UŞAQLAR ARASINDA DİAREYANIN YAYILMASI VƏ ONUN PROFİLAKTİKASI
10-03-2022
Müasir dövrümüzdə səhiyyənin inkişafı yüksək səviyyədə olsa da, diareyalar 5 yaşa qədər olan körpə və uşaqlar arasında ölümə səbəb olan hal kimi dəyərləndirilir. Belə ki, müvafiq yaş intervalına daxil olan uşaq yaşlı əhalinin hər 5 nəfərindən 1-nin ölüm səbəbi diareyyadır. Bu onu göstərir ki, hər il 1,5 milyon uşaq diareyadan dünyasını dəyişir. Bu göstərici dünya üzrə QİÇS, malyariya və qızılca səbəbindən dünyasını dəyişən ümumi uşaq sayından daha çoxdur [1].
2006-cı ildə BMT-nin uşaq fondu (UNİCEF) və ümumdünya səhiyyə təşkilatı (ÜST) uşaqlar arasında ən çox ölüm hallarına səbəb olan xəstəliklərə dair hesabatında göstərmişdir ki, ümumi uşaq ölümünün 40%-i pnevmoniya və diareyyalar üzərinə düşür. 1970-1980-ci illərdə diareyalara qarşı təşkil edilmiş beynəlxalq mübarizə tədbirləri oral rehidratasiyanın optimallaşdırılması və bu üsulların xəstələrə qulluq edən personala proqram şəklində öyrədilməsi nəticəsində uşaqların ölüm halları arasında əhəmiyyətli dərəcədə azalma qeydə alınmışdır [3]. Son məlumatlar göstərir ki, inkişaf etməkdə olan ölkələr üzrə ümumi diareyadan əziyyət çəkən uşaqların yalnızca 39%-i lazımi səviyyədə profilaktika-müalicə tədbirlərinə cəlb edilə bilir [4]. Bu baxımdan 2000-ci ildən bu günə kimi çox az irəliləyiş qeydə alınmışdır və bu özünü aparılan statistikasında da göstərməkdədir. Hər il dünya üzrə 5 yaşa kimi olan uşaqlar arasında 2,5 milyon nəfərə diareya diaqnozu qoyulur və təəsüf ki, bu ortalama göstərici son iki onillik ərzində demək olar ki, dəyişməz olaraq qalmaqdadır [5]. Müvafiq pasiyentlərin yarıdan çoxu Afrika və Cənubi Asiya regionunun payına düşür. Diareya hallarının baş verməsi uşaqların yaş dövrü və fəsillərlə əlaqədar olaraq dəyişir [6]. Uşağın yaşı azaldıqca onun diareya olma ehtimalı da yüksəlir. Həyatın ilk 2 ili bu ehtimal sonrakı illərdən olduqca yüksəkdir və sonra onun yaşı artdıqca bu ehtimal da azalır. Son iki onillikdə 5 yaşa qədər olan uşaqlar arasında diareyadan ölüm hallarında əhəmiyyətli dərəcədə azalma qeydə alınmışdır [7].
Diareya 2 həftəyə qədər davam edən və gündə 3 dəfədən çox yumşaq yaxud sulu nəcis ifrazı ilə xarakterizə olunan haldır. Uşaqlarda diareya halları çox vaxt mülayim gedişata malik olsa da, kəskin diareya halları çox vaxt orqanizmin maye itkisi (dehidratasiya) ilə xarakterizə olunur və bu arzuolunmaz nəticələrə gətirib çıxara bilir [8].
Diareya mədə-bağırsaq infeksiyalarının ümumi simptomu olub geniş spektrli patogen mikroorqanizmlər (bakteriyaları, virusları və ibtidailəri) tərəfindən törədilə bilər. Buna baxmayaraq, uşaqlarda kəskin diareyaların meydana gəlməsinin 40%-ə qədərinin törədiciləri rotavirus nümayəndələridir. Epidemiyalar zamanı V. Cholerae ilə birlikdə diareyaların yaranmasında əsas rola malik bakteriyalara E.coli, Şigellalar, Campylobacter və Salmonella nümayəndələridir. İİÇ-müsbət pasiyentlərdə diareyaların yaranmasında rol oynayan ibtidai nümayəndələrinə Cryptosporidium nümayəndələrin də aid edilir. Buna baxmayaraq, uşaqlarda diareyalarla əlaqədar baş verən ölüm hallarında V. Cholerae infeksiyasının payı yüksəkdir [9].
