EKVATOR PREPARATININ HİPERTONİYA XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ İSTİFADƏSİ

12-01-2022

Müasir dövrdə hipertoniya xəstəliyi ürək-damar xəstəlikləri sırasında ən geniş yayılmışlardan biri olub,miokard infarktını, beyin insultunu, həmçinin ürək və böyrək çatışmazlıqlarını törədən əsas səbəblərdən biri sayılır. Yaş artdıqca hipertoniya xəstəliyi və onun verdiyi ağırlaşmaların sayı da artır; qan təzyiqi nə qədər yüksək olarsa ağırlaşmaların sayı da bir o qədər artır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər il dünyada ölənlərin 7,1 milyonu hipertoniya xəstəliyi nəticəsində tələf olur. Sistolik arterial qan təzyiqinin 20 mm c.s. və diastolic qan təzyiqinin  10 mm c.s. artması, ürəyin işemik xəstəliyindən və insultlardan ölənlərin sayını iki dəfə artırır (1).

Buna görə də hipertoniya xəstəliyinin profilaktikası və müalicəsi məsələləri müasir təbabətin ən mühüm məsələlərindən biri sayılır. Hazırda arterial hipertenziyanın yaranmasında iştirak edən mürəkkəb mexanizmləri nəzərə alaraq müxtəlif təsirlərə malik olan hipotenziv dərman preparatlarının kombinə olunmuş formalarından bu xəstəliyin müalicəsində geniş istifadə olunur. Son vaxtlar bu məqsədlə kalsium ionları blokatorlarını tiazid qrupu diuretiklərlə kombinə edərək təyin edirlər (2). Lakin nəzərə almaq lazımdır ki, kalsium ionlarının blokatorları biofiziki xüsusiyyətlərindən və toxumalarda yerləşməsindən asılı olaraq, müxtəlif təsir mexanizmlərə malikdir. Yavaş və uzunmüddətli təsirə malik olan dehidropiridin tərkibli kalsium kanalları blokatorları əsasən L-tip kanallara təsir edərək vazoselektiv effekt göstərir. T-tip kalsium kanallarının blokatorları isə tez təsir göstərərək gün ərzində 3-4 dəfə qəbul olunmasına ehtiyac doğururlar. Buna görə də təsirindən asılı olaraq kalsium kanalları blokatorlarının kombinə edilməsinin əhəmiyyəti böyükdür (3,4). Kombinə olunmuş və hazırda hipertoniya xəstəliyinin müalicəsində çox geniş istifadə olunan preparatlardan biri də Ekvatordur. Ekvatorun tərkibinə daxil olan 1-ci preparat amlodipindir. Amlodipin L-tip kanalları blokada edən, yavaş təsirə malik dehidroperidin tərkibli maddədir. Kalsium kanallarının blokatorları ürək-damar sisteminin müxtəlif  xəstəliklərinin, xüsusən də arterial hipertenziyanın müalicəsində effektliliyi yüksəkdir. Məlum olduğu kimi, kalsium ionlarının qan damarlarının saya əzələsində artması nəticəsində, onlarda spazmlar yaranır ki, nəticədə periferik damarların müqaviməti artır və bu da arterial qan təzyiqinin artmasına səbəb olur. Kalsium kanallarının blokatorları qan damarlarının saya əzələlərinə dilatativ təsir göstərərək, periferik damar müqavimətini azaldir və nəticə etibarilə qan təzyiqini endirir. Həmşinin kalsium kanallarının blokatorları koronar damarları genişləndirərək antianginal və antiişemik təsir göstərir. Bununla yanaşı sözügedən dərmanlar trombositlərin aqreqasiyasını azaldır və eritrositlərin elastikliyini yüksəldərək, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Amlodipin iyirmi dörd saat ərzində hipotenziv  və sinus düyününə,  həmçinin atrioventrikulyar keçiriciliyə  çox zəif bradikardik təsir göstərir (5).

Kalsium kanalları blokatorlarından müasir dövrdə təbabətin bir sıra sahələrində geniş istifadə olunur. Buna səbəb isə bir sıra patoloji hallarda (hipoksiya, işemiya) kalsium ionlarının toxumalarda miqdarının artmasıdır ki, nəticədə ekstrasistoliyaların generasiyası müşahidə olunur. Eyni zamanda hüceyrədaxili metabolizmi intensivləşərək hüceyrədə distrofiyalar yaradır (6,7). Bütün bu saydığımız hallarda amlodipin müalicəvi təsir göstərir.

Ekvatorun tərkibinə daxil olan ikinci preparat angiotenzinçevirici fermentin inhibitoru olan lizinoprildir. Məlum olduğu kimi qan təzyiqinin tənzimlənməsində fəal iştirak edən əsas mexanizmlərdən biri də renin-angiotenzin-aldosteron sistemidir (RAAS). RAAS-da yaranan angiotenzin-II çox fəal bioloji maddədir (8). Bu zülal damarların saya əzələlərinə konstriktiv təsir göstərərək periferik damar müqavimətini artırır və nəticə etibarı ilə arterial hipertenziyanın yaranmasına səbəb olur. Eyni zamanda angiotenzin-II miokardın hipertrofiyasını və hüceyrə proliferasiyasını sürətləndirərək kardiosklerozun yaranmasına şərait törədir. Odur ki,  ürəkdə baş verən patoloji proseslər ancaq arterial qan təzyiqinin artması nəticəsində deyil, həm də RAAS-in fəallaşması nəticəsində baş verir və qan təzyiqinin artmasını qabaqlayır (1). Bütün bu patoloji proseslərin müalicəsində isə angiotenzinçevirici fermentinin (AÇF) inhibitorlarından, xüsusən də lizinoprildən geniş istifadə olunur. Lizinopril qeyri-fəal angiotenziv-I-in fəal angiotenzin-II-yə çevrilməsinin qarşısını alır, həmçinin qan plazmasında aldosteronun miqdarını azaldır. Bununla yanaşı AÇF inhibitorları qanda damargenəldici bradikininin miqdarını artırır. Bu qrup preparatlar hipertoniya xəstəliyi ilə yanaşı böyrək mənşəli hipertoniyaların müalicəsində müvəffəqiyyətlə tətbiq olunur. Lizinopril, qəbul edidikdən bir saat sonra təsir etməyə başlayır. Maksimal effekt 4-6-cı saatlarda müşahidə olunur; təsir müddəti isə iyirmi dörd saata kimi davam edir. Lizinopril qan təzyiqini etibarlı şəkildə nəzarət altında saxlamaqla yanaşı, müsbət kardio- və nefrotik təsir göstərir və ürək-damar sistemi xəstəliklərində ölüm riskini əhəmiyyətli dərəcədə azaldır (9). Lizinopril qaraciyərdə metabolizmə uğramır və dəyişilməmiş şəkildə bədəndən xaric olunur.

Beləliklə optimal tərkibə malik olan Ekvator preparatı hipertoniya xəstəliyinin müalicəsində geniş istifadə olunur və bu zaman yaxşı nəticələr alınır (10).

Ədəbiyyatda Ekvator preparatının təsiri altında hipertoniya ilə yanaşı gedən piylənmə, artıq çəkisi və kardiosklerozu olan xəstələrdə, qan təzyiqinin enməsi və stabilləşməsi nəticəsində hədəf üzvlərin zədələnmə riskinin azalması haqqında məlumatlar var (11). Ekvator preparatının qəbulu nəticəsində, infarktdan sonrakı kardiosklerozlu və xronik ürək çatışmazlığı fonunda gedən arterial hipertoniyalı yaşlı adamlarda qan təzyiqinin uzun müddət ərzində stabilləşməsi müşahidə edilmişdir (12). Ekvator preparatı (Gedeon Richter) hazırda aşağıdakı dozalarda istehsal olunur: lizinopril+amlodipin -5mq+5mq; 5mq+10mq; 5mq+20mq; 10mq+10mq; 10mq+20mq. Ekvatora olan əsas əks göstərişlər ağır arterial hipotenziya, kardiogen şok, hamilə və südverən qadınlar, on səkkiz yaşa kimi olan şəxslər, müvafiq həssaslıqdır. Onun yan və xoşagəlməz təsirlərə tranzitor baş ağrısı, baş gicəllənmə və quru öskürək aiddir. Müşahidələrimiz hipertoniya xəstəliyinin II dərəcəsi olan, orta riskli 46 xəstəni əhatə etmişdir. Onlar yaşı 28-68 il arasında olan 26 kişi və 20 qadından ibarət olmuşdur. Ekvator preparatı,  10 mq lizinopril+10mq amlodipin olmaqla,  gündə bir dəfə, dörd həftə ərzində təyin edilmişdir. Xəstələrin altısında yanaşı gedən şəkərli diabet tip 2, dörd nəfərdə xronik obstruktiv bronxit, 4 nəfərdə aritmiyalar və 3 nəfərdə  piylənmə əlamətləri olmuşdur. Xəstələrdə kliniki müayinələrlə yanaşı, müalicədən əvvəl və sonra, qanın və sidiyin müvafiq analizləri, qan plazmasında şəkərin və kreatininin miqdarı, qanın laxtalanma müddəti, həmçinin EKQ və döş qəfəsinin R-müayinəsi icra olunmuşdur.

Xəstələrin əsas şikayətləri baş ağrılarından, başgicəllənmədən, ürək nahiyəsində olub sol qola, sol kürəkaltı nahiyəyə irradiasiya edən ağrılardan, ürək nahiyəsində olan diskomfort əlamətlərindən ibarət olmuşdur. Bir qrup xəstələr isə görmənin və yaddaşın pisləşməsindən, ürək döyünməsindən, təngnəfəslikdən, yuxunun pozulmasından, fiziki fəallığın və əmək qabiliyyətinin zəifləməsindən şikayətlənmişlər.

Müalicədən bir neçə gün sonra xəstələrin vəziyyətinin yaxşılaşması qeyd edilmişdir. Müalicənin sonunda isə xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması baş vermişdir. Onlarda baş ağrıları, başgicəllənməsi, ürək nahiyəsində olan diskomfort əlamətləri, ürək döyünməsi, təngnəfəslik azalmış və ya tam itmişdir. Xəstələrin yuxusu və yaddaşı yaxşılaşmış, görmə qabiliyyətində müsbətə doğru irəliləyiş olmuş, əmək qabiliyyəti və fiziki fəallıq artmış, ümumi əhval-ruhiyyəsi yaxşılaşmışdır. Bununla yanaşı xəstələrdə arterial qan təzyiqinin göstəriciləri azalmış və stabilləşmişdir. Sistolik qan təzyiqi 178± 3,0-dən 141±2,5 mm cv.st., diastolik təzyiq isə 106±3,3-dən 88±2,0 mm cv.st-na kimi azalmışdır. Bir qrup xəstələrdə müşahidə olunan koronar qan dövranı çatışmazlığı üçün səciyyəvi əlamətlərin: S-T seqmentinin yerdəyişməsinin və mənfi T dişciyinin müsbət dinamikası müşahidə edilmişdir. Altı xəstədə isə sidikdə olan zülalın miqdarı xeyli  azalmışdır. Ekvator qanda şəkərin miqdarına və koaquloqramma göstəricilərinə əhəmiyyətli təsir göstərməmişdir. Müalicə zamanı üç xəstədə quru öskürək, iki xəstədə ürəkbulanma və iki xəstədə yüngül dəri səpkiləri müşahidə olunmuşdur. Bu əlamətlər tranzitor xarakter daşımış və müalicənin gedişinə mane olmamışdır.

Beləliklə, alınmış nəticələrə əsasən qeyd etmək lazımdır ki,Ekvator hipertoniya xəstəliyinin müalicəsində ən effektiv kombinəolunmuş preparatlardan biridir. Ədəbiyyat və bizim cari  məlumatlarımız göstərir ki, Ekvator preparatı koronar qan dövranı  çatışmazlığı, böyrək patologiyaları, şəkərli diabet və metabolik sindrom fonunda gedən arterial hipertonoyanın müalicəsində böyük ehtimalla,  əvəzedilməz dərman sayıla bilər.

 

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

 

1.Шулутко Б.И., Мокаренко С.В. Стандарты  диагностики  и лечения внутренних болезней ЭЛБИ-СПБ Санкт-Петербург, 2007, 1314 с.
2.Искендеров Б.Г., Сисина О.Н., Бурмистрова А.Ф. Выбор рациональных комбинаций индапамида с различными антагонистами кальция у больныхс артериальной гипертонией. Кардиология, 2011,т. 51, 4,22-28.
3.Чазов И.Е., Бойцов С.А., Остраумов О.Д. Комбинированная терапия больных артериальной гипертонией. Методическое письмо. М.2004.
4.Lefrandt   J D  Heitmann J,,  Sevre K. et al. The effects of dihydropyridine and phenylalkylamine calcium antagonist classes on autonomic function in hypertension: the VAMPHYRE study. Am J Hypertens 2001 Nov;14(11 Pt 1):1083-9. doi: 10.1016/s0895-7061(01)02218-x.
5.Диагностика и лечения артериальной гипертензии и Всероссийского научного общества кардиологов (третий пересмотров). Кардиовоск.Тер. и проф.2008,6 (приложение 2), 3-32
6.Грацианский Н.А. Должны ли антогонисты кальция длительного действия быть лекарствами первого выбора при лечении гипертонии. Кардиология, 2000,11,с.54
7.Машковский М.Д. Лекарственные средства. М.:2005, 425-431, 435-441
8.Grending K.K., Marphy T.I., Alexander K.H. Molekular biology of the renin-angiotensin system/ Circulation, 1993, 87,1816-1828.
9.Поздняков В.И., Тарзиманова А.И. Лизиноприл в лечении больных артериальной гипертензией. Кардиология, 2017, т.57,9,77-82.
10.Остроумова О.Д., Выгодин В.А., Дудаев В.А., и др.,. Эффективность и безопасность терапии артериальной гипертогии с помощью фиксированной комбинации амлодипин 5 мг+ лизиноприл 20мг в клинической практике: организация и предвательные результаты программы географии. Кардиология, 2014, т.54,12,с.10-15
11.Остроумова О.Д., Кочетков А.И., Копченов И.И., Фомина В.М. Артериальная гипертогия и ожирение.-Рациональная фармакотерапия в кардиологии, 2017,13(6),841-849
12.Струтынский А.В., Бакаев Р.П.,Тришина В.В., и др., Эффективность длительного применения фиксированной комбинации лизиноприла и амлодипина у пожилых больных гипертонической болезнью, постинфарктным кардиосклерозом и хронической сердечной недостаточностью. Лечебное дело, 2014,4, с.24-29


Müəlliflər:
Ə.İ. Mikayılov
L.Q. Əmrahova
S.N. Alimetov
Ş.S., İbrahimova
Q.İ. Baxşəliyeva
X.İ. Qurbanova

Digər jurnal və qəzetlər