KƏSKİN RİNOSİNUSİTLƏR ZAMANI ƏNG CİBLƏRİNİN MÖHTƏVİYYATININ SİTOLOJİ, SİTOKİMYƏVİ VƏ İMMUNSİTOKİMYƏVİ XÜSUSİYƏTLƏRİ

17-05-2011

     Burun ətrafı ciblərin  iltihabi xəstəlikləri otorinolarinqoloji xəstəliklərin strukturunda 2-ci yeri tutur (1,2). Adı gedən xəstəlikləri mənşəyinə görə polietioloji olsa da, onların əmələ gəlməsinin əsasını orqanizmin allergizasiyası, infeksion allergik iltihab və autoimmun pozğunluqlar təşkil edir. Bu da xəstəliyin uzun müddət davam etməsinə və residivləşməsinə səbəb olur (1-4).
    Burun ətrafı ciblərin selikli qişası orqanizmə daxil olan antigenlərin qarşısını alan baryer funksiyasını oynayır və onun çıxarılması yerli və immun sistemində bir sıra çatışmamazlıqların baş verməsinə səbəb olur (3,4).
    Ədəbiyyatda burun ətrafı ciblərdə, xüsusilə əng ciblərin selikli qişasında olan limfoeritelial baryerin sekresiya etdiyi anticisim təsirinə malik olan immunoqlobulinlər vacitəsilə anti genləri neytrallaşdıra  bilir (4,5,6). Ona görə də kəskin rinosinusitlər zamanı onun selikli qişasında gedən immun pozğunluqları, sitoloji, sitokimyəvi və immunsitokimyəvi xüsusiyyətləri öyrənmək və bu baxımdan müalicəni optimallaşdırmaq mühüm məsələ kimi qarşıda durur (6,7,8). İşin məqsədi kəskin rinosınusitlər zamanı əng ciblərinin selikli qişasında və möhtəviyyatında gedən sitoloji, sitokimyəvi və immunsitokimyəvi dəyişikliklərin xüsusiyyətlərini öyrənməkdir.
     Kəskın rinosınusiti olan 10 xəstədə punksıya yolu ilə əng ciblərindən möhtəviyyat götürülmüş və müayinə aparılmışdır. Götürülən sekretin sitoqrammasında əsasən kobud-dənəvər detrit çöküntüləri, bircinsli amorf kütlə, çoxsaylı ocaqlarla yerləşmiş və ya diffuz səpələnmiş hüceyrələr aşkar edilmişdir. Hüceyrələrin çox qismi kəskin iltihabi infiltratlar üçün xarakter olan monomorfgirdə, kiçik ölçülü (8-10 mkm) seqmentnüvəli leykositlərdən ibarətdir. Bunlar ümumi populyasiyanın 74-80%-ni təşkil etmişdir. Leykositlərin böyük əksəriyyəti (63-70%) tipik neytrofillərdir (mikrofaqlardır), az hissəsi isə (10-11%) eozinofillər, bazofillər və zəif differensiasiyalı metamielositlərdir. 3 xəstədə az saylı, deqranulyasiyaedən labrositlərə (1-2%) təsadüf olunmuşdur. Kəskin rinosinusitli xəstələrdə mikrofaqların faqositoz fəallığı 2,0 şərti vahid (ş.v.), aktiv faqositəedən hüceyrələrin sayı isə 20%-dən artıq deyildir. Qeyd etmək lazımdır ki, neytrofillərin arasında 35-40% degenerativ dəyişilmiş hüceyrələrə təsadüf olunur. Əng cibindən götürülmüş möhtəviyyatın tərkibində rast gəlinən hüceyrə populyasiyanın 5-10%-ni fibroblastlar, histiositlər, adventisial hüceyrələr və qalan 5-10%-ni qopmuş nekrotik epiteliositlər təşkil edir. Qeyd edilən son iki qrup hüceyrələrdə deformasiyanın və parçalanmanın sitoloji təzahürləri aşkar olunmuşdur. Histokimyəvi müayinələr hüceyrə populyasiyalarında qlikogen və ribonukleoproteidlərin (RNP) sitoplazmatik yığımlarının miqdarının 1-2 ş.v.-ə qədər aşağı düşməsini göstərir ki, bu da hüceyrələrdə enerji təchizatının və sintez prosseslərinin səviyyəsinin aşağı düşməsinə dəlalət edir.
     Əng ciblərindən götürülmüş möhtəviyyatda immunoqlobulinlərin təyini üçün qırıqotu peroksidazası- antiperoksidaza (PAP) mexanizmi ilə immunositokimyəvi reaksiyalar qoyulmuş və onların nəticələri öyrənilmişdir. Ig müsbət (+) və mənfı Ig (-) hüceyrələrin sayı, immunoqlobulinlərin rənglənmə intensivliyi və səpələnməsi yoxlanılmışdır. İki qrup Ig müsbət hüceyrələr müəyyənləşdirilmişdir: Ig – prosudentlər və Ig – reagentlər. Birincilərin reagentlərlə müqayisədə bir qədər çox olması ilə yanaşı onların yalnız plazmositlərdən ibarət olması qeyd olunmuşdur. Onların ümumi miqdarı kataral xarakterli iltihabi prossesdə 69,0±3,9 hüc./mm2, irinli prossesdə isə – 61,0±3,0 hüc./mm2 təşkil etmişdir. Hər iki iltihabi prossesdə IgA (26,0±1,5;21,0±1,0 hüc/mm2)) və IgE (23,0±1,1;19,0±1,0 hüc/mm2) sintez edən hüceyrələr miqdarca üstünlük təşkil etmişdir. IgG (14,0±0,7; 14,0±1,0 hüc./mm2) və IgM (7,0±0,6; 7,0±0,3 hüc./mm2) produsentlərin uyğun olaraq sayında ciddi fərq tapılmamışdır. Sitokimyəvi olaraq produsentlərin sitoplazmasında, toz şəklində, nüvə ətrafında six yerləşmiş PAP – pozitiv substrat aşkarlanmışdır ki, bunu da spesifık Ig toplantıları kimi qiymətləndirmişik.

     Produsentlərdən fərqli olaraq, Ig – reagentlər, bir qayda olaraq mikrofaqlardan, az miqdarda makrofaqlardan, histiositlərdən və qopmuş epiteldən ibarət olmuşdur. Göstərilən hüceyrələrin sitoplazması spesifık boyağı və substratı qəbul etmir, yalnız qılaf boyunca bircinsli fasiləsiz rəngli zolaq aşkar olur ki, bu da reaksiyanın yalnız reagentlərin səthində getdiyini və onların Ig – birləşdirmək xassələrinə malik olduğunu göstərir. Ig  – reagentlərə aid mikrofaqların faqositoz fəallığı da xəstələrin əksəriyyətində yüksək olmuşdur.

     Kəskin rinosinusitlər zamanı əng cibi möhtəviyyatından hazırlanan sitoqram-malarda reagentlərin sayının produsentlərin sayından bir qədər az olması qeyd edilmişdir. Bununla yanaşı digərləri ilə müqayisədə produsentlərin üstünlük təşkil etdiyi müəyyən edilmişdir. Ig – pozitiv elementlərin sayı isə çoxdur. Belə ki, Ig  – reagentlərin populyasiyası kataral və irinli proseslərdə müvafıq olaraq 57,0±2,9 və 50,0±2,8 hüc./mm2 olmuşdur. Bunların içərisində IgA – pozitivlər kataral iltihab zamanı - 14,0±0,7 hüc./mm2, irinli prosesdə- 12,0±0,9 hüc./mm2 IgE – pozitiylər – müvafıq olaraq -21,0±1,0 və 18,0±0,8 hüc./mm2, IgG – pozitivlər isə 19,0±0,9 və 16,0±0,8 hüc./mm2 təşkil etmişdir. IgM – birləşdirən faqositlərin və histiositlərin miqdarı kəskin rinosinusitlər zamanı 2-3 hüc/ mm2 olmuşdur.

     Beləliklə, kəskin rinosinusitli xəstələrin burun ətrafı ciblərin möhtəviyyatından hazırlanmış yaxmaların sitoloji, sitokimyəvi və immunsitokimyəvi müayinələri xəstələrdə irinli – ekssudativ prosesin mövcudluğunu, IgA və IgE – pozitiv hüceyrələrin hiperfunksiyasını sübut edir. Normal halda da selikli qişa səviyyəsində digər immunoqlinlərlə müqayisədə IgA-nın yüksək olmasmı nəzərə alınmaqla, IgE-nın miqdarının artması, kəskin rinosinusitlər zamanı baş verən proseslər içərisində allergik faktorun üstünlük təşkil etdiyini və toxumadanəli leykositlərin antigen asılı deqranulyasiyası üçün lazımi şəraitin mövcud olmasını göstərir.

ƏDƏBİYYAT - ЛИТЕРАТУРАREFERENCES:

1.Акмолова Е.Е., Березнина Н.И., Шелепина О.В. Морфологический анализ гиперпластических процессов полости носа и околоносовых пазух. Патология органов дыхания и кровообращения: Тез. конф. Душанбе 1988., с.14-15.
2.Быкова В.П. Слизистая оболочка носа и околоносовых пазух как иммунный барьер верхних дыхательных путей. Российская ринология 1998 №1, с.31-33.
3.Быкова В.П. Морфологические и иммунологические аспекты патогенеза острого риносинусита. Российская ринология. 1998, №2, с.17-18.
4.Брандтзэг П. Иммунобиология и иммуноморфология слизистой оболочки верхних дыхательных путей. Российская ринология 1996, №2, с.12-13.
5.Кандауров И.Ф. Цитоморфологические изменения слизистой оболочки верхних дыхательных путей у детей больных риносипуситом. Российская ринология 1997, №2, с. 23-29.
6.Лили Р. Патогистологическая техника и практическая гистохимия. Москва. Мир 1969, с.645.
7.Crifo S., Russo M. IgA transport mechanismo, through the human nasal mucosa. An immunoenzymatic ultrastructural study. Acta Otolyr. 1980 vol, 89, p.214-221.
8.Kurono Y., Fujiyshu T., Magi G. Secretory IgA and bacterial adherence to nasal mucosal cells. Ann. Otol. Rhinol Laring, 1989, vol. 98, p.273-277.


Müəlliflər:
Ş. İ. Quvalov
S. A. Baloğlanova

Digər jurnal və qəzetlər