QARIN BOŞLUĞU ORQANLARININ ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKA VƏ MÜALİCƏSİNDƏ VİDEOLAPAROSKOPİYANIN ROLU
08-09-2016
Açar sözlər: qarnın zədələnmələri, videolaparoskopiya.
Müasir dünyada travmatizm nəhəng miqyasa çatmışdır və daimi olaraq artmağa meyllidir [1-3]. ÜST-in Harvard prospektiv tədqiqatlar mərkəzi ilə birgə apardığı araşdırmalardan alınmış məlumatlara görə 2020-ci ilə qədər ölümün əsas səbəbləri travmalar, xüsusən də yol-nəqliyyat travmaları, təbii fəlakətlər və terrorçuluq ola bilər. Son vaxtlar müştərək travmadan xəsarət alanların hər beşindən birində qarnın qapalı zədələnməsinə rast gəlinir [4-6].
Sülh dövrünün travmalarının strukturunda qarnın daxilə nüfuz edən yaralanmalarının tezliyi 4%-ə çatır [4, 7]. Qarnın açıq zədələnmələrinin 94%-dən çoxunu deşilmiş-kəsilmiş yaralar təşkil edir [5, 7]. Əvvəlki illərdə qarın boşluğu orqanlarının qapalı zədələnmələrinə çox rast gəlinirdisə, hazırkı dövrdə qarnın daxilə nüfuz edən yaralanmaları birinci yerdə dayanır [8-15]. J.W.Githaiga, J.A. Adwok (2008) da eyni nəticələri əldə etmişdir [21]. Bu zaman ağırlaşmalara 6,7%-dən 15,7%-ə qədər rast gəlinir [16-20].
Qarnın daxilə nüfuz edən yaralanmalarında daxili orqanların zədələn-məsinə heç də az rast gəlinmir. Belə ki, Замалтдинов В.Р. с соавт. (2006) verdiyi məlumatlara görə, qaraciyərin zədələnmə tezliyi 33,7%, nazik bağırsağın – 29,5%, nazik bağırsaq müsariqəsinin – 10,9%, yoğun bağırsağın – 21,8%, yoğun bağırsaq müsariqəsinin – 5,2%, mədənin – 17,6%, diafraqmanın – 11,2%, piyliyin – 8,9%, dalağın – 6,3%, qarın boşluğunun iri damarlarının – 5,4%, mədəaltı vəzin – 4,6%, onikibarmaq bağırsağın – 4,2%, öd kisəsinin – 3,8% təşkil edir. Letallıq 7,8%, ağırlaşmalar isə 15,7% olmuşdur [22].
Məlumdur ki, qarın boşluğunun zədələnmələri zamanı 12%-dən 50%-ə qədər, orta hesabla isə 30% laparotomiyalar tam diaqnostik xarakter daşıyır və mahiyyətcə hədər yerə həyata keçirilir. Təəssüflər olsun ki, qarın boşluğu orqanlarının zədələnməsi olan xəstələrdə hətta təftiş laparotomiyası daxili orqanların zədələnməsini düzgün qiymətləndirməyə imkan vermədiyinə görə diaqnostik səhvləri tam inkar edə bilmir [12].
Спивак В.П. və Рубан В.М. (2006) qarın boşluğu orqanlarının nəzərdən qaçan zədələnmələri barədə məlumat verərək qeyd edirlər ki, daxilə nüfuz edən yaralanma zamanı aparılmış laparotomiyaların 0,6%-də qarın boşluğu orqanlarının zədələnməsini təyin etmək mümkün olmur [23].
Александрович Г.Л (2008) 1025 əməliyyat olunmuş xəstədən 146-da (14,2%) daxili orqanlarda yaralanmanın olmadığı barədə məlumat verir [24]. Корабельников А.И. (2009) 503 yaralanmışdan 191-də (37,9%) daxili orqanlarda zədələnmə aşkar etməmişdir [25]. Буянов В.М. с соавт. (2010) açıq zədələnməsi olan 262 xəstədən 113-də (42,1%) zədələnmə tapmamışdır [26].
Корита В.Р. (2004) 288 laparotomiyadan 4-də daxili orqanların aşkar olunna bilməyən zədələnməsi – onikibarmaq bağırsağın zədələnməsi (1 xəstədə), yoğun bağırsağın zədələnməsi (2 xəstədə) və nazik bağırsağın zədələnməsi (1 xəstədə) barədə məlumat vermişdir [27]. Урман М.Г. (2003) isə 174 belə əməliyyat olunmuş xəstədən 4-də yoğun bağırsağın zədələnməsinin aşkar oluna bilmədiyi barədə məlumat verir [28].
Романенко А.Е. (2005) verdiyi məlumata görə, qarnın qapalı zədələnmə-lərində diaqnostik səhvlərin ümumi sayı 20%-ə, müştərək travmalarda isə 25%-ə çatır. Bu zaman həm hiper-, həm də hipodiaqnostik səhvlərə təxminən eyni tezlikdə rast gəlinir [29].
Матвеева Р.П. (2006) verdiyi məlumatlarda qarnın travmaları zamanı diaqnostik səhvlərin 45,7-73,1%-ə çatdığı qeyd olunur. Qarnın qapalı zədələnmələrində diaqnostik səhvlərin öyrənilməsi göstərmişdir ki, onların 2/3 hissəsinin səbəbi diaqnostikanın obyektiv çətinliyi ilə əlaqədardır [30].
Qeyd olunan məlumatlar qarın zədələnmələrinin diaqnostikasında müasir instrumental metodlardan – rentgenoloji, ultrasəs müayinələrindən, kompüter-tomoqrafiyadan, laparoskopiyadan geniş istifadənin vacib olduğunu göstərir.
Əksər müəlliflər qarın boşluğu orqanlarının icmal rentgenoqrafiyasını az-informativ hesab edir. Belə ki, onun köməyi ilə qarın boşluğunun boşluqlu orqanlarının zədələnmələrini yalnız 33% hallarda, peritonarxası hematomanı isə 25% hallarda aşkar etmək mümkün olur. Yeni şüa metodlarının – KT və USM-in tətbiqindən sonra qeyri-invaziv diaqnostikanın yeni imkanları meydana çıxmışdır [5, 9, 11].
Qarnın daxilə nüfuz edən zədələnmələrinin diaqnostikasında USM-in tətbiqinə yanaşma hələ də ikili xarakter daşıyır. Belə ki, Н.Yoshii et al. (2008) USM vasitəsilə daxili orqanların zədələnməsini təyin edərkən hemoperitoneuma, qarın boşluğunda sərbəst qazın aşkar olunmasına və parenximatoz orqanların konturlarının pozulmasına əsaslanır. Müəlliflər USM-i qarnın travmaları zamanı qarın boşluğu orqanlarının zədələnməsinin təcili diaqnostika arsenalına daxil etməyi məsləhət görürlər [31]. Qarnın qapalı zədələnmələri olan xəstələrdə Савелло В.Е (2003) da Yapon mütəxəssislərinin tədqiqatlarındakına yaxın məlumatlar əldə etmişlər. Ultrasəs müayinəsinin həssaslığı qaraciyərin zədələnməsi zamanı 91,5%, dalağın zədələnməsi zamanı – 98,2%, böyrəklərin zədələnməsi zamanı – 94,4%, spesifikliyi isə uyğun olaraq 91,3%, 95,9% və 94,2% təşkil etmişdir [32]. Qarnın daxilə nüfuz edən yaralanmaları zamanı USM-in dəyərliliyinə dair J.A.Soto et al. (2011) da eyni fikirləri söyləyir. Belə ki, onların tədqiqatında 32 yaralanmışdan 11-də (34,4%) cərrahi müdaxilədən çəkinmək mümkün olmuşdur. Qarındaxili zədələnmənin olması məsələsinin həllində hemoperitoneumun və qaraciyərin sərhədlərinin genişlənməsinə əsaslanılmışdır [33].
Amerika mütəxəssisləri K.F.Udobi et al. (2011) qarnın daxilə nüfuz edən yaralanmalarında ilkin və təcili diaqnostik müayinə mərhələsi kimi USM-dən istifadəni müsbət qiymətləndirmişlər [34]. Digər müəlliflər bu metod haqqında əks fikir söyləyirlər. Belə ki, A.F.Nicolau et al. (2011) USM göstəriciləri əsasında qarnın zədələnməsi olan 37 xəstədə diaqnostik laparoskopiyadan istifadə etmiş və yalnız 32,4% hallarda təcili laparotomiyaya göstəriş olduğunu aşkar etmişlər, yerdə qalan hallarda isə qarın boşluğunun laparoskopik drenləşdirilməsi ilə kifayətlən-mişlər [35].
I.M.Bain et al. (2008) qarnın qapalı zədələnmələri zamanı USM-i kifayət qədər neqativ qiymətləndirmişlər. Onlar 220 xəstədə diaqnostik peritoneal lavajı USM-in nəticələri ilə müqayisə etmişlər. Onların verdiyi məlumatlara görə USM metodunun dəyəri 82,7%, laparosentez zamanı isə 99,5% təşkil etmişdir. Buna baxmayaraq, müəlliflər diaqnostik müayinənin ilk mərhələsi kimi USM-dən istifadəni məsləhət görürlər [36].
J.Haan et al. (2003) daxilə nüfuz edən yaralanmalar zamanı 50 diaqnostik laparotomiyanı qiymətləndirərək belə bir nəticəyə gəlmişdir ki, qarındaxili zədələnmələri istisna edən ən effektiv diaqnostika metodu kompüter-tomoqrafiyadır. Lakin buna baxmayaraq, müəlliflərin fikrincə, diafraqmanın zədələnməsinin KT-nin köməyi ilə diaqnostikası həll olunmamış qalır [37].
Savello B.E. (2003) qarnın qapalı travmaları olan xəstələrdə daxili orqanların zədələnməsinin diaqnostikasında KT-nin rolunu yüksək qiymətləndirir. Müəllifin fikrincə, xəstələrin şüa diaqnostikasının nəticələri adekvat müalicə taktikasının seçilməsinə kömək edir. Lakin bir çox müəlliflər kompüter-tomoqrafiyanı qarındaxili orqanlarının zədələnməsinin yalnız köməkçi diaqnostik metodu hesab edir [32].
Qarnın daxilə nüfuz edən yaralanmalarının diaqnostikası məqsədilə ənənəvi instrumental azinvaziv müayinə metodlarının tətbiqinin effektivliyinə dair vahid fikir mövcud deyildir. Belə ki, yaranın zondla təftişi 40,7% hallarda yalançı-mənfi nəticələr verir. Yaraların birincili cərrahi işlənməsi daha dəqiq hesab olunur, lakin yara kanalının bəzi hallarda əzələ kütləsində itməsi ilə əlaqədar olaraq səhv nəticələr alına bilər. И.З.Козлов с соавт. (2008) birincili cərrahi işlənməyə alternativ metod kimi vulneroqrafiyanı təklif etmişdir [38]. Lakin А.И.Корабельников (2009) 21 xəstədə hava ilə vulneroqrafiyanı yerinə yetirmiş və 13,6% hallarda səhv nəticə əldə etmişdir. Müəllif bu metodun diaqnostik əhəmiyyətini artırmaq üçün vulneroqrafiyanın təkmilləşdirilmiş metodunu – vulneromanometriyanı təklif etmişdir. Müəllif 192 xəstədə vulneromanometriya yerinə yetirmiş və metodun dürüstlüyü 96,4% təşkil etmişdir. Müəllifin fikrincə, metod növbəti cərrahi taktikanı müəyyən etməyə imkan verir [39].
Ənənəvi azinvaziv instrumental diaqnostika metodları arasında peritoneal lavaja və qarnın yan kanallarının punksiyasına əlavə olunan laparosentezə daha çox üstünlük verilir. Е.В.Метелев (2007) verdiyi məlumatlara görə, bu metodun diaqnostik dəyəri 100%-ə yaxınlaşır, belə ki, onun vasitəsilə qarın boşluğunda toplanan hətta minimal miqdarda mayeni də aşkar etmək mümkün olur [40].
J.W.Githaiga, J.A.Adwok (2008) qarnın travması olan 96 xəstədə peritoneal lavajın diaqnostik dəyərini təhlil etmişlər. Həssaslıq və dəqiqlik 93%, spesifiklik isə 98% təşkil etmişdir. Müəlliflər ucuz başa gəlməsi, təhlükəsiz olması və etibarlılığına görə laparosentezdən geniş istifadə etməyi məsləhət görürlər [21].
S.Sriussadaporn et al. (2009) daxilə nüfuz edən yaralanması olan və hemodinamiki stabil 40 xəstədə laparotomiyanın yerinə yetirilməsinin vacibliyi məsələsinin həllində laparosentezin əhəmiyyətini tədqiq etmişlər. Müəlliflər tərəfindən müayinənin müsbət və mənfi nəticələri əsasında metodun həssaslığı və spesifikliyi qiymətləndirilmişdir – uyğun olaraq 100% və 59%, 67% və 100% [25].
R.P. Gonzales et al. (2011) lavaj mayesində eritrositlərin sayından asılı olaraq taktika müəyyən etmişdir. Müəllif qeyd edir ki, əgər lavaj mayesində eritrositlərin sayı 1000/mm3 –dən azdırsa, xəstə stabil hemodinamika ilə evə buraxıla bilər [41].
K.K.Nagy et al. (2013) 2500-dən artıq diaqnostik laparosentez həyata keçirmişlər. Həssaslıq, spesifiklik və dəqiqlik uyğun olaraq 95%, 99% və 98% təşkil etmişdir. Buna görə də müəlliflər həm qarnın qapalı, həm də daxilə nüfuz edən zədələnmələri zamanı laparosentezi məsləhət görürlər [42].
Qarın boşluğu orqanlarının zədələnmələrinin diaqnostikasında rigid endoskopiyaya münasibətlər ziddiyyətli olmuşdur. Bu onunla əlaqədardır ki, rigid endoskopiya zamanı manipulyasiya bir qayda olaraq müvafiq boşluğun ancaq diaqnostik baxışı ilə, tək-tək hallarda isə sanasiya, drenləşdirmə, orqanostomiyanın müxtəlif növləri və dinamiki baxışları ilə məhdudlanır ki, bu da həmin zamanlarda texnikanın qeyri-təkmilliyi ilə əlaqədar olmuşdur. O dövrlərin təcili laparoskopiyasının əsas vəzifəsi operativ müdaxilə və ya konservativ müalicə tələb edən zədələnmələrin və ya xəstəliklərin differensasiyası olmuşdur [25].
Bir çox müəlliflərin fikrincə, yaralanmalar və qarnın qapalı travmaları zamanı diaqnostik laparoskopiya qarın boşluğu orqanlarının zədələnmələrinin ağırlıq dərəcəsinin və xüsusiyyətlərinin aparıcı diaqnostika metodudur. Lakin ədəbiyyat mənbələrində ziddiyyətli fikirlər də mövcuddur. Belə ki, В.Е.Закурдаев с соавт. (2001) qarnın travmaları zamanı 20 laparoskopiya həyata keçirmişlər. Müəlliflər hesab edirlər ki, yaranın lokalizasiyası və onun xarakterini laparoskopiyanın köməyi ilə təyin etmək məntiqli deyildir, bunu laparotomiya vasitəsilə etmək daha asandır. Qarın boşluğunda qan və ya digər patoloji möhtəviyyatı aşkar etmək üçün belə hallarda qeyd olunan mürəkkəb diaqnostik proseduranı rasional tətbiq etmək məqsədəuyğun sayılmır. Bu məqsədlə ən yaxşısı laparosentezdən istifadə etməkdir, belə ki, laparoskopiyanın diaqnostik dəyəri 95% təşkil etdiyi halda, laparosentezin diaqnostik dəyəri 98%, laparoskopiyanın aparılma vaxtı isə 5-6 dəfə artmış olur [43].
В.В.Хрячков və В.Ю.Подшивалов (2012) lüminessent laparoskopiyadan istifadəni təklif etməklə hesab edirlər ki, onun istifadəsinə əks-göstərişlər həddən artıq məhduddur. Onlar bu siyahıya proseduraya dözülməzliyi, xəstənin həddən artıq ağır vəziyyətdə olmasını, hamiləliyi aid etmişlər [44].
В.М.Буянов с соавт. (2003) hesab edir ki, qarnın daxilə nüfuz edən yaralanmaları zamanı təcili laparoskopiya daxili zədələnmələrin ekspress-diaqnostika problemini həll edir və buna görə də diaqnostik laparotomiyaya alternativ hesab oluna bilər, belə ki, o, hər üç haldan birində sonuncudan imtina etməyə imkan verir. Laparoskopiya və laparosentez haqqında belə ziddiyyətli fikirlər klinikaların fərqli təchizatı, travmanın xarakteri və ağırlıq dərəcələrinin fərqli olması ilə əlaqədar ola bilər [45].
Son illərə qədər qarın boşluğu orqanlarının zədələnmələri zamanı videolaparoskopiyanın tətbiqi qarın boşluğu orqanlarının və peritonarxası sahənin zədələnmələrinin diaqnostikası ilə məhdudlanırdı. Videoendoskopik avadanlıqların, müalicəvi laparoskopik müdaxilələr üçün alətlərin təkmilləşdirilməsi və inkişafı, yeni yerli hemostaz üsullarının meydana çıxması sayəsində daxili orqanların zədələnməsi zamanı endovideoskopik müalicə reallığa çevrilmiş, lakin hələlik geniş klinik tətbiqə nail olmamışdır [25].
Г.А.Баранов (2011) verdiyi məlumata görə, qarnın qapalı travmaları zamanı xəstələrin 39,4%-də diaqnostik çətinlik videolaparoskopiyanın köməyi ilə həll edilmiş və xəstələrdə laparotomiya həyata keçirilmişdir. Bu zaman qeyri-informativ müayinələr və səhvlər 0,5% təşkil etmişdir. Müəllif müayinənin nəticələrini daha da yaxşılaşdırmaq məqsədilə kontrol-diaqnostik (dinamik) videolaparoskopiya metodikasını tətbiq etməyi məsləhət görür. Videolaparos-kopiyadan və qarın boşluğunun USM-dən istifadə etmək müəllifə praktiki olaraq bütün xəstələr klinikaya daxil olduqdan sonra 1-2 saat ərzində düzgün diaqnoz qoymağa, 65,1% hallarda lazımsız laparotomiyadan çəkinməyə imkan vermişdir [46].
P.P.Фаязова с соавт. (2012) verdiyi məlumata görə, endoskopiyadan istifadə etməklə aparılan miniinvaziv texnologiya 82% xəstələrdə erkən topik diaqnoz qoymağa imkan verir [47].
М.И.Бокарев с соавт. (2004) müştərək travma almış 1118 xəstənin müalicəsinin təhlili əsasında belə bir ziddiyyətli fikrə gəlmişlər ki, videolaparosko-piyaya real tələbat 10%-i keçmir, onun aparılması isə travmanın nəticəsinə öz təsirini göstərə bilər. Onların fikrincə, videolaparoskopiya zamanı səhvlər nəticəsində 44% hallarda lazımsız laparotomiya icra edilmişdir [48].
Xəstələrin bir hissəsində (5-10%) hətta daxili orqanların ağır zədələnmələri olduqda belə, bu zədələnmələrin simptomu olmaya bilər. Məhz bu səbəb qarnın travmaları zamanı diaqnostik laparotomiyanın 100% zəruri olduğunu söyləyənlər üçün ciddi arqument sayılır. Belə ki, В.Р.Замалтдинов с соавт. (2006) verdiyi məlumatlara görə, onlar müalicə olunmuş 561 travmatik mənşəli xəstənin 77,1%-də daxili orqanların zədələnməsinə rast gəlmişlər ki, bu da istənilən, hətta qarın boşluğuna nüfuz edən, nöqtəvi yaralanmalarda da laparotomiyanın aparılmasına bəraət qazandırır [22].
Bəzi müəlliflər qarnın daxilə nüfuz edən yaralanmalarında ənənəvi cərrahi taktikaya yenidən baxılmasının vacib olduğunu qeyd edirlər. Belə ki, ənənəvi cərrahi taktika yaralanmanın daxilə nüfuz etməsi müəyyən edildikdə laparotomiyanın həyata keçirilməsini nəzərdə tutur.
А.К.Ревской с соавт. (2009) videolaparoskopiyanı qarnın daxilə nüfuz edən odlu silah yaralanmalarında daxili orqanların zədələnmələrini tam istisna etmə metodu kimi cərrahi müalicə alqoritminə daxil etməyi məsləhət görürlər [25].
S.P.Morning et al. (2008) qarnın daxilə nüfuz edən yaralanmaları zamanı 30 laparotomiyanın məlumatlarını təhlil etmişlər. Müşahidələrin 27%-də əməliyyat diaqnostik xarakter daşımışdır. Letallıq 6,7% təşkil etmişdir. Bu zaman letal nəticələrin heç biri diaqnostik laparotomiyanın aparılması ilə əlaqədar olmamışdır [36]. Uzaq dövrdə (4 il sonra) xəstələrin heç birində aparılan əməliyyatla əlaqədar həyat keyfiyyəti göstəricilərinin pisləşməsi olmamışdır. Bu müəlliflər laparotomiyanın tərəfdarı olduqlarını qeyd edirlər, belə ki, onların fikrincə, digər metodların imkanlarının məhdudluğu səbəbindən daxili orqanların kiçik yaralanmaları nəzərdən qaçırıla bilər.
С.A.Алиев (2009) hesab edir ki, yaranın birincili cərrahi işlənməsi zamanı yoğun bağırsağın açıq zədələnmələrinin aşkarlanması növbəti taktikanın müəyyənləşdirilməsində həlledici əhəmiyyətə malikdir və əgər yara qarın boşluğuna nüfuz edirsə, onda təcili laparotomiyanın aparılması vacibdir [49]. Digər müəlliflərin [25, 45] verdiyi məlumata görə isə əksinə, yeni diaqnostika və müalicə metodlarının istifadəsi yaralanmaların və travmaların nəticələrini yaxşılaşdırmağa imkan verir. Təcili videolaparoskopiya qarındaxili zədələnmələrin ekspress-diaqnostika problemini həll edir. O, lazımsız laparotomiyalardan çəkinməyə imkan verir, bəzi kateqoriyadan olan xəstələrdə isə etibarlı müalicə vasitəsi ola bilər.
Videolaparoskopik diaqnostikaya göstərişlərin müəyyənləşdirilməsi və qarnın zədələnmələrinin müalicə məsələsi aktual problemlərdən biri olaraq qalmaqdadır. Bir çox müəlliflərin qeyd etdiyi kimi, daxili orqanların zədələnməsinə şübhə olan zaman və yaralanma daxilə nüfuz edən xarakterdə olduqda videolaparoskopiyanın yerinə yetirilməsi göstərişdir [25, 41].
Videolaparoskopiya qarnın travmaları zamanı diaqnostik spektrin ayrılmaz hissəsi hesab olunmalı, gələcəkdə isə yerli anesteziya altında həyata keçirilməlidir. Hətta diafraqmanın zədələnmələri zamanı videolaparoskopiya yalnız diaqnostik deyil, həm də müalicəvi əhəmiyyətə malikdir.
A.A.Guth və H.I.Pachter (2008) fikrincə, videolaparoskopiya qarnın travmalarının qiymətləndirilməsində faydalı diaqnostik vasitədir. Belə ki, qarnın açıq zədələnmələri olan xəstələrin 60-80%-də videolaparoskopiyaya göstəriş olur [50].
В.Л.Хальзов с соавт. (2004) qeyd edir ki, qarnın daxilə nüfuz edən yaralanmaları ilə müalicə alan 61 xəstənin 47-də (77%) videolaparoskopiya laparotomiyadan imtina etməyə imkan vermişdir [25].
Г.Г.Руппель с соавт. (2007) hesab edir ki, qarnın travmaları zamanı videolaparoskopiya aşağıdakı hallarda göstərişdir: qarnın daxilə nüfuz edən yaralanmasından 2 saat vaxt keçənə qədər müddətdə qəbul olan xəstədə kəskin qarın simptomokompleksinin olmaması; qapalı travma diaqnozuna şübhənin olması; xəsarət alanın alkohol sərxoşluğu vəziyyətində olması [51].
R.J.Simon et al. (2012) 5 il ərzində qarnın travmasına görə müalicə alan 429 xəstədə videolaparoskopiyanın yerinə yetirilmə tezliyini təhlil etmişlər. Onlar qeyd edirlər ki, son illər daxilə nüfuz edən odlu silah yaralanmalarında videolaparoskopiyaların sayı 8,7%-dən 16%-ə qədər, qarnın daxilə nüfuz edən yaralanmalarında isə 19,4%-dən 27%-ə qədər artmışdır. Onlar nəticələrin təxminən iki dəfə yaxşılaşmasını da bununla izah edirlər [52].
Y.B.Choi və K.S.Lim (2003) qarnın travmasına görə daxil olmuş stabil hemodinamikaya malik xəstələrdə 78 videolaparoskopiya həyata keçirmişlər. Onlardan 13-ü diaqnostik, qalan 65-i (83%) isə müalicəvi olmuşdur. Heç bir halda konversiyaya ehtiyac olmamışdır. Əməliyyatların orta davametmə müddəti 142 dəqiqə, stasionarda orta qalma müddəti isə 9,8 gün olmuşdur [53].
И.Г.Довгий (2011) fikrincə, laparoskopiya qarnın daxilə nüfuz edən yaralanmaları olan xəstələrin 1/3-də laparotomiyadan imtina etməyə, torakoabdominal yaralanmalar zamanı isə optimal əməliyyat kəsiyini, əməliyyatın həcmini və əməliyyatönü hazırlığı seçməyə imkan verir [54].
Beləliklə, qarın boşluğu orqanlarının zədələnməsinin diaqnostikası və cərrahi müdaxilənin mürəkkəbliyi, bu ağır kontingent xəstələrdə müalicənin nəticələrinin növbəti optimallaşdırılmasının vacibliyini diktə edir. Endovideocərrahiyyənin klinik praktikaya sürətlə tətbiqi bir çox xəstəliklərdə, o cümlədən qarın boşluğu orqanlarının zədələnmələrində cərrahi taktikaya yenidən baxılmasına gətirib çıxarmışdır. Lakin həm qarın, həm də döş boşluğu orqanlarının zədələnmələrində endovideocərrahiyyədən istifadənin vacibliyi məsələsi əvvəlki kimi yenə də müzakirə mövzusu olaraq qalmaqdadır.
ƏDƏBİYYAT - ЛИТЕРАТУРА– REFERENCES:
1.Евдокимов Е.А. Дорожно-транспортный травматизм и неотложная медицина // Анестезиол. и реаниматол, 2007, 4, с. 4–6.
2.Миронов С.П., Кокорина Е.П., Андреева Т.М., Огрызко Е.В. Состояние травматологоортопедической помощи населению Российской Федерации // Вестн. травматол. и ортопед. им. Н.Н. Приорова, 2007; 3: 3–10.
3.Goris Ra. Trauma Research In Europe // Eur. J. Trauma., 2002; 5 (28): 275–9.
4.Гуманенко Е.К., Сингаевский А.Б., Бадалов В.И. Летальность при современной тяжелой сочетанной травме и некоторых терминологических аспектах хирургии повреждений шокогенной травмы и скорой помощи / Сб. Научн. трудов. Санкт-Петербургский НИИ скорой помощи им И.И. Джанелидзе. СПб., 2002; 58-63.
5.А.М. Хаджибаев, Ш.К. Атаджанов, Б.И. Шукуров, А.Т. Хакимов. Видеолапароскопия При Сочетанной Травме Живота // Журнал, Верстка. 2009.3.18-20.
6.Алимов A.Ф. Исаев E.П. Сафронов Ю.В. Отлыгин Э.Б. Хирургическая тактика и перспективы эндохирургии закрытых повреждений живота при тяжелой сочетанной травме // Хирургия. 2006, 6. с. 34–36.
7.Guth AA. Laparoscopy for Penetrating Thoracoabdominal Trauma: Pitfalls and Promises // JSLS (1998)2:123-127
8.Hanumantha A, Bayapa Reddy N, Pallavi M, Nagarjuna Reddy N. An epidemiological study on pattern of thoraco-abdominal injuries sustained in fatal road traffic accidents of Bangalore: Autopsy Based Study // Narayana Medical Journal, 2012, Vol 1:Issue 2, p.221-231
9.Янгиев Р.А., Хаджибаев А.М. Проблемы диагностики повреждений ролых органов при травмах живота и пути их решения // Вестник экстренной медицины, Узбекистан, 2009, №3, с. 89-92.
10.Ситников В.Н., Дегтярев О.Л., Бондаренко В.А. Диагностика и лечение травматических повреждений диафрагмы / Современные проблемы науки и образования, 2012, №6, с. 36-40.
11.Дегтярев О.Л. Торакоабдоминальные ранения на фоне множественных и сочетанных повреждений / Материалы XIV Съезда Общества Эндоскопических хирургов России. Альманах института А.В. Вишневского. – М., 2011. –Т 6. – № 1. (1) – С. 190.
12.Алишихов А. М., Богданов Д. Ю., Матвеев Н. Л. Опыт применения эндовидеохирургических технологий в диагностике и лечении торакоабдоминальной травмы // Эндоскопическая хирургия, 2010, №5, с.7.
13.Абдулжалилов М. К., Алишихов А. М. Трудности диагностики и выбора хирургической тактики при сочетанных закрытых травмах груди и живота / Второй съезд хирургов ЮФО. Материалы съезда. – Пятигорск, 2009, с.40.
14.Кубачев К.Г., Борисов А.Е., Кукушкин А.В., Сагитова Д.С. Ранения и разрывы диафрагмы при открытых и закрытых повреждениях груди и живота // Анналы хирургической гепатологии, 2009, том 15, №1, с. 90-95.
15.Пугачев А.Н. К оценке результатов лечения сочетанных и множественных травм брюшной полости // Вестник РУДН, серия Медицина, 2010, № 2, с.120-122.
16.Чикаев В.Ф, Ибрагимов Р.А., Микусев Г.И., Бондарев Ю.В. Особенности диагностики и лечения пострадавших при сочетанной травме живота // Вестник современной клинической медицины, 2013,Том 6, вып. 5, с.149-152.
17.Топчиев М.А., Плеханов В.И., Колегова А.С., Алибеков Р.С. Лечение торакоабдоминальных ранений // Клиническая медицина. Бюллетень ВСНЦ СО РАМН, 2011 №4, с.194-196.
18.Мухиддинов Н.Д., Кубачев К.Г., Кукушкин А.В. Повреждения диафрагмы при открытой и закрытой торакоабдоминальной травме // Здравоохранение Таджикистана, № 4, 2009, с.45-50
19.Кукушкин А.В. Торакоабдоминальные ранения // Вестник Ивановской медицинской академии Т.16, №1, 2011, с.39-45.
20.С.А.Афендулов, М.В.Ковалев. Тактика хирургического лечения торакоабдоминальных ранений // Вестник экспериментальной и клинической хирургии, том 2, №3, 2009, с. 214-22,
21.Githaiga J.W. Adwok J.A. Diagnostic peritoneal lavage in the evaluation of abdominal trauma using the dipstick // East African Medical Journal. Vol. 79 No 9, 2008, p.457-460.
22.Замалтдинов В.Р., Серый Д.В. Открытые повреждения живота и их характеристики / Вопросы организации оказания неотложной медицинской помощи в условиях крупного промышленного центра: Тез. науч. работ, конф. Омск, 2006. - С. 84-87.
23.Спивак В.П., Рубан В.М. Причины и результаты ранних релапаротомий // Вест. хир. 2006. - №9. - с. 121 - 124.
24.Александрович Г.Л., Бояринцев Н.И. Клинические аспекты релапаротомии при острой абдоминальной патологии и травме живота // В кн.: Актуальные вопросы клинической медицины.- Комсомольск-на-Амуре, 2008.- С.65-69.
25.Корабельников А. И. Вопросы диагностики и лечения открытой травмы живота. Новгор.гос.ун-т. 2009, 208 с.
26.Буянов В.М., Перминова Г.И. Роль лапароскопии в диагностике и лечении больных с закрытой травмой органов брюшной полости. / Сб. труд. М., 2010, с. 17-26.
27.Корита В.Р. Диагностика и лечение повреждений печени / Травмы груди и живота. Тезисы докладов зональной научно практической конференции. - Хабаровск. -2004.-с. 38-39.
28.Урман М.Г. Травма живота. Пермь: ИПК «Звезда», 2003, 259 с.
29.Романенко А.Е. Закрытые повреждения живота.- Киев: Здоровья, 2005.-208 с.
30.Матвеев Р.П., Медведев Г.М. Политравма. Организационные и лечебные аспекты – Архангельск, 2006. – 141 с.
31.Yoshii H, Sato M, Yamamoto S, et al.Usefulness and limitations of ultrasonography in the initial evaluation of blunt abdominal trauma // J Trauma. 2008;45:45-51.
32.Савелло В.Е. Неотложная комплексная лучевая диагностика закрытых повреждений органов брюшной полости и забрюшинного пространства при сочетанной травме живота: Автореф. дис. д-ра мед. наук. -СПб, 2003.-39 с.
33.Soto SN, Forno W. Abdominal vascular injuries: the trauma surgeon's challenge // Surg Today. 2011, р.224-231.
34.Udobi K.F, Rodriguez A. Role of ultrasonography in penetrating abdominal trauma: a prospective clinical study. J Trauma 2011 ;50:475-479. 48
35.Nicolau A.E. Aeromedical trauma sonography by flight crews with a miniature ultrasound unit. 2011;5(4):399-402.
36.Bain IM, Kirby RM, Tiwari P, et al. Survey of abdominal ultrasound and diagnostic peritoneal lavage for suspected intra-abdominal injury following blunt trauma // Injury, 2008 Jan, 29:1, 65-71.
37.Haan, J., Bochicchio, G., Kramer, M. et al. Air following splenic embolization (infection or incidental finding?) //Am Surg. 2003; 69: 1036–1039.
38.Козлов И.З., Горшков С.З., Волков В.С. Повреждения живота. М: Медицина, 2008, 224 с.
39.Корабельников А.И. Маламудман В.З..Хилай В.А, Водинский Г.Л. Вульнерография в диагностике проникающих ранений живота. Печ / Молодые ученые и специалисты – ускорению научно-технического прогресса. Караганда, 2009.-с. 93-94.
40.Метелев Е.В., Двояковский А.А. Некоторые вопросы диагностики повреждений живота //Лапароскопические вмешательства при острых хирургических заболеваниях живота: сб.работ. СПб., 2007.-С.43-47
41.Gonzalez RP, Ickler J, Gachassin P.Complementary roles of diagnostic peritoneal lavage and computed tomography in the evaluation of blunt abdominal trauma. // J Trauma. 2011 Dec;51(6):1128-34.
42.Nagy KK, Roberts RR, Joseph KT, et al. Experience with over 2500 diagnostic peritoneal lavages // Injury 2013;31:479-82
43.Закурдаев, В.Е. Сравнительная оценка лапароскопии и лапароцентеза в диагностике травм живота // Вестн. хирургии им. И.И. Грекова. 2001. - №2. - С.56-58.
44.Хрячков В.В., Подшивалов В.Ю. Люминесцентное исследование органов и систем. – Новосибирск: Наука, 2013. – 171 с.
45.Буянов В.М., Балалыкин А.С. Современная лапароскопия в неотложной хирургии // Экстренная хирургия органов брюшной полости: Тр. 2-го МОЛГМИ. Т. 75. Сер. "Хирургия. Вып. 16. М., 2003, с. 11-14.
46.Баранов, Г. А. Основные вопросы рутинной лапароскопии в экстренной хирургии / Докл. IV Всерос. съезда по эндоскоп, хир. М., 2011. - 80 с.
47.Фаязов P.P. Оптимизация методов диагностики, хирургического лечения и профилактики осложнений травматических абдоминальных повреждений: дис. . д-ра мед. наук. Уфа, 2012. - 375 с.
48.Бокарев М.И., Молитвословов А.Б., Сергеев С.В..и др. Лапароскопия в диагностике повреждений живота // Хирургия. – 2004, №5, с.45-50.
49.Алиев С.А. Салахов З.А. Огнестрельные ранения толстой кишки // Хирургия. Журнал им. Н.И. Пирогова, 2009, №1, с. 14-19.
50.Guth AA, Pachter HL. Laparoscopy for penetrating thoracoabdominal trauma: pitfalls and promises //JSLS. 2008 Apr-Jun;2(2):123-127.
51.Руппель Г.Г., Лазарь A.M., Тарабарин С.А. Диагностическая лапароскопия при повреждениях живота // Хирургия 2007. - №6. - С.26-28.
52.Simon R.J. , Rabin J., Kuhls D. Impact of increased use of laparoscopy on negative laparotomy rates after penetrating trauma // J. Trauma, 2012. 53:297-302 .
53.Choi Y.B., Lim K.S. Therapeutic laparoscopy at a trauma of a stomach // Surg. Endosc.- 2003 .- Vol. 17 .- P. 421-427.
54.Довгий И.Г. Лапароскопия в устранении послеоперационной кишечной непроходимости. В кн.: Ошибки, опасности, ранние и поздние осложнения абдоминальных операций. Хабаровск. -2011.-е. 143-146.
Cərrahiyyə Jurnalı
Onkologiya Jurnal
Oftolmologiya Jurnalı