Kəskin diareyaların diaqnouz nəcis nümunələrinin müayinəsi ilə həyata keçirilir. Nəcisdə E.coli mikroorqanizmi zəncirvari polimeraza reaksiyası (ZPR) ilə yoxlanılır. Bu üsul zamanı E.coli növünün stx1, stx2, eae, bfpA, ipaH, aatA və aaiC kimi toksin kodlaşdırıcı genlər müəyyən edilir. Bu genlər termo-labil enterotoksin və termo-stabil enterotoksinləri kodlaşdırır. Campylobacter, rotavirus, adenovirus, astrovirus, Entamoeba histolytica, Giardia və Cryptosporidium kimi digər səbəbkar cins və növlər əsasən immunoferment üsulu ilə aşkar edilir. Norovirusların müəyyən edilməsi məqsədilə həmçinin ZPR üsulundan da istifadə edilir [10]. Son olaraq, Karen L. Kotloff tərəfindən diareyaya səbəb olan virus, bakteriya və ibtidai tipli patogen amillərin qruplaşdırılması və təsnifi həyata keçirilmişdir. Bu zamanı diareyaya səbəb ola biləcək viruslara Rotavirus, Calcivirus, Enteric adenovirus və Astrovirus kimi cinslər, bakteriayalara Shigella, Salmonella, Campylobacter, Yersinia, Escherichia coli, Vibrio, Clotridium difficile, Bacillus ceres və Staphylococcus aureus kimi cins və növlər, ibtidailərə Cryptosporidium, Cyclospora, Entamoeba və Giardia kimi cinsləri aid etmək olar [11].
Diareya ilə müşayiət edilən xəstəliklərin profilaktikasını içməli suyun tərkibinin təmizlənməsini təmin etməklə, düzgün sanitariya və güclü fərdi gigiyenik tədbirlərlə təşkil etmək olar. İnkişaf etməmiş ölkələrdə yaşamaq, ananın təhsil və maariflənmə səviyyəsilə uşaqlarda diareya ilə müşayiət edilən xəstəliklərin rast gəlinməsi göstəricisi arasında düzgün korrelasiya mövcuddur. Kəskin diasreya bir neçə gün davam etdikdə orqanizm üçün lazım olan minerallar ishal ilə itirilən maye ilə birlikdə bədəni tərk edərək su-duz və turşu-qələvi müvazinətində pozğunluqlara gətirib çıxarır. Əvvəlki dövrlərdə diareyalr zamanı ölümün əsas səbəbi məhz orqanizmin susuzlaşması ilə əlaqədar baş verirdi [12]. Hal-hazırda isə diareyalarla əlaqədar baş verən ölüm hallarının əsas səbəblərinə bakterial sepsis və uşaqlarda bəzi hallarda immun sistemin müxtəlif səbəblərlə əlaqədar olaraq çökməsi kimi hallar daxildir [13]. Oral rehidratasiya məhlullarının və antibiotiklərin praktikaya geniş tətbiq edilməsindən sonra diareyaların letallıq dərəcəsində kifayət qədər azalma qeydə alınsa da, hal-hazırda da uşaqlarda persistəedən diareyaların inkişafı hallarına rast gəlinir. Persistəedən diareya zamanı proses 14 gündən çox davam edir və bu müddət ərzində pasiyentin vəziyyəti günü-gündən yaxşılaşmaq əvəzinə bir qədər pisləşir. İnkişaf etməkdə olan ölkələrdə 5 yaşa qədər olan uşaqlar arasında qeydə alınan diareyalarla əlaqədar baş verən ölüm hallarının 36-54% -i məhz persistə edən diareyalarla əlaqədar olur ki, bu da adətən kəskin diareya ilə başlayır [14].
Kəskin diareyanın törədiciləri olan müxtəlif parazit, bakteriya və virus tiplərinə ətraf mühitdə rast gəlmək mümkündür. İqtisadi baxımdan inkişaf etməmiş və və inkişaf etməkdə olan ölkələrdə kəskin diareyann törədiciləri çox vaxt bakteriyalar olur. Orta və kəskin diareyaların törədiciləri arasında Campylobacter, enterotoksigen E.coli (ETEC), Cryptosporidium, Shigella, Adenovirus və Rotavirus üstünlük təşkil edir [15]. Bu baxımdan yuxarıda sadalanan mikroorqanizmləri Salmonella, Vibrio və E.coli növünün digər ştammları izləyir. Göründüyü kimi, kəskin diareyaların törədicilərinin növ tərkibi çox zəngindir və buna görə də xəstəlik halları zamanı əsas törədicinin dəqiqləşdirilməsi bir sıra hallarda çətinlik törədir və nəticələrin operativ əldə edilməsi indi də səhiyyənin aktual problemi olaraq qalmaqdadır [16].
Diareyanın uşaqların sağlamlıqları üzərində mənfi təsirləri vardır, onların inkişafı və böyümələrinə zərər verir. 5 yaşa qədər olan uşaqlar arasında diareya xəstəliyi ilə ananın maariflənmə dərəcəsi və həyat şəraiti arasında əlaqənin olduğuna dair ədəbiyyatda çoxsaylı məlumatlar mövcuddur [17]. Məsələn, Pinzon-Rondon və əməkdaşları tərəfindən aparılan tədqiqat zamanı gənc yaşlı anaların övladlarında bir qədər yaşlı analarla müqayisədə daha çox hallarda kəskin diareya hallarının rast gəlinməsi də bir daha ananın təcrübəsi və maariflənmə dərəcəsinin uşaqlarda diareyanın baş verməsində rola malik olduğunu göstərir [4, 18]. Bundan başqa, ali orta təhsili analar arasında uşaqlarda diareyanın olması ali təhsillilərlə müqayisədə 42% və ali orta təhsili olmayanlarda 45% daha çox qeydə alınmışdır. Bundan əlavə, uşaqlarına süd verən və eyni zamanda həm də işləyən qadınlar arasında uşaqlarında diareya inkişaf edən şəxslər arasında işləməyən evdar qadınlarla müqayisədə 14% yüksək olmuşdur ki, bu da işləyən anaların öz uşaqlarında diareyanın ilk simptomlarını digər qrupdakı analarla müqayisədə daha gec müşahidə edib xəbərdar olmaları ilə əlaqələndirilmişdir. Qeyd etmək lazımdır ki, hamiləliyini planlı şəkildə icra etmiş qadınlar arasında (ailə planlanması) kəskin diareya hallarının rast gəlinməsi 29% daha az hallarda qeydə alınmışdır [19].
Diareyaların bəzi törədicilərinə qarşı immun mexanizmlə proflilaktikanın təşkili üzrə tədqiqatlar davam etdirilir. Məsələn, rotaviruslara qarşı vaksinasiyanın tətbiq edilmə halları inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə diareyadan ölüm halları göstəricilərində azalmalara gətirib çıxartmışdır. Rotaviruslara qarşı 3 canlı oral vaksin lisenziyalaşdırılmışdır. Müxtəlif ölkələrdə tətbiq edilən rotavirus əleyhinə olan vaksinlərə misal kimi 3-dozalı pentavalent G1, G2, G3, G4 və P insan-öküz vaksini (RotaTeq), 2-dozalı monovalent insan G1P vaksini (ROTARİX) və 3-dozalı monovalent insan-öküz 116E G6P vaksini (Rotavax) göstərmək olar. Hal-hazırda ÜST diareyaların yayılma göstəricisi yüksək olan dünya ölkələrində yenidoğulanların müvafiq vaksinlərin biri ilə icbari şəkildə immunlaşdırılmasını tövsiyə edir [20].
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Nataro JP. Diarrhea among children in developing countries. Adv Exp Med Biol. 2013; 764: 73-80.
2.WHO. Diarrhoeal disease. World Health Organization. 2017.
3.Ugboko HU, Nwinyi OC, Oranusi SU, Oyewale JO. Childhood diarrhoeal disease in developing countries. Heliyon. 2020; 6: e03690.
4.Pinzon-Rondon AM, Zarate-Ardila C, Hoyos-Martinez A, et all. Country characteristics and acute diarrhea in children from developing nations: A multilevel study. BMC Public Health. 2015; 21: 15.
5.Spears D, Ghosh A, Cumming O. "Open defecation and childhood stunting in India: an ecological analysis of new data from 112 districts". PLOS ONE. (2013). 8 (9): e73784.
6.;Majorin F, Torondel B, Ka Seen Chan G., et al. (Cochrane Infectious Diseases Group) (September 2019). "Interventions to improve disposal of child faeces for preventing diarrhoea and soil-transmitted helminth infection". The Cochrane Database of Systematic Reviews. 9.
7.Clasen TF, Bostoen K, Schmidt WP, et al. (Cochrane Infectious Diseases Group) (June 2010). "Interventions to improve disposal of human excreta for preventing diarrhoea". The Cochrane Database of Systematic Reviews (6).
8.Curtis V, Cairncross S (May 2003). "Effect of washing hands with soap on diarrhoea risk in the community: a systematic review". The Lancet. Infectious Diseases. 3 (5): 275–81.
9.Black RE, Morris SS, Bryce J. "Where and why are 10 million children dying every year?". Lancet.2014; 361 (9376): 2226–34.
10.Arnold BF, Colford JM (February 2007). "Treating water with chlorine at point-of-use to improve water quality and reduce child diarrhea in developing countries: a systematic review and meta-analysis". The American Journal of Tropical Medicine and Hygiene. 76 (2): 354–64.
11.de Zoysa I, Feachem RG (1985). "Interventions for the control of diarrhoeal diseases among young children: rotavirus and cholera immunization". Bulletin of the World Health Organization. 63 (3): 569–83.
12.Rheingans RD, Antil L, Dreibelbis R, et al. (November 2009). "Economic costs of rotavirus gastroenteritis and cost-effectiveness of vaccination in developing countries". The Journal of Infectious Diseases. 200 Suppl 1: S16-27.
13.Oral cholera vaccines in mass immunization campaigns (PDF). WHO. 2010. pp. 6–8. ISBN978-92-4-150043-2. Archived (PDF) from the original on 3 September 2014.
14.Mayo-Wilson E, Imdad A, Herzer K, Yakoob MY, Bhutta ZA (August 2011). "Vitamin A supplements for preventing mortality, illness, and blindness in children aged under 5: systematic review and meta-analysis". BMJ. 343: d5094.
15.Chagan MK, Van den Broeck J, Luabeya KK, Mpontshane N, Bennish ML (September 2014). "Cost of childhood diarrhoea in rural South Africa: exploring cost-effectiveness of universal zinc supplementation". Public Health Nutrition. 17 (9): 2138–45.
16.Lawrence R (2016). Breastfeeding : a guide for the medical profession, 8th edition. Philadelphia, PA: Elsevier. p. 28.
17.Sguassero Y. "Optimal duration of exclusive breastfeeding: RHL commentary". WHO. Archived from the original on 3 November 2013. Retrieved 14 October 2013.
18.Hempel S, Newberry SJ, Maher AR, Wang Z, Miles JN, Shanman R, Johnsen B, Shekelle PG (May 2012). "Probiotics for the prevention and treatment of antibiotic-associated diarrhea: a systematic review and meta-analysis". JAMA: The Journal of the American Medical Association. 307 (18): 1959–69.
19.Das JK, Hadi YB, Salam RA, Hoda M, Lassi ZS, Bhutta ZA, et al. (Cochrane Infectious Diseases Group) (December 2018). "Fly control to prevent diarrhoea in children". The Cochrane Database of Systematic Reviews. 12: CD011654.
20.King CK, Glass R, Bresee JS, Duggan C (November 2003). "Managing acute gastroenteritis among children: oral rehydration, maintenance, and nutritional therapy". MMWR. Recommendations and Reports. 52 (RR-16): 1–16. Archived from the original on 28 October 2014.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı