Əlimətov Sərvər Nəriman oğlu 80 il

12-12-2020

ATU-nun Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, Respublikanın “Əməkdar müəllim”i Sərvər Alimetovun bu günlərdə 80 yaşı tamam oldu. 

 Sərvər Nəriman oğlu Alimetov 1940-cı ilin martın 12-də ölkəmizin dilbər guşələrindən biri olan Qusar rayonunun Düztahir kəndində dünyaya gəlib. O, 1946-cı ildə Düztahir kənd orta məktəbinə daxil olmuş və buranı 1956-cı ildə qızıl medalla bitirmişdir.

Orta təhsil biliklərinə dərindən nail olmuş S.Alimetov 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra, onun Azərbaycan Tibb Universitetində, uşaq cərrahiyəsi kafedrasında saxlanılması haqqında Elmi Şuranın qərarına baxmayaraq, o, kəndə təyinat götürmüşdür.

1962-1970-ci illərdə Azərbaycan Respublikası Qusar rayonu Şirvanovka Regional Xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır. Qeyd edək ki, bu xəstəxana Nabran, Yalama, Şirvanovka, Samur qəsəbəsi olmaqla Azərbaycan-Dağıstan sərhədi boyunca 20-dən çox kənd və obalara çox istiqamətli şəkildə tibbi xidmət göstərirdi. Həmin illərdə əhali arasında müxtəlif parazitar və infeksiya mənşəli xəstəliklər, yüksək uşaq ölümü göstəricisi, səhiyyə-maarif işinin yoxluğu baş alıb gedirdi. S.Alimetovun 7 il ərzində bu sahədə peşəkar kollektiv ilə birlikdə göstərdiyi gərgin təşkilatçılıq, səhiyyə, diaqnostika, müalicə və profilaktik əməyi sayəsində, yüksək nəticələr əldə edilmiş, uşaq ölümü xeyli aşağı endirilmiş, Nabran turistik bazasında tibbi xidmət yaxşılaşdırılmışdır.

1970-ci ildə səhiyyə sahəsində böyük praktik təcrübə qazanan S.Alimetov müsabiqə yolu ilə akademik C. Abdullayevin rəhbərlik etdiyi hospital terapiya kafedrasında  aspiranturaya daxil olmuşdur.

O, 1972-ci ildə “Öd kisəsi və ödçıxarıcı yolların xəstəliklərində su və elektrolit mübadiləsinin dinamikası” mövzusunda dissertasiya işini vaxtından tez, uğurla müdafiə edərək tibb elmləri namizədi olmuşdur. Bu dissertasiya üzrə duodenal zondun modifikasiyasını və öddə elektrolitlərin alovlu fotometr vasitəsilə müəyyən edilməsi üsulunu işləyib hazırlamışdır.

Bundan sonra, aspiranturanı vaxtından əvvəl müvəffəqiyyətlə başa vurmuş kadr kimi o, Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasında assistent, müxtəlif illərdə pediatriya fakültəsində elmi işlər üzrə dekan müavini, internatura şöbəsinin müdiri, Respublika Tibb-Məhkəmə Ekspertizasında terapevt-ekspert, Səhiyyə maarif müşaviri, fakültə partiya təşkilatının katibi və sair məsul vəzifələrdə işləmişdir.

1976-cı ildə  İnstitutun Daxili xəstəliklər kafedrasına dosent vəzifəsinə seçilən S. Alimetov 1977-1980-ci illərdə xüsusi xarici ezamiyyət üzrə, Afrika qitəsin-də Əlcəzairdə, 3 il həkim kimi Benisaf mərkəzi çox profilli xəstəxanada işləmişdir. Bu müddət ərzində Əlcəzair, Mərakeş, Tunis, Macarıstan, Bolqarıstan, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilmiş elmi konfrans, konqress və simpoziumlarda fəal iştirak etmişdir.

S. Alimetov 1998-ci ildə “Xronik ürək çatışmazlığında hemodinamik və homeostaz pozğunluqlarının xüsusiyyətləri və korreksiyası” müvzusunda, tibb elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Burada ürək çatışmazlığına düçar olmuş xəstələrdə bəzi toksiki mikroelementlərin çoxluğu sayəsində toksikozlar, bradikardiya, hipotoniya, refrakter vəziyyətlərdə rekompensasiya üsullarını işləyib hazırlamışdır; yeni klinik əlamət, Alimetov simptomu adı altında təsvir edilmişdir (“Tibb terminləri və klinik simptomlar” Bakı, 2015). O, 1971-ci ildən Azərbaycan və Rusiya terapevtlər, kardioloqlar cəmiyyətlərinin üzvüdür.

Türkiyə, Rusiya, Orta Asiya, Avropa və Amerika ölkələrində çap olunmuş onlarla elmi məqalənin, 300-dən çox elmi işin, 50-dən çox kitabın, o cümlədən 20-dən çox dərsliyin, elmi-praktik vəsaitin, monoqrafiyanın, metodik tövsiyənin, 7 səmərələşdirici təklifin müəllifidir. Azərbaycan Tibb Universitetində fəaliyyət göstərdiyi 50 il ərzində yüzlərlə tələbə, gənc əməkdaş və dissertantların elmi işlərinin yerinə yetirilməsində və formalaşmasında yaxından köməyi olmuşdur.

 “Qızıl Qələm” media və “İbn Sina” beynəlxalq mükafatları laureatı olan S. Alimetov 2005 və 2019- cu illərdə ilin ən yaxşı tədqiqatçı alimi sayılmışdır.

Səmimi insan, qayğıkeş valideyn, bacarıqlı həkim, məhsuldar alim, yorulmaz müəllim S. Alimetov hal- hazırda universitetimizin Daxili xəstəliklər kafedrasında böyük həvəslə peşəsini uğurla davam etdirir.

Doğma kollektivimiz Sərvər müəllimi bu möhtəşəm yubiley münasibətilə təbrik edir, ona Tanrının verdiyi  ömrü bundan sonra da şən və gümrah yaşamaq, işlərində isə bol- bol nailiyyətlər arzulayır. 


Müəlliflər:
Daxili xəstəliklər kafedrasının əməkdaşları

Digər jurnal və qəzetlər