır. RVİ uşaqlarda, bir qayda olaraq, 2 mərhələdə keçir: əvvəlcə KRVİ-nə bənzər simptomlar (respirator sindrom) meydana gəlir. Xəstəliyin lap əvvəlindən kataral simptomlar əmələ gəlir: zökəm, boğazda qaşınma və iltihab, xəstələr udma zamanı ağrı hiss edir, öskürürlər ona görə də, RVİ adi respirator infeksiya kimi qəbul edilir.
Sonra rotavirus infeksiyasının simptomlarının klassik triadası təzahür edir. Qızdırma. Temperatur reaksiyası adətən 38-390C-dən yüksək olmur. O, intoksikasiya simptomları ilə müşayiət edilə bilər. Ümumi intoksikasiyanın ən səciyyəvi əlamətləri – zəiflik, süstlük, adinamiya, baş ağrısı, başgicəllənmədir. Kəskin dövrdə iştaha olmur, bir çox uşaqlarda narahatlıq, göz yaşısız ağlama, qarnın köpməsi, qarında güclü qurultu, yuxuculluq qeydə alınır. Bədən çəkisinin itirilməsi mümkündür. Bədən temperaturu yüksək rəqəmlərədək artaraq, bir qayda olaraq, xəstəliyin başa çatmasına qədər eyni səviyyədə qalır və bu, 2-4 günə qədər davam edir [14,15].
Qusma. Ən birinci meydana gələn və bəzən aparıcı əlamətlərdən biridir. Adətən o, diareyadan əvvəl yaranır və ya onunla bir vaxtda əmələ gəlir. Təkrar qusma, az hallarda – dəfələrlə baş verən qusma xarakterdir, lakin o, həmişə qısa müddət– 1-2 günə qədər sürür. Bəzən uşaqlarda rotavirus infeksiyası zamanı ürəkbulanma və qusmanın olması təkcə yeməkdən sonra deyil, acqarına da baş verə bilər.
RVİ zamanı diareya sindromunun patogenezində virus enteroktoksini aparıcı rol oynayır. O, diareyanın inkişafında mühüm əhəmiyyət daşıyır və xovların işemiyasına, bağırsağın motorikasının güclənməsinə gətirib çıxarır. Enterositlərin məhv olması malabsorbsiyanın inkişafına da səbəb olur. RVİ zamanı ishal spesifikliyə malikdir: iltihab inkişaf etdikcə nəcis kütlələri səciyyəvi sarımtıl-boz rəngə çalır və giləbənzər konsistensiya alır, bir qayda olaraq, patoloji qarışıqlar (qan və selik) olmur. Qarnın işləməsi adətən xəstəliyin ağırlıq dərəcəsi ilə müəyyən edilir və yüngül formada sutkada 2-5 dəfə, ağır formada – 20 dəfə və daha çox ola bilər. Diareyanın adətən 3-6 gündən çox davam etmir. Xəstəliyin ağırlıq dərəcəsi I –II dərəcəli, az hallarda III dərəcəli eksikozun inkişaf etməsi ilə şərtlənir.
Bağırsaq disfunksiyası qarında ağrılarla müşayiət edilir ki, onlar müxtəlif dərəcədə ola bilir, yayılmış və ya qarnın yuxarı hissəsində lokalizasiya edirlər. Tutmaşəkilli ağrılar müşahidə edilə bilər. RVİ üçün həmçinin tranzitor laktazanın defisiti xarakterdir ki, bu da bir neçə həftə saxlanır.
RVİ böyüklərdə: xəstəlik uşaq infeksiyası sayılır, çünki böyüklərin orqanizmi rotaviruslardan daha yaxşı müdafiə olunmuşdur. Böyüklərdə mədə şirəsinin turşuluğu yüksəkdir və hasil olunan sekretor IgA-nin miqdarı çoxdur. Bununla əlaqədar, böyüklərdə RVİ-nin simptomları uşaqlara nisbətən daha zəif nəzərə çarpır. Pasiyentlərin əksəriyyəti xəstəliyi ayaqüstü keçirirlər. Ürəkbulanma, qusma və kataral əlamətlərin olmaması sayəsində bağırsaq pozğunluğunu bəzən köhnə məhsulların istfadəsi ilə əlaqələndirirlər. Lakin, xəstəliyin simptomsuz gedişi bu faktı inkar etmir – insanlar virusun mənbəyi və təbiətdə yayıcılarıdır. Ona görə də, ailədə və ya kollektivdə xəstənin olması bəzən kütləvi yoluxmaya gətirib çıxarır, bu zaman, həmin şəxslərdən yalnız spesifik ömürlük immunitet olduqda qorunmaq olar.
Əksər hallarda, RVİ-nin gedişi əlverişlidir və sağalma 5-7-ci günü, nadir hallarda tam bərpa 10-12 gündən sonra baş verir. Kütləvi infeksiyalaşma və xəstəliyin ağır gedişi zamanı su-duz tarazlığının pozulmasına və orqanizmin susuzlaşmasına gətirib çıxaran ağırlaşmalar inkişaf edə bilər [4,8,12,14]. Çox vaxt rotavirus kiçik yaşlı uşaqlarda susuzlaşma simptomlarını törədə bilər. Lakin, 30% hallarda o, simptomsuz keçə bilər. Xəstəliyin klinik əlamətləri yox olduqdan sonra RV-nin xaric edilməsi müddəti 30-40 günə qədər davam edə bilər. Simptomsuz və ya klinik nəzərə çarpan RVİ spesifik anticisimlərin (AC) hasil edilməsi ilə müşayiət olunur. Sağaldıqdan sonra insanın orqanizmində spesifik ömürlük immunitet yaranır, onun sayəsində virusun bu tipi ilə təkrar yoluxmaq praktik olaraq mümkün deyildir. İnfeksiyanın xəstəxanadaxili yayılması mümkündür. Doğum evlərində və müxtəlif profilli stasionarlarda rotavirus infeksiyasının alovlanmaları, həmçinin, mikst-infeksiyalar – rotavirusların xüsusisilə salmonella, şigella, stafilokok, protey və s. törədicilərlə assosiasiyaları təsvir edilmişdir. Mikst-infeksiyanın olması uşaqlarda xəstəliyin daha ağır gedişinə gətirib çıxara bilər. RVİ əsasən, lokalizasiya olunmuş (yalnız nazik bağırsağın selikli qişasının zədələnməsi ilə məhdudlaşmış) xəstəlik olması onun generalizasiyalı gedişini heç də inkar etmir. Belə ki, ədəbiyyatda MSS-nin zədələnmələri, bağırsağın invaginasiyası, eritema, ürəyin və qaraciyərin zədələnmələri haqqında məlumatlar verilir.
Rotavirusun diaqnostikası. RVİ-nin diaqnostikası zamanı tək xəstəliyin klinik simptomları deyil, həm də onun epidemioloji xüsusiyyətləri nəzərə alınır. Diaqnozun təsdiqi zamanı, işlədilən metodlara rotavirusa (nəcisdə elektron mikroskopu vasitəsilə törədicinin aşkar edilməsinə) görə müayinələr, lateks-aqqlütinasiya reaksiyası və radioimmun testlər, ZPR aid edilir [13,14]. Qan zərdabında AC-in təyin edilməsi məqsədilə xəstələrin seroloji müayinəsi retrospektiv təhlil zamanı böyük əhəmiyyət daşıyır, ona görə də, RVİ-nin erkən seroloji diaqnostikasında bərkfazalı koaqqlütinasiya reaksiyası metodu ilə IgM sinif AC-in təyin edilməsi tövsiyə olunur. Rotaviruslara qarşı AC 1 yaşa qədər uşaqların 50-60%-də, 3 yaşdan yuxarı uşaqlarda - artıq 90%-dən çox, böyüklərin praktik olaraq hamısında aşkar edilir ki, bu da, keçirilmiş insfeksiyanı təsdiq edir.
Rotavirus infeksiyasının müalicəsi.Hazırda RVİ-nin spesifik müalicə metodları yoxdur. Ona görə adətən simptomatik terapiya tətbiq edilir ki, o, su-elektrolit pozulmalarının korreksiyasına, qusmanın və diareyanın dayandırımasına, orqanizmin susuzlaşmasının inkişafının qarşısının alınmasına yönəldilmişdir [14,15,16]. Bağırsağın divaryanı sahəsindən virus hissəciklərinin kənar edilməsi üçün müxtəlif sorbentlərdən istifadə edilir. Böyüklərdə və uşaqlarda müasir dövrdə dehidratasiyanı dayandırmaq, su-duz tarazlığını bərpa etmək üçün oral rehidratasiyadan -rehidrantların (tərkibində natrium xlorid olan dərman vasitələrin – Rehidron, Qastrolit və s.) qəbulundan geniş istifadə edilir. Oral rehidratasion terapiya (ORT) diareyanın ilk əlamətlərindən başlayır və xəstənin vəziyyəti yaxşılaşana qədər davam etdirilir. ORT ilk yardım qismində tətbiq edilir. Müalicəni yüngül hallarda ev şəraitində aparmaq olar. Əgər, mayenin qəbulu mümkün deyil və o, qusmanı provokasiya edirsə, venadaxili rehidratasion terapiyanı aparmaq lazımdır. Müalicədə, həmçinin, enterosorbentlər (smekta, polisorb), probiotiklər, prebiotiklər, fermentlər, diareyaəleyhinə vasitələrdən (Menzim forte, İmodium) və s. istifadə edilir. RVİ zamanı antibiotiklər təyin edilmir, çünki onlar bakterial infeksiyanın müalicəsi üçün nəzərdə tutulmuşdur və bağırsağın disbakteriozunun inkişafına səbəb ola bilər.
