AZƏRBAYCAN RESPUBLİKASI İLƏ QONŞU OLAN ÖLKƏLƏRDƏ EPİLEPSİYANIN EPİDEMİOLOGİYASININ ÖYRƏNİLMƏSİ

23-09-2022

Xülasə. Elmi əsaslandırılmış planlaşdırılma və epilepsiyalı xəstələrin müalicə sisteminin təşkili dəqiq epidemioloji məlumatlar, ayrı-ayrı rayonlarda onların coğrafi və etnik xüsusiyyətlərini nəzərə almaqla xəstələnmə müddətinə və yaranmasına təsir edən risk faktorlarının analizi olmadan mümkün deyildir. Bütün bu problemlərin həlli ilə kliniki epidemiologiya elmi məşğul olur ki, onun məqsədi – kliniki müşahidə metodlarının tətbiqi və işlənilməsidir. Bu statistik və təsadüfi səhvlərdən qaçaraq düzgün qərar çıxarmağa imkan verir. Epilepsiyanın epidemiologiyasının öyrənilməsi həkimlərə düzgün qərarların qəbul olunmasında, informasiyanın əldə olunmasında çox yardımçı olur. Bu məqalədə biz Azərbaycan Respublikasına qonşu olan ölkələrdə epilepsiyanın epidemiologiyasının araşdırılması ilə bağlı nəticələri ümumiləşdirdik. Cari araşdırmalardan əldə olunan nəticələr gələcəkdə bu istiqamətdə Azərbaycanda aparılan tədqiqat işləri ilə müqayisə edilə və epilepsiya müalicəsinin planlaşdırılması barədə məlumat verə bilər.

Açar sözlər: epilepsiya, epidemiologiya, yayılma, xəstələnmə

Epilepsiya aktual tibbi və sosial problemdir. Hal-hazırda dünyada epilepsiya ilə xəstələnmə hər 100000 insana 50-70 nəfər, yayılması isə 1000 insana 5-10 nəfərdir.Epilepsiyadan əziyyət çəkən bir çox insanlar əlil olurlar. Xəstəlik həmçinin iqtisadiyyata da (müalicə və tibbi reabilitasiyaya sərf olunan xərclər və s.) ciddi zərbə vurur. 1995-ci ildə epilepsiyanın müalicəsinə12,5 milyon dollar vəsait sərf olunmuşdur (bir pasiyentə 3157 dollar). Böyük Britaniya bir xəstəyə ildə 917 dollara qədər vəsait xərcləyir. 2001-ci ildə İtaliyada bir epilepsiya xəstəsinə 1620 evro vəsait xərclənmişdir [1]. Rusiyada maddi itkilər ABŞ və Qərbi Avropa ölkələrində olduğundan daha çoxdur, belə ki, epilepsiyalı xəstələrin sayı çoxdur [1]. Bu situasiyanı yalnız adekvat tibbi-profilaktika tədbirləri sistemini yaratmaq yolu ilə dəyişmək mümkündür. Eyni zamanda elmi əsaslandırılmış planlaşdırılma və epilepsiyalı xəstələrin müalicə sisteminin təşkili dəqiq epidemioloji məlumatlar, ayrı-ayrı rayonlarda onların coğrafi və etnik xüsusiyyətlərini nəzərə almaqla xəstələnmə müddətinə və yaranmasına təsir edən risk faktorlarının təhlili olmadan mümkün deyildir. Bütün bu sualların öyrənilməsi ilə kliniki epidemiologiya elmi məşğul olur. Rasional klinik praktika diaqnostik nəticələrin, terapevtik cavabların və ya müalicənin effektivliyinin qrupdan fərdə proqnozlaşdırılmasını, sonra isə xəstə qruplarını qiymətləndirmək üçün istifadə olunan xüsusi strategiya və taktikaları təmin edən əsas elmləri tələb edir (epidemiologiya və biostatistika) ki, bu, klinik təbabət və epidemiologiya arasında əlaqə yaradaraq klinik epidemiologiya adlanır [2, 3]. Onun məqsədi – kliniki müşahidə metodlarının tətbiqi və işlənilməsidir ki, bu da statistik və təsadüfi səhvlərdən qaçaraq düzgün qərar çıxarmağa imkan verir. Bu həkim üçün düzgün qərarların qəbul olunması üçün informasiyanın əldə olunmasında vacib yanaşmadır [2, 3].

Epidemioloji tədqiqatların aparılması üçün tibbi statistikada vahid yanaşma, “xəstələnmə” və “yayılma” anlayışlarının aydın təsviri, statistik tədqiqatların təhlilinə daxil edilmə meyarlarının dəqiq tərifi lazımdır. Yayılma müəyyən bir populyasiyada müəyyən bir zamanda mövcud olan xəstəlik hallarının sayına istinad olunan statistik konsepsiyadır,Yayılma, müayinə zamanı müəyyən bir xəstəliyi olan insanların sayı və ya müəyyən bir müddət ərzində - məsələn, bir il ərzində xəstəliyin bütün hallarının sayı kimi qiymətləndirilə bilər.

İnsident (xəstələnmə) - müəyyən bir vaxt ərzində müəyyən bir populyasiyada baş verən yeni müşahidə olunan xəstəlik hallarının bu vəziyyətin heç kimdə müşahidə olunmadığı qrupdakı bütün şəxslərin hamısına nisbətidir. Və yaxud sadələşdirilmiş şəkildə ifadə etsək, əvvəlcə xəstəlik olmadığı bir populyasiyada xəstəliyin yeni hallarının tezliyi insident (xəstələnmə) adlanır.

Dünyada epilepsiya ilə xəstələnmə tezliyi, müxtəlif müəlliflərə görə, 100.000 əhaliyə 20-120 hal arasında dəyişir [4].

Belə ki, epilepsiya ilə xəstələnmə və yayılmanın müqayisəsi zamanı inkişaf etməkdə olan ölkələrdə bu statistikanın çox yüksək olduğunu görmək olar. ÜST ekspertlərinin hesablamalarına görə, 1979-cu ildə inkişaf etməkdə olan ölkələrdə epilepsiya xəstəliyinin yayılması inkişaf etmiş ölkələrlə müqayisədə 4-5 dəfə çox olmuşdur, burada əhalinin hər 1000 nəfərinə 6-8 hal müşahidə olunmuşdur.

Hal-hazırda bir neçə fərziyyə mövcuddur, bunlar epilepsiyanın yayılmasında müşahidə olunan əhəmiyyətli dəyişiklikləri izah edir. Bu hipotezlərdən ən məşhurlarından biri, epilepsiya hallarının uşaq ölümü, perinatal patologiya, doğuş travması, qida çatışmazlığı və infeksiya səviyyələri ilə düz mütənasib olması fikridir [1]. Bu həm də əhalinin bu xəstəliklə bağlı məlumatlı olmamasından asılıdır. Yəni xəstələr bu halın keçici bir hal olduğunu düşünərək vaxtında həkimə müraciət etmir və bu da xəstəliyin daha da yayılmasına və şiddətlənməsinə səbəb olur. Bundan əlavə, üçüncü dünya ölkələrində (yəni inkişaf etməkdə olan ölkələrdə) epilepsiyanın yayılmasına dair ədəbiyyat məlumatları "anketlərin" doldurulmasına əsaslanan skrininq nəticələrinə görə toplanır. İnkişaf etmiş ölkələrdə bu göstəricilərin təhlili isə xəstələrin müraciətləri əsasında formalaşan tibbi statistikaya əsaslanır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında göstəricilər fərqini şərtləndirən digər amil üçüncü (inkişaf etməkdə olan) dünya ölkələrində geniş yayılmış mərkəzi sinir sisteminin parazitar xəstəlikləridir (sistiserkoz, şistosomiaz, paraqonimiaz, hidatidoz və s.) [5]. Göstəricilərə təsir edən digər parametr alimlərin tədqiqatlarında istifadə etdikləri diaqnostik meyarlardır. Bir dəfə epilepsiya tutması olan şəxslərin epilepsiya xəstələrinin sayına daxil edilib-edilməməsi ilə bağlı tədqiqatçılar arasında ümumi uzlaşdırılmış fikir yoxdur [1].

Həm xarici, həm də yerli ədəbiyyatda "epilepsiya remissiyası" və "epileptik tutmaların remissiyası" terminləri ilə bağlı müzakirələr aparılır [1]. Son zamanlar xaricdə “tutmadan azad” termini tez-tez istifadə olunur. Epilepsiya və epileptik tutmaların remissiyası ilə yanaşı, “epilepsiya müalicəsinin müsbət təsiri” anlayışı da mövcuddur. Epilepsiyanın remissiyası mürəkkəb bir kompensasiya prosesidir, yalnız bütün növ tutmaların davamlı uzun müddət olmaması, ensefaloqrammalarda paroksismal dəyişikliklərin yox olması və psixi qüsurun reqressiyası ilə deyil, həm də fizioloji müdafiə mexanizmlərinin bərpası ilə müşayiət olunur. Beynəlxalq standartlara görə, qıcolmaların sayının 50% və daha çox statistik əhəmiyyətli azalması epilepsiya müalicəsinin müsbət təsiri hesab olunur. Son illərdə antikonvulsant terapiya olmadan qıcolmaların remissiyasının kortəbii şəkildə baş verə biləcəyi göstərilmişdir. Buna əsasən uşaqlarda rast gəlinir [1].

Bu baxımdan bu məqalədə biz Azərbaycanla qonşu ölkələrdə (Rusiya, İran, Gürcüsan və Türkiyədə) epilepsiyanın epidemioloji olaraq öyrənilməsini araşdırdıq [1, 6, 7. 8]. Belə ki, epilepsiyanın yayılması və onun müalicə boşluğunun miqyası haqqında məlumatlar epilepsiyadan əziyyət çəkən insanlar üçün tibbi xidmətin göstərilməsini planlaşdırmaq üçün vacibdir. Rusiyada nevroloji və psixiatrik patologiyalı xəstələrlə epidemioloji tədqiqatlar ilk dəfə olaraq həkim A.İ. Malevanskiy tərəfindən aparılmışdır [1].  Alınan nəticələr 1911-ci ildə “Vyatka vilayətindəki ruhi xəstələrin qəyyumluq vəziyyətinə ümumi baxış” əsərində işıq üzü gördü. “Psixi pozulmaların epidemiologiyası”  termin və elmi problem kimi  1959-cu ildə ÜST ekspert komitəsinin xüsusi iclasında beynəlxalq səviyyədə tanındı. O zamandan dünyanın əksər ölkələrində epilepsiya ilə xəstələnmə, yayılma, onun xüsusi formalarının qarşılıqlı əlaqəsinin aşkar olunması, konvulsiv sindromlar, yaş, cins, irqi fərqlərin öyrənilməsi üzrə tədqiqatlar aparılmağa başlanıldı [1].

Rusiyada  epilepsiya ilə xəstələnmə hallarının öyrənilməsi 100 ildən artıqdır ki, aparılır. Bununla belə, bu günə qədər məlumatlar səpələnmişdir və ayrı-ayrı şəhərlərdə, rayonlarda, bölgələrdə bu xəstəliyin yayılmasının öyrənilməsini təmsil edir. İndiyə qədər Rusiyada epilepsiya ilə bağlı etibarlı statistika yoxdur. Bundan başqa, Rusiyada epilepsiya və epileptik sindromların beynəlxalq təsnifat vəziyyəti müşahidə olunmamışdır. Xəstələrə göstərilən yardım bir-birindən ayrılan iki xidmətlə - nevroloji və psixiatrik olaraq aparılır.

P.M. Saracişvili və T.Ş. Geladzenin məlumatlarına görə [9], Rusiyda epilepsiyanın yayılma göstəricisi uzun illər 0,2-0,8% arasında dəyişirdi. 1990-cı ilin məlumatlarına əsasən bu göstərici 0,8 – 1,2 % [10], 2010-cu ilin məlumatlarına əsasən isə  3,26 – 3,55 % arasında dəyişilir [11]. Güman olunur ki, bu göstərici xəstələnmənin artması ilə yox, həkimə müraciət edən xəstələrin artması ilə, tibbi yardımın əlçatanlığı ilə, həmçinin bu xəstəliyin diaqnostika metodlarının təkmilləşməsi ilə əlaqədardır.

XX əsrin 60-70-ci illərində Rusiyada epilepsiya nisbətinin 1,1 ilə 5% arasında dəyişdiyi geniş miqyaslı epidemioloji tədqiqatlar həyata keçirildi. Tomsk vilayətində epilepsiyanın epidemiologiyası Y.E Paxomov tərəfindən tədqiq edilmişdir [12]. Əldə edilən məlumatlara görə, onun yayılması müxtəlif illərdə 0,05-dən 0,2%-ə qədər olmuşdur. E.İ. Xomenko Amur bölgəsində [13] xəstəliyin yayılmasını təhlil etmişdir. Onun müayinə etdiyi təsadüfi seçilmiş qrupda epilepsiya xəstələri 0,2% təşkil etmişdir.

Oxşar iş Çelyabinsk bölgəsində 1958-1960-cı illərdə aparılaraq yayılma 1,1% kimi müəyyən edilmişdir. Bu zaman kişilərdə qadınlara nisbətən daha çox (52,6%) xəstələnmə müşahidə olunmuşdur. Xəstələnmə ilə daha çox hallar 16-30 yaş arasında müşahidə olunmuşdur.  XX əsrin 60-70-ci illərində epilepsiya xəstəliyinin yayılması Uralda 3, 69%, Mordoviyada 2,0, Leninqrad vilayətində 3,0, Qroznıda - 1,6, Ulyanovskda - 1,7% olmuşdur. 1999-cu ildə Moskvada epilepsiyanın yayılması hər 1000 böyüyə 2,23 idi. S.A. Qromovanın tədqiqatlarının nəticələri [14,15] göstərmişdir ki, bu epidemioloji göstərici Moskvada 9%-ə çatmışdır (kişilər qadınlardan 2 dəfə çox xəstələnirdilər). Kənd yerlərinin, şəhərlərin sakinləri və müxtəlif istehsal sahələrində işləyənlər arasında xəstələnmənin paylanmasına işçilər arasında qeyri-bərabərlik qeyd edilmişdir – fəhlələr arasında 2,9, kəndlilər arasında - 8, işçilər arasında - 4,5% olmuşdur.

       İran İslam Respublikasında epilepsiyanın epidemiologiyasını öyrənmək məqsədilə ümumilikdə 7723 iştirakçının nəticələrini əhatə edən doqquz nəşr edilmiş əlyazma nəzərdən keçirilmişdir. İranda epilepsiyanın ümumi yayılmasının təxminən 5% (95% dürüstlüklə 2 ilə 8 arasında) olduğu təxmin edilmişdir. Hər bölgə üçün mərkəzi, şimal və şərqi İranda epilepsiyanın yayılması müvafiq olaraq 5% (95% dürüstlüklə 2-dən 8-ə qədər), 1% (95% dürüstlüklə 1-dən 3-ə qədər) və 4% (95% dürüstlüklə 3-dən 11-ə qədər) təşkil etmişdir. Yayılma sırasına görə ən çox görülən risk faktorları somatik xəstəliklər 39% (95% dürüstlüklə 15-62), qıcolma 38% (95% dürüstlüklə 11-65), psixi xəstəliklər 36% (95% dürüstlüklə 15-95) və irsi inkişaf 26% (95% dürüstlüklə 9-42). Meta-reqressiya modeli son onillikdə İranda epilepsiyanın yayılmasında azalma tendensiyasını müəyyən etmişdir [6, 16].

Gürcüstanda da həmçinin epilepsiyanın epidemiologiyası ilə əlaqədar bir sıra işlər aparılmışdır. Bu məqsədlə Gürcüstanın paytaxtı Tbilisidə təxminən 10 000 nəfərlik əhali arasında epilepsiya xəstəliyinin yayılmasını və müalicə fərqinin dərəcəsini müəyyən etmək üçün təsdiqlənmiş skrininq sorğu vərəqindən istifadə etməklə qapı-qapı sorğu aparılmışdır. Sorğu 2008-ci ilin iyun-noyabr ayları arasında aparılmışdır. Tbilisinin yeddi rayonunda (Qldani, Nadzaladevi, Didube, Çuğureti, İsani, Samqori və Saburtalo) tədqiqatlar aparılmışdır. Skrininq nəticəsi müsbət olanlar arasında epilepsiya diaqnozu multidissiplinar qrup tərəfindən təsdiqlənmişdir. 1990-cı illərin əvvəllərində ictimai və siyasi yenidənqurmadan əvvəl Gürcüstanda aktiv epilepsiyanın yayılması hər 1000 nəfərə təxminən 5,7 idi. Buna ölkənin sosial strukturunda baş verən dəyişikliklər təsir göstərə bilərdi. Sonrakı araşdırmalarda yayılma hər 1000 nəfərə 11,4 olmuşdur. Aktiv epilepsiyanın yayılması hər 1000 nəfərə 8.8 nəfər təxmin edilmiş və hər 1000 nəfərdən 5-də əvvəlki 12 ayda qıcolmalar olmuşdur. Aktiv epilepsiyası olan insanların təxminən üçdə ikisi sorğudan bir ay əvvəl müvafiq antiepileptik müalicə almamışdır. Onlardan 89%-də fokal epilepsiya, üçdə ikisində isə əlavə xəstəliklər (nevroloji çatışmazlıqlar, davranış, psixiatrik və ya somatik problemlər) müşahidə olunmuşdur [7].

Qonşumuz Türkiyənin şimalındakı Trabzon vilayətində də 15 yaş və ondan yuxarı yaş qrupları arasında aktiv epilepsiya xəstəliyinin yayılması, klinik və sosial-demoqrafik xüsusiyyətləri müəyyən edilmişdir. Tədqiqatçılar evlərdə sorğu keçirdərək 34 epilepsiya xəstəsi (6/1000 nəfərə yayılma) müəyyən etmişlər ki, onlardan 28-də aktiv epilepsiya (5/1000 nəfərə yayılma) olmuşdur. 5254 iştirakçı arasında yalnız bir nəfərdə “isti su” epilepsiya hadisəsi müəyyən edilmişdir. Müxtəlif qıcolma növlərindən ən çox rast gəlinən qismən qıcolmalar (63%) olmuşdur, onların yarıdan çoxu ikincili generalizə olunmuş qıcolmalar olmuşdur. Ən böyük sindrom kateqoriyası lokalizasiya ilə əlaqəli simptomatik hallar olmuşdur (46%). Xəstəliklərin 46%-nin səbəbi bilinməyən olmuş, 16%-i isə dərmanlara davamlı olmuşdur. Trabzonda aktiv epilepsiyanın yayılma nisbəti Türkiyənin digər bölgələri və digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə nisbətən aşağıdır. Müəlliflərin fikrincə bu, bir neçə faktorla, xüsusən də sosial-iqtisadi amillər arasındakı fərqlərlə əlaqələndirilə bilər. Trabzon əhalisi nisbətən sabit və homogen hesab olunur və Trabzon vilayəti üzrə sosial-demoqrafik və sağlamlıq göstəriciləri ölkənin qalan hissəsindən xeyli yaxşıdır [8].

Azərbaycan Respublikasının müxtəlif bölgələrində də epilepsiyanın epidemiologiyasının öyrənilməsi üzrə işlər gedir. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2003-cü ildə aparılan tədqiqat nəticəsində uyğun olaraq 627, 887 və 24 xəstə aşkar olunmuşdur. Daha informativ olan məlumatların təkrarən toplanması metoduna əsasən epilepsiyanın yayılması 7,75, xəstələnmə isə 83,0 olmuşdur. Yayılma və xəstələnmə kişilərdə qadınlara nisbətən yüksəkdir. Belə ki, kişilərə müvafiq olaraq 9,8/1000 və 92,6/100000, qadınlarda isə 5,8/1000 və 74,1/100000 olmuşdur. Tədqiqat üç populyasion üsulla (qapı-qapı sorğu üsulu isə 108300 nəfər əhalidə; məlumatların təkrarən toplanması 114451 nəfər əhalidə, təsadüfi seçmə üsulu ilə 3218 nəfər əhalidə) aparılmışdır. Məlumatların təkrarən toplanması üsulu ilə 729 yeni xəstə (432 kişi, 297 qadın) aşkar edilmişdir. Epilepsiyaya daha çox 0-14 və 15-19 yaş qruplarında rast gəlinmişdir. Aşkarlanmış xəstələrin 520 nəfərində parsial, 367 nəfərində generalizasiya olunan epilepsiya forması təyin olunmuşdur. Parsial formalar arasında simptomatik/kriptogen, generalizasiya olunanlar arasında isə idiopatiklər üstünlük təşkil etmişlər. Simptomatik parsial epilepsiyalar arasında gicgah forması daha yüksək olmuşdur [17]. Azərbaycan Respublikasının digər regonlarında məsələn, Gəncə şəhərində də epilepsiyanın epidemiologiyasının öyrənilməsi istiqamətində intensiv işlər gedir.

Leylasa84@mail.ru

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:


1. И.В. Архипенко, С.А. Гуляев, И.К. Могильницкая, Эпидемиология эпилепсии, Pacific Medical Journal, 2005, No. 1, p. 94-96.

2. L.Epstein, J.L.Botha, D.Yach, An introduction to clinical epidemiology, S.Atr.Med.J., 1988, Vol.74, p.178-180

3. R. BrianHaynes, David L. Sackett, Gordon H. Guyatt, and Peter Tugwell, Clinical Epidemiology How to do Clinical Practice Research, Lippincot Williams and Willkins, 2006, 498 p.

4. А.С. Петрухин, Эпилептология детского возраста, М.: Медицина, 2000

5. Гуляев С.А., Архипенко И.В., Овчинникова А.А. Современные аспекты эпидемиологии эпилепсии. Русский журнал детской неврологии. 2011; VI (1): c. 11-18.

6. Sayemiri K, Tavan H, Sayemiri F, Mohammadi I, Carson KV, Prevalence of Epilepsy in Iran : A Meta-Analysis and Systematic Review, Iran J Child Neurol. 2014 Autumn; 8(4): p. 9-17

7. Giorgi Lomidze, Sofia Kasradze, David Kvernadze, Natela Okujava, Otar Toidze, Hanneke M. de Boer, Tarun Dua, Josemir W. Sander, The prevalence and treatment gap of epilepsy in Tbilisi, Georgia, Epilepsy Research (2012) 98, p.123—129

8. Sibel K. Velioglu, Metin Bakirdemir, Gamze Can, Murat Topbas, Prevalence of epilepsy in northeast Turkey, Epileptic Disord 2010; 12 (1): 22-37

9. Сараджишвили П.М., Геладзе Т.Ш. Эпилепсия, М.: Медицина, 1977, 304 c

10. Карлов В.А. Эпилепсия, Медицина, 1990, 336 c.

11. Alla Guekht, W Allen Hauser, Larissa Milchakova, The epidemiology of epilepsy in the Russian Federation October 2010, Epilepsy Research 92(2-3): p.209-18

12. Пахомов Ю.Е. Сравнительная клинико-статистическая характеристика больных эпилепсией и некоторые вопросы их реабилитации : автореф. дис.канд. мед. наук. , Новосибирск, 1978.

13. Хоменко Е.И. // Журн. невропат. и психиатрии им Корсакова. - 1993. - Т. 93, № 5. - c. 11-13.

14. Громов С.А. Контролируемая эпилепсия / классификация, диагностика, клиника, прекращение лечения/ // Неврологический журнал. 2002. -№3. - с.41-44.

15. Громов С.А., Беш Е., Михайлов В.А. и др.//Неврологический журнал, 1997, № 2, c. 27-30

16. Valizadeh L, Barzegar M, Akbarbegloo M, ZamanzadehV, Rahiminia E, Ferguson CF, The relationship between psychosocial care and attitudes toward illness in adolescents with epilepsy, Epilepsy and Behavior 2013; 27: 267–271

17. N.F.Həsənov, Naxçıvan Muxtar Respublikası populyasiyasında epilepsiya (kliniki xarakteristika, epidemiologiya), t.e.ü.f.d. alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya, Bakı 2012, 165 s.

 


Müəlliflər:
L. Bayramova

Digər jurnal və qəzetlər