RVİ üzərində epidemioloji nəzarət - epidemik prosesin dinamikasının, onun yayılmasına təsir göstərən amillərin və şəraitin monitorinqi sistemi olub, elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlər sisteminin hazırlanması məqsədilə əldə olunan infomasiyanın təhlilini və yekunlaşdırılmasını nəzərdə tutur. RVİ üzərində epidemioloji nəzarətə daxildir: əhalinin xəstələnməsinin monitorinqi; rotavirusların dövr etməsi üzərində müşahidə (buraya ətraf mühit obyektlərindən götürülmüş nümunələrin və xəstələrdən götürülmüş materialın müayinəsi də daxildir); referens-mərkəzlərdə ətraf mühit obyektlərindən və insanlarda (xəstələr, təmasda olanlar) aşkar edilmiş RV–nin bioloji xüsusiyyətlərinin (serotiplərin / genotiplərin) tədqiqi; aparılan sanitar-əksepidemik (profilaktik) tədbirlərin keyfiyyətinin və effektivliyinin qiymətləndirilməsi; epidemioloji vəziyyətin proqnozlaşdırılması.
Rotavirusun qeyri-spesifik profilaktikası şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsini – əllərin tez-tez yuyulmasını, içmək üçün yalnız qaynadılmış təmiz sudan istifadəni nəzərdə tutur. RVİ-nin profilaktikasının əsasını sanitariya-gigiyenik qaydaların gözlənilməsi təşkil edir. Erkən yaşlı uşaqlara ciddi qulluq göstərmək lazımdır ki, bu da, əmziklərin, oyuncaqların, qab-qacağın, ağların, əllərin zərərsizləşdirilməsini nəzərdə tutur. Həmçinin qidanın balanslaşlaşdırılması vacibdir – bu, orqanizmi bütün lazımi nutriyentlər və bioloji fəal maddələrlə təmin etməyə, immunitet yaratmağa və orqanizmi möhkəmlətməyə yönlənməlidir.
RVİ-nin spesifik profilaktikası.Bunun üçünvaksinasiya vasitələrindən istifadə edilir. Peyvənd (spesifik vaksin) rəngsiz maye şəklindədir, oral qəbul üçün nəzərdə tutulmuşdur, tərkibində rotavirusun zəiflədilmiş ştamı (diri vaksin) vardır. RVİ-yə qarşı peroral vaksin yüksək effektvliyə malikdir: 82-94% hallarda müxtəlif tip rotaviruslardan müdafiəni təmin edir. Hazırda, 2 peroral vaksinlərindən: monovalent (RV1) Rotariks (Belçika) və pentivalent vaksin (RVS) Rota Tek (ABŞ) istifadə edilir.
ÜST yenioğulmuşların, xüsusilə inkişaf etmiş ölkələrdə bu vaksinlərlə kütləvi vaksinasiyası fikrini dəstəkləyir [8,9]. Uşaqların immunlaşdırılması milli peyvənd qrafikinə RVİ-yə qarşı vaksinasiyanın daxil edilməsi ilə və mərhələli şəkildə həyata keçirilməlidir. İnkişaf etmiş ölkələrdə vaksinin tətbiqi təcrübəsi göstərmişdir ki, o, 2 yaşa qədər uşaqları ağır rotavirus diareyasından effektiv qoruyur. Vaksinasiya kursu ağıza duru vaksinin 3 dəfə (4 həftə fasilə ilə) damızdırılmasından ibarətdir (1 doza vaksin 2 ml həcmdə məhlul şəklindədir). Yeridilməsxemi. Preparatın ilk dozası 6 həftədən 12 həftəyə qədər yaşda verilir. Bütün 3 dozanın yeridilməsi uşağın 32 həftəyə çatmasına qədər tövsiyə olunur ki, bu da uşaq yaşlarında peyvənd təqvimində digər vaksinlərin: AGDT, diri və ya inaktivasiya olunmuş poliovaksinlərin, B tip hemofil infeksiyaya və B viruslu hepatitə qarşı vaksinlərin onunla eyni vaxtda yeridilməsinə imkan verir.
RVİzamanıəksepidemiktədbirlər digər KBİ kimi həyata keçirilir. Xəstələr təcrid edilməlidir. Xəstəliyin yüngül formalarında onlar həkim nəzarəti altında olmaqla evdə saxlanıla bilər (əgər lazımi müalicə və təcrid edilirsə). Cari dezinfeksiya (xəstənin ifrazatlarının, qabların, alt paltarları və yataq ağlarının, xəstəyə qulluq əşyalarının zərərsizləşdirilməsi) aparılır. Xəstə hospitalizasiya edildikdən sonra ocaqda yekunlaşdırıcı dezinfeksiya aparılır. Rekonvalessentlər – stasionardan evə yazılan (və ya evdə müalicədən sonra) uşaqlar, uşaq müəssisələrinin, qida müəssisələrinin işçiləri 1 ay ərzində dispanser müşahidə altında saxlanır və müayinə edilirlər. Xəstəlik keçirən uşaqların laborator müayinəsinin aparılması zərurəti pediatr (xəstəliyin klinik simptomları əmələ gəldikdə) və epidemioloq (konkret epidemik vəziyyət nəzərə alınmaqla) tərəfindən müəyyən edilir.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Маянский Н.А., Маянский А.Н., Куличенко Т.В. Ротавирусная инфекция: эпидемиология, патология, вакцинопрофилактика. Вестник РАМН. 2015; 1: 47−55.
2.Захарова И.Н., Есипов А.В., Дорошина Е.А. и др. Тактика педиатра при лечении острых гастроэнтеритов у детей: что нового?// Вопросы современной педиатрии. 2013; 12 (4): 120−125.
3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Учебник, М.: ГЭОТАР- Медиа, 2009.
4.Ткаченко Н.Е., Намазова-Баранова Л.С. Новые возможности профилактики инфекционных заболеваний. Вакцинация от ротавирусной инфекции // Педиатрическая фармакология. 2013; 10 (6): 6−9.
5.Дзюблик И.В. с соавт. Ротавирусная инфекция: учебно-методическое пособие для врачей. Киев, Олпринт, 2004. 116 с.
6.Жидков Е.Г. Клинико-патогенетические особенности течения ротавирусной инфекции у детей на современном этапе: автореф. дис. ... канд. мед. наук. Хабаровск, 2008.
7.Лечение диареи: учебное пособие для врачей и других категорий работников старшего звена. ВОЗ, 2006. 57 с.
8.Михайлова Е.В. , Тихомирова О.В. , Шульдяков А.А. и др. Ротавирусная инфекция у детей. Многоцентровое контрольно-сравнительное исследование. ООО «Семакс», СПб, 2007.
9.Учайкин В.Ф. и соавт. Острые кишечные инфекции у детей. Диагностика, классификация, лечение: Пособие для врачей. М., 2005: 36.
10.Зарубинский В.Я., Ловердо Р. Г., Егоренкова И. Л. Вопросы эпидемиологической диагностики ротовирусной инфекции // Ж. Эпидемиология и инфекционные болезни, 2012 ,с.111.|
11Ющук Н.Д., Машилов В.П. Ротавирусный гастроэнтерит (клиника, диагностика, лечение). Лекции. М. 1990.
12.Рудакова А.В., Харит С.М., Усков А.Н. Оценка предотвращенных затрат на терапию ротавирусной инфекции при вакцинации 5-валентной вакциной в Российской Федерации // Ж. инфектологии. 2014; 6 (2). 13
13.Ляховская Н.В. и др. Ротавирусная инфекция: Эпидемиологические аспекты, методы профилактики, иммунопатология, аллергология, инфектология. Москва, 2013,№:3.
14.Крамарев С.А.,Закордонец Л.В. Ротавирусная инфекция: Эпидемиология и профилактика // Ж. Здоровье ребенка, 2011.
15.Гречуха Т.А., Ткаченко Н.Е., Намазова-Баранова Л.С. Новые возможности профилактики инфекционных заболеваний. Вакцинация от ротавирусной инфекции // Педиатрическая фармакология. 2013; 10 (6): 6−9.
16.Кригер Е.А. и соавт. Внутрибольничная ротавирусная инфекция у детей // Инфекционные болезни, 2013;11(3):62-5.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı